• cümə axşamı, 18 aprel, 18:22
  • Baku Bakı 21°C

Azərbaycanın mətbuat tarixində rusdilli nəşrlər

23.01.19 09:45 1780
Azərbaycanın mətbuat tarixində rusdilli nəşrlər
XIX əsrin ikinci yarısından başlayaraq Rusiyanın yürütdüyü siyasət nəticəsində, imperiyanın tərkibinə daxil edilən əyalətlərdə, o cümlədən Qafqazda çarizmin qanun-qaydalarını, siyasətini, ona faydalı olan məlumatları yaymaq məqsədi ilə dövri nəşrlərin yaranmasına şərait yaradılırdı.
II Aleksandrın hakimiyyəti dövründə (1855-1881) Rusiyanın iqtisadi və siyasi həyatında "böyük islahatlar” baş verdi. Təhkimçilik hüququ ləğv olundu, yerli özünüidarə tətbiq edildi, məhkəmə və senzura islahatları hazırlandı və həyata keçirildi. 1865-ci il aprelin 6-da II Aleksandrın "Ölkə mətbuatına bəzi yüngüllük və rahatlıq verilməsi haqqında” Fərmanı oldu. Bu hüquqdan, 2,5-5 min rubl çərçivəsində girov qoyaraq, Daxili İşlər Nazirliyinin razılığı əsasında paytaxt qəzet və jurnallarında istifadə edə bilərdilər. Lakin əyalət mətbuatı əvvəlki kimi mərkəzi quberniya və şəhər hakimiyyətinin ikiqat, üçqat nəzarəti altında qalırdı.
Həmin dövrdə Tiflisdə rus və gürcü dillərində bir neçə dövrü mətbuat işıq üzü görmüşdü. Erməni vilayətində də bu proses gedirdi. Belə ki, həftədə iki dəfə "Kavkaz” ədəbi-siyasi qəzeti, gürcü dilində "Maxarobeli”, "Siskari”, "Sakartvelos Moambe”, erməni dilində isə üç şöbədən ibarət "Пчела Армении», 1860-cı ildən elmi-ədəbi jurnal olan «Журавль Армении» nəşr edilirdi.
Azərbaycanda XIX əsrin 70-ci illərindən 1918-ci ilin mayınadək - Azərbaycanda Xalq Cümhuriyyəti qurulanadək rus dilində 100-dən çox qəzet və jurnal nəşr olunmuşdu. Doğrudur, Azərbaycanda nəşr edilən rusdilli mətbuat haqqında kifayət qədər ədəbiyyat olsa da, nəşr olunan dövri mətbuatın sistemləşdirilərək, ümumiləşdirici şəkildə tədqiqata cəlb edilməsi işi ilk dəfə olaraq məhz Lalə Hacıyeva tərəfindən qələmə alınan "Azərbaycanın rusdilli vövri mətbuatının tarixindən (1871-1918)” adlı monoqrafiyasında işıqlandırıl­mışdır.
Azərbaycanın paytaxtı Bakıda rus dilində çıxan ilk dövri nəşr 1871-ci ildə işıq üzü gördü. Bu, Bakı Realnı Gimnaziyasının alman dili müəllimi, alman protestantı, maarifçi, pedaqoq Xristian Sinkin redaktorluğu ilə həftəlik çıxan "Bakinskiy Listok” (1871-1872) adlı qəzet idi. Qəzetdə iqtisadi, ədəbi-siyasi mövzulara üstünlük verilirdi. Bu qəzet milli mətbuat orqanı olmasa da, Azərbaycanda ilk rusdilli dövri mətbuat orqanı idi.
Qəzetin uzunmüddətli çapı üçün X.Sink dövlətdən maddi yardım və ya ianə istəmək üçün Bakı hərbi qubernatoru general-leytenant M.P.Kolubyakinə müraciət etsə də o, "qəzetin istiqamətinin faydalı olacağına tam əmin deyil” deyərək, rədd cavabı vermişdi.
Buna baxmayaraq, "Bakinskiy listok” qəzeti, eləcə də ən mühüm mövzuları - təhsil, səhiyyə, gəmiçilik, ticarət, ictimai-sosial problemləri əhatə etməyə çalışırdı. Eyni zamanda qəzetdə diyarın tarixinə, dini yazılara, rus və dünya ədəbiyyatı, teatr, musiqi, beynəlxalq həyatda baş verən ən mühüm hadisələrə dair materiallar da işıqlandırılırdı.
Hətta qəzetin ilk sayında redaksiya tərəfindən, Azərbaycan dilində məqalələr də çap etmək istəyində olduqları bildirilmişdi. Bu niyyət yerli əhali tərəfindən sevinclə qarşılandı, abunəçilərin sayı gözlənildiyindən də artıq oldu, hətta ucqar kəndlərdən də abunəçi oldu. Çünki naşir, məlumatında bildirmişdi ki, onun qəzeti yalnız imtiyazlı təbəqə üçün deyil, cəmiyyətin az-çox savada malik olan bütün təbəqələrindən olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdu.
Onu da qeyd etmək lazımdır ki, "Bakinskiy Listok” özünü daha çox sosial-iqtisadi qəzet kimi təqdim edirdi. Lakin dünyada baş verən siyasi və ədəbi hadisələr haqqında məlumatları da oxuculara çatdırmaqdan yan keçmirdi.
Lalə Hacıyeva monoqrafiyasında təəssüflə qeyd edir ki, Bakının və bütövlükdə Azərbaycanın ilk rusdilli dövri nəşri demək olar ki, tədqiq edilməyib (Hacıyeva L. Azərbaycanın Rusdilli Dövri Mətbuatı Tarixindən (1871-1918), s.83-84). Akademik Heydər Hüseynovun Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərində (Bakı, "Elmlər Akademiyasının nəşri”, 1949, s.501) "Bakinskiy Listok” haqqında ötəri qeyd edilmişdir.
Professor Nazim Axundovun "Sənədlərin dili ilə monoqrafiyasında isə qəzet haqqında kiçik məlumat verilmişdir. L.Hacıyevanın yazdığına görə, Azərbaycanda "Bakinskiy Listok” qəzetinin heç bir nömrəsi tapılmamışdır. Odur ki, araşdırıcı müəllif qəzetin nüsxələrini Sankt-Peterburqda yerləşən Saltıkov Şedrin adına Rusiya Milli Kitabxanasının fondunda aşkar edərək, onu tədqiq etmişdir.
"Bakinskiy Listok” qəzetini tədqiq edərkən, L.Hacıyeva görkəmli ziyalı, maarifçi, pedaqoq H.B.Zərdabinin qəzetdə dərc etdiyi məlumat xarakterli yeganə bir məqaləsini aşkar edir. 1869-cu ildən Bakı Realnı Gimnaziyada "Təbiyyət tarixi” fənnini tədris edən H.Zərdabi, gimnaziyada oxuyan aztəminatlı şagirdlərin təhsil haqqını ödəməkdə, dəftər-kitab, geyim almaqda, mənzil kirayə etməkdə çətinlik çəkdiklərini gördüyü üçün 1871-ci ildə onlara kömək məqsədilə "Cəmiyyəti Xeyriyyə” təşkil edir. Onun məqsəd və vəzifəsini, nizamnaməsini yazaraq hökumət dairələri tərəfindən təsdiqlədir. H.Zərdabinin təşkil etdiyi xeyriyyə cəmiyyətinə milliyyəti və dinindən asılı olmayaraq hər iki cinsdən olan şəxslər üzv ola bilərdilər. Bu məqsədlə, xeyriyyəçi ziyalı "Cəmiyyəti Xeyriyyə”yə üzv toplamaq üçün gimnaziyada yay vaxtı dərslər qurtardıqdan sonra, vərəqləri səhifələnmiş, notariusda təsdiqlənmiş, möhürlənmiş xüsusi bir dəftər götürərək Azərbaycanın əksər şəhər və kəndlərini gəzir, cəmiyyətə üzv olmaq istəyənlərin siyahısını tutur, imzalarını götürür, vəd elədiyi məbləği dəftərdə qeyd edir. Ancaq Bakıya qayıtdıqdan sonra adları siyahıda olanlardan cəmisi bir nəfər istisna olmaqla, heç kim vədini yerinə yetirmir, cəmiyyətə yardım etmir.
H.Zərdabi cəmiyyətə kömək məqsədilə "Cəmiyyəti xeyriyyə” haqqında "Bakinskiy listok” qəzetinin 1872-ci il 26 fevral tarixli nömrəsində məlumat xarakterli bir məqalə çap edir. Onun bu məqaləsinə də münasibət göstərən olmur. Odur ki, "Cəmiyyəti Xeyriyyə” H.Zərdabinin şəxsi vəsaiti hesabına yalnız 2 il fəaliyyət göstərdikdən sonra bağlanılır.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet - Bakı Quberniya İdarəsinin rəsmi orqanı olan "Bakinskiye İzvestiya” nəşrə başlamışdır. Onun təsisçisi Bakının qubernatoru D.S. Sfaroselski idi. Onun quberniyasının nəzdində mətbəəsi, çapçıları da var idi.
Qəzetin redaktoru S.T.Qulişambarov (1849-1915) təyin edilir. Qəzet həftədə iki dəfə çıxırdı. Qəzetin əsas məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. Qəzetin oxucuları əsasən şəhərin rusdilli əhalisi, həmçinin neft sənayesində işləyən iş adamları idi. Qəzetin əsas məqalələri Bakıda və dünyada neft hasilatına aid olan materiallardan, sənaye və fabriklərin işi haqqında müxtəlif məlumatlardan, xarici ədəbiyyata dair nümunələrdən, Bakıda teatrın təşkili, Bakı və Abşeronun su təchizatı məsələlərilə bağlı yazılardan ibarət idi. Qəzet dövrünə görə ilk rəsmi mətbu orqanı olmaqla, çox peşəkar şəkildə tərtib olunurdu. 15 oktyabr 1888-ci ildə "Bakinskiye İzvestiya” nın adı dəyişdirilərək "Bakinski Torqovo-Promışlennıy Listok” adlanıb. "Bakinskiye İzvestiya” qəzetində əsasən neft məsələləri ilə bağlı məqalələr dərc edilirdisə, adı dəyişdirilən qəzet isə yerli ticarət və sənayeyə aid hökumət sərəncamlarını, inzibati və şəhər idarələrinin sərəncamlarını, şəhər həyatına dair Şəhər İdarəsinin hesabatlarını, Bakı Birja Komitəsinin fəaliyyəti haqqında hesabatları, yerli və xarici bazarların ticarət-sənaye icmalını verməyi, mədənlərin, fabrik və zavodların, dəmir yolunun işi, diyara gətirilən və diyardan çıxarılan mallar haqqında məlumatları dərc etməyi qarşısına məqsəd qoymuşdu. Həmin ildən başlayaraq hər il Bakıda keçirilən yarmarkanı əks etdirən "Bakinski Torqovo-promışlennıy listok” qəzetinə əlavə olaraq kiçik həcmli "Yarmaroçnıy Listok” vərəqi çıxırdı. Hər iki nəşrin naşir və redaktorları S.T.Qulişambarov, V.Neruçev və N.Sokolovski idi. 1888-ci ildən qəzet gündəlik çıxırdı, onun nəşrinə icazə isə Əlimərdan bəy Topçubaşovun adına verilmişdi. Bakıda nəşr olunan "Bakinskiye Obyavleniya” qəzetində (1894-1901; 1903-1905), "Neftyanoe delo” (1899-1920) adlı jurnalda əsasən çar hökumətinin tutduğu yol, dövlətin qəbul etdiyi qanun, qərar və göstərişləri, çarizmin xarici və daxili siyasəti təbliğ olunurdu. Bakı neft sənayeçiləri qurultayının Şurası tərəfindən nəşr olunurdu. Redaktorları neft sənayeçiləri P.Qukasov və A.Paronian idilər.
Bakıda 1881-1919-cu illərdə rus dilində çıxan qəzetlərin içərisində "Kaspi” qəzeti daha çox uzun ömürlü olmuş, cəmiyyətin həyat tərzinə, onun formalaşmasına böyük müsbət təsir edə bilmişdir. Qəzetin fəaliyyət göstərdiyi 38 il ərzində onun 10 min 65 nömrəsi çıxmışdır. İlk illər qəzet yarım çap vərəqi həcmində, sonra gündəlik çıxırdı. Qəzetin ilk redaktoru V.V.Kuzmin olmuşdur. 1881-1897-ci ilə qədər qəzetin müxtəlif redaktorları olmuşdur: başda V.Kuzmin olmaqla Y.Starsev, N.Svinkin, P.Qordiyevski, Y.Boldıreva, N.Sokolinski, K.M.Kar­yagin, S.K.Mixaylov, M.A.Şahtaxtinski, M.A.Us­penski və b.
1891-ci ildə "Kaspi”qəzetinin müvəqqəti redaktoru olmuş, çox geniş biliyə, mükəmməl təhsilə malik olan M.A.Şahtaxtlı çalışırdı ki, Azərbaycan tarixi və mədəniyyəti haqqında qəzetdə məqalələr getsin. Lakin Azərbaycan xalqı və azərbaycanlılar haqqında yazan müəlliflər nədənsə məqalələrində tarixi faktları araşdırmadan azərbaycanlıları "tuzemsı” (туземцы-Е.Cavado­va) və ya yerli əha­lini "tatar” adlandırırdılar. Azərbaycanlılara qarşı belə münasibət Sahtaxtlını narahat etdiyinə görə, "Kaspi” qəzetində azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edən "Zaqafqaziya müsəlmanları necə adlandırılmalı?” başlıqlı məqalə dərc edir və sualına cavabı da belə verir: "Zaqafqaziya müsəlmanlarını azərbaycanlı, onların danışıq dilini isə Azərbaycan dili adlandırsaq daha düzgün olar!” Azərbaycanlıların öz adı ilə çağırılmasına xeyli vaxt getsə də, nəhayət, Bakı mətbuatında Azərbaycan dili sözü işlənməyə başladı, azərbaycanlılar isə mətbuatda artıq "aderbaycanlı”, daha sonralar "azərbaycanlı” kimi təqdim edildi. M.A.Sahtaxtlının qəzetdə fəaliyyəti dövründə onun tirajı 400-420 nüsxə olmuşdur.
Dövrünün böyük ziyalısı M.A.Şahtaxtlının həmin dövrdə azərbaycanlılar haqqında söylədiyi tarixi faktlar öz qiymətini yalnız bir əsrdən də çox vaxt keçəndən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən aldı. Azərbaycan Konstitusiyasında rəsmi dövlət dilimiz Azərbaycan dili adlandırıldı.
1897-ci ildə qəzet nəşrinin xalqının maariflənməsi üçün vacib olduğunu bilən Z.A.Tağıyev, "Əkinçi”, "Ziyayi-Qafqaziya” və "Kəşkül” nəşrləri bağlanıl­dığı üçün hələlik Azərbaycan dilində qəzet nəşr etməyin mümkün olmadığını görür. Odur ki, işıqlı dünyagörüşə malik olan biznesmen Bakıda və bütün Cənubi Qafqazda populyar olan "Kaspi” qəzetini mətbəəsi ilə birlikdə satın alaraq, qəzetin nəşrini də öz öhdəsinə götürür. Onu H.B.Zərdabiyə, Ə.M.Topçubaşova, Ə.B.Ağayevə, Ə.B.Hüseynzadə kimi layiqli yazarlara, jurnalistlərə həvalə edir.
1898-ci il iyunun 24-dən is tanınmış ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovu qəzetin redaktoru təyin edir. Ə.B.Topçubaşov bu illərdə artıq savadlı jurnalist, qərəzsiz hüquqşünas kimi tanınırdı, mətbuata böyük qiymət verirdi. O, mətbuata ictimai fikrin ifadəçisi, hər bir cəmiyyət üçün əhəmiyyətli olan, cəmiyyəti ruhlandıran, həyat hadisələrinə real münasibət göstərən, onun yaxşılaşdırılmasına xidmət edən bir orqan kimi baxırdı. Görkəmli ziyalının fikrincə, qəzetin ən başlıca vəzifəsi xalqın maariflənməsinə xidmət etməsidir. Bunun üçün qəzet ibtidai, ümumtəhsil və xüsusi texniki məktəblərin açılmasına təkan verməlidir. Çünki, zülmət, nadanlıq və yoxsulluqdan azad olmağın yeganə yolu xalqın maariflənməsidir. Yalnız məktəbin verdiyi zənginlik, açdığı yol ilə bu məqsədə nail olmaq olar.
"Kaspi” qəzetində gedən məqalələr çoxşaxəli, müxtəlif məzmunlu idi. "Kaspi” qəzetinin rus dilində çıxmasına baxmayaraq, onun ətrafında Azərbaycan ziyalıları toplaşaraq çoxluq təşkil edirdi. A.Mahmudbəyov, N.Nərimanov, S.Sidqi, H.Zərdabi, T.Bayraməlibəyov, Ə.Ağayev, Ə.Hüseynzadə, N.Minasazov, E.Sulta­nov, R.Məlikov, F.Köçərli, M.Mahmudbəyov, N.Nəzirov, S.Qənizadə, Ü.Hacıbəyli, C.Hacıbəyli və başqalarının qəzetin fəaliyyətində yaxından iştirakı nəticəsində, nəşr get-gedə milli düşüncəli bir mətbuat orqanına çevrilirdi. Qəzeti Azərbaycanın ən ucqar əyalətinə belə çatdırmağa çalışırdılar. Müəlliflər çalışırdılar ki, yazdıqları məqalələrdə qəzetin nüfuzuna xələl gətirən, siyasətə qatışan fikirlər olmasın. Odur ki, Ə.Topçubaşovun qəzetə redaktorluq etdiyi dövrdə tiraj 1800-dən 2400-ə qalxmışdı. Peterburq, Moskva və Tiflisdə nəşr olunan dövri nəşrlər, "Kaspi” qəzetində gedən ən maraqlı materialları yenidən dərc edirdilər (Mövlayeva S.M. "Kaspi” qəzetinin səhifələrində Azərbaycan və rus mədəniyyətinin təbliği (1881-1917-ci illər). Bakı, "Elm”, 1983, s.19).
Qəzetin rus dilində çıxması azərbaycanlı oxucular üçün çətinlik törədirdisə, digər tərəfdən Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq müsəlmanlarına Azərbaycandan göndərilən ilk rusdilli qəzet kimi yüksək qiymətləndirilirdi. 1898-ci ildən 1907-ci ilin oktyabrınadək qəzetin redaktoru Ə.B.Topçubaşovun olmasına baxmayaraq, Əlimərdan bəy ictimai-siyasi xadim kimi Bakıda olmadığı müddətdə "Kaspi” qəzetinin 608 sayı H.B. (Məlikov) Zərdabinin redaktor imzası ilə nəşr olunmuşdur (Mövlayeva S.A "Kaspi” qəzetinin birinci tədqiqatçısı; məqalə rus dilindədir), ("Üç əsrin qəzeti”. Bakı, "Qanun”, 2011, s.19).
1907-ci ilin oktyabrında ictimai-siyasi fəaliyyəti ilə əlaqədar, Ə.B.Topçubaşov "Kaspi” qəzetinin redaktor vəzifə­sindən azad edilmişdir.
Nəticə olaraq deyə bilərik ki, Ə.B.Topçubaşovun redaktorluq etdiyi dövrdə "Kaspi” qəzeti siyasi məsələlərə qarışmadan, siyasi hadisələri düzgün şərh etməyi, oxucularını məlumatlandırmağı, əhalinin məişət və sosial yüklü problemlərini işıqlandırmağı, Azərbaycançılıq ideyasını vətən, torpaq, bayraq düşüncəsini xalqa aşılamağı bacardı.
Sevindirici haldır ki, böyük fasilədən sonra Azərbaycan xalqının həyatında böyük rol oynayan, gözünün açılmasında, qəflət yuxusundan oyanmasında xidmətləri olan Həsən bəy Zərdabinin təhsil, maarif, mədəniyyət, səhiyyə sahələrinə dair yazdığı fikirlərini layiqincə davam etdirən "Kaspi” qəzeti 1999-cu ildən öz fəaliyyətini yenidən bərpa etdi. Rusdilli nəşrlərin arasında "Kaspi” qəzeti ilə yanaşı, ictimai-siyasi qəzet olan "Baku” qəzeti ermənilər tərəfindən nəşr edilirdi. Qəzet 1902-ci il oktyabrın 18-dən çıxmağa başladı. Qəzetin redaktoru V.A.Arutçev, naşiri A.N.Lavrov idi. Lakin qəzetin sahibi neft maqnatı K.Xatisov idi. Qəzetin məqsəd və vəzifəsi haqqında Bakı Mətbuat İşləri Üzrə Baş İdarəyə təqdim edilən proqramda göstərilirdi ki, siyasi, iqtisadi və ədəbi "Baku” qəzeti əsasən, hökumətin Qafqaza aid ən mühüm qanun və sərəncamlarını, öz müxbirlərinin məktublarını, həmçinin Bakının və diyarın ehtiyaclarına həsr edilən baş məqalələr və s. dərc edəcək. L.Hacıyeva monoqrafiyasında qeyd edir ki, elə ilk sayında çıxan baş məqaləsində "Baku” qəzeti hansı məqsədlərlə nəşrə başladığını büruzə vermişdi. "Baku” "Kavkaz” qəzetinin sabiq redaktoru V.Veliçkonu tənqid edərək, onu "millətçi” adlandırmışdı. Səbəb o idi ki, Veliçko ermənilərin Qafqazda məskunlaşması tarixinə dair yazdığı "Qafqaz rus hökmranlığı və tayfalar arası məsələlər” kitabında (1904) erməniləri gəlmə xalq hesab etmiş və "onlar yerli deyillər, bura XIX əsrin birinci yarısında Türkiyədən çox sayda qaçqın kimi gəlmişlər” yazmışdı. Daha sonra kitabda "ermənilər hətta Türkiyədə yaşadıqları ərazini belə, "Türkiyə Ermənistanı” adlandırmışlar” fikri də yazılmışdı. "Baku” qəzeti V.Veliçkonu bu məqaləsinə görə tənqid atəşinə tutmuş və çəkinmədən ona nifrət etdiyini yazmışdı.
II Nikolayın imzaladığı "Manifest”dən (1905, 17 oktyabr) sonra Bakıda fəhlə qəzetləri nəşr olunmağa başlayır. Heç bir hazırlıq işləri görülmədən nəşrə başlayan qəzetlər tezliklə də "zərərli istiqamətinə” görə bağlanılır. Qəzetlərin təsisçisi olan fəhlələr qeyd edirlər ki, qəzetlərdə fəhlə sinfinin həyatı, onun ehtiyacları yaxşı işıqlandırılmadığı, redaktorları isə "müqəddəs iş” üçün toplanan vəsaiti israf etdikləri, ümumiyyətlə, qəzetdə gedən məqalələrin məzmunundan narazı qaldıqlarına görə və qəzet vaxtlı-vaxtında maliyyələşdirilmədiyi üçün bağlanır.
1906-cı ilin aprelində Azərbaycan partiya mətbuatını işıqlandıran "Bakinskiy Raboçiy” qəzeti çap olunur. Qəzet gizli şəraitdə Rusiya Sosial-Demokrat Fəhlə partiyasının Bakı təşkilatının mətbəəsində çap edilirdi. Qəzet P.Caparidze, V.Nogin, İ.Sonjur ("Tixon”), V.Redus-Zenkoviç, N.Flerov və b. redaktorluğu ilə çıxırdı. Qəzet Azərbaycanda dövrün tələbatlarına cavab verən sosialist yönümlü nəşr idi. İki ildən sonra "Bakinskiy Raboçiy” qəzeti leqal çap olunmağa başlayır. 1908-ci ildə redaksiya tərkibinə İ.V. Stalin, S.Q.Şaumyan, S.S.Spandaryan, V. Yefim (Saratovets) və başqaları daxil idilər. Qəzetin redaktoru və naşiri S.T.Yakuşev idi.
Rusiyanın hər yerində olduğu kimi, Azərbaycanda da 1905-ci il 17 oktyabr "Manifest”i böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu münasibətlə tədqiqatçı, monoqrafiyasında Əli Mərdan bəy Topşubaşovun "Kaspi” qəzetinin 1905-ci il, 221-ci sayında "Müsəlmanların dirçəliş dövrü” adlı məqaləsini təhlil edərək, bu sözləri iqtibas edir: "17 oktyabrda bəyan edilən azadlıqlar uzun illər tam hüquqsuzluq şəraitində olan müsəlmanlar üçün çox əzizdir... bu səbəbdən azad həyat təmin edən zəmanətlərin alınmasında digər xalqlar kimi, onlar da maraqlıdır”.
1907-ci il fevralın 17-dən Əhməd bəy Ağaoğlunun (Ağayev) redaktorluğu ilə rus dilində "Proqress” adlı gündəlik, ictimai-siyasi-ədəbi qəzet çıxmağa başlayır. Elə ilk sayında redaktor qəzetin qarşısına qoyduğu məqsəd və vəzifələri haqqında oxucusuna məlumat verməyi özünə borc bilərək yazdı ki, qəzet əsasən müsəlman xalqının əmək fəaliyyətini, fəhlə məişətini, baş vermiş siyasi hadisələri işıqlandırmağı nəzərdə tutur. Qəzetin 17-ci sayının birinci səhifəsində "Qəzet şəhər və mədən proletariatının maraqlarının müdafiəsini özünün birinci və ümdə vəzifəsi hesab edir” şüarı verilmişdi. Bu şüardan məlum olur ki, qəzet fəhlə qəzeti kimi çıxmağa başlayır. L.Hacıyeva qeyd edir ki, bu şüar altında qəzet cəmi iki nömrə nəşr edilmiş, sonra müstəqil ictimai-siyasi nəşr kimi fəaliyyətini davam etdirmiş və bütün saylarında məzlumların maraqları müdafiə edilmiş, onların əqli və hüquqi səviyyəsini qaldırmağa çalışan məqalələr verilmiş, cəhalət və avamlıqdan qurtarmağın yeganə yolu kimi maariflənməyin vacibliyi göstərilmişdir. Ə.b.Ağaoğlunun fikrincə, Azərbaycan xalqının maariflənməsi üçün onun əlifbası kökündən dəyişdirilməli, övladlarının tərbiyəçisi olan müsəlman qadını isə köləlikdən azad olmalıdır.
Rus dilində çıxan və çox qısa ömür sürmüş proletar qəzetlərindən biri də "Qudok” (1907-1909) idi. Qəzet neft sənayesi fəhlələrinin maraqlarının öyrənilməsi və müdafiəsinə həsr olunaraq nəşr edilirdi. Qəzetin redaktoru və naşiri A.Samarsev olmuşdur. Qəzet əsasən abunədən gələn gəlirlər və neft sənayesi fəhlələri həmkarlar təşkilatı üzvlərinin üzvlük haqları hesabına maliyyələşirdi. Qəzetdə dərc olunan məqalələr əsasən neft sənayesi fəhlələrinin problemlərinə, onların həmkarlar ittifaqında birləşməsi yollarına həsr edilirdi. "Qudok” qəzeti bütün Bakı fəhlə hərəkatının təmsilçisinə çevrilmişdi.
1907-ci il, 8 sentyabrdan fəaliyyətə başlayan "Bakines” qəzeti fasilələrlə də olsa, 1920-ci il aprel çevrilişinədək nəşr olundu. Bakı Jurnalistlər Cəmiyyətinin təşəbbüsü ilə yaradılan "Bakines” qəzetinin redaktoru, mənşəyinə görə dvoryan olan görkəmli jurnalist Q.Cinoridze idi. Yarandığı gündən qəzetin ətrafına dövrünün görkəmli yazarları toplaşmışdı. Odur ki, bu qəzeti "qələm əhlinin çap orqanı” sayırdılar.
Qeyd etmək yerinə düşər ki, C.Məmmədquluzadənin yaratdığı milli satirik jurnalı olan "Molla Nəsrəddin”də (1906) və eləcə də "Kaspi” qəzetinin (1881-1917-ci illərdə) səhifələrində çap olunan inqilabi olaylarla əlaqəli karikaturalar, rusdilli satirik mətbuatın yaranmasına zəmin yaratmışdır. (Axundov N. Azərbaycan satira jurnalları 1906-1920. Bakı, Azərb. SSR EA Nəşriyyatı, 1968, s.1).
L.Hacıyevanın monoqrafiyasında Bakıda nəşrə başlamış ilk rusdilliu satira mətbuatı araşdırılır. Bakı taciri K.A. Karqanovun təşəbbüsü ilə 1907-ci il oktyabrın 27-də Bakıda rus dilində "Cigit” adlı ilk satirik jurnal nəşr olunur. Jurnal A-3 formatında 6-8 səhifə həcmində 2.000 tirajla nəşr olunurdu. Onun səhifələrində daxili və beynəlxalq həyatın ən mühüm hadisələri satirik formada oxuculara çatdırılırdı. "Cigit”in iti qələminə şəhər başçısından tutmuş Bakı Dumasının qlasnıları, hətta Dövlət Dumasının üzvləri, Bakı cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri - istər varlı olsun, istər yoxsul, istər vəzifəli olsun, istər fəhlə, fərqi yoxdur, düşürdü. Jurnalda Bakı şəhərinin ən aktual problemlərinə toxunulur, çəkinmədən kəskin satirik formada oxuculara çatdırılırdı. Onun səhifələrində əhalinin ağır həyat tərzi, gündəlik qarşılaşdığı get-gəllər, aldadılması, rüşvətxorluğun baş alıb getməsi, karikaturalar vasitəsilə təsvir edilərək ifşa olunurdu. Jurnalda həmin dövrdə cərəyan edən siyasi proseslər də öz əksini tapırdı. Odur ki, jurnalda gedən kəskin ifşalara görə Tiflis Mətbuat İşləri Üzrə Komitənin tələbi ilə jurnal dəfələrlə bağlanıb. Tədqiqatçı L.Hacıyeva mənbələrə əsaslanaraq bildirmişdir ki, fasilələrlə də olsa, jurnal 1918-ci ilə qədər nəşr olunmuşdur. K.Karganov jurnala olan münasibəti duyaraq onun bağlanılmasını gözləmədən, 1913-cü il aprelin 14-dən "Biç” adlı jurnal da buraxır. Bu jurnal sələfi olan "Cigit” kimi həyatın bütün sahələrini əhatə edərək, yeri gəldikcə onu tənqid atəşinə tutmaqdan yan keçmirdi. Dövlət təhsil müəssisələrinin fəaliyyətini tənqid etdiyi üçün günahkar bilinən K.Karqanov cəzalandırılır və jurnal bağlanır.
1909-1910-cu illərdə V.A.Paramanov adlı jurnalist Bakıda yenə "Biç” adı ilə yeni jurnal nəşr edir. Onun eyni vaxtda "Bakinskoye qore” adlı jurnalı da işıq üzü görür. Lakin bu jurnalların ömrü çox qısa olur.
1908-ci il martın 9-da Bakıda Aleksandr Yulyeviç Olenski tərəfindən rusdilli yumoristik-satirik həftəlik jurnal nəşr olunur. Jurnalın səhifələrində gedən karikatura və mətnlərə görə, jurnalist Olenski cəzalandırılmışdı. Jurnalda dərc etdirdiyi "Puç olmuş arzu” adlı felyetonu onun gələcək taleyindən xəbər verirdi. O, həbsə məhkum edilmişdi.
10 may 1910-cu ildən P.Polyusukunin redaktorluğu ilə "Bakinskiye streli” satirik qəzeti və "Adskaya poçta” jurnalı nəşr olunur. Hər iki mətbu orqan çox qısa ömürlü olmuş və Azərbaycanın rusdilli mətbuat tarixində heç bir iz qoymadan bağlanmışdı.
Bu dövrdə tanınmış sima, Bakı milyonçusu, Bakı Şəhər Dumasının üzvü, xeyriyyəçilik və maarifçiliklə məşğul olan İsa bəy Aşurbəyli 18 yanvar 1912-ci ildən rus dilində "Baraban” adlı həftəlik satirik jurnal nəşr etdirir. Jurnal görkəmli ziyalı, siyasi və dövlət xadimi Behbud Ağa Sahtaxtlının redaktorluğu ilə çıxırdı. 1912-1913-cü illər ərzində jurnalın 46 sayı nəşr olmuşdu. Jurnalın əsas məqsədi xalqı maarifləndirmək, neqativ hallara göz yummamaq, gərdişi-dövrandan baş çıxarmaqda xalqın gözünü açmağa çalışmaq idi. Jurnalda dərc olunan felyeton və məqalələr, çəkilən karikaturalar həyatın müxtəlif sahələrini, müxtəlif mövzularını əhatə edirdi. "Baraban” jurnalında qaldırılan mövzular, bəzi rubrikalar, Ə.Əzimzadənin çəkdiyi karikaturalar onun "Molla Nəsrəddin” ideyalarının davamçısı kimi nəşr olduğunu deməyə əsas verir. Çünki jurnalda işıqlandırılan mövzulara yanaşmada B.A. Şahtaxtlının milli ruhu, milli yanaşma tərzi özünü göstərirdi.
1918-ci il fevral inqilabından sonra bu dövrdə "Kaspi” qəzetinin altıncı səhifəsində "Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Məlumatları” qəzeti çıxmağa başladı. Ehtimal olunur ki, H.Z.A.Tağıyev adı çəkilən müsəlman "Xəbərləri”nin naşiri olub. Qəzetin ətrafında dövrün qabaqcıl ziyalıları toplaşmışdı.
Beləliklə, tədqiq olunan dövr üzrə (1871-1918) Azərbaycanda nəşr olunan rusdilli mətbuatla tanış olduqda, onu deyə bilərik ki, bu nəşrlərin hər biri dövrü öyrənmək, təhlil etmək baxımından çox əhəmiyyətlidir. Belə ki, tədqiqatçı Lalə Hacıyeva monoqrafiyada Azərbaycanda rusdilli dövri mətbuatın tarixindən danışarkən, onun siyasi mənzərəsini xarakterizə etməklə yanaşı, bu dövri nəşrlərin səhifələrində gedən məqalələri açıqlayaraq onlar haqqında ətraflı məlumat vermişdir.
Monoqrafiyada tədqiq edilən dövr üzrə Azərbaycanda rus dilində çıxan satirik jurnallar ilk dəfə olaraq elmi səpkidə tədqiq edilərək işıqlandırılmışdır.
Monoqrafiyada, eləcə də rusdilli mətbuatla əlaqədar dövrün görkəmli ziyalıları, şəxsiyyətləri, yazarları, naşirləri, jurnalistləri haqqında mənbələr göstərilməklə, onların məqalələrindən, əsərlərindən nümunələr gətirilmiş, həyat və fəaliyyətləri ilə bağlı tutarlı faktlar göstərilmişdir. Kitab ensiklopedik xarakterli məlumatlarla zəngindir.
Esmira Cavadova,
AMEA Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu, tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər