• cümə axşamı, 28 mart, 20:57
  • Baku Bakı 13°C

Azərbaycanın sosial siyasəti dünya dövlətlərinə nümunədir

28.01.19 19:02 1359
Azərbaycanın sosial siyasəti dünya dövlətlərinə nümunədir
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. İqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan sosial dövlət kimi xarakterizə olunur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Söylənilənlərə nümunə kimi, son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilməsini, nəticədə maaşların təxminən 7 dəfə, pensiyaların 10 dəfədən çox artırılmasını, həmçinin ötən illər ərzində 3100-dən çox məktəb, 640-dan artıq xəstəxananın tikilib və ya təmir edilərək vətəndaşların istifadəsinə verilməsini, bölgələrdə 43 Olimpiya İdman Mərkəzinin yaradılmasını göstərmək olar.
Həyata keçirilən tədbirlər sayəsində son 15 ildə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik Azərbaycanda 5 faiz səviyyəsinə enib. Vətəndaşların sağlamlığının qorunması üçün hər il təxminən 5 milyona yaxın insanın dövlət xətti ilə pulsuz tibbi müayinədən keçirilməsi təşkil edilib. İndiyə qədər ölkədə 2 milyona yaxın daimi yeni iş yerləri yaradılıb. Təkcə ötən il isə yeni yaradılan daimi iş yerlərinin sayı 118 min olub. Bütün bu faktlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda sosial siyasət daim diqqət mərkəzində saxlanılır. Məhz bu səbəbdən hər il dövlət büdcəsində sözügedən sahəyə ayrılan vəsaitin həcmi artırılır. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədəki fəaliyyətini, sosial siyasətini dünya dövlətlərinə nümunə kimi göstərir.

Nəzərə alsaq ki, son 15 il ərzində əhalinin sayı 2 milyona yaxın – yaradılan iş yerlərinin sayı qədər artıb, o zaman sosial siyasətdə bu istiqamətdə fəaliyyətin əhəmiyyəti bir daha üzə çıxar. Bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi davamlı olsun. Ona görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə struktur islahatlar həyata keçirilən zaman vətəndaşların iş yerlərini itirməməsi, hətta ixtisara düşən şəxslərin digər qurumlarda müvafiq işlərlə təmin edilməsi məsələsinə həssaslıq nümayiş etdirilir. Yanvarın 24-də Prezident İlham Əliyev Pirşağı qəsəbəsindəki Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışı zamanı çıxışında bu məqama diqqət çəkərək bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. O deyib ki, bu islahatların yeganə məqsədi işləri daha da yüksək səviyyədə qurmaqdan ibarətdir. Dövlət başçısı mövcud qurumlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşların işlə təmin olunacağını diqqətə çatdıraraq söyləyib ki, kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və islahatların ixtisarlara gətirib çıxarmaması üçün digər strukturlara da göstərişlər verilib. Prezident bəyan edib ki, struktur islahatlar aparılan sahələrdə, o cümlədən müəssisələrdə, xidmətlərdə, agentliklərdə çalışan vətəndaşların məşğulluğu daim diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin bu fikirləri sosial sahəyə, vətəndaşların məşğulluğunun təmin edilməsi, davamlı olaraq daimi iş yerlərinin yaradılması məsələlərinə həssaslıqla yanaşıldığını nümayiş etdirir. Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji” ASC-yə göstəriş verməsi də deyilənlərə daha bir əyani misaldır. Xatırladaq ki, 2018-ci il dekabrın 13-də bir qrup şəxs "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu vəzifəsindən azad olunması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki, 2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul edilib. "Azərenerji” ASC tərəfindən "Azərbaycan İES” MMC-nin mühafizəsinin zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də "Azərbaycan İES” və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul olunub.

Bütün bunlarla əlaqədar Birinci vitse-prezident Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin olunmasına dair göstəriş verib. Birinci vitse-prezident Mehriban Əliyevanın "Azərenerji” ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb. Bununla bağlı xüsusi komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə təmin edilməsi məsələsinin həllinə başlanılıb. Qeyd olunan amil bir daha göstərib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin uğur əldə etməsi üçün dövlət başçısının ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyeva da öz dəstəyini əsirgəmir, vətəndaşların sosial rifah halının daha da yaxşılaşmasına çalışır.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər