AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib

Azərbaycanın qlobal proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib

Cəmiyyət
27 Fevral 2021, 14:45 276
Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında ən vacib məqamlara toxundu.
Bunu Kaspi.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, dövlət başçımıza ünvanlanan suallardan da aydın olurdu ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın mövqeyini dinləmək, ölkəmizin bu proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib: "Çünki regionda faktiki yeni reallıq yaranıb. Bu mənada dünya mediasının əsas diqqəti Azərbaycanın böyük qələbəsinə, regionda yaranan yeni reallıqlara yönəltməsi təsadüfi deyildir. Biz dünya mediasının Azərbaycana olan marağının 44 günlük Vətən Müharibəsi dövründə də şahidi olmuşduq. Bu dəfəki mətbuat konfransı isə 4 saatdan artıq davam etdi. Səslənən suallar, media mənsublarının təəssüratları və 4 dildə müsahibə verən yeganə dövlət başçısı göstərdi ki, Prezident İlham Əliyev jurnalistlər tərəfindən maraqlı müsahib kimi qəbul olunur".
K.Nurullayeva vurğulayıb ki, mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi də mühüm əhəmiyyət kəsb edirdi: "20-ci əsrin ən qanlı cinayəti barədə təfərrüatlar birbaşa Azərbaycan Prezidentinin dilindən dünyaya bəyan olundu. Ali Baş Komandan da qeyd etdi ki, Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Ermənistan öz təbliğatını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz durumda idi. Çünki bizim o vaxt dövlətçilik əsaslarımız yox idi. Eyni zamanda təbii ki, dünya Azərbaycanı eşitmək istəmirdi. Amma bu gün söz sahibi Azərbaycandır. Bu gün dünyanın nüfuzlu KİV-ləri bölgədə baş verən hadisələrin şərhini Azərbaycan Prezidentindən almağa çalışır, regionda baş verən proseslərlə bağlı real vəziyyətə dair informasiyanı Azərbaycandan əldə edir. Azərbaycan bütün mənalarda bölgədə dominantdır. Öz iradəsi hesabına regionda "status-kvo"nu dəyişən, öz ərazi bütövlüyünü bərpa edən, bölgədə sözün əsl mənasında lokomativ hesab olunan güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin də söylədiyi kimi, uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə, həqiqətləri təqdim edə bilək. Bu gün dünya Xocalıya ədalət tələb edir. Azərbaycanın 30 ildən sonra işğala son qoyduğu etiraf olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə dayanıqlı sülhün təmin olunması üçün əsas faktor kimi dəyərləndirilir. Halbuki illər əvvəl biz haqlı ikən haqsız duruma düşmüşdük. Amma artıq situasiya fərqlidir. Bu illər ərzində həyata keçirilən uğurlu siyasət, effektiv hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti Azərbaycanın xeyrinə dəyişib. Biz bundan sonra da mövqelərimizin daha da möhkəmlənməsi istiqamətində çalışmalıyıq".