• çərşənbə axşamı, 23 aprel, 23:35
  • Baku Bakı 20°C

“Azərbaycanın inkişaf və tərəqqisinin əyani təcəssümü”

09.10.18 09:11 407
“Azərbaycanın inkişaf və tərəqqisinin əyani təcəssümü”
"Artıq 15 ildir ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişaf siyasəti dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu siyasət Azərbaycanı bölgədə iqtisadi cəhətdən lider dövlətə çevirib, dünya iqtisadi sisteminə uğurla inteqrasiya etdirib”.

Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev "Kaspi”yə açıqlamasında bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət ölkədə sosial problemlərin həlli, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik problemlərinin həlli, infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaradıb: "Ötən illər ərzində görülmüş işlər bu gün ölkəmizin uğurlu inkişafına xidmət göstərir. Təkcə son illərə nəzər salmaq kifayətdir ki, Azərbaycanın bugünkü reallıqlarını, o cümlədən sahibkarlığa dövlət yardımının artırılmasını, strateji baxımdan mühüm obyektlərin və infrastrukturun inşasını, biznes mühitinin yaxşılaşdırılmasını, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsini, əhalinin maddi rifahının yüksəldilməsini aydın görəsən. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan son illər ərzində iqtisadi sahədə misli görünməmiş nailiyyətlər qazanıb. Geridə qalan 15 il ərzində cənab İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu real işi ilə sübuta yetirib. Bu, Azərbaycan xalqının öz rəhbərinə rəğbət və məhəbbətini daha da artırıb”.

Millət vəkili deyib ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıdan başlayaraq, ən ucqar kəndinə qədər geniş tikinti-quruculuq işləri aparılır. Onun sözlərinə görə, ölkədə elə bir şəhər, rayon, qəsəbə və kənd yoxdur ki, ümumi inkişafdan kənarda qalsın. N.Həmzəyev deyib ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin nəticəsidir: "Ölkədə tikinti-quruculuq və ­abadlıq işləri, infrastruktur layihələrinin reallaşdırılması ümumi inkişafın prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Azərbaycan inşaatının və memarlığının şanlı ənənələri bu gün də uğurla davam etdirilir. Əlverişli biznes mühiti, sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı inşaat sektorunda iqtisadi fəallığın, təşəbbüskarlığın artmasına səbəb olur. Bakıda, eləcə də ölkəmizin digər şəhər və rayon mərkəzlərində bir-birindən yaraşıqlı, nadir memarlıq inciləri, çoxmərtəbəli yaşayış binaları tikilir, yeni-yeni park və xiyabanlar salınaraq əhalinin istifadəsinə verilir".
Deputat N.Həmzəyev deyib ki, bu gün dünyanın ən yaraşıqlı paytaxt şəhərlərindən birinə çevrilən Bakı ilə yanaşı, regionların da siması əsaslı şəkildə dəyişir: "Sadalananlara misal olaraq son illərin möhtəşəm, nadir memarlıq nümunələrindən sayılan Heydər Əliyev Mərkəzini, Bayraq Meydanı Kompleksini, əsaslı şəkildə yenidən qurulan Dənizkənarı Milli Parkı, Alov qüllələrini, Heydər Məscidini, yeni-yeni yaşayış massivlərini, Gəncədə möhtəşəm Filarmoniya binasını, muzeyləri, müasir standartlara cavab verən ticarət mərkəzlərini, milli ornamentlərlə bəzədilmiş çoxmərtəbəli binaları, çoxsaylı mehmanxana komplekslərini göstərə bilərik. Əlbəttə ki, bütün bunlar doğma Vətənimizi daha da füsunkar edib. Qeyd olunanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın şanlı quruculuq salnaməsinin, yüksək inkişaf və tərəqqisinin əyani təcəssümüdür”.
Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər