• çərşənbə axşamı, 19 mart, 15:12
  • Baku Bakı 8°C

Azərbaycanın sərhədləri etibarlı əllərdədir - Fotolar

18.08.19 09:00 12870
Azərbaycanın sərhədləri etibarlı əllərdədir - Fotolar
Bu gün müstəqil Azərbaycanda Sərhəd Qoşunları Günüdür. Azərbaycanda milli sərhəd xidmətinin yaranma tarixi 1918-ci ilə gedib çıxır. Həmin il iyunun 22-də Azərbaycanda ilk dəfə olaraq Poylu sərhəd postu yaradılıb, digər istiqamətlərdə də bənzər məntəqələrin yaradılması işinə başlanılıb. 1919-cu il avqustun 18-də Azərbaycan Demokatik Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul etdikdən sonra əlavə olaraq 99 post yaradılaraq Azərbaycan sərhədlərinin mühafizəsi təşkil edilib.

1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı”nı qəbul etdikdən sonra Azərbaycanda milli dövlət quruculuğunun bərpası işlərinə başlanılıb. Müstəqil dövlətin əsas dayağı olan Silahlı Qüvvələrin, o cümlədən, Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən biri olub. 1991-ci il dekabrın 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında” Qanun qəbul edib. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradılıb. Lakin 1992-93-cü illərdə dövlət sərhədinin mühafizəsinin gücləndirilməsi sahəsində hökumət bir neçə qərar versə də, bu qərarların yerinə yetirilməsi lazımi səviyyədə təşkil olunmayıb.

Müstəqillik illərində Azərbaycan Ordusunun yaradılması, formalaşdırılması proseslərinə bilavasitə rəhbərlik edən ulu öndər Heydər Əliyev Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində əvəzsiz xidmət göstərib, milli sərhəd siyasətinin əsasını qoyub, sərhəd strategiyasını müəyyənləşdirib. 2000-ci il avqustun 16-da Prezident Heydər Əliyev ADR-in ilk sərhəd mühafizəsinin təsis edildiyi tarixin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi elan edilməsi haqqında sərəncam imzalayıb. 2002-ci il iyulun 31-də ulu öndər Heydər Əliyev sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin (DSX) yaradılması barədə fərman imzalayıb. Bu qərar Azərbaycan sərhədçilərinin fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə də DSX-nin maddi-texniki bazasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin Fərmanı ilə 2004-cü ilin yanvar ayının 14-də Naxçıvan Sərhəd Dəstəsinin bazasında Sərhəd Diviziyası yaradılıb. 2005-ci ilin fevral ayının 18-də Prezidentin Fərmanı ilə sərhəd gözətçi gəmilər dəstəsinin əsasında DSX-nin Sahil Mühafizəsinin yaradılması dəniz sərhədlərinin mühafizəsinə və Xəzərdə ölkəmizin maraqlarının daha yüksək səviyyədə təmin edilməsinə geniş imkanlar yaradıb. 2005-ci ilin dekabr ayının 27-də "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
2007-ci ilin iyun ayının 12-də Prezident İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə Sərəncam imzalaması Vətənimizin sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsində mühüm rol oynayıb. 2010-cu ildə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin DSX Akademiyası kompleksinin, Göytəpə sərhəd dəstəsi qarnizonunun, Biləsuvar, Samur və Balakən sərhəd - buraxılış məntəqələrinin açılış mərasimlərində iştirak etməsi, Xudat sərhəd dəstəsinin "Yuxarı Zeyxur” sərhəd zastavasında xidmətin təşkili ilə tanış olması və görülmüş işlərə yüksək qiymət verməsi, DSX əməkdaşlarını orden və medallarla təltif etməsi bütün şəxsi heyət tərəfindən böyük ruhyüksəkliyi ilə qarşılanıb. "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair” Dövlət Proqramının icrası üzrə tədbirlər müvəffəqiyyətlə yekunlaşdırılıb.

Prezident İlham Əliyevin hər il DSX əməkdaşlarının peşə bayramı ərəfəsində imzaladığı sərəncamlarla sərhədçilərimiz müxtəlif orden və medallarla, fəxri adlarla, ali hərbi rütbələrlə mükafatlandırılıblar. Dövlət başçısının 16 avqust 2019-cu il tarixli sərəncamları ilə DSX hərbi qulluqçuları və mülki işçiləri fəxri adlarla, orden və medallarla, ali hərbi rütbələrlə mükafatlandırılıblar. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə avqustun 16-da DSX-nın şəxsi heyətinə məktub ünvanlayıb, onları təbrik edirb. 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul olunmuş qanunla ilk sərhəd mühafizə orqanlarının yaradıldığı və bununla da Azərbaycan Sərhəd Mühafizəsinin əsasının qoyulduğu vurğulanan təbrik məktubunda bildirilib ki, Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etdikdən sonra müstəqilliyin əsas atributlarından olan dövlət sərhədlərinin qorunması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində pozulmuş sərhədlərimizin bərpası dövlətimiz qarşısında duran ən vacib vəzifəyə çevrilib. mişdir. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin dövlət sərhədlərinin mühafizəsinə xüsusi önəm verib və 2002-ci il iyulun 31-də Dövlət Sərhəd Xidmətini yaratmaqla Azərbaycan Sərhəd Mühafizəsinin gələcək inkişaf yolunu müəyyən edib.

Dövlət başçısının təbrik məktubunda bildirilib ki, ümummilli lider Heydər Əliyevin sərhədlərin mühafizəsi məsələlərinə göstərdiyi xüsusi diqqət bu gün də davam etdirilir: "Son illər ərzində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilib, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiqi genişləndirilib, dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarətinin təşkili beynəlxalq standartlar səviyyəsinə qaldırılıb. Sərhəd Qoşunlarının döyüş hazırlığı və maddi-texniki təchizatı əhəmiyyətli dərəcədə gücləndirilib. Azərbaycan Prezidentinin 2007-ci il iyunun 12-də imzaladığı Sərəncamla Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması bu sahədə peşəkar, Vətəninə və dövlətinə sadiq kadrların hazırlanması işinə böyük töhfə verib”.

Prezident İlham Əliyev təbrik məktubunda vurğulayıb ki, hazırda Dövlət Sərhəd Xidməti çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir silah və texniki vasitələrlə təchiz edilmiş, sərhədlərin toxunulmazlığının təmin edilməsi sahəsində üzərinə qoyulan vəzifələri icra etməyə qadir mühüm dövlət təsisatıdır: "Sərhəd mühafizə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi və xidmətlərinə görə mükafatlandırılması məsələləri daim dövlətimizin diqqət mərkəzindədir. Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcəkdir. Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətçiliyimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Alpər TURAN






banner

Oxşar Xəbərlər