• cümə, 19 Aprel, 19:47
  • Baku Bakı 24°C

Azərbaycanın kənd təsərrüfatı sahəsi ötən il 2% artıb

07.01.21 13:19 382
Azərbaycanın kənd təsərrüfatı sahəsi ötən il 2% artıb
Kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası 2020-ci ildə də davam edib və bu sahə üzrə 2% artım, bitkiçilikdə 1% və heyvandarlıq üzrə 2,9% artım olub.
"APA-Economics"in məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, pandemiya dövründə aqrar sektorun fəaliyyəti mövcud çağırışlara uyğun qurulub və kənd təsərrüfatı məhsullarının fasiləsiz istehsalı təmin edilib.
"2020-ci ildə 1 mln. hektardan artıq sahədə taxıl əkini həyata keçirilib və işğaldan azad edilən ərazilər hesabına növbəti illərdə bu sahənin əkin balansının təqribən 10% artırılması nəzərdə tutulub. Ancaq ötən il havanın quraqlıq keçməsi taxılçılığa təsirsiz ötməyib, 100 hektardan çox sahədə çıxış alınmayıb. Buna baxmayaraq, taxıl üzrə məhsuldarlıq ölkə üzrə 31,2 sentner təşkil edib", - deyə İ. Kərimov qeyd edib.
Nazir əlavə edib ki, suvarma problemi yaşanmayan əksər regionlarda məhsuldarlıq xeyli yüksək olub və bir çox rayonlarda məhsuldarlıq 40 sentneri ötüb. Bir sıra özəl və pilot təsərrüfatlarda taxıl üzrə məhsuldarlıq hətta 60 sentnerə qədər çatıb.
"Digər bitkiçilik məhsulları istehsalında da artım dinamikası davam edib. İlkin rəqəmlərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çox tərəvəz, 4,2% çox meyvə və giləmeyvə, 15% çox tütün, 2,1% çox kartof istehsal edilib. Həmçinin pambıq sahəsində yüksək nəticə əldə olunub. 100 min hektar pambıq sahəsindən bu il 335 min tondan çox məhsul istehsal edilib və pambıq üzrə orta məhsuldarlıq əvvəlki illə müqayisədə 4 sentner artıb, orta məhsuldarlıq 33,5 sentner təşkil edib. Həmçinin tütün üzrə məhsuldarlıq 2019-cu illə müqayisədə 19,3 sentnerdən 22,1 sentnerə, şəkər çuğunduru üzrə məhsuldarlıq 328 sentnerdən 481 sentnerə, çəltik üzrə məhsuldarlıq 29,9 sentnerdən 32,8 sentnerə yüksəlib", - deyə nazir bildirib.
İ. Kərimovun sözlərinə görə, yüksək əlavə dəyər yaradan sahələrdən biri kimi, intensiv bağçılığın inkişafı da müsbət nəticələr verib. 2020-ci ildə intensiv və superintensiv bağlar ümumi bağların 14%-ni təşkil edib. İntensiv üsulla fındıq, zeytun, nar və sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək.
"Heyvandarlıq sahəsində də müsbət dinamika saxlanılıb və ət istehsalında, ilkin nəticələrə görə, 3,1%, süd istehsalında isə 1,7% artım əldə olunub", - deyə nazir əlavə edib.
banner

Oxşar Xəbərlər