• cümə axşamı, 25 aprel, 03:59
  • Baku Bakı 19°C

Azərbaycanın rəqəmsal qızları... - Reportaj

02.05.16 17:06 2580
Azərbaycanın rəqəmsal qızları... - Reportaj

İKT və qadınlar... Bu iki söz Azərbaycanda bir zamanlar bəzi insanlar üçün mücərrəd görünürdü. Qadın proqramçı, qadın startapçı, qadın komyuter mühəndisi, HR qadın... Artıq biz də stereotipləri qırdıq və bu həftə ölkəmizdə İKT-də Qızlar Beynəlxalq Günü qeyd olunur. Azərbaycanın "rəqəmsal qızları” bu həftə öz günlərini qeyd edir. Biz də informasiya texnologiyaları sahəsində uğur qazanan gənc xanımlarla görüşmək və peşə bayramlarını təbrik etmək üçün tədbirin qonağı olduq.
İKT maraqlı sektordur. Yaradıcılıq, innovasiya və yeni iş istiqamətləri kimi sahələr üzrə istər kişi, istər qadına eyni tətbiqlər olunmalıdır. Gələcək İnstitutu işçi qüvvəsini formalaşdıran 6 aparıcı qüvvə müəyyən edir: daha uzun yaşam, ağıllı cihazlar və sistemlərdə artım, sensorlar və emal gücü kimi hesablama sistemlərinin inkişafı, yeni multimedia texnologiyası, sosial medianin yeni təkamülü və qlobal konnektiv dünya. İKT sektoru aydın şəkildə gələcəyi möhkəmləndirir. Biz də konfransdan öncə gələcəyi möhkəmləndirən sahə ilə bağlı İKT-də Qadınlar Klubunun rəhbərləri ilə söhbətləşdik.

"Xanımsansa "aytişnik” olacaqsan”

Tədbirin təşkilatçılarında olan "Femmes Digitalies” İKT-də Qadınlar Klubunun üzvü Turanə Qasımova bizimlə söhbətində İKT-də qızlar günü haqqında məlumat verdi və bildirdi ki, qadınlar klubunun məqsədi İKT sahəsində qadınların inkişafına dəstək verməkdir: "Beynəlxalq qadınların İKT günü hər il aprel ayının 4-cü həftəsinin 4-cü günündə qeyd olunur. Bu gün də məhz o günlərdəndir. Bizim məqsədimiz informasiya texnologiyaları sahəsində olan xanımların inkişafına dəstək verməkdir. Bu sahəyə maraq göstərən qadınlar üçün təlimlər təşkil olunur, məktəblərdə, universitetlərdə görüşlər keçiririk. İKT sahəsində çalışan xanımların istəklərinə, arzularına təkan verməyə çalışırıq. Bu günki tədbirimizin iştirakçılarını da gənc qızlar təşkil edir”.
Həmsöhbətimiz deyir ki, qadınlar bu sahədə özlərinə güvənmir, ixtisaslaşmağa tərəddüd edirlər: "Qadınların İKT-yə marağı yüksək səviyyədədir. Amma burada inkişaf edəcəklərinə inanmırlar. Bu da ondan irəli gəlir ki, Azərbaycanda İT deyərkən kişilər yada düşür. Əlbəttə ki, İT ilə kişilər məşğul olmalıdır deyə bir qanun yoxdur. Əvvəllər xanım olaraq dünyaya gəlmisənsə seçəcəyin ixtisaslar da öncədən bilinirdi. Xanımsansa ya həkim, ya da müəllimə olmalısan. Biz çalışırıq ki, "xanımsansa "aytişnik” olacaqsan” trendini cəmiyyətimə gətirək”.

Tədbirdən öncə gənc qızların və xanımların bu sahədə uğur qazanan insanlarla söhbətləşməsi üçün stend yaradılıb. İstənilən gənc xanım həmin stendə yaxınlaşıb suallarını verə bilər. Sualları gülərüzlə cavablandıran xanım "aytişniklər” son zamanlar gənc xanımların bu sahəyə maraqlarının artdığını bildirir.

"Xanımdan proqramçı çıxmaz!!!”

"Ultra Technologies” şirkətinin HR direktoru, idarəetmə şurasının üzvü Səfiyyə Nizaməddinqızı deyir ki, son 5 ildə bu sahəyə maraq göstərən xanımların sayı artıb: "Mən artıq 7-8 ildir ki, bu sahədəyəm. Düzdür İKT-yə gəlişim təsadüf nəticəsində olmuşdu. Amma gələndən sonra anladım ki, artıq bura mənim evimdir, bu sahədən çıxa bilməyəcəm. Bizim cavan qızların düşüncəsi belədir ki, "ailə qurduqdan sonra karyera qurmalıyam”. Bu fikirlər qadınları bu sahədən uzaqlaşdırır. Bizdə belə bir düşüncə formalaşıb ki, İKT sahəsi daha çox kişilərin sahəsidir. Ona görə xanımlar qorxurlar. 7-8 il bundan qabaq xanım proqramçı deyəndə, deyirdilər ki, xanımdan proqramçı çıxa bilməz. Amma əslində bu belə deyil. Səviyyə eynidi. Qadın da öyrənə bilər. Son 5-6 il ərzində bu sahədə xanımlarda artım var. Məsələn, bizim şirkətdə 2010-cu ildə 2 xanım proqramçı var idisə, 2016-cı ildə artıq bu say 13-ə çatıb. İnanıram ki, 10 il sonra bu sahədə lider xanımların sayı artacaq”.
Müsahibimiz vurğuladı ki, xanımlar bu sahəyə özünü doğrultmaq və inkişaf etdirmək üçün gəlməlidir: "Əslində fərqi yoxdur - xanım həkim də ola bilər, müəllimə işləyə, evdar qadın da ola bilər. Amma texnologiyalar elə bir sahədir ki, artıq hər birimizin həyatına girib. Həyatımızı kompyutersiz, telefonsuz düşünmək mümkün deyil. Niyə də xanımlar bu inkişafdan kənarda qalsın? Niyə də qadınlar yeni texnoloji məhsulların yaradılmasında iştirak etməsinlər? Əgər xanım İKT sahəsində işləyəcəksə, onun qarşısında böyük perspektivlər açılacaq, nailiyyətlər qazanmağı bacaracaq. Azərbaycan Qafqaz ölkələri sırasında bu sahədə liderlər sırasındadır. Xanımlar qabağa getsələr, bizim ölkəmiz daha da inkişaf edəcək”.

"Kişilər bacarırsa, biz də bacararıq”

Kəmalə İsmayılova magistrantdır. Son vaxtlar İT sahəsi ilə maraqlanmağa başlayıb. Düşünür ki, pul da, vəzifə də, elə perspektiv də məhz bu sahədədir: "İKT həqiqətən çox maraqlı sahədir. Mən bu sahəni öyrənmək üçün təlimlərdə iştirak etdim, müəyyən biliklər qazandım. Bu sahədə bizdə qadın azdır, amma olanlar da çox professionaldır. Onların bilikləri, bacarıqları, özlərini təqdim etmələri məni heyrətləndirdi. Azərbaycanda belə düşüncəli qadınların olması insanı sevindirir. Təlimlərdə iştirak etdikdən sonra potensialımın fərqinə vardım və anladım ki, mən bu sahədə özümü tapa bilərəm. Gənc xanımlara demək istəyərdim ki, çəkinməyin, qorxmayın. Onlar düşünür ki, texniki sahədə uğur qazana bilməzlər. Amma bu sahə o qədər də çətin deyil. Əgər kişilər bacarırsa, deməli biz də bacararıq. Sənətin kişisi, qadını yoxdur. Sadəcə, müəyyən qaydalar var ki, onu bilməlisən. Üstəlik, bu sahədə daha çox imkanlar var. Daha yaxşı maaş, daha yaxşı vəzifə kim istəməzki?”
Tədbirə maraq yüksək səviyyədədir. Hər kəs bir-biriylə fikir mübadiləsi aparır, bu sahənin müsbət və mənfi tərəfləri ilə maraqlanırlar. Kofe fasiləsi olduqca səs-küylüdür. Gənc xanımlar suallarına cavab tapmaq üçün bir-biriləriylə mübarizə aparırlar.

"İKT-də qadınlar inqilab edəcək”

İKT Qadınlar Klubunu üzvü Səbinə İsmayılova bu sahəyə maraq yaratmaq üçün gənclərin suallarını ətraflı şəkildə cavablandırır. Biz də suallarımıza cavab tapmaq üçün Səbinə xanıma yaxınlaşırıq. Həmsöhbətimiz deyir ki, İKT elə bir sahədir ki, qızlar məktəb illərindən bu sahə ilə maraqlanmalıdırlar: "Dünya göstəriciləriylə müqayisə etsək, təbii ki, Azərbaycanda qadınların bu sahəyə marağı yüksək səviyyədə deyil. Düşünürəm ki, bu sahəyə maraq yaratmaq üçün qızlarla 9-10-cu sinifdən başlayaraq bu haqda danışılmalı, izah olunmalıdır. İKT ümumi anlayışdır. Məktəb vaxtından qızlarda maraq oyatmaq lazımdır. Artıq peşə seçimini edərkən bunlar nəzərə alınmalıdır. Biz təşkilat olaraq bu istiqamətdə işlər görürük. Ümid edirik ki, İKT sahəsində qadınlar inqilab edəcəklər”.
Qeyd edək ki, konfrans Azərbaycan Qadınlarının İKT Klubu – "FEMMES DIGITALES” Microsoft, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbi (SITE), Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) İKT Komitəsi, INFOCITY, Asan İmza, Optic Gallery və Tech-Tech Xanim (WoWoman), MONT-un təşkilatçılığı ilə həyata keçirilir.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər