• cümə, 29 Mart, 05:13
  • Baku Bakı 7°C

Azərbaycanın seçki sistemi dünya üçün nümunədir

11.10.19 12:37 491
Azərbaycanın seçki sistemi dünya üçün nümunədir
Bələdiyyə seçkiləri üçün təşviqat işləri artırılmalıdır. Təşviqat işlərinin düzgün aparılması üçün dövlət tərəfindən lazımi qədər maliyyə vəsaiti ayrılıb.
Trend-in məlumatına görə, bunu Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, seçki proseduru təkmilləşir. Əvvəlki seçkilər ilə müqayisədə beynəlxalq müşahidəçilər tərəfindən edilən iradların sayı azalmaqdadır: "Bu, onu göstərir ki, seçki proseduru təkmilləşir və ona maraq artır. Məntəqə seçki komissiyası üçün yaradılan şərait, demək olar ki, dünya üçün nümunədir".
Z.Nağdəliyev qeyd edib ki, yerlərdə bələdiyyə orqanlarına maraq getdikcə artır. Ona görə də insanlar bələdiyyə orqanlarına daha yaxşı namizəd seçmək niyyətindədir.
Rəsmi bildirib ki, bələdiyyə orqanlarında gənclərin və qadınların təmsilçiliyi əksər Avropa ölkələrində olduğu kimidir. O, bu göstəricilərin qarşıdan gələn bələdiyyə seçkilərində daha da yüksələcəyinə əminliyini söyləyib.
Z.Nağdəliyev deyib ki, seçkilərin keçirilməsi üçün dürüst seçici siyahılarının hazırlanması çox vacibdir: "İndi elə hala rast gəlmirik ki, kimsə öz adını siyahıda görməsin. Bu baxımdan insanlar üçün daha rahat şərait yaradılıb. Bizə siyahıtutma ilə bağlı irad tutan yoxdur".
Prezidentin köməkçisi qeyd edib ki, bu seçkilərin də çox şəffaf keçiriləcəyinə əmindir: "Prezident qarşımıza məqsəd qoyub ki, seçkilər şəffaf keçirilsin. İnsanlarımız bələdiyyə seçkilərinə çox böyük maraqla hazırlaşırlar. Bu, çox yaxşı haldır. Bu marağın artması cəmiyyətin inkişafı deməkdir".
banner

Oxşar Xəbərlər