AZE | RUS | ENG |


Azərbaycanın ilk qorxu filmindən bir hissə yayıldı - Fotolar - Video

Azərbaycanın ilk qorxu filmindən bir hissə yayıldı - Fotolar - Video
Gənc və istedadlı rejissor Elvin Abdullayevin rejissorluğu ilə Azərbaycan kino tarixində ilk qorxulu filmi olan "Xənnas” çəkilib. Son bir həftədir ki, filmin bir hissəsi yayılıb. İlk paylaşımdan filmin bu fraqmenti böyük marağa səbəb olub. 

Filmin rejissoru Elvin Abdullayev "Kaspi”yə açıqlamasında "Xənnas” filminin ideyası haqqında çoxdan düşündüyünü və nəticədə belə bir film çəkmək qərarına gəldiyini dedi: "Azərbaycanın kino sənayesində qorxu janrı yoxdur. Hətta heç sovet dövründə də çəkilməyib. Əslində bu layihə ilə heç də bir ilkə imza atmaq kimi fikrimiz yox idi. Yeni bir janr üzərində işləmək istəyirdik. Fərqli bir şey etmək istəyirdik. Çox düşündük və belə qərara gəldik ki, madam, bizdə qorxu janrında film çəkilməyib, bu janrda film çəkək”.

Sözügedən filmin mayın əvvəli nümayişi gözlənilir. Rejissor deyir ki, demək olar ki, film hazırdır və son dəyişikliklər edilir: "Çəkilişlər çox çətin şəraitdə keçdi. Təsəvvür edin ki, qış ayları, Şəkidə dağın başında çəkilişlər aparmışıq. 48 gün gecələr çəkilişlər etmişik. Oktyabr, noyabr aylarında gecə necə soyuq olduğunu təsəvvür etmək mümkünsüzdür. Çəkiliş prosesi zamanı bir çox hadisələrlə rastlaşmışıq. Ancaq heç bir çətinlik bizi fikrimizdən döndərməyib.  Özümüz də hiss etmədən Azərbaycan kino  tarixində qorxu filminin tarixini yazdıq. Heç bir şişirtməsiz, yalansız. Tam əminliklə deyə bilərik ki, Azərbaycanda qorxu filminin imzasını biz atdıq”.
 
Rejissora "Bu filmdən gözləntiləriniz nələrdir?”-deyə sualla müraciət etdik.  Elvin Abdullayev deyir ki, film nümayiş olunduqdan sonra tamaşaçıların reaksiyasını görmək istəyir: "Güman edirəm ki, o zaman film uğrunda çəkdiyim bütün əziyyətlərin yorğunlıuğu çıxacaq. Qeyd edim ki, bir çox peşəkar kino mütəxəssisləri bu filmə baxıb və filmi çox yüksək qiymətləndiriblər. Hətta bu filmin xarici şirkətə satılması ilə bağlı danışıqlar gedir. Əgər elə olsa bu ilk xaricilərə satılan  Azərbaycan filmi olacaq”.

 Məlumat üçün bildirək ki, "Xənnas” filmində Azərbaycanda gənclər aktyor və aktrisaları  arasında kifayət qədər tanınan və sözünü demiş peşəkarlar rol alıb. Onlardan Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanovanı misal gətirə bilərik. 
 
Qeyd edək ki, Elvin Abdullayev bundan öncə bir neçə filmdə ikinci rejissor vəzifəsini yerinə yetirib, bununla bərabər bir çox reklam çarxlarına quruluş verib. Bu onun quruluşçu rejissor kimi tammetrajlı ilk bədii filmidir. Gənc olmağına baxmayaraq, Elvin bir çox uğurların sahibidir. Buna misal olaraq, lentə aldığı "Məriz” qısametrajlı filmi ilə "Bakı Oskarı” film festivalında "ən yaxşı aktyor işi”, "ən yaxşı aktrisa işi”, "ən yaxşı operator işi” və "ən yaxşı film” nominasiyaları üzrə 4 mükafat qazanmasını göstərmək olar.
 
Xəyalə Rəis




 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202