AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın inkişaf strategiyası uğurla reallaşdırılıb

Azərbaycanın inkişaf strategiyası uğurla reallaşdırılıb

Cəmiyyət
11 İyul 2020, 17:30 635
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir edib. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, enerji təhlükəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı ölkələri adından koronavirusla mübarizədə birgə tədbirlər görmək üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət etməsi, əslində, dərindən düşünülmüş ağıllı bir gedişin məntiqi nəticəsi idi. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın prosedur qaydalarına uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək bu il iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi. BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi halda, xüsusi sessiya təşkil oluna bilirdi. Sözügedən müddət ərzində 130 ölkənin təşəbbüsə dəstək verməsi, ölkəmizin, onun liderinin yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi kim dəyərləndirilməlidir.

Bundan başqa, deputat diqqətə çatdırıb ki, Azərbaycan "Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda "Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur. Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür.

Deputat əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə pandemiyaya qarşı güclü birliyin formalaşmasına təkan verəcək. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması dünyada cərəyan edən böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək, bu sahədə beynəlxalq inteqrasiyaya kömək edəcək.