• çərşənbə, 24 Aprel, 03:50
  • Baku Bakı 14°C

“Azərbaycanın milli tarixini müdafiə eləyən qız…”

08.01.15 10:53 2904
“Azərbaycanın milli tarixini müdafiə eləyən qız…”
Qardaş Türkiyədə, eləcə də dünyanın tanınmış ölkələrində ölkəmizin adından qürurla bəhs etdirən bir xanım rektor var - Aygün Attar.
Bir neçə il əvvəl Türkiyədə olanda buna yaxından şahid oldum. Rəsmi görüşlərimin demək olar ki, hamısında bu xanımın adı qulağıma çalındı. Mən də eləmə tənbəllik, onun çıxışlarına qulaq asdım, dinlədim. Deyilənlərin doğru olduğuna əmin olandan sonra izinə düşdüm. Təəssüf ki, onunla görüşmək qismət olmadı. Ta o günə kimi ki…
Bu dəyərli xanım Azərbaycan təhsilinə öz töhfəsini layiqincə verməyə hazırlaşan Kaspi Təhsil Mərkəzinin qonağı oldu. Giresun Universiteti və Kaspi təhsil Mərkəzi arasında saziş imzalandı, bu barədə oxucularımız yəqin ki, mətbuatdan lazımlı xəbərləri aldılar. Mənimsə müsahibə və görüş arzum beləcə reallaşmış oldu.
Azərbaycanın dəyərli qızı, Giresun Universitetinin rektoru Aygün xanım Attarla söhbətimizi sizə təqdim edirik:

- İyirmi beş ildir xaricdə yaşayıram və getdiyim hər yerdə, demək olar ki, bütün Avropa dövlətlərində qarşıma dövlət dəstəyilə xaricə təhsil ardınca göndərilən gənc potensial çıxır. Onlar ağıllı və gözəl bilgilərə malik olmaqla yanaşı getdikləri ölkənin elminə də vaqifdirlər. Sözün qısası mənim rastıma o ölkənin elm adamlarını belə yaxşı mənada təəccübləndirən bir gənclik çıxır, bununla qürur duymamaq olmaz. Bilirsinizmi, mən bu ölkədə doğulub, böyümüşəm, bu ölkənin həqiqətlərini bilirəm. Zaman-zaman bütün dövlətlərdə qarşı görüşlər, tənqidlər olur, bu təbii haldır. Sadəcə içəridə olduğu üçün Azərbaycan ictimaiyyətinin gözündən yayınan, görə bilmədiyi, elm təhsil sahəsində olduğum üçün mənim diqqətimi çəkən və sevindirən bir məqam var. Bugünkü iqtidar ölkənin gələcəyi üçün ən böyük yatırımı o gənclərin təhsili ilə bağlı elədi ki, bu da dünyadakı bütün iqtisadi yatırımlardan daha qüvvətli bir yatırımdır. Amerikanı Amerika eləyən fərqli ölkə olması deyil ağıllı beyinləri öz ölkəsinə toplamasıdır. Azərbaycan dünyanın tanınmış universitetlərinə ağıllı gəncləri göndərməklə gözəl iş görür. Ölkənin gələcəyinə bir çox ağıllı dövlətlərin elədiyi kimi strateji yatırım qoyur. Mən bunun fərqində olduğum üçün çox həyəcanlıyam. «Kaspi» təhsil mərkəzinə, xüsusilə də Sona xanıma bu mənada sevgim və sayğım böyükdür. Çünki o təhsilə aşağıdan yuxarıya sistemilə hərəkət edir. Uşaq bağçasından başlayıb təhsilli, ölkəsinə bağlı, dövlət təəssübülə böyüyən bir gənclik üçün əmək sərf edir. Əlbəttə ki, bu bir nəfərin işi deyil. Mən bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Çünki xaricdə, başda elə qardaş ölkə Türkiyə olmaqla bütün ölkələrdə bu kiçicik beyinlərə ehtiyacımız var. İstəyirəm ki, gələcəkdə Azərbaycan naminə söz demək lazım gələndə bir, iki nəfər olmayaq. Qoy bu məktəblilər tez böyüyüb gəlsinlər. Bax o vaxt biz böyük bir güc olacağıq. Kaspi Təhsil Mərkəzinə tövsiyəm bu ənənəni davam elətdirib universitet yaratmasıdır. Bu təcrübə Bilkənt Universitetində sabitdir və təhsilə nəzarəti əlində saxlamaq deməkdir. Mən hadisələrə bu baxış açısı ilə baxdığım üçün belə bir mərkəzin Azərbaycanda varlığından xəbərdar olandan sonra bura gəlib, gözümlə görməyi qərara aldım. Əslində bu görüş planlı deyildi. Adətim üzrə Giresun universitetinə fərqli ölkələrdən gələn tələbələrdən hardan gəldiklərini mütləq soruşuram. Bu sorğuda mənim qarşıma Kaspi təhsil mərkəzinin adı çox çıxdı və araşdırmağı qərara aldım. Nə gizlədim, Azərbaycanda milli bir müəssisənin, təhsildə “mən varam” deməyi məni çox sevindirdi. Vətəndən kənarda yaşayan amma ürəyi həmişə burda olan, burada doğulub boya-başa çatmağın haqlı qürurunu və şərəfini yaşayan bir Türk vətəndaşı olaraq, ölkəm adına bunun çox gözəl olduğunu görə bilirəm. Eyni zamanda iyirmi beş ildir təhsildə olan biri kimi bu mərkəzin fəaliyyətini qiymətləndirməyə bilmərəm.
-Azərbaycandan gedən tələbələrin təhsil səviyyəsi sizi qane edirmi?
-Mən bir dövlət universiteti rektoruyam, otuz minə yaxın tələbəm, on üç fakültəm, on iki texnikumum, tibb fakültəsi, xəstəxanalar da daxil olmaqla, konservatoriya, radio-televiziya, sosiloji, pedaqoji və s. bölümlərdə 350-dən artıq Azərbaycandan gələn tələbəm var. Ora gələn azərbaycanlı öyrəncilərin təhsil səviyyəsi çox aşağıdır. Bu da Azərbaycan elmi haqqında pis fikir formalaşdırır. Halbuki mən bilirəm Azərbaycan elmini. Bu təhsil mərkəzində keyfiyyətli təhsil verilir. Və bu layihədə gənclər xaricdə təhsil alıb geriyə Vətənə qayıdır. Burada sadəcə ticari məqsəd güdülmür. Mən də öz növbəmdə Azərbaycana bir qatqım olsun deyə burda bir saziş imzalamağa gəlmişəm. İstəyirəm ölkəmin ağıllı gəncləri burdan gedib layiqli təhsil alıb geri qayıtsınlar.
Mən çox gənc yaşlarda getdim Vətəndən. Bir hərb akademiyaları haqda müdafiə eləmək istəyən bir xanım vardı. Xüsusilə də Ermənistan-Azərbaycan əlaqələri haqda maraqlanırdı. Mən ona Xocalı faciəsi barədə yazmağı tövsiyə elədim. O da yazdı, elmi rəhbəri mən oldum, təsdiq elətdirdim, müdafiə olundu. Bu, bilirsiniz, nə deməkdir? Elə siz istədiyiniz vaxt Türkiyədə Milli Kitabxanada Xocalı faciəsi haqda o kitaba rast gələ bilərsiniz. Çünki, artıq elmi ictimaiyyət tərəfindən Xocalı hadisəsi soyqırım olaraq qəbul edildi. O kitabı bir əlli adam olacaq və referans olaraq qəbul edəcək.
-Aygün xanım, siz rektorluğa mərhələlərlə gəlmisiniz. Azərbaycan qadını kimliyinin bu yerlərə ulaşması çox çətin olmadı ki?
-Mən rektor olandan bir həftə sonra “Qadın Problemləri Araşdırma və Tətbiqetmə Mərkəzi” adlı bir mərkəz qurdum. Bu sayədə bilirəm ki, dünyanın hər yerində Azərbaycan və Türkiyədə, həmçinin Amerika və Avropada qadın olaraq çalışmaq çox çətindir. Bunun bir məkanı yoxdur. Və bizim bildiyimizdən fərqli olaraq Avropa və Amerikada qadına şiddət, basqıya məruz qalma faktları Azərbaycan və Türkiyədən daha çoxdur. Mən bir məqamı deyim, hər dəfə Azərbaycana gələndə kifayət qədər akademik fəaliyyətlə məşğul olan ağıllı, iddialı qadınlarla rastlaşıram. Azərbaycandan kənarda yaşadığım və ümumiyyətlə arxiv materiallarına isinadən danışmağı sevdiyim üçün və Türkiyədə arxiv materialları ilə bildiyim üçün deyə bilərəm ki, Türkiyədə akademik fəaliyyətlə məşğul olan qadın sayı Avropa və Amerikadan qat-qat çoxdur. Bu da o deməkdir ki, bu ölkələrdə qadınların akademik fəaliyyətinə imkan verilir. Sualınıza cavab olaraq deyim, dünyanın hər yerində qadın olmağın özünəməxsus çətinlikləri və bir o qədər də gözəllikləri var. Gözəldir ona görə ki, ana olursan, həyat yoldaşı olursan, bir nəsli tərbiyə eləmək, böyütmək üçün övlad yetişdirirsən. Çünki sənin yetişdirdiyin övlad əslində cəmiyyətin bir fərdidir. Siz bir uşaq böyütməklə ölkənizin gələcəyi üçün faydalı olacaq bir nəfəri yetişdirirsiniz. Ona görə də qadın olmaq həm şərəflidir həm də çətindir. O qədər çətinliklərlə qarşılaşmışam ki. Mənim üç uşağım var, iki qızım, bir oğlum. Böyük qızım həkim olacaq, son kursdadır, ikinci qızım, hüquqşünas, hələ birinci kursdadır. Oğlum, həyatımın mənası, sevgimi ən çox verdiyim oğlum Umut Kərəmin isə hələ səkkiz yaşı var. Mənə elə gəlir ki, bizim öz uşağımızı uzağa göndərməyə ürəyimiz gəlməz. Amma mən iyirmi yaşında Vətəndən getdim. Hər şey təhsil üçün idi. Mən də, rəhmətlik valideynlərim də təhsilə üstünlük verirdik. Ona görə də mənə o şərait yaradıldı və Türkiyəyə getdim.
-Aygün xanım, bəs həyat yoldaşınız necə? O bu dəstəyi davam elətdirdimi?
-Mən bunu mütləq deməliyəm, ən böyük şansım həyat yoldaşımın, həyatımın bütün mərhələlərində mənə həm maddi həm mənəvi dəstək olmağı oldu. O Güney Azərbaycandandır. Həyatım boyunca əldə elədiyim bütün uğurlarda onun əməyi böyükdür. Çünki mən sosial araşadırmaçıyam, siyasət tarixi üzərində çalışıram. Siyasi tarix də elə bir sahədir ki, sən arxiv sənədlərilə çalışmalı olursan. Həyatımın əsas ayları Moskvadakı arxivlərdə, İstanbuldakı Osmanlı arxivi başda olmaqla Cümhuriyyət arxivlərində keçib. Baxın, burda yoldaşımın əməyi və anlayışı böyük rol oynayıb. Bu, həm də milli həssasiyyətimizdən irəli gəlir. Biz bölünən bir Vətənin övladlarıyıq. O Güneydə, mən Quzeydə dünyaya gəlmişik və türklərin ana vətəni olan Türkiyədə, Ankarada yaşayırıq. Araşdırmalarımın da əksəriyyəti milli tarixlə bağlıdır. Öyündüyüm üçün yox, qürur duyduğum üçün bir məqamdan bəhs edəcəm sizə, Sovet İttifaqının hələ dağılmadığı vaxtlarda Azərbaycan Milli Cümhuriyyətinin qurucuları ilə bağlı, elmi dövriyyəyə daxil olan ilk elmi iş, dissertasiya məhz mənə aiddir. Bundan qürur duyuram.
O vaxtlar elmi işlər əvvəl burda müdafiə olunurdu, sonra Moskvaya təsdiq üçün göndərilirdi. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda müdafiə başladı. Aparıcı müəssisə mənim məzun olduğum Bakı Dövlət Universitetinin Tarix fakültəsiydi, elmi rəhbərim Mahmud İsmayıl idi. Elmi Şuraya sədrlik eləyən Ziya Bünyadov, heyətdən yadımda qalan Püstəxanım Əzizbəyovaydı, professor Göyüşovdu və çox sayda insanlar…
Mən o günü xatırlayanda əlimə keçən stenoqrafiyaları göz yaşları ilə oxuyuram. Bu elə-belə hadisə deyildi, ilk dəfə Azərbaycan milli hökuməti ilə bağlı bir dissertasiya yazılırdı. Bir az mübahisəli və bir az da ciddi məsələydi. Və orda elmi rəhbərim Mahmud İsmayılov yazmışdı ki, «bu balaca qız, bu gün Azərbaycan tarixindəki qara ləkəni siləcək mahiyyətdə bir dissertasiya müdafiə eləyir.
Azərbaycanın milli tarixini müdafiə eləyir!
Mən də daxil olmaqla biz Sovet tarixini yazmışıq həmişə. Xahiş edirəm bu gün bu müdafiədən sonra siz onun elmi işi ilə bağlı rəy verdiyiniz zaman şəxsi hisslərinizi deyil, Azərbaycanın tarixini düşünərək rəy verin. Mən həyatım boyunca yüzlərlə namizədlik dissertasiyasına rəhbərlik eləmişəm, amma bu gün hönkürüb ağlamaq istəyirəm, çünki Azərbaycan tarixi bu gün başlanır».
Həyatım boyunca özümlə bağlı ən fəxr elədiyim məqam budur. Bu gün Azərbaycanda yenidən təsis edilən «Kaspi» qəzeti başda olmaqla bu qəzeti yazıb çıxaranların, bu davanı davam etdirənlərin tarixini yazmaq, hər cür çətinliyə rəğmən ilk dəfə Sovet təhsil sistemində bunu yazmaq və qəbul etdirmək…
O dövrdə arxivlər hələ açılmamışdı, mən o dissertasiya ilə bağlı materialı Ankaradakı siyasi mühacirlərin həyatda qalan davamçılarının anlatdıqlarına binayən yazmışdım. Mirzəbala Məmmədzadənin xaricdə nəşr elətdirdiyi yazılarından yola çıxmış, Məmməd Əmin Rəsulzadənin məqalələrindən, qurduqları dərnəklərdən (Qafqazlılar olaraq işğaldan sonra Prometey dərnəyi yaratmışdılar) məlumatlar əldə eləmişdim.
-Axı yaşınız çox az idi, buna necə gücünüz çatdı?
-Bəli, bunları eləyən o balaca qız sadəcə iyirmi yaşlarındaydı. İnsan o yaşda əylənməyi, gəzməyi daha çox sevər, elə deyilmi? Allaha şükürlər olsun ki, o milli ruh məni yönəldib. Daha sonra bərabərində başda Azərbaycan olmaqla Türk tarixiilə bağlı olan məsələlərə dair araşdırmaların ortaya çıxarılması. Az iş deyildi.
Türkiyədə Güneydoğuda Diyarbəkirin əslində bir dönəmlər Türkmən başkəndi olduğunu, Ağqoyunlu dövlətinin paytaxtı olduğunu tarixi bir məqalə ilə ortaya qoymaq, bunun üçün Sankt-Peterburqda, Şərqşünaslıq Universitetinin arxivlərindən sənədlər tapıb çıxarmışdım. Bilirsiniz, bunlar polemika tələb edən məsələlərdir. Qəbul etsələr də etməsələr də Diyarbəkir bir Türkmən diyarıdır.
- Aygün xanım, kitablarınız necə? ”İranın etnik yapısı”ndan bəhs edəkmi?
-“İranın etnik yapısı” adlı kitabım Türkiyədə çap olundu amma ordan ziyadə dünyanın fərqli ölkələrində əl-əl axtarılan, stolüstü bir kitaba çevrildi. Ona görə ki, o tarixi əhatə edən elə bir kitab yoxuydu. Elmlər Akademiyasının uzun illər Cənubi Azərbaycan bölməsi olub amma etnik məsələlər işin içinə girəndə məsələ mahiyyətini itirib. Ta o vaxta qədər ki, Azərbaycan müstəqilliyini qazanıb. Elmi araşdırmalar müstəqillik dövründə daha da artdı. Amma mənim ürəkağrısıyla, duyğularımı elmi sənədlərə əxz elətdirdiyim və bir çox səhifələrinə zəifliyimdən deyil, ölkəmə, millətimə və dövlətimə insanlıqdan kənar münasibəti qəbul etmədiyim üçün göz yaşları içində yazdığım, Qarabağ problemini əhatə edən “Ermənilər və erməni siyasəti” adlı kitabımdır. Türkiyədə başbakanlıq tərəfindən sifariş olunub bir neçə dəfə təkrar basqıya gedib. Məsuliyyəti də ağırdır çünki prosedura görə başbakanlığın nəşr etdirdiyi bütün kitablar bütün təmsilçiliklərə göndərilir. Ona görə də Azərbaycan həqiqətinin mümkün olduğu qədər qısa və mümkün olduğu qədər dərin bir analizlə Qarabağ məsələsinin əsl üzü, erməni siyasətinin mahiyyəti, ermənilər, erməniçiliyi ortaya qoymağa çalışdım. Amma demək ki, yaxşı alim deyiləm, o kitabda sadəcə alim baxışı yoxdur. Bu gün də o kitabın səhifələrində Ermənistanın Azərbaycan torpaqlarını işğalından sonra Azərbaycan iqtisadiyyatına vurulan ziyan rəqəmlərlə göstərilib. Azərbaycana aid olan mədəniyyətin izlərinin silinməsinə dair məlumatlar var. Sadəcə bunlar deyil, Rəvan xanlığının əmanəti olan 20 milyondan çox inventarlar getdi, kitablar yandırıldı. Aşıq Ələsgərin sazı qırıldı, aşıq Ələsgərin sözü susduruldu. O tarixdən bu tarixə qədər baş verənlərin hamısı qeyd olunub.
Mən balaca bir uşağıydım, Azərbaycan televiziyası çox gözəl dağ mənzərələri verirdi. Balabanın həzin ağlayan səsilə, başındakı buxara papaqla bir dədə bayatı çəkirdi:
-Vedinin yanı dağlar,
ürəyi canı, dağlar,
burda bir el varıydı,
siz deyin hanı dağlar?!
siz deyin hanı dağlar?!

Elə o yaşdan mənim üçün itirilən torpaqlar bu düşüncələri ifadə eləyib. Qarabağla, erməni məsələsilə bağlı bütün konfranslarımı bu ağıtla bitirirəm. Çünki orda bir el varıydı…
(Burda bir haşiyə çıxmaq məcburiyyətindəyəm. Heç kim Aygün xanımın sözünü kəsməyə ürək eləmirdi, otaqda olan hər kəs susmuşdu, Aygün xanım isə ağlayırdı, gizləmədən, silmədən Vətəni üçün gözünün yaşını tökürdü. Hamı duyğulanmışdı, sanki o dədə bu otaqda oxuyurdu o bayatını. Mənimsə qulağıma “Tütək səsi” filmindəki İsfəndiyar əminin “Ruhani” havası çalınırdı. Bizi bu dalğın halımızdan «Kaspi» liseyinin tənəffüsündə çalınan “Məmləkətim” türküsünün notları ayırdı…)
…o el bir dəfə yağmalanmaqla yetinmədi, yenidən, yenidən yağmalandı. Bunlar o kitabda hamısı var. Orda rəqəmlərin dilə gətirdiyi həqiqətlər var. Anasının gözünün önündə övladının başının kəsilməsi, atasının, qardaşının gözünün önündə qızına təcavüz faktlarını biz hamımız bilirik amma bu acı rəqəmlərlə ifadə olunub o kitabda. Bunları düşünərək yaşamaq çox çətindir. Bizim bir deyim var rəhmətlik Anam çox işlədərdi: “eldən gələn dərd toy-bayramdı”.
Bunları Azərbaycanda yaşamaq asandır. Bir də düşünün ki, sizin hiss elədiklərinizin yüzdə 20-sini belə bilməyən bir toplumdasınız. Yadıma gəlir, 20-25 il əvvəl, Türkiyəyə yeni getdiyim vaxtlarda erməni məsələsi barədə üç nəfərə konfrans verirdim. İndi mənim konfranslarımda zalda minlərlə adam olur hətta yerlərdə də dinləyənlər olur. Yorulmamaq lazımdır. Zatən milli ruh ona görə lazımdır ki, sən yorulanda ona söykənib ayağa qalxasan. O milli ruh sizə təlqin edir ki, yorulmağa haqqınız yoxdur.
-Mənim düşüncəmə görə milli kimlik qeyrət məsələsidir. Amma bu mövzuda biz rəqəmlərə əsaslana bilmirik çünki duyğularımız buna imkan vermir. Necə deyərlər ürəyində daşıdığını hiss elətdirmək deyəsən bizdə alınmır…
-Elə səhvimiz də burdadır. Siz duyğularınızla hərəkət edirsiniz. Bir də bunu elmiylə ortaya qoyan bir kəsim var. Ona görə də gərək elm adamları bu məsələnin üstündə çox dursunlar. Gərək bu məsələ heç yaddan çıxarılmasın, sadəcə fevralın 26-da deyil, yanvarın 20-də deyil, martda deyil, ilin hər günü diqqətdə saxlanılsın, həm də dəlil-sübutla.
Mən o kitabın önəmli bir bölümünü əski Rəvan xanlığına ayırmışam, 1400-cü illərdən üzübəri XX əsrə qədər şəcərəsində, kimlərin nəzarətində olduğunu illər və sənədlərlə yazmışam. Ona görə də burda alimlərin üzərinə ciddi vəzifələr düşür.
-Aygün xanım, niyə Giresun?
-Bilirsinizmi, universitetlərin özlərinə məxsus ənənələri var ki, onlara müdaxilə eləmək, dəyişdirmək elə də asan deyil. Giresun universitetində isə bizim milli günlərin hamısı qeyd olunur. Minlərlə tələbənin əllərində al-qırmızı bayraqla yanaşı üçrəngli Azərbaycan bayrağı dalğalanır. Giresun Universitetinin ən böyük amfilərinin adlarını sizə sayım:
-55000 kv.m bir inşaatın önündəki böyük meydan Qafqaz-İslam Ordusunun,
-Rəvan (bilgisi var: Qədim Türk torpağı, əski Türk xanlığı)
-Hüseyn Cavid. Turan.
-Qarabağ,
-Nizami Gəncəvi,
-Nəsrəddin Tusi, Köstəncə, Ağ Məscid, Əlibəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Kərkük və s.
Siz bu ideyaları əlli, altmış, yetmiş illik tarixi olan təhsil ocaqlarında reallaşdıra bilməzsiniz.
Universitetdə KARASAM (Qaradəniz ) strateji araşdırmalar mərkəzi fəaliyyət göstərir. Qara dəniz və Xəzər dənizi hövzəsinə yönəlik strateji baxış açısını inkişaf elətdirən bir mərkəzdir. Hələ iki aydır yaranıb amma “Karadenizden Hazara strateji bakış” adlı bir simpoziuma Avropa, Amerika, Rusiya, Ukrayna, Putinin Qaradəniz üzrə danışmanı olan Sergey Kontonenkodan tutmuş hər kəs orda varlıq göstərdi. Baxın, buna görə Girəsun universiteti! Sıfırdan, yeni!
Və 26 fevralda o universitetin tələbələri Xocalı faciəsini protesto eləmək üçün qırmızı boyaların üstünə uzanıb əllərində Türkiyə və Azərbaycan bayrağı “hepimiz Xocalıyıq”, “Xocalıya ədalət” şüarları səsləndirirlər. Türkiyəmin ay-ulduzlu bayrağı ilə yanaşı Azərbaycanımın üçrəngli bayrağı hər zaman orda çiyin-çiyinə dayanır.
-Nədənsə siz danışdıqca mən İlbər Oltaylını xatırlayıram…
-Bəli, çox sevirəm, tez-tez görüşürük. Bizim universitetdə də tez-tez konfranslar verir. O “azəri” ifadəsinə ən gözəl cavabı verib.
-Aygün xanım, Sovet dövründə Azərbaycan vətəndaşının ruhu sındırılmışdı, o ruh qayıdırmı? Türkiyədən baxanda Azərbaycan necə görünür? Milli kimlik anlamında…
-Azərbaycan oldum-olası Türk dünyasında milli oyanış hərəkatının ən parlaq yaşandığı məkandır. Bu həmişə belə olub. Elə götürək Ankara Universitetinin siyasi elmlər fakültəsini. Ki, siyasi arenanı məhz o fakültəni bitirənlər idarə edərdi ki, bu artıq qanun halını almışdı. Orada müdafiə olunan doktorantura mövzusu “Türk aydınlanma hərəkatında Azərbaycan” adını daşıyırdı. Öncü məkan həmişə Azərbaycan olub. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digərlərinin adını çəkməmək olmaz. Ağaoğlu İstanbul Darülfünundan gəlmədi, Sorbonndan gəldi, Şərqin qaranlığını aydınlatmaq üçün.
Azərbaycanda siyasi iqtidar, düşüncə fikir etibarilə hansı partiya olur-olsun milli ruh çox yüksəkdir. Sovet sisteminin yetişdirdiyi bir insan olan Heydər Əliyevin danışıqlarına baxın, Türkiyədə ən turançı ideologiyanı daşıyan bir partiya belə o qədər milli ruhu daşımır özündə. Mən Türkiyədəki dərslərimdə də həmişə bundan bəhs edirəm. Azərbaycanda əvvəlcə türk milli ruhu, turancılıqdan sonra partiyaçılıq gəlir. Yəni hər şeydən əvvəldə Türk-İslam fəlsəfəsi dayanır. Mən buna görə milli ruhu Azərbaycanda çox yüksək görürəm…”
P.S: Biz Aygün xanımla söhbətimizi burda yekunlaşdırdıq, onunla görüşüb, özümüzlə söhbətini, səmimiyyətini, bir də gözündə gördüyümüz o yaşları götürüb ordan ayrıldıq. Beləcə Vətəndən kənarda Vətən üçün çalışan bir Türk qızının qısa da olsa fikir və düşüncələrini sizə çatdırmaq imkanımız oldu. Təşəkkürlər Kaspi Liseyi...
Yaxşı işlər görməyə davam!

Nigar İsfəndiyarqızı

banner

Oxşar Xəbərlər