• şənbə, 20 Aprel, 14:21
  • Baku Bakı 23°C

Azərbaycanın milli kimliyi: «Kitabi-Dədə Qorqud» abidəsi

24.12.13 08:08 4798
Azərbaycanın milli kimliyi: «Kitabi-Dədə Qorqud» abidəsi
Həyatımda baş verən xoşbəxt günlərdən biri idi. Dekabrın 13-də Dədə Qorqud parkının açılışına dəvət olunmuşdum. Parkın ərazisinə gəldiyim zaman abidədən bir qədər kənarda ağ bir çadırın qurulduğunu gördüm. İçəri dəvət olundum. Burada yaxından tanıdığım çox böyük elm, sənət, mədəniyyət və ədəbiyyat adamları oturmuşdu. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse – prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direkoru, AMEA-nın həqiqi üzvü İsa həbibbəyli, AMEA-nın elmi katibi, AMEA-nın müxbir üzvü Kamal Abdulla, AMEA-nın müxbir üzvü, Atatürk mərkəzinin direktoru Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Teymur Kərimli, Xalq artisti Arif Babayev, heykəltəraş Görüş Babayev və s, və ilaxır... Bir anlığa xəyalımda “Kitabi – Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım, hey!”... boyundakı səhnə canlandı: “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı. Şami günligi yer üzünə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalicəsi döşənmişdi... Bir yerə ağ otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdurmuşdu”...
Dastandan məlumdur ki, Bayındır xan ağ çadıra oğlu olan, qızıl çadıra qızı olan, qara çadıra övladı olmayan say-seçmə Oğuz bəylərini dəvət etmişdi. Bayındır xandan fərqli olaraq, burada bir çadır qurulmuşdu, rəngi də ağ idi. Deməli, Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev burada fərqliliyi aradan qaldırmaq, ayrı seçkilik salmadan oğuz elinin dərdini – odunu, sevincini – kədərini oğuz övladlarının hamısı ilə bölüşmək istəyirdi. Lakin hamını buraya yığmaq mümkün olmadığından, çadırın tuta biləcəyi qədər və Dədə Qorqudun söyləmələrini həyatlarında iş prinsipinə çevirən adamlar dəvət olunmuşdu. Bu mədəni çadır – Dədə Qorqud çadırı simvolik olaraq oğuz yurdlarının birləşdiyi məkan – Azərbaycan idi. Bu məkanda dövlətimizin başçısı yüksək əxlaqı, mənəviyyatı və sadə təbiəti ilə Oğuz övladlarının arasında idi. Bu çadırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ruhu başımızın üzərində dayanmışdı. Bu gün ulu öndərin arzularından biri də reallığa çevrilirdi. Bu gün tarixi bir gün idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çadıra daxil oldu. Əyləşənlər ayağa qalxıb dövlət başçısına ehtiramlarını bildirdilər. Prezident cənab İlham Əliyev tədbir iştirakçılarını salamladı, və bu günün tarixi əhəmiyyətindən danışdı. Xəyallar məni yenidən öz ağuşuna alıb min illər öncə baş verən hadisələrin iştirakçısına çevirirdi. Yenə də Bayındır xan, yenə də Oğuz bəyləri. Yenə də qarşılaşdırma. Bayındır xan üç çadır qurmaq ilə bir parçalanma yaratmışdı, o parçalanmanın ağrı-acısını hələ də hiss edirik. Cənab prezident bir çadır qurdurmuşdu və bu çadırda milli birliyə çağırırdı. Bu çadır milli dəyərlərimizin önə çəkilməsində, milli birliyimizin daha da yüksək mərhələsinə qədəm qoymağımızda ilk çadır olaraq tarixə keçirdi. Bu mədəni çadır – Dədə Qorqud çadırı simvolik olaraq Oğuz yurdlarının birləşdiyi məkan – Azərbaycan idi.
Bu məkan ulu öndər Heydər Əliyevin vətəni idi. Bu məkanda ulu öndər çox böyük işlər görmüşdü, yüz illər də bundan sonra xatırlanacaq, yada salınacaq və ulu öndəri xatırladacaq işlər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və dünyada tanıdılması sahəsində ulu öndərin danılmaz böyük rolu vardır. 1975-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirakı ilə “Dədə qorqud” bədii filmi çəkilmişdi. 2000-ci ildə yenə də ulu öndərin fərmanı ilə “Kitabi – Dədə Qorqud” dastanının 1300 illiyi dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilmişdi. Həmin ildə də ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdı. Bu gün o qərarın reallığa çevrildiyi bayram günü idi. Bu gün Dədə Qorqudun qopuzunun səsinin min illəri aşaraq bizə ulaşdığı gün idi.
Xalq şairi Məmməd Arazın ömrünün son günlərində yazdığı, lakin çatdırıb çap etdirə bilmədiyi, tərəfimizdən redaktə edilərək “Sözün Məmməd Araz zirvəsi” adlı kitabımda oxuculara təqdim etdiyim “Dədəm Qorqud səsləməsi” poemasından bəzi beytlər qulağımda əks-səda verirdi:
Özün köçdün, hayın qaldı dünyada,
Səsləmələr payın qldı dünyada.
Dədəm Qorqud, harayını eşitdim,
Dədəm Qorqud çağrışına hay dedim.
Daş dilində, dağ dilində səsləmən,
Od dilində, qar dilində səsləmən...
Prezident İlham Əliyev nitqini bitirdikdən sonra Azərbaycan Yazıçılar birliyinin sədri Anar, AMEA-nın elmi katibi Kamal Abdulla və heykəltəraş Görüş Babayev təbriklərə qoşuldular. Abidənin müəllifini qəhər boğdu, danışa bilmdi, sevincindən göz yaşları yanağını islatdı. Bəli, insan çox sevinəndə, nədənsə həmişə gözləri yaşarır. Bəlkə bu xəbəri həmin gün izləyən milyonlarla azərbaycanlının gözləri yaşarmışdı. Bundan böyük iş ola bilməzdi, bundan sevincli xəbər ola bilməzdi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbir iştirakçılarını abidənin açılışına dəvət etdi. Prezidentin yanında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən abadlıq işləri haqqında cənab İlham Əliyevə məlumat verirdi. “Kitabi – Dədə Qorqud” abidəsinə yaxınlaşdıq. Ölkə başçısı abidənin üzərindəki örtüyün qırmızı lentini kəsdi, qarşımızda möhtəşəm bir abidə ucaldı. Bir tərəfdə Dədə Qorqud öz qopuzu ilə söz söyləyir, boy boylayır, bir tərəfdə Bayındır xan Oğuz ellərini seyr edir, bir tərəfdə Oğuz igidləri Salur Qazan, Bamsı Beyrək, Qaraca çoban dayanmışdı... Abidə kompleks şəkildə dastanda baş verən hadisələri günümüzə daşıyaraq seyrçiləri bilgiləndirir. Abidənin ən böyük dəyəri də dastanda baş verən hadisələr haqqında müfəssəl məlumat verməyindədir. Abidə sanki kitab kimi səhifə-səhifə açılaraq Oğuz yurdlarından, bu yerlərdə məskən salmış, ad çıxarmış igidlərdən xəbər verir, gəlimli-gedimli dünyada qalan yaxşılıqlar, unudulmaz gerçəkliklər haqqında kodlaşmış bilikləri nəsillərə ötürür, bütün bəşəriyyətə öz kimliyi haqqında danışırdı. İnsanın kimliyi olan kimi, kimliyi olan millətlər də var. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının kimliyidir. Bu kimliyi dünyaya tanıtmaq isə, heç şübhəsiz ki, ölkə rəhbərinin üzərinə düşən ən böyük vəzifələrdən biridir. Məhz bu məsuliyyətli işə çox diqqət və ciddiyyətlə yanaşan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin varisi və ləyaqətli davamçısı olaraq cənab İlham Əliyev 13 dekabr 2013-cü il tarixli gündə Azərbaycanın Milli Kimliyini dünyaya bəyan etdi: - Bu, mənim millətimdir, bu, mənim xalqımdır, mən Dədə Qorqudun nəvəsiyəm, - dedi.
Qəlbimizdə bir sevinc coşurdu. Bakı şəhəri günü-gündən gözəlləşir, abadlaşır. Şəhərimizə dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqların istirahət etmələri, dincəlmələri və Azərbaycanın qədim tarixi, mədəniyyəti ilə tanış ola bilmələri üçün üz tutacaqları ünvanlardan biri də artıq Dədə Qorqud parkıdır. Park həm tarixi, həm də müasir memarlıq elementlərinin birgə təmasından yaranan, göz oxşayan, könülləri ovunduran böyük bir ərazini əhatə edir. Akademik İsa Həbibbəyli ziyalılar adından abidənin önündə bu böyük nailiyyət münasibəti ilə Prezident İlham Əliyevi təbrik etdi, təşəkkürlərini bildirdi. Prezident İlham Əliyev abidənin önündə şəkil çəkdirmək təşəbbüsü ilə tədbirin bütün iştirakçılarını ətrafına topladı. Şəkillər çəkildi, bu anlar foto-kameraların yaddaşına qonaraq əbədiləşdi.
Ayrılarkən mən Prezidentin gözlərinə baxırdım. O gözlərdə gələcəyə bir inam görürdüm, o gözlərdə Xalqına, Vətəninə bir sevgi görürdüm. O gözlərdə “Kitabi-Dədə Qorqud” abidəsi ilə pak və uca mənəviyyatını dünyaya nümayiş etdirən rəhbərin Vətənimizə namərd qonşular tərəfindən vurulan yaraların sağaldılması üçün inamlı addımlarla irəliləyən, qətiyyətli və sarsılmaz bir ümidə sahib olduğunu görürdüm. Sanki Dədə Qorqud da min illərin arxasından yenə də qopuzunu dinləndirib igidini alqışlayırdı:
Qarlı qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Qamın axan görklü suyun qurumasın!
Qadir Tanrı səni namərdə möhtac etməsin!
Çaparkən ağ-boz atın büdrəməsin!
Çalışanda qara polad üz qılıncın gödəlməsin!..
Amin!..
Nizami MURADOĞLU,
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu
banner

Oxşar Xəbərlər