• şənbə, 20 Aprel, 07:59
  • Baku Bakı 14°C

Azərbaycanın milli hərbi sənaye qüdrətinin nümayişi

16.09.14 10:35 6957
Azərbaycanın milli hərbi sənaye qüdrətinin nümayişi
Müdafiə sənayesi və müdafiə nazirliklərinin təşəbbüsü və dəstəyi ilə sentyabrın 11-dən 13-ə kimi Bakıda Beynəlxalq Müdafiə Sənayesi - “ADEX 2014” sərgisi keçirildi. Sərginin birinci günü rəsmi açılış mərasimi olduğundan Prezident İlham Əliyev də orada iştirak etdi, müxtəlif ölkələrdə istehsal olunan silah-sursat, hərbi avadanlıqlarla tanış oldu. Sentyabrın 13-də isə “Xalq günü” elan edildiyindən bütün ictimaiyyət nümayəndələrinin sərgini yaxından izləməsinə şərait yaradıldı. Biz də bu imkandan yararlanaraq “Koroğlu” metrostansiyasından çıxıb marşrut avtobusla üzü Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətinə yol aldıq.
Sərginin keçirildiyi “Bakı Ekspo Mərkəzi”nə çatanda buradakı qələbəlik diqqətimizdən yayınmadı. Havanın isti olmasına, sərginin keçirildiyi məkanın şəhərin mərkəzindən xeyli uzaqda yerləşməsinə baxmayaraq, ərazidə avtomobil və insan sıxlığı müşahidə olunurdu. Lakin buna baxmayaraq, sərginin keçirildiyi binanın girişindəki təhlükəsizlik, eləcə də içəridəki qeydiyyat şöbəsinin işçiləri ziyarətçilərə nümunəvi xidmət göstərir, sıxlıq yaranmasın deyə, insanları ləngitmirdilər. Biz də asanlıqla yoxlamadan və qeydiyyatdan keçib içəri daxil olduq.
Təbii ki, sərgidə ilk olaraq Müdafiə Sənayesi Nazirliyinin pavilyonuna baş çəkdik. Milli müdafiə sənayemizin istehsalı olan məhsullarla maraqlandıq. Öyrəndik ki, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sənayesi sərgilərində də nümayiş etdirilir. Bu sərgilərdə Azərbaycan istehsalı olan məhsullar böyük maraqla qarşılanır. İndiyə kimi 15-dən artıq beynəlxalq sərgidə iştirak edən nazirlik ilk qatıldığı sərgidə 27 adda məmulatla təmsil olunub. İndiki sərgiyə isə 168 adda məhsul çıxarıb. Onların arasında tapançalar, 12,7 millimetrlik “Mübariz” snayper tüfəngi, RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatları, 40 mm çaplı qumbaralardan atəş açan barabanlı əl qumbaraatanı, “Aselsan” istehsalı olan SARP – məsafədən idarə olunan insansız döyüş modulu ilə silahlandırılan “Kürzə” döyüş maşını və başqaları daha çox diqqət çəkirdi.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) pavilyonunda ANAMA mütəxəssislərinin ölkəmizin müxtəlif ərazilərində aşkar edərək zərərsizləşdirdikləri mina və mərmi nümunələri, eyni zamanda minaaxtaranların geyimləri, istifadə etdikləri avadanlıqlar nümayiş etdirilirdi. ANAMA mütəxəssisləri ziyarətçiləri maraqlandıran sualları da ətraflı cavablandırır, müxtəlif döyüş sursatları, onların istifadəsi, zərərsizləşdirilməsi və sair barədə məlumatlar verirdilər. Söhbət əsnasında o da qeyd edildi ki, 1998-ci ildən fəaliyyət göstərən ANAMA Prezident İlham Əliyevin təsdiq etdiyi 2003-2008 və 2009-2013-cü illər üçün “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq, humanitar mina təmizləmə əməliyyatlarını ölkəmizin 12 bölgəsində aparıb və bu gün də davam etdirir. ANAMA mütəxəssisləri 1999-cu ildən bu günə kimi 613 mindən artıq mina və partlamamış hərbi sursatı aşkar edərək məhv ediblər.
Azərbaycan Tarix Muzeyinin silahlar və bayraqlar fondunun zəngin ekspozisiyası da sərgidə nümayiş olunurdu. Muzeyin əməkdaşları tərəfindən Azərbaycanın tarixini, xüsusilə də ölkəmizdə ordu quruculuğunun şanlı keçmişini özündə əks etdirən müxtəlif silahlar, geyimlər, döyüş avadanlıqları ziyarətçilərə təqdim edilir, onlar barədə ətraflı məlumat verilirdi.
Azərbaycanın qida sənayesində özünəməxsus yeri olan “Azərsun Holdinq”in istehsal etdiyi məhsullar da ayrıca pavilyonda sərgilənirdi. Burada əsgərlər üçün hazırlanan müxtəlif qida məhsulları, konservlər və sairlər ziyarətçilərə nümayiş olunurdu.
Sərgidə 37 şirkətlə təmsil olunan qardaş Türkiyənin “Roketsan” və “Aselsan” şirkətlərinə məxsus pavilyonlara da ziyarətçilər böyük maraq göstərirdilər. 1975-ci ildən fəaliyyətdə olan “Aselsan” şirkətinin hərbi rabitə, radar, radioelektron, elektro-optik, naviqasiya və aviasiya elektron avadanlıqları, silah, çoxfunksiyalı məlumat idarəetmə sistemi və digər yüksək texnologiyaları, həmçinin “Roketsan” şirkətinin müxtəlif mənzilli raketləri həm əyani, həm də virtual olaraq nümayiş etdirilirdi.
Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində İsrail şirkətləri də yüksək səviyyədə təmsil olunurdu. Bu ölkənin “Plasan” şirkəti taktiki döyüş maşınları, təyyarələr, vertolyotlar və fərdi mühafizə üçün texnika, “Rafael” şirkəti isə hava, quru, dəniz və kosmosda istifadə üçün yüksək texnologiyalı müdafiə sistemlərinin geniş çeşidini təklif edirdi.
Bunlarla yanaşı, sərgidə Fransanın dəniz müdafiəsi üzrə dünyada lider şirkətlərindən olan “DCNS Group”, həmçinin Qərbi Avropada nüfuzlu müdafiə sənayesinə malik “MBDA” şirkətləri, Ukraynanın “Ukroboronprom” Dövlət Konserni, Polşanın “Armaments Group” şirkətlər qrupu, Belarusun “AGAT-Control Systems”, Rusiyanın “Rosoboronexport”, Cənubi Afrika Respublikasının “Paramount”, Çinin “CETC” şirkətləri də öz məhsullarını nümayiş etdirirdilər. İri həcmli döyüş maşınları, hərbi texnikalar, sualtı qayıqlar, hərbi gəmilər, helikopter və təyyarələr, bir çox hallarda pilotsuz təyyarələr də ziyarətçilərə maket şəklində təqdim olunurdu.
Beynəlxalq müdafiə sənayesi - “ADEX 2014” sərgisinin keçirildiyi “Bakı Ekspo Mərkəzi”nin həyətində isə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi ZKDM, ZKDM-2, MTLB-AM, BTR-70, MATADOR zirehli döyüş maşınları, minaatanlar, iri çaplı silahlar, Fövqəladə Hallar Nazirliyinin texnika və avadanlıqları, Rusiya istehsalı olan BMPT-72 zirehli texnikası, hərbi helikopter, Türkiyənin “Roketsan” şirkətinin Azərbaycana təhvil verdiyi T-300 “Qasırğa” raket sistemi nümayiş etdirilirdi.
Ümumiyyətlə isə Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edirdi. Sərgidə Türkiyə 37, Belarus 20, İsrail, Fransa 16, Polşa 15, Rusiya 10, Cənubi Koreya, ABŞ 6, Çin 5, CAR 4, Bolqarıstan 3, Niderland, İtaliya, Kipr, Çexiya, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan 2, Qazaxıstan, Lüksemburq, Pakistan, Sloveniya, Kanada, İsveçrə, İspaniya, İngiltərə, Sinqapur 1 şirkətlə təmsil olunurdu. Azərbaycan isə sərgiyə 37 şirkətlə qatılmışdı.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər