Azərbaycanın sosial siyasəti dünya dövlətlərinə nümunədir
Ölkəmizdə həyata keçirilən
sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. İqtisadi inkişaf
tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan sosial dövlət
kimi xarakterizə olunur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə
həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə
də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Söylənilənlərə nümunə
kimi, son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərilməsini,
nəticədə maaşların təxminən 7 dəfə, pensiyaların 10 dəfədən çox artırılmasını,
həmçinin ötən illər ərzində 3100-dən çox məktəb, 640-dan artıq xəstəxananın
tikilib və ya təmir edilərək vətəndaşların istifadəsinə verilməsini, bölgələrdə
43 Olimpiya İdman Mərkəzinin yaradılmasını göstərmək olar.
Həyata keçirilən
tədbirlər sayəsində son 15 ildə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb,
işsizlik Azərbaycanda 5 faiz səviyyəsinə enib. Vətəndaşların sağlamlığının
qorunması üçün hər il təxminən 5 milyona yaxın insanın dövlət xətti ilə pulsuz
tibbi müayinədən keçirilməsi təşkil edilib. İndiyə qədər ölkədə 2 milyona yaxın
daimi yeni iş yerləri yaradılıb. Təkcə ötən il isə yeni yaradılan daimi iş
yerlərinin sayı 118 min olub. Bütün bu faktlar bir daha onu deməyə əsas verir
ki, Azərbaycanda sosial siyasət daim diqqət mərkəzində saxlanılır. Məhz bu
səbəbdən hər il dövlət büdcəsində sözügedən sahəyə ayrılan vəsaitin həcmi
artırılır. Bütün beynəlxalq təşkilatlar da Azərbaycanın bu sahədəki
fəaliyyətini, sosial siyasətini dünya dövlətlərinə nümunə kimi göstərir.
Nəzərə alsaq ki, son 15 il
ərzində əhalinin sayı 2 milyona yaxın – yaradılan iş yerlərinin sayı qədər
artıb, o zaman sosial siyasətdə bu istiqamətdə fəaliyyətin əhəmiyyəti bir daha
üzə çıxar. Bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş
yerlərinin yaradılması prosesi davamlı olsun. Ona görə də Prezident İlham
Əliyevin rəhbərliyi ilə struktur islahatlar həyata keçirilən zaman
vətəndaşların iş yerlərini itirməməsi, hətta ixtisara düşən şəxslərin digər
qurumlarda müvafiq işlərlə təmin edilməsi məsələsinə həssaslıq nümayiş etdirilir.
Yanvarın 24-də Prezident İlham Əliyev Pirşağı qəsəbəsindəki Tərəvəzçilik
Elmi-Tədqiqat İnstitutunun və "Kartof və tərəvəz toxumları istehsalı”
kompleksinin açılışı zamanı çıxışında bu məqama diqqət çəkərək bildirib ki,
hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur
islahatları aparılır. O deyib ki, bu islahatların yeganə məqsədi işləri daha da
yüksək səviyyədə qurmaqdan ibarətdir. Dövlət başçısı mövcud qurumlarda, ixtisar
olunan strukturlarda çalışan vətəndaşların işlə təmin olunacağını diqqətə
çatdıraraq söyləyib ki, kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və
islahatların ixtisarlara gətirib çıxarmaması üçün digər strukturlara da
göstərişlər verilib. Prezident bəyan edib ki, struktur islahatlar aparılan
sahələrdə, o cümlədən müəssisələrdə, xidmətlərdə, agentliklərdə çalışan
vətəndaşların məşğulluğu daim diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin bu
fikirləri sosial sahəyə, vətəndaşların məşğulluğunun təmin edilməsi, davamlı
olaraq daimi iş yerlərinin yaradılması məsələlərinə həssaslıqla yanaşıldığını
nümayiş etdirir. Bu günlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın
"Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də çalışan və işdən ixtisar olunan
əməkdaşların müvafiq işlə təmin edilməsi barədə "Azərenerji” ASC-yə göstəriş
verməsi də deyilənlərə daha bir əyani misaldır. Xatırladaq ki, 2018-ci il
dekabrın 13-də bir qrup şəxs "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi” MMC-də tutduğu
vəzifəsindən azad olunması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya
məktubla müraciət edib. Müraciətin araşdırılması nəticəsində məlum olub ki,
2018-ci il iyulun 3-də Mingəçevir şəhərindəki Azərbaycan İstilik Elektrik
Stansiyasında baş vermiş qəza ilə əlaqədar enerji sisteminin dövlət əhəmiyyətli
strateji obyektlərində təxribat və terror xarakterli əməllərin qarşısının
alınması üçün qabaqlayıcı tədbirlər kimi bu obyektlərin mühafizəsinin Daxili
İşlər Nazirliyinin Mühafizə polisi tərəfindən aparılması barədə qərar qəbul
edilib. "Azərenerji” ASC tərəfindən "Azərbaycan İES” MMC-nin mühafizəsinin
zəruri hissəsi Daxili İşlər Nazirliyinə həvalə olunduğundan, Mingəçevir və
Varvara Su Elektrik Stansiyalarının mühafizəsinin böyük hissəsi Fövqəladə
Hallar Nazirliyi tərəfindən həyata keçirildiyindən, eləcə də "Azərbaycan İES”
və bir sıra stansiyalarda ağıllı müşahidə kameraları quraşdırıldığından və
hasarlama işləri aparıldığından bəzi işçilərin ixtisarı barədə qərar qəbul
olunub.
Bütün bunlarla əlaqədar
Birinci vitse-prezident Mehriban Əliyeva məsələnin işçilərin əmək hüquqlarının
bərpa olunması şərti ilə operativ həllinə və onların müvafiq işlə təmin
olunmasına dair göstəriş verib. Birinci vitse-prezident Mehriban Əliyevanın "Azərenerji”
ASC-yə verdiyi göstəriş dərhal icraata götürülüb. Bununla bağlı xüsusi
komissiya yaradılıb və qeyd edilən vətəndaşların qısa müddətdə Səhmdar
Cəmiyyətin Mingəçevir şəhərində yerləşən struktur bölmələrində müvafiq işlə
təmin edilməsi məsələsinin həllinə başlanılıb. Qeyd olunan amil bir daha göstərib
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial
siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin uğur əldə
etməsi üçün dövlət başçısının ən yaxın silahdaşı, Birinci vitse-prezident
Mehriban Əliyeva da öz dəstəyini əsirgəmir, vətəndaşların sosial rifah halının
daha da yaxşılaşmasına çalışır.
Rufik
İSMAYILOV