• cümə axşamı, 28 mart, 20:26
  • Baku Bakı 13°C

Azərbaycanın tərəqqisi Avropa Birliyi ilə sıx əməkdaşlığa bağlıdır

08.11.13 08:02 2395
Azərbaycanın tərəqqisi Avropa Birliyi ilə sıx əməkdaşlığa bağlıdır
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərlərindən sonra yaydıqları bəyanatda bildirilib ki, prezidentlər 2013-cü ilin noyabrında görüşmək niyyətini təsdiq ediblər. Dövlət başçılarının bu görüşündən gözləntilər, işğal altındakı 5 rayonun qeyd-şərtsiz azad edilmə ehtimalı, Rusiyanın Azərbaycana təzyiqi, Gömrük İttifaqı ətrafında gedən söhbətlər, Avropa Birliyi ilə əməkdaşlıq məsələləri ilə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Azərbaycan və Ermənistan prezidentlərinin bu ay gözlənilən görüşü nə vəd edir?
- Ümumiyyətlə, bu il Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlar xeyli səngimişdi. Bunun da obyektiv səbəbləri var idi. Fevral ayında Ermənistanda, oktyabr ayında Azərbaycanda prezident seçkiləri oldu. Belə ərəfələrdə adətən danışıqlarda fasilə yaranır. İndi isə hər iki ölkədə prezident seçkiləri arxada qalıb. Ona görə də beynəlxalq vasitəçilər danışıqları yenidən intensivləşdiriblər. Son 20-25 gündə daha böyük aktivlik nümayiş etdirirlər. Buna misal kimi ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin bölgəyə, ardınca ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin Xankəndinə səfərlərini, Lüksenburqda xarici işlər nazirlərinin görüşünü, bu günlərdə isə həmsədrlərin bölgəyə səfərini göstərmək olar. Hələlik yeganə nəticə ondan ibarət olub ki, həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və bu istiqamətdəki perspektivlərlə yanaşı, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün gerçəkləşməsini də müzakirə ediblər. Müzakirələrdən sonra həmsədrlər bəyanat yayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin noyabr ayında görüşə razılıq verdiklərini ictimaiyyətə çatdırıblar. Bakı və İrəvana səfərdən sonra yayılan bəyanatı mən diqqətlə oxudum. Oradan da görünür ki, danışıqlarda elə də irəliləyiş yoxdur. Amma burada iki məqam diqqətimi çəkdi. Bunlardan birincisi həmsədrlərin prezidentlərdən atəşkəsin qorunması barədə xahiş etmələri idi. Digər məqam tərəflərin kəskin ifadələr işlətməməsi barədə çağırış idi. Bu iki məqamın danışıqların gedişinə heç bir aidiyyətinin olmaması qənaətindəyəm. Demək olar ki, heç bir inam atmosferi yoxdur. Bu səbəbdən hər hansı irəliləyişdən danışmaq olmaz. Aydındır ki, həmsədrlərə vəd edildiyindən Azərbaycan və Ermənistan prezidentləri bu görüşdə iştirak edəcəklər. Lakin bu görüşdən real nəticə gözləmirəm. Çünki Ermənistan əvvəlki işğalçılıq siyasətini yenə də davam etdirməkdədir. Rəsmi İrəvan problemin sülh yolu ilə tənzimlənməsində geriyə doğru addım atmaq istəmir, Madrid planını da qəbul etmir. Bunun üçün heç bir dövlətin Ermənistana hər hansı təzyiqi də müşahidə edilmir. Bütün bunları nəzərə alaraq, növbəti görüşdən, danışıqlardan ciddi nəticə gözləmək əbəsdir. Rusiyanın əvvəlki prezidenti Dmitri Medvedev dövründə bilavasitə onun vasitəçiliyi 10 belə görüş keçirilmişdi. Əgər münaqişənin tənzimlənməsində maraq, istək olsaydı, elə o zaman Rusiya Ermənistana təzyiq edib bu məsələni həll edər, masa üzərindəki sülh planını onlara imzalatdıra bilərdi. Amma istəmədilər və bunu etmədilər. İndi də bölgədə elə bir situasiya dəyişikliyi yoxdur ki, Ermənistanı hansısa danışıqlarda real addım atmağa məcbur etsinlər. Bu olmayınca, danışıqlardan nəticə gözləmək əbəsdir.
- Bəzi KİV-lərdə belə bir məlumat yayılıb ki, Rusiya Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş beş rayonunu, yəni Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının boşaldılmasına prinsipial razılıq verib. Siz bu xəbəri nə dərəcədə doğru sayırsınız?
- Əgər bu informasiya doğrudursa, bu, o deməkdir ki, Ermənistan Madrid planını qəbul edib. Madrid planının birinci mərhələsində göstərilib ki, rəsmi İrəvan sadalanan 5 rayonu azad etməlidir. Məsələ burasındadır ki, Ermənistan bu 5 rayonu qeyd-şərtsiz azad etmək istəmir. Onlar bunun müqabilində Azərbaycandan təminat almaq istəyirlər. Tələb edirlər ki, Azərbaycan Dağlıq Qarabağda referendumun keçirilmə vaxtını dəqiqləşdirsin. Rəsmi Bakı da bu şərti qəbul edə bilməz. Çünki 5 rayon geri qaytarılsa belə, referendum tarixinin sənəddə göstərilməsi o deməkdir ki, Azərbaycan gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yaşıl işıq yandırır. Nə qədər məcburi köçkün Dağlıq Qarabağa qayıtsa da oradakı nisbət yenə də ermənilərin xeyrinədir. Belə şəraitdə istənilən referendumda ermənilər Dağlıq Qarabağın “müstəqilliyinə” səs verəcəklər. Bu kimi səbəblərdən inandırıcı deyil ki, Ermənistan 5 rayonu işğaldan qeyd-şərtsiz azad edəcək.
- O zaman belə bir informasiyanın dövriyyəyə buraxılmasına səbəb nədir?
- Bu sadəcə şayiə xarakterli informasiyadır. İndiki dönəmdə ortaya atılmasına da səbəb Rusiyanın təzyiq vasitəsilə postsovet ölkələrini Gömrük İttifaqına üzv etdirməkdir. Rəsmi Moskva bu ittifaqda Azərbaycanı da görmək istəyir. Bu günə qədər bu məqsədlə ölkəmizə edilən təzyiqlərin sırasına bir az da şirnikləndirici rəng qatılır. Guya Azərbaycan 5 rayonun azad edilməsi qarşılığında Gömrük İttifaqına üzv olacaq. Amma bunu da mümkünsüz sayıram. Çünki bu ittifaqda Ermənistan da yer alıb. Sülh planına imza atmağa həvəsli olmayan, işğalçı dövlətlə Azərbaycanın bir ittifaqda yer alması mümkünsüzdür. Heç Rusiya da Dağlıq Qarabağ probleminin dinc yolla həlli üçün Ermənistana hər hansı təzyiq etməyə həvəsli görünmür. Əgər Rusiya rəsmi İrəvana təzyiq göstərib Azərbaycanın işğal altındakı 5 rayonunun qeyd-şərtsiz azad olunmasını təmin edərsə, o zaman rəsmi Bakı Gömrük İttifaqına qoşulmaq barədə fikirləşə bilər. 5 rayonun azad olunması o demək olar ki, Azərbaycanla Ermənistan faktiki olaraq sülhə yaxınlaşır. Lakin belə bir hadisə baş verməyib.
- Azərbaycanlı Orxan Zeynalovun Rusiya vətəndaşını qətlə yetirməkdə təqsirləndirilməsi, bu hadisə ətrafında süni ajiotaj yaradılması, ardınca Şimal qonşumuzda miqrantların həbsi, onların döyülməsi və sair hadisələri də Azərbaycana təzyiq kimi qiymətləndirənlər var. Sizə Rusiyanın təzyiqi qarşısında Azərbaycan Gömrük İttifaqına üzv olmaq məcburiyyətində qala bilərmi?
- Rusiyadakı bəzi qüvvələr elə fikirləşirlər ki, bütün istəkləri təzyiq yolu ilə reallaşdırmaq mümkündür. Bu, onların Çar Rusiyası dövründən qalma, köhnə imperiya xəstəliyidir. Müasir dövrdə rəsmi Moskva hansı dövlətə təzyiq edəcəksə, həmin ölkə Rusiyadan daha çox uzaqlaşacaq. Bir məsələyə diqqət yetirək. Rusiya xüsusi təyinatlıları Orxan Zeynalovu necə həbs etmələri barədə video çəkilişi bilərəkdən mətbuata ötürdülər. Həmin videoda Orxanın həbs edilmə, döyülmə, avtomobilə və təyyarə mindirilmə zamanı alçaldılma anları əks olunmuşdu. Üstəlik, Rusiya KİV-i məhkəmə qərarı ilə günahı təsdiqlənməyən bir şəxsin daxili işlər nazirinin qarşısına əli qandallı çıxarılması anını da ictimailəşdirdilər. Guya, bununla Azərbaycana mesaj göndərdilər. Amma gəlin görək, bundan ən çox əziyyət çəkən kim oldu? Düzdür, Azərbaycanda, o cümlədən Orxan Zeynalovun ailəsində müəyyən narahatçılıq yarandı. Amma, adi cinayət hadisəsinin ətrafında süni ajiotaj yaradılması ən çox Rusiyanın özünə ziyan vurdu. Həm beynəlxalq aləm bu hadisəyə görə Rusiyaya münasibətini dəyişdi, həm də Azərbaycan Rusiyadan bir az da uzaqlaşdı. Əgər onlar rəsmi Bakını öz ittifaqlarında görmək istəyirdilərsə, buna Azərbaycana və azərbaycanlılara hörmət etməklə nail olmalıydılar. Belə olmadığı üçün Azərbaycanda ictimai rəy Gömrük İttifaqına mənfi yanaşır. Hamı görür ki, Rusiya işğalçılıq, amirənilik, millətçilik hisslərindən hələ də qurtulmayıb. “Dazbaşlar” Moskva küçələrində özbaşınalıqlar törədirlər. Sanki onlar Rusiyada hakimiyyəti ələ alıblar. Bütün miqrantlar döyülür, söyülür, təhqir olunur. Hətta Rusiya vətəndaşı olan, bu ölkənin pasportunu cibində daşıyan qafqazəsilli insanlar da sadalanan təhlükələrlə üzləşirlər. Təbii ki, bu, Rusiyaya heç nə qazandırmır, qonşu ölkələri də özündən kənarlaşdırır. Üstəgəl, bayaq qeyd etdiyim kimi ortada Dağlıq Qarabağ amili var. Bu problem həllini tapmadan Azərbaycan Ermənistanla eyni iqtisadi məkanda varlığını sürdürə bilməz. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilmədən, dağlıq Qarabağ problemi öz həllini tapmadan işğalçı ölkə ilə hər hansı əməkdaşlıqdan söhbət gedə bilməz. Həm bu problemin həllini tapmaması, həm də Rusiyada azərbaycanlı miqrantlara qarşı sərgilənən mövqe Azərbaycanın Gömrük İttifaqına qoşulmasını mümkünsüzdür.
- Noyabr ayının sonlarında Vilnüsdə Avropa Birliyi “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək. Bu sammit çərçivəsində Azərbaycanın hər hansı sənədə imza atması gözlənilirmi?
- Şəxsən mən Azərbaycanın Avropa Birliyi ilə assosiativ üzvlük haqqında saziş imzalamasının tərəfdarıyam. Biz ölkəmizin inkişafını istəyiriksə, Azərbaycanda Avropa standartlarının tətbiqini, qəbulunu, qanunların aliliyini istəyiriksə, yolumuz Avropa Birliyi ilə əməkdaşlığımızdan keçir. Azərbaycanın GUAM-da 3 müttəfiqi var. Bunlar Ukrayna, Gürcüstan və Moldovadır. Hər üç dövlət Rusiyanın təzyiqlərinə rəğmən, noyabrın sonunda Avropa Birliyi ilə assosiativ anlaşmanı imzalayacaqlar. Əgər Azərbaycan belə bir sənədə imza atmasa, bunu yanlış addım kimi qəbul edəcəm. Azərbaycan Avropa Birliyinə inteqrasiyaya çalışmalıdır. Çünki, əks halda Rusiyanın bizə təzyiqləri daha da artacaq. Rəsmi Moskva Azərbaycanın nə Gömrük İttifaqına, nə də assosiativ üzvlüyə qoşulmadığını, tərəddüd etdiyini görüb təzyiqləri daha da gücləndirəcək. Bununla Azərbaycanı Gömrük İttifaqına üzv etməyə çalışacaq. Hazırda Rusiya Ukraynaya da ciddi təzyiqlər göstərir. İnanın ki, Ukrayna Avropa Birliyi ilə assosiativ üzvlük haqqında saziş imzalayan kimi Rusiya bu təzyiqlərdən əl çəkmək məcburiyyətində qalacaq. Anlaşmaya imza atan Ukraynanın arxasında 500 milyonluq Avropa dayanacaq. Avropa Birliyi Rusiyanın təzyiqlərinə artıq seyrçi qalmayacaq. Bu baxımdan Azərbaycan da assosiativ üzvlük haqqında sazişi imzalamalıdır. Əgər bu ay belə bir addım atılmasa, yaxın gələcəkdə belə bir seçim mütləq edilməlidir. Azərbaycanın daha da inkişafı, tərəqqisi Avropa Birliyi ilə sıx əməkdaşlığa bağlıdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər