• cümə, 26 Aprel, 17:53
  • Baku Bakı 23°C

Azərbaycanın qürur və hüzn günü

19.01.15 17:31 1082
Azərbaycanın qürur və hüzn günü
Naxçıvan Özəl Universitetinin iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə iqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Ceyhun Mahmudov açıb. Qeyd olunub ki, 20 Yanvar xalqımızın hüzn və kədər günü olmaqla yanaşı, həm də qürur və şərəf günüdür. O gün Azərbaycan xalqı özünün kimliyini, nəyə qadir olduğunu bir daha bütün dünyaya bəyan edib. 20 Yanvarda azadlığımızın və müstəqilliyimizin bünövrəsi qoyulmaqla həmin gün qəhrəmanlıq, mübarizlik tariximizə qızıl hərflərlə yazılıb. Xalqımız mübarizə yolundan çəkilməyib. O ağır gündə ölkə rəhbəri isə xalqı taleyin ümidinə qoyub qaçıb. Belə ağır bir vaxtda Moskvada ulu öndər Heydər Əliyev qətiyyət nümayiş etdirərək Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedib, baş vermiş faciənin siyasi motivlərini açıqlayıb, hadisələri törədənləri qatil adlandıraraq onların tarix qarşısında gec-tez cavab verməli olacaqlarını bildirib. Təsadüfi deyil ki, bu faciəyə ilk hüquqi-siyasi qiymət də ulu öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri işlədiyi zaman verilib.
1990-cı ilin yanvar qırğını faciəvi olmasına baxmayaraq Azərbaycan xalqının iradəsi, milli-azadlıq uğrunda mübarizə əzmi yenilməyib, Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib. Natiq çıxışında vurğulayıb ki, 20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsi, Azərbaycanın milli azadlıq hərəkatının yüksəliş günüdür. Həmin gün təpədən-dırnağa qədər silahlanmış imperiya ordusu millətimizin haqq səsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Əksinə yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan edib.
Sonra iqtisadiyyat fakültəsinin dekan müavini Vaqif Hüseynovun və tyutor Əsgər Əkbərovun çıxışları dinlənilib.
Kaspi.az
banner

Oxşar Xəbərlər