• cümə, 29 Mart, 00:22
  • Baku Bakı 7°C

Azərbaycanın şəhərlərində tikinti qaydaları təsdiqlənib

03.03.14 09:28 2603
Azərbaycanın şəhərlərində tikinti qaydaları təsdiqlənib
APA-nın verdiyi məlumata görə, bu Qaydalar Azərbaycanda şəhər və digər yaşayış məntəqələrinin ərazisi və ya ərazi hissələri üçün nəzərdə tutulan baş və müfəssəl planlarda şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması qaydalarını müəyyən edir.
Ərazilərin zonalaşdırılmasının məqsədi şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarından tikinti və digər məqsədlər üçün istifadə ilə bağlı münasibətləri tənzimləməkdən, şəhərsalmanın nizamlı inkişafının formalaşmasından və şəhərsalma fəaliyyətini həyata keçirmək üçün ərazilərin istifadəsindən, əhalinin və istehsal sahələrinin həddən artıq sıxlaşmasını aradan qaldırmaqdan, tikintinin növü və miqyasının təyin edilməsindən və onlardan istifadə məhdudiyyətləri ilə təsbit edilən tikinti qaydalarını müəyyənləşdirməkdən ibarətdir. Ərazilərin bölgüsü məskunlaşma, istehsalat və landşaft-rekreasiya funksionallıına görə aparılır. Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə yaşayış, ictimai-işgüzar, rekreasiya, istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar), nəqliyyat infrastrukturu, mühəndis infrastrukturu, kənd təsərrüfatı, xüsusi təyinatlı, hərbi və digər rejimli, xüsusi şərtlərlə istifadə olunan, xüsusi qorunan və ehtiyat ərazi zonalarına bölünür.
Şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndis-infrastruktur obyektləri (transformator yarımstansiyaları, nasosxanalar və s.) yerləşdirilir. Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir. İctimai-işgüzar zonalar inzibati, maliyyə və iş mərkəzlərinin, ictimai qurumların, mehmanxana və mehmanxana kompleksləri, idman, layihə, elmi tədqiqat, kommersiya, məişət, ticarət və ictimai iaşə obyektlərinin və onların açıq avtonəqliyyat dayanacaqları, yeraltı və yerüstü qarajlarının, xüsusi sanitar və ekoloji mühafizə tədbirləri tələb olunmayan digər bina və qurğuların tikintisi üçün nəzərdə tutulur. Ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulduqda çoxmənzilli yaşayış binaları bu zonadakı obyektlərin siyahısına daxil edilir. Özünün növünə və xidmət radiusuna görə ümumşəhər, şəhərdə ümumrayon, mikrorayon, məhəllə və digər növ lokal ictimai-işgüzar zonalar və yarımzonalar planlaşdırılır. Rekreasiya zonası əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, sututarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə edir. Yaşayış məntəqəsinin sərhədləri daxilində yerləşən mühafizə olunan təbiət obyektləri də bu zonaya daxil edilir. Rekreasiya zonalarının ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir. Əhalisinin sayı 100 min nəfərdən çox olan böyük şəhərlərdə şəhər və rayon əhəmiyyətli parklarla yanaşı, sahəsinin ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilən ixtisaslaşdırılmış zooloji, botaniki və dendroloji parklar layihələndirilir. Estetik dəyəri olan, təbiiliyi yüksək səviyyədə qorunub saxlanılmış landşaft ərazilərdə və su hövzələrində, göllərin və çayların sahillərində milli və təbii parklar formalaşdırılır, onların şəhərsalma tələbləri, məkan-fəza-memarlıq həlli, elmi, mədəni-maarif-rekreasiya məqsədi və digər məqsədlərlə istifadəsinə dair təkliflər hazırlanır. Belə ərazilər əhəmiyyətindən asılı olaraq qoruq, milli park, rekreasiya, qoruq-rekreasiya və digər yarımzonalara ayrılır. Təbii müalicə faktorları üstünlük təşkil edən, mikroiqlim, landşaft və sanitariya-gigiyena şəraiti daha əlverişli və cəlbedici olan ərazilər ixtisaslaşdırılmış turizm mərkəzlərinin, turist bazalarının, kurort və sanatoriyaların inkişafı üçün zonalaşdırılır.
İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları ətraf mühitə təsiri və normaları müxtəlif olan istehsal təyinatlı sənaye müəssisələrinin və komplekslərinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Ətraf mühitə mənfi təsiri olan elmi-istehsalat obyektləri bu zonada yerləşdirilir. Sənaye zonaları əsasən istehsalatın xüsusiyyətindən, istehsal prosesində ətraf mühitə və atmosferə zərərli tullantıları buraxmasından və digər amillərindən asılı olaraq küləkli günlərin sayı və küləyin üstünlük təşkil etdiyi istiqaməti nəzərə alınmaqla müəyyənləşdirilir. Sanitar-mühafizə zonaları müxtəlif olan sənaye müəssisələrinin (xüsusilə yeyinti və yüngül sənaye) eyni ərazidə yerləşdirilməsinə yol verilmir. İstehsalat zonalarının yaşayış zonaları ilə qarşılıqlı əlaqələri elə qurulmalıdır ki, əhalinin iş yerlərinə çatma vaxtı şərti minimuma ensin. Bu zonalarda, həmçinin müxtəlif növ kommunal və anbar, mənzil-kommunal təsərrüfatı obyektlərinin, topdansatış ticarət bazalarının, su təchizatı və kanalizasiya qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Əhaliyə nəqliyyat xidməti göstərən şəhərdaxili tramvay və avtobus parkları, ictimai nəqliyyatın digər avtomaşın qarajları bu zonalarda yerləşdirilir. İri şəhərlərdə, xüsusilə qədim, tikinti sıxlığı yüksək olan yaşayış məntəqələrinin məskunlaşma ərazilərində yeraltı məkanlardan şəhərdaxili nəqliyyat, avtoqaraj və duracaqların, kommunal təsərrüfatı, tamaşa və idman qurğuları, yardımçı sahələr, anbarlar və mühəndis təminatı obyektlərinin yerləşdirilməsində istifadə edilir. Nəqliyyat infrastrukturu zonası şəhərlərarası və beynəlxalq avtomobil, dəmiryol, hava, dəniz və çay nəqliyyatı obyektləri və komplekslərinin yerləşdiyi zonalardır. Təyinatından asılı olaraq, bir neçə infrastruktur növü üçün birgə zona yaradıla bilər. Əhaliyə xidmət üçün nəzərdə tutulan vağzallar, stansiyalar, limanlar və aeroportlar yerləşdirilərkən sərnişinlərin rahat istifadəsi və təhlükəsizliyi, müxtəlif növ nəqliyyat vasitələrinin hərəkət intensivliyi və istiqaməti nəzərə alınmalıdır. Mühəndis infrastrukturu zonaları –magistral qaz, neft, su boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin, rabitə xətlərinin və onların fasiləsiz fəaliyyətini təmin edən obyektlərin yerləşdiyi ərazilərdir. Bu infrastruktur sahələri həyati əhəmiyyət daşıdığından, onların yerləşdiyi zonalar kənar təsirlərdən qorunmalı və fəaliyyətlərini məhdudlaşdıran maneələr olmamalıdır.
Kənd təsərrüfatı zonası yaşayış məntəqələrinin sərhədləri daxilində təsdiq edilmiş baş və müfəssəl planlara uyğun istifadə növünün dəyişdirilməsi nəzərdə tutulan vaxtadək kənd təsərrüfatına yararlı torpaq sahələrinin və kənd təsərrüfatı obyektlərinin yerləşdiyi əraziləridir. Xüsusi təyinatlı zona qəbiristanlıqların, heyvan qəbiristanlığının, məişət tullantılarının yığıldığı poliqonların, zibilin ilkin emalı müəssisələrinin, təmizləmə qurğularının və fəaliyyəti yaşayış məntəqələrinin başqa ərazi zonalarının fəaliyyəti ilə uyğun gəlməyən digər obyektlərin yerləşdiyi əraziləri əhatə edir. Hərbi və digər rejimli zonalar hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin yerləşdiyi ərazilərdir. Əhalinin həyatına və sağlamlığına təhlükə törədə bilən obyektlər digər ərazi zonalarından sanitar-mühafizə əraziləri ilə ayrılır. Xüsusi qorunan ərazi zonaları xüsusi mühafizə olunan təbiət və təbiəti mühafizə, habelə tarix-memarlıq və mədəni irs obyektlərinin və komplekslərinin geniş təmsil olunduğu şəhər və digər yaşayış məntəqələrinin ərazilərini əhatə edir. Hər bir konkret qoruq ərazisi (tarixi şəhər və digər yaşayış məntəqələri, mərkəzlər, məhəllələr, meydanlar, küçələr, tarixi yerlər, arxeoloji və memarlıq dəyəri olan obyektlərin yerləşdiyi ərazilər) üçün mühafizə zonaları, tikintini tənzimləmə rejimi və digər məhdudiyyətlər müəyyən edilir.
Xüsusi şərtlərlə istifadə olunan ərazi zonaları istehsalat və sənaye, nəqliyyat və mühəndis infrastrukturu, içməli su təchizatı mənbələri, mühafizə edilən obyektlər və təyinatından asılı olaraq digər sənaye və kommunal obyektlərini məskunlaşma ərazisindən ayıran mühafizə, sanitar və sanitar-mühafizə zonalarıdır. Ehtiyat zonası şəhərsalma ehtiyatı olan və yaşayış məntəqəsinin inkişafı üçün nəzərdə tutulan zonadır. Təsdiq edilmiş baş və müfəssəl planda nəzərdə tutulmayan, lakin istifadə forması və rejimi yaşayış məntəqəsinin və ya onun hissəsinin planlaşdırılmış perspektiv inkişafına mane olmayan ərazi zonasıdır.
Ərazinin tikinti əmsalı bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti, ərazinin tikinti sıxlığı əmsalı bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbətini ifadə edir. Yaşayış və ictimai-işgüzar zonaların tikinti əmsalı və tikinti sıxlığı əmsalları məhəllə ərazisində (brutto) idarə və müəssisələrin xidmət hesabatına uyğun qarajlar, avtomobil dayanacaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilib.
İstehsalat zonası üçün əmsallar məhəllə sənaye tikililərinə, o cümlədən bir və ya bir neçə obyektlərə şamil edilir. Tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri, binanın xarici ölçüləri ilə təyin edilir. Buraya ancaq yerüstü mərtəbələr və mansarda daxildir. Bina və qurğuların yeraltı abadlıq işləri üçün nəzərdə tutulan yeraltı qurğular hesaba alınmır. Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir. Məhəllələrin yaşayış, ictimai işçi zonalarında yenidənqurma (mərtəbəüstü artırmalar, mansarda) işləri, məhəllə əhalisinə xidmət göstərən idarə və müəssisələrin xidmət həcmi hesabı ilə aparılır. Qonşu məhəllələrdəki xidmət müəssisələri onların normativ xidmət radiuslarını (məktəbəqədər müəssisə və ibtidai məktəblər istisna olmaqla) nəzərə alınmağa yol verir. Mövcud binaların yenidən qurulması zamanı tikinti sıxlığının sanitariya-gigiyena və yanğın əleyhinə normalara əməl etməklə, 30 faizdən çox olmamaq şərtilə artırılmasına yol verilir.
Ərazilərin zonalaşdırılması baş və müfəssəl planların tərkibində aparılır və şəhər və digər yaşayış məntəqələrinin ərazisini və ya ərazi hissələrini əhatə edir.
banner

Oxşar Xəbərlər