Azərbaycanın qurtuluş günü - Fotolar
Bu gün Bakı
İdarəetmə və Texnologiya Kollecində (BİTKol) 15 iyun Milli Qurtuluş Gününə həsr
olunmuş dəyirmi masa keçirilib.
Tədbiri giriş
sözü ilə kollecin direktoru, filologiya
üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı açaraq, 1991-ci ilin
oktyabrında Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından sonra ölkə daxilində
yaranmış vəziyyətdən, hakimiyyət böhranından söhbət açıb. Bildirib ki, müstəqilliyimizin
ilk illərində ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik hökm sürüb.
Onun sözlərinə görə, Azərbaycanda hakimiyyət boşluğunun yaranması, ayrı-ayrı
şəxslər və qruplar arasında vəzifə kürsüsü uğrunda mübarizənin getməsi həmin
vaxt ölkəni çox ağır duruma salıb. Direktor qeyd edib ki, 1992-ci ilin mayın
14-də hakimiyyəti güc yolu ilə ələ keçirən Xalq Cəbhəsinin qeyri-sağlam
fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini yenidən itirmək təhlükəsi ilə
üzləşib. Hətta 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi astanasında olub.
F.Şahbazlı deyib ki, məhz belə bir vaxtda Azərbaycan xalqı müdrik qərar qəbul
edib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan
ümummilli lider Heydər Əliyevi Bakıya dəvət edib. Ulu öndər Heydər Əliyev
xalqın və respublikanın hakim dairələrinin dəvətini qəbul edərək iyunun 9-da
Bakıya gəlib. Zəngin idarəetmə təcrübəsinə malik dünyaşöhrətli siyasətçi,
ümummilli lider Heydər Əliyev qısa bir zamanda Azərbaycanda vətəndaş müharibəsinin
qarşısını ala bilib. 1993-cü il iyunun 15-də isə ulu öndər Heydər Əliyev Ali
Sovetin – indiki Milli Məclisin sədri seçilib. Beləliklə də 15 iyun tariximizə
Milli Qurtuluş Günü kimi daxil olub. Milli Məclis 1997-ci ildə 15 iyun tarixini
bayram elan edib və artıq 25 ildir xalqımız bu günü bayram kimi qeyd edir.
Dəyirmi
masada kollecin Tədris-istehsalat işləri üzrə direktor müavini, Yeni Azərbaycan
Partiyası (YAP) BİTKol ilk partiya ərazi təşkilatının sədri Şakir Mikayılov, Azərbaycan
dili və ədəbiyyat müəllimi Zəminə Həmzəyeva, Metodiki kabinetin müdiri,
Həmkarlar Təşkilatının sədri Xəlil Bağırov, kollecin Fənn birləşmə sədrləri
Şölə Əfəndiyeva, Rafiq Salahov, Gültəkin Zeynalova və başqaları da çıxış
edərək, 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim
bayramı olmadığını, həm də böyük ictimai, siyasi, tarixi əhəmiyyət daşıdığını
bildiriblər. Qeyd olunub ki, 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Bu
tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında,
möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan ümummilli lider Heydər
Əliyevdir.