• cümə, 29 Mart, 10:50
  • Baku Bakı 5°C

Azərbaycanın Levitanı – Mən gənc olarkən

14.10.14 14:21 3809
Azərbaycanın Levitanı – Mən gənc olarkən
O, iliyimizə qədər işləyən, bizləri düşmənlə savaşa səsləyən, qanımızı coşduran möhtəşəm səsə sahibdir. Təkcə “Cənab leytenant” mahnısı onlarla Azərbaycan gəncini leytenant olmağa həvəsləndirib. Çoxları onu “Azərbaycanın Levitanı” adlandırır. Müsahibimiz Azərbaycanın hərbi diktoru, 7-dən 77-yə hər kəsin heç olmasa bir dənə də olsa, mahnısını əzbər bildiyi, əsgərlərimizin sevə-sevə dinlədiyi vətənpərvərlik mahnılarının ifaçısı, “Cənab leytenant” Şəmistan Əlizamanlıdır. Uşaqlıq və gənclik illərindən maraqla danışan Şəmistan Əlizamanlı həm də səmimi müsahibdir...
Ailənin dəcəl, inadkar uşağı
Uşaqlığı Borçalı mahalında keçib. Əkin-biçinlə məşğul olan zəhmətkeş ailədə dörd uşağın ikincisi olub. Uşaq və yeniyetməlik dövründə həddən artıq inadkarlığı, nadincliyi ilə seçilib. Özündən 2 yaş böyük qardaşı Əmiraslan məktəbə gedəndə 5 yaşlı Şəmistan ağlayaraq iki ayağını bir başmağa dirəyib ki, o da məktəbə gedəcək. Məktəb direktoru işləyən qohumları da deyib ki, “uşaqdır, qoyun gəlsin, 1 həftə sonra özü bezib qaçacaq”. Ancaq Şəmistanın dərslərə maraqla qulaq asması və verilən tapşırıqları həvəslə yerinə yetirməsini görən məktəb direktoru bu dəfə “zehinli uşaqdır, dərslərinə də çox həvəslə yanaşır, qoyun təhsilinə davam etsin” deyib. Beləcə, Şəmistan yeddi yaşlı qardaşıyla birgə təhsilinə davam edir. Qardaşı həddən artıq sakit, Şəmistan isə hədsiz dərəcədə dəcəl, sözəbaxmaz idi. Məhz buna görə onun hərəkətləri həmişə valideynlərinə narahatlıq gətirir. Dərslərini yaxşı oxumaqla yanaşı, müsahibimizin uşaqlığı doğma Aşağı Qullar kəndinin yanından axan Xram çayında balıq tutmaqla, at üzdürməklə, çöldə-bayırda, moruqluqda, Cala deyilən meşədə keçib. Dediyinə görə, yaxşı at çapmağı da varmış. Uzun müddət meşəbəyi işləyən atasının dəlisov, yaraşıqlı atları ilə at yarışlarına qoşulmaqdan xüsusi zövq alarmış. Kənd uşağı olsa da, heç vaxt qapıda-bacada işləməyi xoşlamadığını deyir. Qəribədir ki, bu qədər dəlisov, ipə-sapa yatmaz, tərs uşaq olsa da, qohum-əqrəba arasında ən çox sevilən və əzizlənən uşaq da o, olub.
“Atam gəlini toyundan ağ duvaqda qaçırır”
Burada bir haşiyə çıxaq. Ş.Əlizamanlı azca yaşa dolub özünü dərk edəndə hiss edir ki, atasının iki həyat yoldaşı var: “Məni dünyaya atamın ikinci həyat yoldaşı gətirsə də, saxlayıb böyüdən birinci həyat yoldaşı olub. Mən heç vaxt ona ögey ana kimi baxmamışam. Həmişə ana demişəm. Məni sərbəst böyüdürdü. Çox mərd, qüdrətli, mənim üçün ideal qadın idi. Hər yerdə məni oğlu kimi təqdim edərdi. İndi də onun haqqında danışanda kövrəlirəm. Əsgərlik illərinə qədər heç bilməmişəm ki, məni dünyaya gətirən atamın hansı həyat yoldaşı olub. Atam birinci həyat yoldaşını qonşu kəndlərdən birində toyda bəyənib. Həmin qızın toyu imiş. Rəqs edəndə ondan xoşu gəlib və kəcavəyə minəndə atam qaçırıb. Üç gün meşədə gizləniblər. Həmin qadından bir bacım, bir qardaşım olub. Qardaşım 5 yaşındaykən rəhmətə gedib. Anam əməliyyat olduğundan həkimlər ona bir daha övladının olmayacağını deyiblər. Atam da çox istəyirmiş ki, oğul övladı olsun. Buna görə ikinci dəfə ailə həyatı qurub. Əhd edib ki, oğlu olsun, 7 il cöngə qurban kəsəcək. Böyük qardaşım və mən anadan olanda atam sözünün üstündə durub və 7 il cöngə kəsib, bacım və kiçik qardaşım dünyaya gələndə isə 7 il qoyun qurban kəsib. Hər kəsəndə də qanını alnımıza vurardı. Böyük qardaşım dünyaya gələndə atamın həyat yoldaşları arasında sakitçilik olub. Qeyd edim ki, hər ikisi eyni evdə qalırdı. Amma mən dünyaya gələndə onlar arasında narazılıq başlayıb. Atam narazılığın böyüməməsi üçün böyük bacımı evləndirib yeznəni evə gətirir və ikinci həyat yoldaşını götürüb qonşu kəndə köçür və orada meşəbəyi işləyir. Ancaq gediş-gəlişləri olur. Mən də daha çox birinci anamın yanında qalırdım.
Gəmi kapitanı olmaq istəyi
Kəndlərindəki məktəb dördillik olduğundan müsahibimiz yuxarı sinifləri evlərindən 2 kilometr uzaqlıqda yerləşən qonşu Qırıxlı kəndində davam etdirməli olur. Qarda, yağışda, hər gün səhər tezdən oxumaq üçün bu yolu qət edir. Dediyinə görə, 8-ci sinfə kimi yaxşı oxusa da, sonrakı illərdə orta məktəbi birtəhər başa vurmaq üçün oxuyur. 10-cu sinifdəykən atası məktəbi qurtarıb hara getmək istədiyini soruşur. Oğlunun “nə bilim” cavabından sonra deyir ki, “bu kənddə qalsan çürüyəcəksən, çünki kəndə sığışmırsan”. Beləcə, atası məsləhət görür ki, ya Tiflisə, ya Bakıya, ya da Moskvaya getsin: “Dedi ki, o biri uşaqları kənddən getməyə qoymayacaq, amma mənim getməyimi istəyir. Sözün açığı, onda gəmi kapitanı olmaq istəyirdim və eşitmişdim ki, bunun üçün Dənizçilik Məktəbini bitirməliyəm. Atam məni 15 yaşımda Gürcüstandan Bakıya, Bayıldakı Dənizçilik Məktəbinə gətirdi. Uzaq qohumumuzun evində qaldıq. Amma məktəbdə bildirdilər ki, tələbələri 17 yaşından götürürlər. Mən çox pis oldum və ağladım. Atam məni dilə tutmağa başladı. Məlum oldu ki, evində qaldığımız qohumumuz texniki peşə məktəblərindən birində işləyir. O, təklif etdi ki, kəndə qayıtmaqdansa, bu peşə məktəbində iki il oxuyum, 17 yaşımda da sənədlərimi Dənizçilik Məktəbinə verim. Elə də etdim. Elektrik qaz qaynaqçısı ixtisası üzrə təhsil aldım. Həmin illərdə teatr dərnəklərinə getməyə başladım. Beləcə, teatr məni özünə çəkdi və gəmi kapitanı olmaqdan vaz keçdim”.
“Böyük Teatrda dekorasiya daşıyırdım”
Peşə məktəbini bitirən Ş.Əlizamanlı əsgərliyini Moskvada Hərbi Akademiyada çəkir. Hərbi xidmətdəykən teatra olan marağı azalmır. Bazar günləri icazə alıb Moskva teatrlarına gedir: “O vaxt Böyük Teatra düşmək mümkün deyildi. Əsasən hökumət nümayəndələri, sosialist ölkələrdən gələn qonaqlar bu teatrda tamaşalara baxa bilirdi. Biz əsgər yoldaşımla gündüzdən gedib tamaşaların dekorasiyasının daşınmasına kömək edirdik. Həvəsimizi görüb axşam tamaşa başlayanda hərəmizə bir stul verirdilər ki, yuxarı mərtəbələrdə arxada oturub tamaşanı seyr edək”.
Hərbi xidməti başa vurub Yerevanda oxuyan qardaşının köməkliyi ilə 1979-cu ildə Cəfər Cabbarlı adına Yerevan-Azərbaycan Dövlət Dram Teatrına işə düzəlir: “Teatrın direktoru şair-dramaturq Hidayət Orucov dedi ki, “sənin elə bu boy-buxununa maaş verəcəm”. Əslində mən fikirləşirdim ki, gələcəkdə instituta girmək üçün maaşsız da işləyərəm. İl yarım orada işlədim, sonra Hidayət müəllim məni göndərişlə indiki Mədəniyyət və İncəsənət Universitetinə göndərdi. Qabiliyyət imtahanından 3 dənə “5” alıb dram-kino aktyorluğu ixtisasına qəbul oldum. Qiyabi şöbədə oxuyaraq teatrda işləmək istəyirdim ki, valideynlərimə yük olmayım. Amma institutumuzun rektoru akademik Aslan Aslanov ilk gündən mənim səsimə heyran oldu və qiyabi şöbəyə keçməməyim üçün mənə yataqxanada yer və iş verəcəyini dedi. Onun səsimi dinlətmək üçün komissiya təşkil etməsinə qədər səsimin fərqli olduğunu bilmirdim”.
“Məndə yemək bişirmək çox gözəl alınır”
Tələbəlik illərində üç nəfərlə kirayədə qalırlar. Yemək-içməyə, evlərin yır-yığışına da özləri baxırlar. Həmsöhbətimizin dediyinə görə, onda yemək bişirmək çox gözəl alınırmış: “Əsasən sulu yeməklər bişirirdim. Ümumiyyətlə, yeməyi də, bişirməyi də çox sevirəm. İndinin özündə də həvəs gələndə qollarımı çırmalayıb meylimə düşən yeməyi özüm bişirirəm. Xüsusi göyərtilər var, onları alıram, çox ləzzətli yeməklər bişirirəm”.
“Rəqs edəndə qızların ayağını basırdım”
İnstitut illərində rəqs dərslərini heç xoşlamadığını deyən Ş.Əlizamanlı bu dərsə girməmək üçün xüsusi fəndlər işlədirmiş: “Avropa rəqslərini qız-oğlan duet formasında oynayırdıq. Mən də qəsdən qızların ayağını basırdım və onlar mənimlə oynamaqdan imtina edirdilər. Bununla da qəribə-qəribə rəqsləri ifa etməkdən “canım qurtarırdı”. Vokal dərsinə də marağım yox idi. 33 yaşımda təsadüfən “İgid əsgər, möhkəm dayan” mahnısını ifa edəndən sonra başa düşdüm ki, gərək vaxtında vokal dərslərinə diqqət yetirəydim”.
Sözügedən fənlərə marağı olmamasına baxmayaraq həmsöhbətimiz həmişə dərslərini yaxşı oxumağa çalışdığını deyir: “Çünki ailəmizdə dördümüz də oxuyurduq və mən ailəmə yük olmamaq üçün təqaüdümün kəsilməsini istəmirdim”.
“Sizi öyrətməyə ehtiyac yoxdur”
Professor Tofiq İsmayılov tələbəykən ilk dəfə ona radio-tamaşada rol verir. İlk rolu olan Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Rixard Zorgeni o qədər gözəl ifa edir ki, tamaşanın lent yazısını Qızıl Fondda saxlamağa qərar verirlər. Radio tamaşalarda xalq artistləri - Kamal Xudaverdiyev, Mirvari Novruzova və digər aktyorlarla birlikdə çalışan müsahibimiz həmişə baş rolları ifa edir. Beləliklə, mikrafonu sevməyə və ona öyrəşməyə başlayır: “Dördüncü kursu bitirəndə Tofiq müəllim məsləhət gördü ki, bu sənətin arxasınca gedim. Radioya getdim. Səsimə ehtiyac olduğunu, amma ştatda yer olmadığıını bildirdilər. Məsləhət görüldü ki, hələlik kiçik redaktor kimi fonotekada işləyim, ştat olan kimi diktorluğa keçim. Ştat açıldı və müsabiqə elan edildi. Müsabiqədə birinci yeri qazandım. Üç aydan sonra məni Moskvaya SSRİ Dövlət Televiziya və Radio verilişləri şirkəti nəzdində ixtisasartırma kursunda təcrübəyə göndərdilər. Bu kursa SSR-nin digər ölkələrindən iş təcrübəsi olan diktorlar da gəlmişdi. Təcrübəmin az olmasına baxmayaraq, burada da müsabiqədə birinci yeri qazandım. Məşhur diktor İlya Prudovskiy səsimizi dinləyir, iradlarını bildirirdi. Hamıya irad tutdu. Növbə mənə çatdı. Mənim səsimi verəndə utandığımdan qıpqırmızı oldum. Prudovskiy iş təcrübəmin nə qədər olduğun soruşdu. “3 ay” deyəndə mənə təəccüblə baxdı və bura niyə gəldiyimi soruşdu. Oxumağa, öyrənməyə gəldiyimi dedim. Bildirdi ki, “sizi öyrətməyə ehtiyac yoxdur. Sizdə hər şey qaydasındadır”. Bu dialoq zamanı digər ölkələrdən olan diktorlar da bizə baxırdı. İçimdən bir qürur hissi keçdi ki, mən Azərbaycanı təmsil edirəm. O vaxt anladım ki, vətənpərvərlik qanda, gendə olur. Şərait yarananda özü üzə çıxır. Vətənpərvərliyi sonradan qazanmaq mümkün deyil”.
Levitanla bənzərlik
Sonra təcrübəçi diktorlar qruplara bölünür: “Bizim qrupun rəhbəri RSFSR-nin əməkdar incəsənət xadimi Vadim Panfilov idi. O, İkinci Dünya Müharibəsində sovet xalqının yaddaşında dərin iz buraxmış hərbi diktor Levitanın ən yaxın dostu olub. Mən Panfilova həmişə Levitan barədə suallar verirdim. Onunla bağlı bütün detalları öyrənmək istəyirdim. O qədər sual verirdim ki, hərdən zarafatla gülümsəyib deyirdi ki, “bəsdir də, sən məni bezdirdin, nə qədər Levitandan sual vermək olar?”. Bir dəfə kursun rəhbəri İlya Prudovskiy Levitan haqqında danışırdı. Bildirdi ki, dinləyicilərin onu görməməsinə baxmayaraq, Levitan studiyaya xəbərləri oxumağa girərkən özünü qaydaya salır, saçlarını darayırdı. Bunu eşidəndə mən ucadan özüm də bilmədən “aaaa” deyə qəribə səs çıxardım. Müəllim nə olduğunu soruşdu, “heç” dedim. Qəribə idi ki, mən də həmişə elə edirdim. Studiyaya girməmişdən əvvəl dəhlizdəki güzgüdə saçımı darayır, səhnəyə çıxırmış kimi üst-başımı səliqə-sahmana salırdım.”
Hərbi diktorluğun tarixçəsi
1992-ci ildə Ş.Əlizamanlı televiziyada xəbərlər redaksiyasına diktor keçir. Burada çalışandan iki-üç ay sonra onu Müdafiə Nazirliyinə hərbi diktor kimi dəvət edirlər. Bu dəvətə əvvəlcə könülsüz yanaşır. Arxa cəbhə ilə ön cəbhə arasında əlaqə yarada bilməyəcəyindən çəkinir. Sonda razılıq verir və 33 yaşındaykən 1992-ci ilin iyulun 7-də ilk dəfə hərbi formada hərbi diktor kimi efirə çıxır. Məqsəd də o olur ki, Azərbaycanda hər bir evdə müharibə hiss olunsun. Tez bir zamanda buna nail olur. Belə ki, könüllülər axışıb Müdafiə Nazirliyinə Ş.Əlizamanlı ilə görüşə gəlirlər. Müsahibimiz də öz növbəsində onları aidiyyəti orqanlara yönləndirir.
Mahnı ifaçılığına necə başlayır?
Müsahibimizin gənclik dövrlərində hərbi vətənpərvərlik ruhunda mahnılar ifa etməsinin də maraqlı tarixçəsi var. 1992-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə kiçik zədə alan Ş.Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı, yaxın dostu Yusif Mirzəyevlə eyni xəstəxanada yatır. Xəstəxanada həkim işləyən şair, bəstəkar Şahin Musaoğlu tez-tez onlara baş çəkir. Görüşlərin birində Şahin Musaoğlu yeni mahnı yazdığını deyir. “İgid əsgər, möhkəm dayan” mahnısını Yusif Mirzəyev və Şəmistan Əlizamanlı üçün elə xəstəxanadaca zümzümə edir: “Yusif mahnını çox bəyəndi. Bunu görüb söz verdim ki, bu mahnını oxuyacam və ona ithaf edəcəm. İş elə gətirdi ki, Yusif şəhid oldu və onun haqqında çəkilən veriliş üçün bu mahnını oxudum. Amma özümə güvənmirdim ki, məndə mahnı yaradıcılığı alınar. Mahnı tez bir zamanda xalq arasında yayıldı, uşaqlar küçələrdə oxumağa başladılar. Sonra mənə dedilər ki, bu cür mahnıları ifa etməyə davam edin. Beləliklə, Yusif Mirzəyevin sayəsində hərbi vətənpərvərlik ruhunda mahnılar ifa etməyə başladım...”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər