• çərşənbə axşamı, 16 aprel, 07:58
  • Baku Bakı 14°C

Azərbaycanın Janna Darkı - Portret

21.10.14 12:47 2310
Azərbaycanın Janna Darkı - Portret
Hələ iki-üç əsr əvvəl müharibələr, döyüşlər qılıncla aparılardı. Bu silahdan ən yaxşı yararlanmağı bacaranlar üstünlük əldə edər, qələbəyə daha yaxın olardılar. Müasir dövrdə qılıncın funksiyası dəyişib. O, artıq bir idman alətidir. Bütün dünya vaxtilə ölümlərə səbəb olan qılıncı bir əyləncə, istirahət vasitəsinə çevirə bilib. Artıq qılıncoynatma idman növü böyük populyarlığa malikdir və xeyli azarkeşləri yaranıb. Sablya və rapira növlərində qüvvələrini sınayan idmançılar müxtəlif yarışlarda qalib gələrək ölkələrinin adını “sülh döyüşü” yolu ilə tanıtmaq şansı qazanır. Azərbaycanda da qılıncoynatma idman növünün öyünüləsi tarixi var və sevindirici haldır ki, burada qadınlarımızı daha çox fərqləniblər. Budəfəki yazımızda onlardan biri, böyük uğurları olmasa da, öz dəst-xəttini ortaya qoya bilmiş Səbinə Mikina haqda danışacağıq.
Bacı tövsiyəsi...
24 oktyabr 1987-ci ildə Bakıda anadan olan Səbinəni məşq zalına böyük bacısı Alesya gətirib. O vaxt təxminən 10 yaşı vardı. Alesya xeyli müddət məşğul olduğu idman növünə kiçik bacısını da öyrətmək istəyirdi. Ancaq yəqin ki özü də hər şeyi bu qədər yaxşı olacağını təsəvvür etmirdi. “Neftçi” klubunda, əməkdar məşqçi Fikrət Vəliyevin rəhbərliyi altında çalışmalara başlayan balaca Səbinə tezliklə, həmyaşıdlarını, sonra da özündən böyükləri üstələdi. Paralel olaraq böyük tennisə də maraq göstərməsi ona əlavə xüsusiyyətlər qazandırdı ki, bu bacarıqlarından döyüş meydanında yaxşı istifadə edə bildi. Mikina ən kiçik vaxtlarından güclü idmançı olacağına işarə verə bilmişdi.
Hakim haqsızlığı
Adətən yazı qəhrəmanlarımızın qazandıqları nəticələrə ayrıca abzas ayırmaq imkanımız olur. Ölkəmizin dünya, Avropa çempionları, müxtəlif nüfuzlu beynəlxalq turnirlərin qalibləri doludur. Ancaq böyük uğur əldə etmədən də öz idman növünün inkişafına, onun populyarlaşmasına təkan vermək olur. Səbinə Mikina məhz belələrindəndir. Təbii ki, onun Azərbaycanda rəqibi yoxdur və daxili arenalarda qılıncoynatma növünün şəksiz liderlərindəndir. 2005-ci ildə Avstriyanın Lins şəhərindəki yeniyetmələr arasında dünya çempionatından etibarən başladığı beynəlxalq yarışlar seriyasındakı çıxışını da ümumilikdə qənaətbəxş saymaq olar. Türkiyə, Rusiya, eləcə də Bakıdakı turnirlərdə qələbə qazanıb, medallar əldə edib. Böyük çempionatlarda isə Səbinənin həmişə medal üçün son addımı atmaqda çətinlik çəkməsi ona mane olub. Mikina dəfələrlə dünya və Avropa çempionatlarında yarımfinal görüşlərinin iştirakçısıdır. Ancaq nədənsə cəmi bir qələbə qazanmaqla fəxri kürsüyə yüksəlmək şansını qaçırma xəstəliyini böyük təcrübəsi də sağalda bilmir. Amma Səbinəyə tamamilə uğursuz demək də günah olardı. Onun 2011-ci ildə İtaliyanın Kataniya şəhərində keçirilən dünya çempionatındakı çıxışı hələ uzun müddət xatırlanacaq. Bu turnirin bürünc uğrunda matçında Azərbaycan milli komandası ABŞ-la qarşılaşırdı. Sonuncu olaraq meydana Səbinə Mikina çıxmışdı ki, onun da çox yaxşı mübarizə apardığı aşkar idi. Ancaq qərəzli hakimlik həm onu, həm də ölkəmizi çox böyük uğurdan etdi. Həmin hadisəni Səbinə belə xatırlayır: “ABŞ-la qarşılaşırdıq. Rəqib 44:41 hesabı ilə irəlidə idi və qələbə üçün cəmi bir toxunuşu yetərli olacaqdı. Mən ardıcıl səkkiz dəfə uğurlu hücum etdim. Ancaq italyan hakim susdu. O, təcrübəli referi olsa da, gördüklərini qeydə almaq istəməyərək bizi bürüncdən etdi. Bu, mənim subyektiv fikrim deyil. Ümumdünya Qılıncoynatma Federasiyasının Hakimlər Kollegiyasının sədri də bu haqsızlığı görərək həmin hakimin adının Olimpiada siyahısından çıxarılacağını demişdi”. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.
Risk sevgisi
Ümumilikdə, qılıncoynatmada üç cür silahla vuruşma tərzi mövcuddur: şpaqa, rapira və qılınc. Səbinənin vuruşduğu sablya, yəni qılıncla döyüş ən çətini sayıla bilər. Çünki digər ikisindən fərqli olaraq qılıncın həm ucu, həm də gövdə hissəsi də kəsicidir. Bu silahla rəqibə istənilən toxunuş xal gətirir. Ona görə də cür döyüşdə müdafiə olunmaq çox çətindir. Bəzi hallarda sablyaçılar qorunmaqdansa, hücuma keçərək qələbə qazanmağı üstün tuturlar. Bunun müsbət tərəfi nəticəyə daha yaxın olma, mənfi tərəfi isə müdafiənin boş qoyulması, yəni riskin çoxluğudur. Səbinə Mikina hücumda olmağı xoşladığından məğlubiyyətləri də az olmur. Sablya çox baxımlı növdür və izləyicilərinin daha çox marağına səbəb olur. Yalnız özü yox, idmansevərlər üçün də mübarizə aparmaq istəyi onun tərzidir. Vuruşarkən aqressivlik, çılğınlıq, rəngarənglik Mikinanı fərqləndirən cəhətlərdir.
Avropa Oyunlarındakı ümid yerimiz
2015-ci ildə ilk dəfə məhz Bakıda keçiriləcək Avropa Oyunlarının yarış cədvəlində qılıncoynatma növü də var. İyunun 23-dən 27-nə qədər möhtəşəm “Crystal Hall”-da Avropanın ən güclü qılıncoynadanları fənd işlətməklə silahlarının qəti və cəld hərəkəti ilə qələbəyə doğru irəliləyəcəklər. Beş gün çəkən yarışlarda 200-dən çox qılıncoynadan kişi və qadınlar fərdi və komanda şəklində rapira, şpaqa və qılınc yarışlarında iştirak edəcəklər. Ümumilikdə 12 medal yarışları keçiriləcək. Bu mötəbər turnirdə iştirak edəcək Səbinə Mikina əsas medal ümidlərimizdəndir. 2012-ci il London Olimpiadasından əvvəl toparlanmağı bacarması, heç kimin lisenziya qazanacağına ümid etmədiyi halda buna nail olması idmançının xarakterindən xəbər verir. Bütün karyerasının statistikasına nəzər yetirdikdə, Avropa Oyunları Mikinanın yüksəliş dövrünə təsadüf edir. Təcrübəsi yetərincədir, qələbə qazanmaq istəyinə isə söz yoxdur. Özü də deyir ki, artıq sözünü deməyin vaxtı çatıb və Oyunlar bunun üçün ideal yerdir. İstək var, ümid edək ki, nəticə də olacaq.
Portreti
İdman insanlarda xarakter formalaşdırmağa, qarşısına hədəf qoyaraq ona doğru addımlamağa kömək edir. Eyni zamanda qarşılaşdığın maneələrə səni ya sındıra, ya da gücləndirə bilər. Səbinə dəfələrlə üzləşdiyi hakim haqsızlıqlarından dərs çıxarıb, hər yeni döyüşə daha böyük əzmlə çıxıb. “Məğlubiyyəti düşünən qəhrəman ola bilməz” deyiblər. Əlində qılınc öz amalları uğrunda döyüşən, yenilgini ağlına belə gətirməyən qadın. Lap Janna Dark kimi. Ancaq Azərbaycan qılıncoynatmasının Janna Darkının simasındakı soyuqqanlılığı sezməmək mümkün deyil. Gözəl qadındır, uşaq kimidir, yaşıla çalan gözləri və kiçik bir təbəssümü portretini tamamlayır. Ancaq aldanmayın. Uşaqlıq mərhələsini çoxdan arxada qoyub və döyüş meydanında istənilən rəqibə qalib gəlməyə hazırdır. Nəinki hazırdır, buna hər dəfəsində can atır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər