• cümə, 29 Mart, 16:20
  • Baku Bakı 14°C

Azərbaycanın siyasi sistemi xaricdən gələn dağıdıcı impulsları rədd etmək potensialındadır

17.09.16 09:00 1441
Azərbaycanın siyasi sistemi xaricdən gələn dağıdıcı impulsları rədd etmək potensialındadır
Hikmət Babaoğlu: "Siyasi radikallar və dini ekstremistlər arasında daha çox maliyyə qopartma yarışı gedir”
Elçin Mirzəbəyli: "Ölkənin Konstitusion quruluşuna qarşı çıxan istənilən adam faktiki olaraq, cinayət əməli törədir”
Referendum öncəsi xarici səfirliklərdən aldıqları təlimat üzrə hərəkət edən radikal müxalifət təmsilçiləri Azərbaycanın imicini ləkələmək, ölkədə gərginlik, qarşıdurma yaratmaq üçün dindarlardan istifadə etməyi də qarşılarına məqsəd qoyublar. AXCP və Milli Şura rəhbərliyi bu məqsədlə radikal çağırışları ilə tanınan dindarlarla əlaqələr qurur, onlardan istifadə etməklə məkrli planlarını həyata keçirməyə çalışırlar. Ə.Kərimli və dəstəsi İslam pərdəsinə bürünərək mütəşəkkil silahlı dəstə və cinayətkar birlik yaradan, hakimiyyəti zorla ələ keçirməyə və ya devirməyə çalışan radikal dindarlara geniş qucaq açırlar. Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə hazırda həbsdə olan radikal dindarlar Mövsüm Səmədov və Taleh Bağırzadənin tərəfdarlarının iştirakı buna əyani sübutdur. Lakin mitinqdən ötən günlər ərzində radikal mövqeyi ilə seçilən dindarların sosial şəbəkələrdə apardıqları müzakirələr onu deməyə əsas verir ki, artıq onlar hadisələrin mahiyyətini dərk edərək, xarici qüvvələrin yedəyində gedənlərin alətinə çevrilmək istəmir, Azərbaycana və onun dövlətçiliyinə qarşı xəyanətkar mövqe tutan Ə.Kərimli və tərəfdarlarının əməllərinə şərik olmaqdan qaçırlar. Bakı şəhərində fəaliyyət göstərən 41 dini icma adından ötən gün yayılan bəyanat da onu deməyə imkan verir ki, ölkəmizin dini inanclı kəsimi müstəqil Azərbaycanın uğurlarından narahatlıq keçirən, müxtəlif vasitələrlə bu inkişafın qarşısını almağa çalışan radikal siyasi qrupların mövqeyini bölüşmürlər. Qətiyyətlə bildirirlər ki, dinin siyasiləşməsi, yaxud siyasi məsələlərə dini don geyindirilməsi və dindarların bu prosesə cəlb olunması yolverilməzdir və bu, dövlətçilik maraqlarımıza, milli-mənəvi dəyərlərimizə ziddir. Ona görə də dini inanclı kəsim belə cəhdləri və onun arxasında duran bütün şəxsləri şiddətlə qınayırlar.

Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Mili Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü, politoloq Hikmət Babaoğlu Azərbaycanda dinin dövlətdən ayrı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, dindarların siyasi fəaliyyətlərinin açıq olması Azərbaycanın hüquq sistemində nəzərdə tutulmur. O, hər bir mömin Azərbaycan vətəndaşının bütün hüquq və azadlıqlardan istifadə etmə hüququnun olmasını da xatırladıb. Bununla yanaşı bildirib ki, müəyyən dini ideoloji cərəyan ətrafında birləşmək və bunu siyasi vasitəyə çevirmək Azərbaycanda hüquq sistemi tərəfindən məqbul hesab edilmir. Deputatın sözlərinə görə, radikal qruplaşmaları dini-ekstremist qruplaşmalarla birləşdirmək yenə də ölkədən kənarda olan anti-Azərbaycan mərkəzlərinin bir layihəsidir: "Avqust ayının 15-dən 30-na kimi radikal cərəyanların nümayəndələrinin birləşdirilməsi ilə bağlı Azərbaycanda olan bəzi xarici qüvvələrin hərəkətə keçdiyinin şahidi olduq. Nəticədə bu layihənin icrası üçün start verilmiş oldu. Məsələ ondadır ki, Azərbaycanın siyasi sistemi intellektual əsaslarla formalaşıb və xaricdən gələn dağıdıcı impulsları rədd etmək potensialına sahibdir. Düşünürəm ki, məhz bu səbəbdən sözügedən birləşmələr tezliklə dağılacaq. Bu qruplaşmaların hər ikisi xaricdən idarə olunur. Məqsəd Azərbaycanda müxtəlif radikal dini ekstremist qruplaşmalar yaratmaqla ölkənin vahid siyasi sisteminə mənfi təsir etmək, xaos və qeyri-sabitlik yaratmaqdır. Bu, imperialist mərkəzlərin uzun müddətdir müsəlman şərqində həyata keçirdiyi layihədir. Ona görə də radikallarla dini ekstremistlərin birləşməsi bu kontekstdə nəzərdə tutulub. Dünya görüşləri və yanaşmaları tamamilə fərqli olduğu üçün onlar da öz daxillərində bir-birlərini qısqanırlar. Əslində burada hər iki qrupun - siyasi radikalların və dini ekstremistlərin daha çox maliyyə qopartma yarışı gedir. Bu səbəbdən oyun iştirakçılarının hər biri bu cür "mitinq”lərdə özlərini göstərməyə çalışırlar ki, aparıcı qüvvə bunlardır. Daxildəki rəqabət də onlara ayrılan xüsusi vəsait uğrunda mübarizənin nəticəsi kimi ortaya çıxır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qəzetimizə açıqlamasında bildirib ki, nə Əli Kərimlinin, nə də radikal islamın İslam dininin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, İslam radikalizmi inkar edən, insanları mərhəmətə, humanizmə səsləyən bir dindir: "Bu baxımdan da radikal düşüncə psixoloji baxımdan ciddi problemləri olan insanlara xas xüsusiyyətdir. O insanlar ki, cəmiyyətin inkişafını təkamül yolu ilə yürüdülən siyasətdə deyil, aqressivlikdə, kində, dağıdıcılıqda görürlər, belələri sağlam düşüncəli insanlar hesab oluna bilməzlər. Təbii ki, belə halda onların gerçəkdən İslam dininə heç bir aidiyyəti ola bilməz. O ki, qaldı Əli Kərimlinin radikal dindarlarla münasibətlərinə, bu, uzun illərdir davam edir. Vaxtilə demokratiya və Qərb dəyərlərindən danışan bir insanın birdən-birə tamamilə fərqli istiqamətdə siyasət yürütməsi, şüarlar səsləndirməsi təsadüfi deyil. Diqqət yetirsək görərik ki, onu idarə edən dairələrin Aralıq dənizi hövzəsində yürütdüyü siyasətdə hansı metodlar istifadə olunmuşdusa, hansı dağıdıcı hərəkətlər törədilmişdisə, bu gün bunlar həmin şəxs tərəfindən istifadə olunmaqdadır. Faktiki olaraq, əməllərində terrorçuluq amilləri sübuta yetirilmiş, Azərbaycan polisinə və vətəndaşına silah qaldırmış, hakimiyyəti, dövlətin konstitusion quruluşunu güc yolu ilə devirmək istəyən şəxslərin Əli Kərimli və Milli Şura adlanan antimilli qurum tərəfindən müdafiə olunması da bu "proyekt”in ortaq bir məxrəcdən idarə olunduğunu sübuta yetirir. Əli Kərimli üçün dəyərlərin heç bir fərqi yoxdur. Onun üçün ölçü, standart, ideoloji amillər yad məfhumdur. Nəticə etibarilə bu adamın yürütdüyü siyasətin də siyasi proseslərin mahiyyətinə heç bir dəxli yoxdur. Ölkənin Konstitusion quruluşuna qarşı çıxan istənilən adam faktiki olaraq, cinayət əməli törədir, zorakılığa çağırışlar edir. Belələrini dəstəkləyən şəxs və ya şəxslər də onların cinayət əməlinə şərik olur. Nəzərə alsaq ki, Konstitusiyanı ümumxalq səsverməsi yolu ilə qəbul edən Azərbaycan xalqıdır, deməli, Əli Kərimli və dəstəklədiyi "dindarlar” elə Azərbaycan xalqının əleyhinə olan insanlardır”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər