• cümə, 26 Aprel, 09:58
  • Baku Bakı 12°C

Azərbaycanın sərhədlərinin yaxınlığında qorxulu qrip

23.02.18 11:00 801
Azərbaycanın sərhədlərinin yaxınlığında qorxulu qrip
"Avstraliya qripi” adını almış virus artıq Rusiyanın 11 regionunda yayılıb. Mütəxəssislər builki epidemiyanı 2009-cu illə müqayisə edir. Hətta bir çoxları 100 il əvvəlki "ispanka” epidemiyasını xatırlayırlar.
Rusiyada yayılan qrip epidemiyasının Azərbaycana keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirlər görülür. Bunu Trend - Səhiyyə Nazirliyinin mütəxəssisi Səfayə Əhmədova deyib. S.Əhmədovanın sözlərinə görə, xəstə insanların ölkəmizə keçməsinin qarşısını almaq üçün sərhəd-keçid məntəqələrində yoxlama tədbirləri həyata keçirilir, müvafiq təşkilatlara şübhəli xəstələrin dərhal təcrid olunması barədə məlumat verilib, tibb müəssisələrində əks-epidemik və dezinfeksiya tədbirləri üzərində nəzarət gücləndirilib. S.Əhmədova qeyd edib ki, ümumilikdə hazırda Azərbaycanda epidemioloji vəziyyət sabitdir. Ölkədə kəskin respirator virus infeksiyalarına yoluxma qeydə alınsa da, bu halların sayı ötən illə müqayisədə təqribən 10 faiz azalıb. İndiyədək Taun Əleyhinə Stansiyada aparılan müayinələr zamanı da qrip virusları aşkarlanmayıb: "Hələlik ölkəmizdə Rusiyadan və digər ölkələrdən gətirilmə qrip aşkarlanmayıb. Ancaq yaxşı olar ki, insanlar mövsüm ərzində xəstəliklərin yayıldığı ərazilərə səfər edərkən ehtiyatlı davransınlar. Özlərində şübhəli əlamətlər gördükdə vaxtında müvafiq tibb müəssisələrinə müraciət etsinlər".
Qeyd edək ki, Rusiyanın Kuzbas bölgəsində 26 orta məktəb, Ural bölgəsinin Ozersk şəhərində isə bütün məktəblər bağlanılıb. Uşaq bağçalarında isə valideynlərə uşaqlarını mümkün qədər bağçaya gətirməməsi tapşırılıb. Səhiyyə Nazirliyində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantıda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev də bildirmişdi ki, kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər hesabına qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir.
Professor Adil Qeybulladeyir ki, Rusiyada yayılan qrip viruslarının ölkəmizə keçmə ehtimalı çoxdur: "Qrip dörd karantin infeksiyasından biri hesab olunur. Qrip virusu yayıldıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada bu haqda raport verir. Bu zaman, yayılan qripin hansı növ olmasına dair məlumat verilir və insanlara lazımi təlimatlar göstərilir. Ona görə də indi Rusiyada yayılan respirator infeksiyanı araşdırmaq lazımdır. Çünki bu təhlükə asanlıqla digər qonşu ölkələrə də yayıla bilər. Həmçinin, hava-damcı yolu ilə yayılan infeksiyalar Rusiyadan çox asanlıqla Azərbaycana keçə bilər. Çünki biz sərhəd qonşusuyuq. Bundan başqa Azərbaycan əhalisinin böyük hissəsi Rusiya ilə miqrasiya durumundadır. Davamlı olaraq bu ölkəyə gediş-gəlişimiz var. İnsanlar arasında infeksiyanın daşıyıcıları ola bilər və xəstəlik burada yayıla bilər. Yadınızdadırsa, bir neçə ilə öncə "quş qripi” təhlükəsi yayılmışdı. Vaxtında görülən tədbirlər sayəsində bu infeksiya lokallaşdırıldı. Mütəxəssislər bu məsələyə vaxtında müdaxilə etdi və problem aradan qaldırıldı. Amma hesab edirəm ki, Rusiyada yayılan qrip virusunun bizə keçmə ehtimalı çox böyükdür və təcili olaraq lazımi karantin tədbirləri görülməlidir. Qrip hər dəfə fərqli ştamla qeydə alınır. Formasını dəyişən viruslar yeni xarakter qazanır və fərqli fəsadlar törədə bilirlər. Ona görə də bəzən xəstəlik böyük insan tələfatına səbəb ola bilir. Bəzən ağırlaşmalarla müşahidə olur, bəzən isə yüngül formada keçir. Ona görə də infeksiya araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Hər bir ölkə öz əhalisinin qayğısına qalmalıdır. Dövlətimiz imkan və resurslarını səfərbər etməklə, genofondumuzun sağlamlığını qorumaq üçün təcili tədbirlər görməlidir”.
Pediatr Kənan Qarayev deyir ki, qripdən qorunmağın ən yaxşı yolu qrip əleyhinə peyvənddən istifadə edilməsidir: "Qış aylarında havaların isti keçməsi yeni virus formalarının yaranmasına və aktivləşməsinə şərait yaradır. Belə havalar respirator virusların aktivləşməsinə səbəb olur və əsasən yuxarı tənəffüs yollarının xəstəliklərinin yaranmasına gətirib çıxarır. Adətən beş yaşına qədər olan uşaqlarda respirator virus infeksiyası ilə xəstələnmə riski böyükdür. Ona görə də, profilaktik tədbirlərin görülməsi, virusların yayılmasının qarşısının alınması üçün otaqların havalandırılması lazımdır. Belə hallarda yaxşı olar ki, qrip əleyhinə peyvənddən istifadə olunsun. Təəssüf ki, valideynlər bu peyvəndi bir çox hallarda etdirmirlər. Hesab edirəm ki, bu barədə maarifləndirmə işləri geniş şəkildə təbliğ edilməlidir. Çünki uşaqların kütləvi şəkildə bu virusa yoluxmasının səbəbi də məhz məlumatsızlıqdan yayılır”.
Pediatr deyir ki, insanlar özləri bir-birini xəstəliyə yoluxdurur: "Azyaşlı uşaqlarda soyuqdəymə xəstəlikləri qısa bir zamanda geri qayıda bilir. Bu da xəstəliyə yoluxanların tam sağalmadan, yaxud immuniteti zəif olan uşaqların yenidən kollektivə buraxılması ilə bağlıdır. Adətən belə olduqda, onlar daha da ağırlaşma ilə geri qayıdır. Əgər təhlükə varsa, hər gün uşağın temperaturu ölçülməli və yoxlanılmalıdır. Həmçinin məktəblərdə də ciddi şəkildə tibbi nəzarət olmalıdır. Xəstə olduqları halda uşaqlar məktəbə, böyüklər işə getməklə vəziyyəti daha da mürəkkəbləşdirirlər. Bu isə kollektivin və cəmiyyətin digər üzvlərinin xəstələnməsinə səbəb olur”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər