• cümə, 19 Aprel, 21:01
  • Baku Bakı 24°C

Azərbaycanın neft və enerji bazarında oynadığı mühüm roldan xəbər verən toplantı

18.03.19 20:07 608
Azərbaycanın neft və enerji bazarında oynadığı mühüm roldan xəbər verən toplantı
Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin 13-cü iclası işə başlayıb. İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilib. Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməl etmə səviyyəsi də nəzərdən keçirilib.
Belə bir dövrdə hasilatçı ölkələrin bir araya gəlməsi əlbəttə, tərəflər üçün çox vacibdir. Artıq OPEC+ formatında keçirilən görüşlər əvvəlki müzakirələrdən fərqli olaraq, nisbətən daha effektiv rol oynayır. Görüşlərin bu formatda keçirilməsi təşəbbüsü hələ 2016-cı ildə Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda çıxışı zamanı irəli sürmüşdü. O, neft istehsal edən ölkələrin "OPEC+” formatında iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edərək bu formatın OPEC-in üzvü olan ölkələrlə neft hasil edən, lakin bu qurumda təmsil olunmayan ölkələrin birgə toplantısını və enerji resurslarının hasilatı və ixracı, dünya bazarında neftin qiyməti və digər məsələlərin vahid formatda müzakirəsini vacibliyini vurğulamışdı. Həmin dövrdə İlham Əliyev neftin qiymətinin stabilləşdirilməsi və 70 dollar civarında saxlanması ilə bağlı məqamlara da aydınlıq gətirdi. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Bakıda OPEC+ formatının baş tutmasında, habelə dünya bazarında neftin qiymətinin 60-70 dollar çərçivəsində qalmasında Prezident İlham Əliyevin böyük xidməti vardır. Dövlət başçısının səmərəli təklifləri və irəli sürdüyü təşəbbüslər dünya enerji bazarında stabilləşməyə gətirib çıxardı.
İqtisadçı millət vəkili Tahir Mirkişili bildirdi ki, neft elə bir məhsuldur ki, onun qiymətinin tənzimlənməsi hər kəsin diqqətindədir: "Bu, həm istehsalçı və həm də istehlakçı ölkələr üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də, hər iki tərəf üçün sərfəli olan ortaq nöqtənin tapılması neft ixrac edən ölkələrin qarşısında dayanan əsas çağırışlardan biridir. 2008-ci ildə dünyada baş verən iqtisadi böhran neftə olan tələbatı ciddi şəkildə aşağı saldı. Nəticədə 2014-cü ildən başlayaraq neftin qiyməti kəskin şəkildə aşağı düşməyə başladı. Belə bir dövrdə qiymət azalmalarının qarşısını almaq üçün OPEC daxilində bir neçə dəfə razılaşma əldə edilsə də, bu görüşlər neftin qiymətinin daha da enməsinə gətirib çıxarırdı. Aydın oldu ki, mövcud format daxilində qiymət azalmasının qarşısını almaq mümkün deyil. Belə bir şəraitdə prezident İlham Əliyevin 2016-cı ildə Davos İqtisadi Forumunda səsləndirdiyi fikir sonradan formatın daha da genişlənməsinə səbəb oldu. O, Davosda çıxışı zamanı formatın genişlənməsi və OPEC+ formatında, yəni təşkilata daxil olan və olmayan neft istehsalçısı ölkələr arasında koordinasiyanın vacib olduğunu elan etdi. Məhz onun bu fikirləri əsasında OPEC+ formatı yarandı. Bu isə bütövlükdə neft bazarlarında sabitləşmənin yaranmasına gətirib çıxardı. Gündəlik neft istehsalının 1,8 milyon barrel azaldılmasına dair əldə olunan qərar OPEC və OPEC-ə daxil olmayan ölkələr üçün ciddi əhəmiyyət kəsb edir. Bu razılaşma neftin qiymətini ədalətli bir intervala gətirib çıxardı. Prezident İlham Əliyev hələ 2016-cı ildə neftin qiymətinin 60-70 dollar olmasını daha ədalətli olduğunu söyləmişdi. Ölkə başçısının təşəbbüsü öz nəticəsini verdi. Bu isə Azərbaycanın dünya neft və enerji bazarında oynadığı mühüm roldan xəbər verir. Prezidentin təklifi ilə OPEC-in növbəti görüşü hal-hazırda Bakıda keçirilir. Hesab edirəm ki, Azərbaycanın bu istiqamətdə oynadığı rol çox müsbətdir. Bunu hər kəs görür və yüksək dəyərləndirir. Məhz Azərbaycanın təşəbbüsü ilə bu gün neft istehsalçıları və ixracatçı ölkələr arasında etimad mühiti yaradılıb. Bu mühit neft bazarında sabitliyin yaranmasının yeganə səbəbidir”.
İqtisadçı-ekspert Rəşad Həsənov qeyd etdi ki, Azərbaycan neft ölkəsidir və birbaşa olaraq 2016-cı ildən formalaşan OPEC+ formatında keçirilən görüşlərdə iştirak edən ölkələrdən biridir: "Bu tədbirin Azərbaycanda keçirilməsi əslində təqdirəlayiq haldır. Hesab edirəm ki, bu görüşdə müzakirə edilən məsələlər növbəti dövrdə OPEC və ona daxil olmayan digər ölkələrin, neftin qiyməti ilə bağlı strateji qərarlarına öz təsirini göstərəcək. Sözügedən görüş əvvəlcədən planlaşdırılan bir toplantı idi. Böyük ehtimalla, bundan sonrakı dövrlərdə də neftin qiyməti ilə bağlı OPEC tərəfindən həyata keçirilən strategiya ilə bağlı müzakirələr aparılacaq. Bu müzakirələr daha çox OPEC+ formatının genişlənməsi və qlobal neft bazarında təsir gücünün artırılmasına hədəflənəcək. Eyni zamanda, dünya bazarlarında müşahidə edilən tendensiyalar bu toplantıda geniş şəkildə müzakirə ediləcək. May ayında keçirilməsi nəzərdə tutulan görüşlərdə qəbul ediləcək razılaşmanın bəzi detalları Bakıda müzakirə olunur. Toplantıda əksər neft ölkələri təmsil olunur və bu da onu deməyə əsas verir ki, görüşdə əldə edilən qərar kifayət qədər əhəmiyyətlidir və növbəti dövrlərdə hasilatçı ölkələrin neft bazarlarında həyata keçirəcəyi siyasətdə öz əksini tapacaq. Bu görüş bir daha onu sübut edir ki, OPEC+ formatı nisbətən daha dayanıqlıdır. Burada iştirak edən ölkələr də bu formatın qorunub saxlanmasında maraqlıdırlar. Toplantı həmçinin, neft bazarlarında qiymətlərə nəzarətin təmin edilməsi imkanlarını artırır. Bu görüşdə müəyyən razılıqların əldə edilməsi, onların təmin olunması istiqamətində ümidləri daha da artırır və neft bazarları üçün daha stabil bir gələcək proqnozlaşdırmaq üçün imkan yaradır”.
Ekspert bildirdi ki, neft ölkəsi kimi Azərbaycan öz neftini optimal qiymətə satmaqda maraqlıdır: "Bu kontekstdən yanaşdıqda, digər görüşlər kimi, bu görüş də bizim üçün böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, OPEC-in bütün görüşlərində müzakirə edilən əsas mövzu neft hasilatı və neftin qiymətinin hansı aralıqda olmasını müəyyənləşdirməkdir. Buna uyğun olaraq bazarların gələcək iştirakçılıq səviyyəsi müəyyən edilir. Bildiyiniz kimi, əsas neft hasilatçısı olan ölkələrdən biri ABŞ-dır və son illər ərzində öz neft hasilatını sürətlə artırıb. Bu günlərdə beynəlxalq enerji agentliyinin yaydığı məlumata əsasən, 2019-cu il ərzində OPEC tərəfindən hasilatın tənzimlənməsi sazişi çərçivəsində azalan hasilatın əhəmiyyətli qismi ABŞ-ın neft hasilatının artırılması fonunda kompensasiya edilir. Ona görə də, optimal qiymət aralığı OPEC üçün mühüm əhəmiyyət kəsb edir. Bəziləri düşünür ki, neftin qiymətinin maksimum həddi, iştirakçı ölkələr üçün daha əlverişlidir. Amma əslində belə deyil. Qiymət dəhlizi müəyyənləşdirilərkən bir neçə parametrlər nəzərə alınır.
Əsas parametrlərdən biri ABŞ-ın şist neftinə yatırdığı investisiyaların həcminin nə qədər artırmasıdır. Bu prosesin təşviq olunması fonunda dünya bazarlarında neftin nə qədər bahalaşması da əsas məqamlardandır. Belə ki, artan qiymətlər qlobal iqtisadiyyata təsirsiz ötüşmür. Yüksək qiymətə satılan neft dünya iqtisadiyyatının artım templərini zəiflədir. Bu isə son nəticədə məcmu tələbi aşağı salır. Neftin qiymətinin artması həmçinin istehsalın maya dəyərini də artırır. Bu isə neft hasilatı ilə məşğul olan ölkələrin gələcəkdə idxal etdiyi məhsulların qiymətlərini kəskin artırır. Ona görə də, bu məsələlər kompleks şəkildə yanaşma tələb edir. Görüşdə qərar qəbul edilərkən bu kimi qərarlar nəzərdən keçirilir. Hazırda ən optimal qiymət 60-70 dollar arasında qəbul edilir. Amma ola bilsin ki, gələcəkdə bu intervalla bağlı yanaşmalara müəyyən dəyişiklik edilsin”.

Şəbnəm Mehdizadə



banner

Oxşar Xəbərlər