• cümə, 29 Mart, 04:26
  • Baku Bakı 7°C

Azərbaycanın mədən sənayesində şəffaflıq artacaq

22.04.14 10:48 1504
Azərbaycanın mədən sənayesində şəffaflıq artacaq
Dünyanın təbii sərvətlərlə zəngin olan çoxsaylı ölkələrinin qoşulduğu Mədən Sənayesində Şəffaflıq Beynəlxalq Təşəbbüsünün(MSŞT) icrası prosesində yeni bir mərhələ başlayıb. 2013-cü ilin mayında Sidneydə təşəbbüsə həsr olunmuş beynəlxalq konfransda qəbul edilən yeni standartlarla əsası qoyulan bu mərhələdə də Azərbaycan birinci olmaq niyyətindədir. Belə ki, Azərbaycan hökuməti 2013-cü ildə dövlətin hasilat sektorundan əldə etdiklərinə dair hesabatı məhz yeni standartlara uyğun formada bu ilin sonunadək açıqlamaq öhdəliyi götürüb.
Bu baxımdan yeni standartların təşəbbüsə hansı yeniliklər gətirə biləcəyi böyük maraq doğurur.
Təşəbbüsün Beynəlxalq İdarə Heyətinin sədri Kler Şort standartlardakı yenilikləri dəyərləndirərkən iki il ərzində İdarə Heyəti və tərəfdaşların təşəbbüsün standartlarını təkmilləşdirmək üzərində geniş məsləhətləşmələr aparıb, sıx əməkdaşlıq şəraitində işlədiklərini qeyd edib: “Bu böyük işin nəticəsi daha etibarlı və daha lazımlı məlumatların açıqlanmasını, həmçinin ölkələrdəki geniş islahatlarla daha sıx əlaqəni nəzərdə tutan standartlardır. Yeni standartlarda əvvəlki tələblərin böyük əksəriyyəti qalır, sadəcə, onlar ciddi şəkildə restrukturizasiya edilib və daha az sayda, lakin daha dəqiq tələblər qoyulub. Məsələn, ölkələrdə dəqiq iş planının olmasını nəzərdə tutan tələb MSŞT hesabatlılığının hər bir ölkədəki prioritetlərə və islahatlara əsaslanmasını təmin etmək məqsədi daşıyır. MSŞT hesabatlarının daha asan başa düşülməsi üçün biz maliyyə rejimi, müqavilə prinsipləri, hasilat, lisenziyalaşma prosedurları, gəlirlərin bölgüsü və xərclər barədə əsas məlumatların açıqlanmasını nəzərdə tutan yeni tələb qəbul etmişik. Biz MSŞT hesabatlılığına tələbləri artırmışıq ki, bu hesabatlardakı rəqəmlər əldə edilən gəlirləri bütünlüklə əhatə etsin. Əvvəllər bəzi hallarda açıqlanan rəqəmlərin etibarlılığını müəyyənləşdirmək çətin idi. Əvvəlki ümumiləşmiş hesabat əvəzinə, hasilat sektorunda işləyən hər şirkət üzrə hesabatların ayrılıqda verilməsini nəzərdə tutan tələb irəliyə doğru çox ciddi bir addımdır. Dövlət şirkətləri və məlumatların etibarlılığına dair yeni qaydaların tətbiqi nəticəsində MSŞT hesabatları ödəniş və gəlirlərin daha keyfiyyətli, daha dəqiq açıqlanmasını təmin edəcək. Qarşısına çətin vəzifələr qoyan digər təşkilatlar kimi, MSŞT-nin tətbiqi də tədricən inkişaf edir və sözsüz ki, gələcəkdə təkmilləşməyə davam edəcək. Aydın görünür ki, MSŞT təbii sərvətərin idarə olunmasında şəffaflığı artırmağı tələb edən əlavə təşəbbüsləri və inkişafa doğru digər əhəmiyyətli nailiyyətləri nəzərə almaqla dəyişilməli, təkmilləşməlidir. Yaxın gələcəkdə əsas vəzifələrimizdən biri minimum tələblər çərçivəsindən kənara çıxaraq təşəbbüsün daha innovativ tətbiqinə nail olan ölkələrin uğurlarını etiraf edərək, onları stimullaşdırmaq olmalıdır”.
Yeni standartlarda nəzərdə tutulan mühüm məqamların qısa icmalı:

Standartların 3-cü bəndi tələb edir ki, MSŞT hesabatları hasilat sektorunun tam icmalını təmin edən kontekstual informasiyaları əks etdirsin. Bura hasilat sektorundakı hüquqi baza və maliyyə rejimi, hasilat sahələrinin qısa təsviri, hasilat sektorunun iqtisadiyyata töhfəsinə, hasilat həcminə, dövlətin hasilat sahələrində iştirakına, gəlirlərin bölgüsünə, lisenziya reyestri və lisenziyaların verilməsinə, benefisiar hüququna və müqavilələrə dair məlumatlar daxildir. Hesabat üçün kontekstual məlumatların necə hazırlanmasını təşəbbüsün icrasına rəhbərlik edən Çoxtərəfli Qrup müəyyənləşdirməlidir.
Burada ən mühüm məqamlardan biri hesabatlarda hasil olunan məhsulların həcmi ilə yanaşı, dəyərinin əksini tapmasıdır. Belə ki, təşəbbüsün icrasında vətəndaş cəmiyyətini təmsil edən Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası artıq neçə illərdir ki, Azərbaycanda Təşəbbüs çərçivəsində açıqlanan hesabatlarda ölkənin əldə etdiyi neft-qaz gəlirlərinin yalnız natural həcminin(mənfəət nefti, səmt qazı) deyil, dəyərinin də əks olunması məsələsini qaldırırdı. Koalisiya ekspertlərinin açıqlanan hesabatlara verdikləri rəylərdə bu təklif həmişə irəli sürülüb, lakin qarşı tərəf MSŞT qaydalarında bu tələbin qoyulmadığını əsas gətirməklə onu qəbul etmirdi. Lakin yeni standartlar bu tələbi nəzərdə tutur ki, bu da ölkənin müxtəlif müqavilələr çərçivəsində əldə etdiyi neft-qazı hansı qiymətə satmasına dair dəqiq məlumatların ictimailəşdirilməsinə imkan verəcək.
Dövlət müəssisələri ilə hökumət arasında maliyyə münasibətlərində üstünlük təşkil edən qayda və təcrübələrin (məsələn, DM-lə dövlət arasında maliyyə resurslarının köçürülməsi üzrə qayda və təcrübə, əmək haqlarının ödənişi, reinvestisiya və 3-cü tərəfin maliyyələşdirilməsi) izahatı verilməlidir. DM-lər özlərinin sosial xidmətlərə, dövlət infrastrukturuna, yanacaq subsidiyaları və dövlət borcuna xidmətə ödəniş kimi kvazifiskal xərclərini açıqlamalıdır. Bunun üçün Çoxtərəfli Qrup DM-lərin törəmə şirkətləri və birgə müəssisələrinin əhatə olunduğu hesabatlılıq prosesi işləyib hazırlamalıdır.
Hökumət və ya DM-in ölkənin hasilat sektorunda çalışan şirkətlərdəki benefisiar iştirakına (törəmə şirkətlər və BM-lər də daxil olmaqla) dair məlumatları açıqlaması tövsiyə olunur.
MSŞT hesabatları hasilat sektorundan əldə edilən gəlirlərin dövlət büdcəsində qeydiyyatına dair məlumatları da əhatə etməlidir. Büdcədən kənarda saxlanılan vəsaitlər varsa (müxtəlif fondlarda), onlar barədə də məlumatlar hesabata daxil edilməlidir.
Standartın 3.11-ci bənində görə, təşəbbüsü tətbiq edən ölkələrə tenderlərdə iştirak edən, hasilat sektorunda istismarla məşğul olan, yaxud ora investisiya yatıran korporativ təşkilatların benefisiarlarının adları və iştirak səviyyəsi göstərilməklə ictimaiyyət üçün açıq reyestrini aparmaları tövsiyə olunur. Burada benefisiar dedikdə, birbaşa və ya dolayı yolla korporativ müəssisələrin aktivlərinə, yaxud onlar üzərində nəzarətə sahib olan fiziki şəxslər nəzərdə tutulur. 2016-cı ilin yanvarından etibarən bu bənd icrası məcburi olan standart statusu alacaq.
3.12-ci bəndə görə, icraçı ölkələr hasilat sektorunda işləmək hüququ verən bütün növ kontraktları ictimaiyyətə açıqlamağa təşviq olunurlar. “Kontrakt” termini burada hər hansı növ kontrakt, lisenziya, konsessiya və razılaşmanın əlavə və dəyişikliklərlə birlikdə tam mətnini nəzərdə tutur.
4.1-ci bəndə əsasən, dövlətlərin hasilat sektorundakı payı, həmçinin natural formada əldə edilən bütün gəlirlər məhsul növləri və satış həcmləri də əhatə edilməklə açıqlanmalıdır. Dövlət payının satışından əldə edilən gəlirlər əhəmiyyətlidirsə, onda hökumət və dövlət müəssisələri satılan həcmi və bundan əldə olunan gəliri açıqlamalıdır. Eyni zamanda dövlətin müxtəlif sahələrdə hasilat üçün bütün növ qoyuluşları(infrastruktur, barter, ilkin kəşfiyyat işləri və sair ) da açıqlanmalıdır.
Yeni qaydaların mühüm tələblərindən biri də əhəmiyyətli olan bütün növ sosial xərclərin (ölkə qanunvericiliyi və kontraktlar əsasında ödənilən) açıqlanmasıdır. MSŞT hesabatı mümkün olan hallarda bu tranzaksiyaları tutuşdurmalıdır. Tranzaksiyalar natural formada olarsa, hesabatda onun xarakteri və güman edilən dəyəri göstərilməlidir.
Standartların 5-ci bəndinə əsasən, MSŞT çərçivəsində verilən bütün hesabatların mötəbərliyinn təmin olunması üçün onlar beynəlxalq auditdən keçmiş məlumatlar əsasında tərtib olunmalıdır.
6-cı tələb MSŞT hesabatlarının geniş ictimaiyyətə açıqlanması üçün atılacaq addımları əks etdirir. Belə ki, tələbə görə, Çoxtərəfli Qrup hesabatların yazılı formada nəşr olunaraq ictimaiyyətə yayılmasını, geniş həcmli detallı məlumatların onlayn formada əlçatanlığını, hesabatların müxtəlif şəbəkələrdə yerləşdirilməsini təmin etməlidir.
Vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür

MSŞA Koalisiyasının eksperti Zöhrab İsmayılın sözlərinə görə, yeni standartlar mühüm dəyişiklikləri nəzərdə tutur: “Vətəndaş cəmiyyəti olaraq, bizim ən mühüm təkliflərimizdən birinin icrası yeni qaydalarda əksini tapıb. Söhbət, əlbəttə ki, ödənişlərin şirkətlər üzrə fərdi qaydada açıqlanmasından gedir. Yeni standartlar vətəndaş cəmiyyətindən təşəbbüsün icrası prosesinə aktiv nəzarət gücündə olmağı tələb edir. Eyni zamanda Çoxtərəfli Qrupun səlahiyyətləri genişləndirilir. Standartlar MSŞT ilə bağlı qanunun olmasını təşviq edir ki, bu da bizim bir neçə il əvvəldən irəli sürdüyümüz təkliflərdən biridir. Bir neçə il əvvəl koalisiya ekspertləri Sahib Məmmədovun rəhbərliyi ilə müvafiq qanun layihəsi də hazırlayıblar. Hazırda biz yeni standartların qəbulu ilə əlaqədar yaranmış yeni situasiya ilə qarşılaşmışıq. Bu situasiya MSŞT üzrə qanunun qəbul olunması imkanlarını artırır.”
Z.İsmayıl qeyd edir ki, Beynəlxalq İdarə Heyətinin qərarı ilə yeni standartlar əsasında hesabatın hazırlanmasına 3 il vaxt ayrılıb. Lakin Azərbaycan tərəfi 2013-cü ilin hesabatını yeni standartlara uyğun şəkildə 2014-cü ilin dekabrınadək açıqlamağı üzərinə götürüb: “Bu barədə Çoxtərəfli Qrup iyun ayında qərar qəbul edib. 2015-ci ildə isə Azərbaycan təkrarən təşəbbüsün icrası prosesini qiymətləndirməyi nəzərdə tutan validasiyadan keçməlidir. Bu, o deməkdir ki, ən geci 2014-cü ilin sonunadək Azərbaycan yeni standartlara tam keçidi təmin etməlidir. Buna nail olunmasa, validasiyadan keçə bilməyəcəyik. Aparılmış hüquqi ekspertiza nəticəsində yeni standartların tətbiqinin Azərbaycan qanunvericiliyi ilə hər hansı ziddiyyət yaratmadığı müəyyənləşdirilib. Özü də bu ekspertizanı müstəqil və beynəlxalq səviyyəli hüquq şirkəti həyata keçirib. Bu, o deməkdir ki, yeni tələblərin tətbiqi üçün hər hansı maneə, yaxud bəhanə yaratmaq mümkün deyil. Vətəndaş cəmiyyəti olaraq, üzərimizə kifayət qədər böyük məsuliyyət düşür.”
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər