• şənbə, 20 Aprel, 07:17
  • Baku Bakı 14°C

Azərbaycanın proqnozlaşdırılandan qat-qat artıq neft ehtiyatı var

23.04.19 09:00 699
Azərbaycanın proqnozlaşdırılandan qat-qat artıq neft ehtiyatı var
2049-cu ilin sonunadək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan daha 3 mlrd. barel neftin hasil olunacağı nəzərdə tutulur. Bunu SOCAR-ın IV Beynalxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, bu illər ərzində saziş üzrə yatağa konsorsium tərəfindən 36 mlrd. ABŞ dolları sərmayə qoyulub ki, bunun da nəticəsində 3,5 mlrd. barel neft (474 mln. ton) hasil edilib: "1994-cü ildə yatağın ehtiyatları 511 mln. ton ehtimal olunurdu. Bu gün isə artıq 474 mln. tondan çox neft hasil edilib. Sazişin azaldığı müddətdə, yəni 2049-cu ilin sonunadək daha 3 mlrd. barel neftin çıxarılması nəzərdə tutulur. Yəni yatağın ehtiyatları imzalandığı dövrdə güman olunandan qat-qat yuxarıdır. Saziş çərçivəsində, həmçinin, 44 mlrd. kubmetr səmt qazı hasil edilib və sazişin müddəalarına uyğun olaraq, təmənnasız olaraq dövlətə təhvil verilib", - deyə B. Aslanbəyli bildirib. Qeyd edək ki, "Mərkəzi-Şərq Azəri"platformasının inşasına təqribən 6 mlrd. dollar sərmayə yatırılacaq.
Əslində, statistik göstəricilər pozitiv istiqamətdədir. Çünki rəqəmlər, səsləndirilən proqnozlardan daha çox neftin hasil ediləcəyindən xəbər verir. Bəs görəsən bu hasilat Azərbaycanın neft sənayesinə hansı üstünlükləri qazandıracaq? Ümumiyyətlə, neft ehtiyatlarının proqnozlaşdırılandan çox olması xarici sərmayədarların marağını daha da artıra bilərmi?
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanqeyd etdi ki, BP şirkəti ilə müqavilənin uzadılmasının əsas məqsədi qabaqcıl texnologiyalardan istifadə etməklə, onların təcrübəsindən yararlanmaq idi: "İndiyə qədər əldə edilən uğurları bundan sonra da davam etdirmək əsas hədəflər sırasındadır. Burada söhbət təkcə neftdən getmir. Müqavilə şərtlərinə uyğun olaraq "Azəri-Çıraq-Günəşli” yatağından 44 milyard kub metr səmt qazı əldə edilib. Amma nəzərə almaq lazımdır ki, layihənin neftçıxarma dövrünün pik həddi artıq geridə qalıb. Getdikcə neft hasilatının çətin dövrü başlayır. Bu isə özü növbəsində böyük miqdarda kapital qoyuluşu tələb edir. Böyük həcmdə sərmayələr isə xarici tərəfdaşların hesabına həyata keçiriləcək. Yəni belə demək olarsa, biz artıq onların imkanlarından yararlanacağıq. Bununla da ölkədə neft hasilatı ilə bağlı stabillik əldə olunacaq. Hesab edirəm ki, ən böyük töhfə məhz budur. Bu, həm də xarici sərmayədarları ölkəmizə cəlb edəcək. İnvestisiya mühitinin yaxşılaşdırılması baxımından bu məqam xüsusi əhəmiyyət kəsb edir. Bu mənada düşünürəm ki, çox uğurlu bir addımdır”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevsöylədi ki,"Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinin 2050-ci ilə qədər uzadılması həm də o deməkdir ki, adı çəkilən yataq hələ də öz perspektivini itirməyib, yəni orada kifayət qədər neft ehtiyatları mövcuddur: "Məsələnin digər bir tərəfi isə ondan ibarətdir ki, 2050-ci ilə qədər Azərbaycanın ixrac gücünün normal şəraitdə fəaliyyət göstərməsidir. Yəni dünya bazarına lazım olan həcmdə neft çıxara biləcəyik. Bu müddət ərzində ARDNF əlavə gəlirlər əldə edəcək. Bu gəlirlər isə ölkə iqtisadiyyatının şaxələnməsinə və digər sosial problemlərin həllinə təkan verəcək. Bununla yanaşı, Azərbaycanın neft sənayesinin inkişafında yeni stimul yaranmış olacaq. "Azəri-Çıraq-Günəşli” yatağında 2050-ci ilə kimi hasilat prosesinin davam etdirilməsi Azərbaycanın ixrac gücünün cəlbediciliyini ortaya qoyur. Yəni bu illər ərzində yataqdan hasil olunan xam neft dünya bazarına çıxarılmaqla yanaşı, Qazaxıstan, Türkmənistan kimi digər ölkələr Azərbaycanın ixrac gücündə n istifadə edəcək. Beləliklə, həm neft sənayesi, həm də ixrac gücü öz perspektivliyini qoruyub saxlayacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, "Azəri-Çıraq-Günəşli” yatağına kifayət qədər investisiya yatırılıb və bu, gələcəkdə də davam etdiriləcək: "2015-2018-ci ildə bu sahəyə yenidən və təkrar investisiyalar edildi. Təbii ki, müəyyən qədər investisiya tələbi davamlı olaraq ortaya çıxacaq. Çünki mərhələli şəkildə daha dərində olan neftin hasil edilməsi məsələsi var. Bu hasilat isə yeni investisiyalar tələb edir. Buna baxmayaraq, yataqlar üzrə sazişlər mövcuddur. Hasilatın pay bölgüsü üzrə 1994-cü ildə imzalanan ilkin sazişə əsasən, investisiyaların qoyuluşu prosesi 2025-ci ilə qədər davam etdiriləcək”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər