• cümə, 19 Aprel, 22:27
  • Baku Bakı 24°C

Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatı Zirvə Görüşü

28.10.19 18:57 2646
Azərbaycanın növbəti böyük uğuru: Qoşulmama Hərəkatı Zirvə Görüşü
Bakıda keçirilən toplantıda Ermənistan işğalçı dövlət kimi tanındı
Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Azərbaycan 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Ölkəmiz Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv dövlətlərlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla, onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.


Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. Beynəlxalq əhəmiyyətli tədbirə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb. Tədbirin ilk günündə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Bununla da Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi imkanı yaranıb. Ümumilikdə isə iki gün davam edən Zirvə Görüşündə 4 yekun sənəd qəbul olunub. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, bu münaqişə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır. Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilib. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıb və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycanın ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunub. Bu isə Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.


Prezident İlham Əliyevin Zirvə Görüşündəki çıxışı ilə üzv dövlətlərin Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan reallıqları barədə məlumatlılığı bir qədər də artıb. Ölkə rəhbəri qeyd edib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin təəssüf ki, həmin qətnamələr bu günə qədər yerinə yetirilməyib. Təhlükəsizlik Şurasının qətnamələrinin bəzən bir neçə günün içində icra edilməsinə diqqət çəkən dövlət başçısı söyləyib ki, Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə qəbul olunmuş qətnamələrin tələbi 26 ildir kağız üzərində qalıb. O, bu ikili standartlar siyasətinə son qoyulmasının zəruriliyini vurğulayıb.


Prezident İlham Əliyev deyib ki, Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir: "Dünyada 200-ə qədər ölkə vardır. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir. ...Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququq verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur”.


Ümumiləşdirsək, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini gücləndirib. Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: "Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə açıqlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə uğurla ev sahibliyi etməsi və növbəti üç il ərzində BMT-dən sonra öz sıralarında dünyanın ən çox ölkəsini birləşdirən bu təşkilata sədrliyi öz üzərinə götürməsi ölkəmizin tarixi bir uğurudur. Deputat S.Seyidov qeyd edib ki, Azərbaycanın Zirvə toplantısına bu cür uğurla ev sahibliyi etməsi işğalçı Ermənistana böyük zərbədir. Komitə sədrinin sözlərinə görə, Qoşulmama Hərəkatının Zirvə Görüşündə müzakirə edilən məsələlər sonradan BMT-də qaldırılır ki, bununla da Azərbaycan Ermənistanın işğalçı siyasətini bir daha beynəlxalq tribunadan ifşa etmiş olur. Millət vəkili deyib ki, faktiki olaraq, Bakıda keçirilən Zirvə Görüşündə Qoşulmama Hərəkatına üzv olan bütün ölkələr Ermənistanı işğalçı ölkə kimi tanıyıblar: "Yer kürəsində yaşayan insanların 50 faizindən çoxu Qoşulmama Hərəkatının üzv ölkələrində yaşayır. Ona görə də, Azərbaycanın növbəti 3 il müddətində bu təşkilata rəhbərlik etməsi mühüm əhəmiyyət kəsb edir. Birincisi, belə bir böyük təşkilata sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun, ölkəmizə olan etimadın artmasının daha bir göstəricisidir. Digər tərəfdən, təşkilata daxil olan dövlətlərin hamısının Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazılığını dəstəkləməsi, Azərbaycanın qaçqın və məcburi köçkünlərinin öz tarixi torpaqlarına qayıtmasının vacibliyini vurğulaması, Azərbaycanın dünyada artan nüfuzunu təsdiq etməsi özü-özlüyündə tarixi bir faktdır. Zirvə Görüşünün nəticəsi kimi qəbul edilən sənədləri Azərbaycanın ciddi diplomatik uğuru hesab etmək olar”.


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib ki, Qoşulmama Hərəkatının ölkəmizdə keçirilən Zirvə Görüşünün yekun sənədinə ilk dəfə olaraq mühüm yeni bənd daxil edilməsi, bu bənddə dövlət və hökumət başçılarının güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulaması çox böyük uğurdur. Deputat qeyd edib ki, Prezident İlham Əliyev Zirvə Görüşündə hər zaman olduğu kimi geniş və dəqiqliklə erməni işğalçılıq siyasətini, onların iç üzlərini dünyaya növbəti dəfə bəyan edib: "Sammit ümumilikdə Azərbaycanın münaqişə ilə bağlı ədalətli mövqeyini gücləndirib. Dövlət başçısı çıxışında cəsarət və qətiyyətlə BMT-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin icra edilmədiyini, sənədlərin yalnız kağız üzərində qaldığını vurğuladı. Ölkə başçısı bəzi sənədlərin mürəkkəbi qurumamış BMT tərəfindən icra edildiyini diqqətə çatdıraraq, ikili yanaşmaya toxundu. Bu, çox mühüm məqam idi. Nəzərə almaq lazımdır ki, Zirvə görüşündə BMT-nin, eləcə də digər təşkilatların nümayəndələri də iştirak edirdi. Bu fikirləri dövlət başçısı onların qarşısında qətiyyətlə bir daha səsləndirdi”.


E.Məmmədov vurğulayıb ki, Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir: "120 dövlət tərəfindən Ermənistanın növbəti dəfə işğalçı kimi tanınması, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi Azərbaycanın bu illər ərzində topladığı hüquqi dəstəkçilərin sayının daha da artması deməkdir. Azərbaycan istənilən vaxt öz hərbi gücündən istifadə edərək, ərazilərimizdə anti-terror əməliyyatları adı altında hərbi əməliyyatlar keçirə bilər. Artıq bizim əlimizdə BMT-dən başlamış, NATO, ATƏT, Avropa Şurası, İƏT, Avropa İttifaqı, eləcə də Qoşulmama Hərəkatının üzvlərinin hüquqi sənədi var. Bu ölkəmizin növbəti uğuru olmaqla, Azərbaycanın inkişafının, beynəlxalq nüfuzunun gündən-günə yüksəlməsindən və Prezident İlham Əliyevin siyasi iradəsindən, qətiyyətindən, gücündən, apardığı xarici siyasətin doğruluğundan yaranan nailiyyətdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər