• çərşənbə, 24 Aprel, 17:25
  • Baku Bakı 27°C

Azərbaycanın “Şərq Tərəfdaşlığı” ilə bağlı mövqeyi konkretləşir

01.05.14 09:07 1249
Azərbaycanın “Şərq Tərəfdaşlığı” ilə bağlı mövqeyi konkretləşir
Xəbər verdiyimiz kimi, aprelin 29-da xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib. O, çıxışı zamanı bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı iqtisadiyyatına malik bir ölkə kimi V4 ölkələrinin ən iri ticarət tərəfdaşıdır və Azərbaycan qeyri-neft sektoruna investisiyalar baxımından V4 ölkələri üçün olduqca cəlbedici bazar olaraq qalmaqdadır. Ölkəmiz Avropa İttifaqı ilə qarşılıqlı razılaşdırılmış prioritetlər və ümumi maraqlara əsaslanan münasibətlərin qurulmasında maraqlı olduğunu bildirən mövqeyinə sadiqdir.
Nazir sonda Azərbaycanın birtərəfli prioritetlərdən qaynaqlanan məhdud sahələrlə özünü məhdudlaşdırmaq əvəzinə, imkanlarına əsaslanan daha məqsədyönlü və müxtəlif gündəliyin inkişafının tərəfdarı olduğunu deyib. Nəzərə çatdırıb ki, Aİ tərəfindən indi təklif olunan assosiasiya çərçivəsi Azərbaycanın və Aİ-nin ehtiyaclarını əks etdirmir və biz ikitərəfli strateji çərçivəni inkişaf etdirmək üçün birliklə yaxından işləməyə hazırıq.
Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumu çərçivəsində çıxış edərkən ATƏT-in Minsk qrupunun və dünyanın digər aparıcı güc mərkəzlərinin, həmçinin Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ədalətli mövqe sərgiləmədiyini vurğulayıb: “Avropa İttifaqı bizə təklif edirdi ki, assosiasiya sazişi imzalayaq, orada isə bizim ərazi bütövlüyü məsələsi çıxarılıb. Avropa İttifaqı 15 il ərzində sənədlərdə bizim ərazi bütövlüyümüzü tanıyıb, lakin son illərdə bunu qəbul etmək istəmir, biz bunu necə başa düşə bilərik”.
Şöbə müdiri vurğulayıb ki, biz gənc dövlət kimi, ilk gündən Avropa istiqamətində seçimimizi müəyyənləşdirdiyimiz üçün düşünürük və bəzən tərəddüd keçiririk. Çünki bizə layiq olduğumuz, hüququmuz olduğu ədalətli dəstək yoxdur.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” proqramı 2008-ci ildə AB ölkələri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən “Şərq tərəfdaşlığı” Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram AB ilə daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. “Şərq Tərəfdaşlığı” Aİ-yə üzvlüyü deyil, yalnız siyasi və iqtisadi baxımdan yaxınlaşmanı nəzərdə tutan proqramdır.
Bütün bunlar Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı rəsmi mövqeyinin artıq konkretləşdiyini göstərir. Artıq rəsmilər münasibətlərin gələcəyi ilə bağlı konkret təkliflərlə danışırlar.
Azərbaycan hələ Vilnüs sammiti zamanı assosiativ saziş və azad ticarət zonasının yaradılmasına dair sazişlərə imza atmamaqla bu məsələdə ehtiyatlı mövqe nümayiş etdirmişdi. Qeyd edək ki, Azərbaycanla Aİ arasında bu razılaşmalar haqqında danışıqlara 2010-cu ildən başlanılıb. Ölkəmiz Aİ-yə assosiativ üzvlük məsələsinə mənfi reaksiya verməsə də, konkret şəkildə üzvlüyə qol qoymadığımız ortadadır.
Rəsmilərin açıqlamalarından belə qənaət hasil olur ki, Aİ ilə onların təklif etdiyi formatda tərəfdaşlıq qurmaq Azərbaycanın maraqlarına uyğun gəlmir. Azərbaycanın əməkdaşlıqla bağlı öz təklifləri var.
Xatırladaq ki, prezident İlham Əliyev də bu ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı RİA “Novosti”yə müsahibəsində bildirmişdi ki, ölkəmiz Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamağı nəzərdə tutmur: “Azərbaycan və Avropa İttifaqı arasındakı qarşılıqlı münasibətlər assosiasiyadan daha yüksək formalı əməkdaşlıq tələb edir. Onu da qeyd edim ki, “assosiasiya” sözü bizim üçün o qədər də qəbuledilən deyil. “Assosiasiyaya girmiş üzv” – bu necə tərəfdaşdır? Burada dəqiq izah yoxdur. Azərbaycan bütün mənalarda özü-özünə kifayət edir. Əlavə imtiyaz əldə etmək üçün istənilən inteqrasiya prosesinə girmək lazımdır. Hələ ki, assosiasiya layihəsi çərçivəsində bunu görmürük. Əməkdaşlığın başqa formaları, məsələn, strateji tərəfdaşlıq olarsa, o zaman, əlbəttə, biz bu məsələyə baxa bilərik”.
Regionda baş verən son proseslər bir daha göstərdi ki, Azərbaycan hərtərəfli düşünülmüş xarici siyasət yürüdür və bu sazişi imzalamamaq indiki zaman üçün verilən ən doğru qərardır. Göründüyü kimi, Azərbaycan Avropaya inteqrasiyadan imtina etmir. Sadəcə olaraq, “Şərq Tərəfdaşlığı” proqramını olduğu kimi qəbul etmir və öz modelini təklif edir. Zaman ölkəmizin sazişi imzalamamasına etiraz edənlərə göstərdi ki, Azərbaycanın bu mövqeyini təqdir etmək lazımdır. Regionda hökm sürən proseslər çərçivəsində ölkəmizin seçdiyi yol həm milli maraqlarımıza uyğun gəlir, həm də indiki halda ən optimal variantdır.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər