• cümə, 19 Aprel, 21:00
  • Baku Bakı 24°C

Azərbaycanın Nazirlər Komitəsindəki sədrliyi səmərəli olacaq

24.05.14 08:39 1281
Azərbaycanın Nazirlər Komitəsindəki sədrliyi səmərəli olacaq
Xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın Bakıda keçirilən Daimi Komitəsinin iclasında çıxış edərək Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdəki prioritetlərini açıqlayıb. Nazir bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində səyləri daha da gücləndirəcək və bununla bağlı Bakıda beynəlxalq konfrans keçiriləcək. Həmçinin Nazirlər Komitəsinə sədrliyimiz dövründə mədəniyyətlərarası dialoqa, insan hüquqları və təhsil məsələlərinə xüsusi önəm veriləcək, demokratik dəyərlər diqqət mərkəzində saxlanılacaq.
Azərbaycanın prioritetləri haqda fikirlərini bizimlə bölüşən politoloqlar bunun ölkəmizin sadaladığı məqamlara xüsusi önəm verməsinin göstəricisi olduğunu dedilər.
Millət vəkili, politoloq Rasim Musabəyov bildirdi ki, Azərbaycan hansı prioritetləri elan edibsə, ona da əməl edəcək: “Bilirsiniz ki, əsasən insan hüquq və azadlıqları məsələsi diqqətdə saxlanılacaq. Yaxşı olar ki, ölkəmiz haqqında danışdığı məsələləri yüksək səviyyədə həyata keçirsin. Bu, Azərbaycan üçün çox vacib bir məsələdir. Xatırladım ki, bu mövzuda ölkəmizə qarşı müəyyən iradlar irəli sürülür. Azərbaycan tərəfinin bu məsələdə üzərinə götürdüyü müəyyən öhdəliklər var. Bu və digər məqamları nəzərə aldıqda, düşünürəm ki, Azərbaycanın Nazirlər Komitəsindəki sədrliyi səmərəli olacaq”.
Ölkəmizin sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir edəcəyi barədə ehtimallarını da açıqlayan politoloq AŞ PA-nın məsələyə ciddi təsir etmək qüdrətində olmadığını bildirdi: “Onlar indiyə qədər ciddi iş ortaya qoymayıblar. Ona görə də Qarabağ münaqişəsinə müdaxilə edə biləcəkləri inandırıcı görünmür. Ən yaxşı halda bu işlə alt komitə məşğul ola bilər. Təəssüf ki, ona da ermənilər razı olmurlar və orada fəaliyyət göstərməkdən boyun qaçırırlar. Azərbaycanın sədrlikdən istifadə edərək onları buna nə dərəcədə sövq edə biləcəklərini söyləməkdə çətinlik çəkirəm. Xatırladım ki, bir il bundan öncə həmin komitəyə ermənilər sədrlik edirdi. Onların öz xeyirlərinə hansısa bir fəaliyyət göstərmək imkanları olmamışdı. Ona görə də bizim nə edə biləcəyimizi proqnozlaşdırmaq çətindir. Bunun əsas səbəbi isə AŞ PA-nın imkanlarının olduqca məhdud olmasıdır”.
Politoloq Elman Nəsirov da bildirdi ki, Azərbaycanın Avropa Şurasına 2001-ci ildə daxil olmasından 13 il keçir və artıq Nazirlər Komitəsinə sədrlik etməyimiz ölkəmiz üçün çox mühüm, siyasi əhəmiyyətli hadisə hesab olunur: “Bu təşkilatın əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Azərbaycan 2001-ci ildə quruma daxil olarkən bu sferada üzərinə müəyyən öhdəliklər götürüb və deyərdim ki, həmin öhdəlikləri layiqincə yerinə yetirib. Azərbaycan demokratik inkişaf yolu seçmiş dövlətdir. Ona görə də bu sahədə davamlı görülən işlər nəticəsində ciddi uğurlar əldə olunub. Düşünürəm ki, Azərbaycanın Nazirlər Komitəsinə sədrlik etməsi təşkilatın missiyası ilə bağlı proseslərə təkan verəcək və ölkəmiz bu istiqamətdə çox pozitiv rol oynayacaq. Azərbaycanın iki il müddətində BMT Təhlükəsizlik Şurasında təmsil olunması, eyni zamanda, iki dəfə ona sədrlik etməsi təsdiqləyir ki, dövlətimiz beynəlxalq münasibətlər sisteminin sadəcə subyekti deyil və artıq onun aktyoruna çevrilib. Ona görə də belə böyük, beynəlxalq təşkilatda sədrlik etmiş bir dövlətin miqyasca daha kiçik olan AŞ NK-də təmsilçiliyindən şübhəsiz ki, AŞ böyük qazanc əldə edəcək. Azərbaycanın təcrübəsini paylaşması və dünyada etibarlı tərəfdaş imicinə malik olması AŞ maraqları və mənafeyinə xidmət edən hadisədir. Bu baxımdan, Azərbaycan NK-nə sədrlik etdiyi müddət ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, demokratik cəmiyyət quruculuğu, qanunun aliliyi kimi məsələlərə öz töhfəsini verəcək”.
E.Nəsirov vurğuladı ki, Azərbaycan altı aylıq fəaliyyətində daha çox korrupsiyaya qarşı mübarizə çərçivəsində işlər görəcək: “Bundan başqa, mədəniyyətlərarası dialoq, tolerantlıqla bağlı məsələlər ətrafında Azərbaycanın fəaliyyəti dinamizm kəsb edəcək. Sədrliyimiz dövründə Bakı şəhərində müxtəlif tədbirlərə ev sahibliyi etmək niyyətimiz də ortalığa qoyulub. Qeyd edim ki, təşkilatın əsas missiyası insan hüquq və azadlıqları ilə bağlı olduğu üçün burada hər bir fərdin hüquqlarının müdafiəsi əsas məsələdir. Məsələyə bu kontekstdən yanaşdıqda ilk olaraq ağıla Azərbaycanın qaçqın və köçkünləri gəlir. Hamı bilir ki, Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq vətəndaşımız məcburi köçkün və qaçqın kimi yaşayır. Çox böyük təəssüf hissi yaradan məqamdır ki, AŞ bu istiqamətdə elə də ciddi addım atmayıb. Faktiki olaraq, Azərbaycan vətəndaşlarının hüquqları pozulmuş vəziyyətdədir və onların müdafiəsi ilə bağlı real nəticə yoxdur. İşğalçı fəaliyyətinə görə heç Ermənistan AŞ PA da səs vermək hüququndan da məhrum edilməyib. Onlara qarşı praktikada olan təsir mexanizmi də işə salınmamaqdadır. Hesab edirəm ki, Azərbaycanın AŞ NK-nə sədrliyi dövründə bu məqamların diqqətdə saxlanması üçün əlavə imkanlar pəncərəsi açılıb. Azərbaycanın bundan faydalanacağı şübhə doğurmur. Onu da deyim ki, ölkəmizin AŞ NK-də sədrliyi hər tərəfin maraqlarına uyğundur və fəaliyyətimiz bütövlükdə Avropa dəyərlərinin qorunması istiqamətində mühüm töhfələrlə yadda qalacaq”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər