• çərşənbə axşamı, 19 mart, 15:47
  • Baku Bakı 8°C

Azərbaycanın sabitləşdirici amil kimi rolu artır

21.02.17 10:30 815
Azərbaycanın sabitləşdirici amil kimi rolu artır
Xalqımızın müsəlman Şərqində qurduğu ilk demokratik cümhuriyyətin bugünkü varisi müstəqil Azərbaycan təmsil olunduğu coğrafi məkanın inkişaf etmiş, güclü dövlətidir. Öz təbii sərvətlərindən, resurslarından səmərəli istifadə edən, "qara qızıl”ı zamanında insan kapitalına çevirən ölkəmiz indi də bu inkişaf yolunda irəliləməkdədir. Təsadüfi deyil ki, dünya dövlətləri, beynəlxalq təşkilatlar da Azərbaycanın uğurlarını daim qeyd edir, ölkəmizi sabitliyin, tolerantlığın, multikulturalizmin məkanı, Cənubi Qafqazın lider dövləti, beynəlxalq əhəmiyyətli tədbirlərin ən yüksək səviyyədə keçirildiyi diyar kimi səciyyələndirirlər. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına, dünyada söz sahibinə çevrilməsinə səbəb olur. Bu kontekstdə dövlət başçısı İlham Əliyev xarici ölkələrdə keçirilən mühüm tədbirlərə dəvət edilir, onun fikirləri dinlənilir, Azərbaycanın qısa zamanda keçdiyi inkişaf yolu, qazandığı təcrübə öyrənilir. Elə bu günlərdə prezidentİlham Əliyev 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlətimizin başçısı Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani, Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım, İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman, BMT-nin baş katibi Antonio Quterreş, Kiyev şəhərinin meri, Ukrayna İslahatlar naminə Demokratik Alyansının sədri Vitali Kliçko, "MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dris, "Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski, "Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşlər keçirib.
Yeni regional əməkdaşlıq formatı
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda "dəyirmi masa”da iştirak edən dövlət başçısı qlobal əhəmiyyətə malik olan bir tədbirdə iştirak etməkdən məmnunluq duyduğunu diqqətə çatdırıb. Deyib ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq mümkün deyil. Ölkə başçısı bildirib ki, bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. Hazırda irimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə, Azərbaycan prezidenti qeyd edib ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da vacib rolunu oynayacaq. Prezident İ.Əliyev bildirib ki, Azərbaycan Xəzər dənizinin şərq sahillərindən neft və neft məhsullarının çatdırılması üçün tranzit ölkəyə çevrilib. Onun fikrincə, ölkəmiz müxtəlif vasitələrlə, dəmir yolu və neft kəməri ilə neftin nəqlində öz vacib rolunu oynayır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Xəzər dənizinin şərq sahilində yerləşən tərəfdaşlarının təchizat marşrutlarını şaxələndirməyə də kömək edir. Prezident İ.Əliyev deyib ki, Cənub Qaz Dəhlizi Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş sistemidir. Onun sözlərinə görə, bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaradıb.
Sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa töhfə
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən dövlət başçısı İ.Əliyev Azərbaycanda həyata keçirilən islahatlardan, əldə edilən nailiyyətlərdən söhbət açıb. Qeyd edib ki, 20 il bundan öncə Azərbaycanın təşəbbüskar qismində çıxış etdiyi enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə ölkəmiz üçün, həmçinin region üçün də yaxşı nəticələr verir. Ölkə başçısı bildirib ki, Azərbaycanın siyasətinin məqsədi ilk növbədə qonşularla, eyni zamanda, müsəlman dünyası və Avropa ilə əməkdaşlığın gücləndirilməsidir: "Biz çox nadir ölkələrdən biriyik ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. 2015-ci ildə biz ilk Avropa Oyunlarını təşkil etdik. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, bu, bizim niyyətlərimizi göstərir və biz sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa çoxlu töhfə veririk”.
Sərhədlər güc yolu ilə dəyişdirilə bilməz
Prezident İ.Əliyev bütün beynəlxalq tədbirlərdə, xarici səfərlərdə olduğu kimi bu dəfə də diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Qeyd edib ki, üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Prezidentin sözlərinə görə, bu, Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnib. Ölkə başçısı deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnamə yerinə yetirilməlidir. "Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib”, - deyən dövlətimizin başçısı qondarma "Dağlıq Qarabağ rejimi”nin keçirəcəyi "referendum”un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirib: "Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır”.
Milli iqtisadiyyata müsbət təsir
Azərbaycanın təşəbbüsü ilə iri enerji və nəqliyyat layihələrinin icra olunduğunu diqqətə çatdıran Prezident İ.Əliyev hazırda ölkəmizin qədim "İpək Yolu”nun bərpasında yaxından iştirak etdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkildiyini, bu yolun fəaliyyətə başladığı təqdirdə Azərbaycan ərazisindən daşınmaların artacağını, bunun da milli iqtisadiyyatımıza müsbət təsir göstərəcəyini vurğulayıb. Azərbaycanın öz qonşuları olan İran, Türkiyə və Rusiya ilə yaxşı münasibətlərinin olduğunu xatırladan ölkə başçısı bildirib ki, bu münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Qonşularımız arasında baş verən gərginliklərin Azərbaycanı da narahat etdiyini və bu cür halların regional sabitliyə təhlükə yaratdığını söyləyən dövlətimizin başçısı Azərbaycanın təyyarə insidentindən sonra Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında fəal iştirak etdiyini diqqətə çatdırıb. Deyib ki, bu məqsədlə həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin də vasitəçilik prosesində iştirak etdiyini xatırladan Prezident İ.Əliyev Türkiyə və Rusiya dövlət başçılarının vəziyyəti qiymətləndirib düzgün qərar verdiklərini vurğulayıb. O, artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını qeyd edib.
Beynəlxalq aləmin hörmət bəslədiyi ölkə
Bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü şərh edən Prezident İ.Əliyev bildirib ki, Azərbaycan güclü beynəlxalq nüfuza malik, ABŞ, Avropa və qonşularımız, o cümlədən Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. Onun sözlərinə görə, artıq nəinki təkcə regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır.
Alpər TURAN
banner

Oxşar Xəbərlər