• cümə, 29 Mart, 13:59
  • Baku Bakı 14°C

Azərbaycanın ilk ordu generalı

01.03.18 12:30 6571
Azərbaycanın ilk ordu generalı
Tanrı qisməti, alın yazısı. Tanrıdan qeyri kimsə bu qismətdən kimin payına nə düşdüyünü müəyyənləşdirə bilərmi? Bəlkə də insanı min illərlə qədərin hökmünə boyun əyməyə vadar edən ən böyük hikmətlərdən biri elə budur: insan heç vaxt öz taleyinin nə ilə bitəcəyindən xəbərdar olmayıb.
Bir də xalqın, millətin qismətinə düşən, yeri kimsə ilə əvəz edilməyəcək, alnına, bir parçası olduğu Vətənin taleyində müstəsna rol oynamaq qisməti yazılmış nadir insanlar var. Nə yaxşı ki, Azərbaycanın taleyində belə insanlar az olmayıb. Türk ellərində həmişə qüdrətli söz, sənət adamları, bir də ən böyük orduları çəkib ardınca aparmağa, ən qəvi düşmənə qalib gəlməyə qabil sərkərdələr olub.
Səməd bəy Mehmandarov bu millətin yetirdiyi qüdrətli sərkərdələrdən biridir. Tanrı ondan qabaq və sonra da türklərə neçə qüdrətli sərkərdə bəxş edib. Ancaq Səməd bəy bu neçələrin arasında adi sıra nəfəri deyil, onların ən uca mərtəbədə dayananlarından, adı ən ehtiramla çəkilməyə layiq olanlarından biridir. Səməd bəy Azərbaycanın taleyində çox böyük rol oynamış, ilk müstəqil respublikanın 40 min nəfərlik ordusunu yaratmış və bununla da yüz illərdən sonra xalqın əzəli haqlarından biri sayılan özünümüdafiə imkanlarını yenidən özünə qaytarmış bir şəxsiyyətdir. Səməd bəy bənzərsiz, iftixar olunmağa layiq, ancaq eyni zamanda son dərəcə mürəkkəb və zəngin bir ömür yaşamış insandır. Əsla təsadüfi deyil ki, onun haqqında yazan bütün müəlliflər bu fikirdə olublar və onların hamısının eyni fikrə gəlməsində qəribə heç nə yoxdur. Çünki Səməd bəy sadəcə olaraq, on minlərlə, yüz minlərlə adi yaradılmışlardan biri deyildi, o, tanrı tərəfindən bu Vətənin taleyində mühüm rol oynamaq üçün seçilmiş bir şəxs idi və özünün istəyi ilə onun adi bir insan ömrü yaşaması, əslində mümkünsüzdü.
Səməd bəy Mehmandarov 1855-ci il oktyabr ayının 16-da Lənkəran quberniyasının Lənkəran şəhərində anadan olmuşdur. Quberniya katibi işləyən atası Sadıq bəy Qarabağdan köçüb gəlmiş zadəgan idi və onun öz oğluna istənilən səviyyədə təhsil verməyə imkanı çatırdı. Buna görə də ilk təhsilini Bakı Realni Məktəbində alan Səməd bəyin biliklərə kifayət qədər yiyələndiyi təqdirdə, Qərbin istənilən ali məktəbində oxuması mümkün idi. O isə doğrudan da, hərtərəfli bilik qazanmaq üçün ciddi səy göstərmiş, realni məktəbin proqramı çərçivəsində öyrədilənləri tam mənimsəmiş, gələcəkdə əldə edəcəyi mükəmməl elmi biliklərin ilkin təməlini yaratmışdı. Ancaq atasının və atasının əmisi oğlu Xanı bəy kimi yaxın qohumlarının tövsiyələrinə baxmayaraq, 16 yaşlı Səməd mülki təhsil ardınca getmək, sonra quberniya idarələrindən birində hansısa vəzifə tutmaq fikrində deyildi. Bəlkə də məhz bu yolu seçmiş atasının xələfi olmaq, ona daha sakit və uzaqmənzilli bir həyat bəxş edə bilərdi. O isə bunu istəmirdi, ona görə də bu sayaq təkliflərə eyni konkret cavabı verirdi, "yox”. Damarlarında qanı qaynayan bu coşqun gəncin məqsədi tamam başqa idi. O, hərbçi olmaq, millətini əsgəri xidmətə belə layiq görməyən bir dövlətdə rütbələr almaq, çiyinlərində fərqləndirici zabit ulduzu gəzdirmək istəyirdi. Yalnız şöhrət xatirinəmi, yaxud hərbçi geyiminin Qafqazın bir parçası olan Azərbaycan kimi "milli ucqar” sayılan bir məmləkətdə xarici görünüşcə cəlbedici olmaq üçünmü? Bəlkə bu sənətin arxasınca düşməsində yaşına uyğun bir macəraçılıq həvəsi vardı, yoxsa, gənclik romantikası idimi onu çəkən? Bütün bu sualların da bir cavabı vardı: xeyr. Tək özünə məlum idi ki, bu yolu təsadüfi seçməyib, hələlik axıradək izah edə bilməyəcəyi hisslər, onu istiqamətləndirən güclü daxili istək məhz bu addımı atacağına qəti inam yaratmışdı. Özü də bu qəti fikrindən onu kimsə döndərə bilməzdi, çünki bu yol Tanrı qisməti ilə cızılmışdı, hərbçi ömrü yaşamaq onun alın yazısı idi.
Seçimində qəti israr edən Səməd 16 yaşında ikən Peterburqda yerləşən ikinci Konstantinovka artilleriya məktəbinə daxil olur və 1875-ci ildə təhsilini uğurla başa vurur. Qarşıda isə onu uzun və ağır hərbi xidmət illəri gözləyirdi. Bu illərin çox böyük bir hissəsini o, qanlı müharibələrdə, ölüm-dirim savaşlarında keçirəcək, Vətəndən xeyli uzaqlarda olacaq və ən başlıcası, təmsil etdiyi millətin adını həmişə ucaldacaqdı. Hələlik isə 1875-ci il idi və Peterburqda yunkerlər məktəbini yenicə bitirmiş Səməd boy ilk təyinat yerinə göndərilirdi. Ancaq ilk addımdan özünü nizam-intizamlı və bacarıqlı kadr kimi göstərən Səməd bəyin rütbə alması üçün o qədər də müddət lazım gəlmir.
Elə həmin ilin dekabr ayında ona ilk rütbə verirlər. Bir neçə müddətdən sonra isə xidmətdə xüsusi fərqləndiyinə görə, o, üçüncü dərəcəli "Müqəddəs Stanislav” ordeni ilə təltif edilir.
"Odlar yurdu” qəzetinin 13 iyul 1989-cu il tarixli 13-cü sayında böyük sərkərdənin həyatının bundan bir qədər sonrakı dövrü, daha konkret desək, 15 il keçəndən sonrakı xidmət illəri haqqında yazan M. Əliyev aşağıdakı məlumatları çatdırırdı: "Səməd bəy 1890-cı ildə kapitan rütbəsi almış, 1891-ci ildə isə ikinci dərəcəli "Müqəddəs Stanislav” ordeninə layiq görülmüş­dür. 1894-cü ildə Səməd bəy hərbi komandanlığın əmri ilə Varşava hərbi dairəsinin sərəncamına göndərilmişdir. 1896-cı ildə o, ikinci dərəcəli "Müqədds Anna” ordeni ilə təltif edilmişdir. 1898-ci ildə podpolkovnik rütbəsi alan Səməd bəy Mehmandarov Zabaykalye artilleriya diviziyasının komandiri təyin edilmişdir. O illərdə diviziya Mancuriyada yerləşirdi. 1900-1901-ci illərdə Çində antiimperialist hərəkatının yatırılmasında Səməd bəy Mehmandarovun komandir olduğu diviziya da iştirak etmişdir. Lakin Səməd bəy Mehmandarov silahsız Çin əsgərlərinə atəş açmağa razı olmamışdır. 1901-ci ildə S.Mehmandarov polkovnik rütbəsi və üçüncü dərəcəli "Müqəddəs Vladimir” ordeni, habelə üstündə "Qəhrəmancasına fərqlənməyə görə” sözləri yazılmış qızıl qılınc almışdır. Rus-yapon müharibəsi zamanı Port-Artur şəhərini qəhrəmancasına müdafiə edən Səməd bəy Mehmandarov, 1904- cü il oktyabr ayının 22-də general-mayor rütbəsinə və dördüncü dərəcəli "Müqəddəs Georgi” ordeninə layiq görülmüşdür. 1907-1910-cu illərdə Səməd bəy Mehmandarov 3-cü Sibir ordusunda artilleriya rəisi işləmişdir. 1908-ci il iyulun 13-də hərbi xidmətlərinə görə ona general-leytenant rütbəsi verilmişdir.
Birinci dünya müharibəsində Səməd bəy Mehmandarov Varşava əməliyyatı istiqamətində olmuş və payızda burada rus qoşunları almanlar üzərində tam qələbə çalmışdılar. Bu və başqa cəbhələrdə göstərdiyi sərkərdəlik məharətinə görə, Səməd bəy Mehmandarova 1915-ci il martın 22-də artilleriya üzrə tam general rütbəsi verilmişdir (bu müasir Silahlı Qüvvələrdə ordu generalı rütbəsinə bərabərdir - L.Ş). 1917-ci ilin aprel ayında o, istefaya çıxmışdır. Bu zaman o, Rusiyanın "Stanislav”, "Anna”, "Vladimir” və "Georgi” ordenlərinin bütün dərəcələrinə layiq görülmüş, İngiltərə, Fransa, Rumıniya və İranın ordenlərini almışdır. İstefaya çıxdıqdan sonra Vladiqafqaz şəhərindəki sakit mənzilində yaşayan Səməd bəy Mehmandarov 1918-ci ilin sentyabrında Bakıya gəlmiş, 1918-ci ilin oktyabrından hərbi nazirlikdə işləməyə başlamış və həmin il noyabrın 7-də hərbi nazirin müavini, dekabrın 15-də isə hərbi nazir təyin edilmişdir.
Birinci dünya müharibəsindən qayıdan 15 minə yaxın azərbaycanlı Səməd bəy Mehmandarovun ətrafına toplaşmış, döyüşkən Azərbaycan generaliteti yaranmışdır. Ordu üçün 1918-ci ilin iyul ayında Gəncədə açılmış praporşik məktəbi 1919-cu ilin əvvəllərində Bakıya köçürülmüş, onun əsasında Azərbaycan ilk hərbi məktəbi təşkil edilmişdir. Bakıda istehkamçı və hərbi feldşer məktəbləri də təşkil edilmişdir. Gəncədə isə hərbiləşdirilmiş dəmiryolu məktəbi fəaliyyətə başlamışdır. 1920-ci ilin yanvarında bu məktəblərə müdavim hazırlayan xüsusi hərbi təmayüllü kadet korpusu təşkil olunmuşdur”.
Əlbəttə, Səməd bəyin Azərbaycanın sovetləşməsinə qədərki və hərbi xidməti ilə bağlı həyatının ən başlıca dövrünü əhatə edən məlumatlarda onun 1903-cü ilin əvvəllərində jitomirli Yelizaveta Nikolayevna Teslavla ailə qurması, elə həmin il yeddi aylıq topçu zabitləri məktəbində təhsil alması, Port-Arturda qalanın xəyanət nəticəsində təslim edilməsindən sonra rus-yapon müharibəsində əsir düşərək 1904-1906-cı illərdə Yaponiyaya aparılıb və buradan Portsmut müqaviləsi bağlandıqdan sonra qayıtması və bir sıra digər mühüm faktlar öz əksini tapmayıb.
Səməd bəy Mehmandarovu bu gün millətin həqiqi iftixarına çevirən xidmətlərin böyük əksəriyyəti onun ilk müstəqil dövlətimizin hərbi nazirliyində göstərdiyi fəaliyyətlə bağlıdır. Həmin fəaliyyətin nə dərəcədə səmərəli olduğunu isə təkcə bir fakt -1918-ci ilin iyununda bütün hərbi qüvvəsi bir alaydan ibarət olan Azərbaycanın 1920-ci ilin aprelində 40 min nəfər nizami orduya malik olması aydın göstərir. Səməd bəy Azərbaycan dövlətinin müdafiəsi ilə məşğul olacaq müvafiq hərbi strukturların formalaşdırılması, Silahlı Qüvvələrin imkan daxilində hərtərəfli təşkili, bir sıra digər sahələrdə də çox böyük işlər görmüş, zəngin biliyini və əvəzsiz təcrübəsini doğma xalqının naminə əsirgəməmişdi.
Ömrünün 40 ildən artıq bir dövrünü çar ordusunda xidmətdə keçirmiş, yüksək peşəkarlığı və sədaqəti nəticəsində Rusiya dövlətinin ən nüfuzlu hərbçi-generallarından birinə çevrilmiş, hakimiyyət tərəfindən dəfələrlə mükafatlandırılmış, bir-birindən qiymətli hədiyyələr almış Səməd bəy Mehmandarovun Cümhuriyyət dövründə ən məsul vəzifələrdən birinə təyin olunması nə dərəcədə ölçülüb-biçilmiş addım idi? Əlbəttə, indi tamamilə yersiz və əsassız görünən bu sualın o vaxt Azərbaycana rəhbərlik edən, gənc respublikanın taleyi üçün cavabdehlik daşıyan şəxslər tərəfindən verilməsi qətiyyən məntiqsiz səslənmirdi və regionda yaranmış son dərəcə mürəkkəb vəziyyətdə başqa cür ola da bilməzdi. Müstəqil dövlət kimi ilk addımlarını atan bir ölkədə peşəkarlığın, sədaqət və vətənpərvərlik kimi keyfiy­yətlərlə bir sırada dayanması tamamilə qanunauyğun, təbii hal idi və əlimdə heç bir tarixi sənəd və fakt olmasa da, mən bu qənaətdəyəm ki, Səməd bəy hərbi nazirlikdə yüksək vəzifəyə gətirilməzdən qabaq onun keçmişi, hazırkı mövqeyi ilə bağlı kifayət qədər götür-qoy edilmişdi.
7 noyabr 1918-ci il. Həmin gün Nazirlər Şurası Azərbaycan Respublikasında hərbi nazirlik yaradılması ilə bağlı qərar vermiş, hərbi nazir vəzifəsi Nazirlər Şurasının sədri F.Xoyskiyə həvalə olunmuş, onun müavini isə general Səməd bəy Mehmandarov təyin edilmişdir. Eyni gündə "Azərbaycan” qəzeti hərbi nazirin müavini S.Mehmandarovun qeyd edilən təyinatla əlaqədar hərbi dəftərxana üzrə əmrinin mətnini dərc etmişdir:"Nazirlər Şurasının qərarı ilə mən hərbi nazirin müavini təyin edilmişəm. Mən öz vəzifə borcumun yerinə yetirilməsinə başlayaraq görməli olduğum nəhəng işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini gizlətmədən, hərbi nazirliyin bütün rütbəli şəxslərinin işə birgə, dostcasına və vicdanlı münasibəti ilə onun öhdəsindən gəlməyin tamamilə mümkün olduğunu bildirirəm. Döyüşə qadir ordu yaradılması işinin uğuru bütünlüklə bu işin düzgün qoyuluşundan asılıdır. Hamını birgə, yoldaşcasına işləməyə çağırmaqla, mən bütün səviyyələrdəki rəislərdən qoşunun təlim-tərbiyəsi, öyrədilməsi və möhkəm nizam-intizam yaradılması işinə tam ciddi diqqət yetirmələrini, xidməti işə, qayda-qanuna, vəzifə borcuna məhəbbətlə yanaşmalarını, tabeliyində olanlara qayğıkeş münasibət göstərmələrini istərdim”.
Bu elə bir dövr idi ki, Qafqaz İslam ordusunun getməsi ilə kifayət qədər hərbi qüvvəsi olmayan, özünümüdafiə imkanından faktiki surətdə məhrum edilmiş Azərbaycan, daxildə bolşeviklər və daşnaklarla, xaricdə Rusiya və Ermənistanla üz-üzə dayanmışdı. Bu təhlükələrdən əlavə onu, Çar Rusiyasını xilas etməyə çalışan general Denikinin könüllü ordusu, Bakıya tərəf irəliləmək fikrini gizlətməyən Biçeraxovun qüvvələri və başqa təhlükələr də təhdid edirdi.
Arxiv sənədləri belə bir mürəkkəb və gərgin vəziyyətdə faktiki olaraq hərbi quruma rəhbərlik edən şəxsin hansı tədbirləri gördüyünü və hansı məsələlərə xüsusi diqqət yetirdiyini tam aydınlığı ilə göstərir. Yəqin ki, Səməd bəyin Azərbaycan dövlətçiliyinə sonsuz sədaqətlə xidmət etdiyini sübuta yetirmək üçün bu gün həmin arxiv sənədlərindən daha etibarlı bir mənbə tapmaq çətindir.
Hərbi nazirlikdən 21 aprel 1919-cu ildə Gəncə şəhərindən şəxsən Nazirlər Kabinetinin sədri N.Yusifbəyliyə (Nəsib bəy eyni zamanda daxili işlər naziri idi) çatdırılmalı olan 1663 saylı məxfi raport göndərilir: "Bu il aprelin 15-dəki 1631 saylı raportla, bolşeviklər tərəfindən orduda təbliğata başlamağa hazırlıq barədə məlumat vermişdim. Bakıda öz işini başa çatdıran həmkarlar ittifaqları qurultayı belə bir bəyannamə qəbul etmişdir: "İttifaqın məqsədi Zaqafqaziya hüdudunda sovet hakimiyyəti qurulmasının həyata keçirilməsi üçün hərtərəfli siyasi cəhd göstərməkdən ibarət olmalıdır”. Bu bəyannamə yerli bolşeviklərin Azərbaycanın müstəqilliyini məhv edib, Sovet Rusiyası ilə birləşdirmək cəhdlərinə artıq şübhə yeri qoymur. Bəyannamə nəzərə alınaraq, Hökumətin fəaliyyətinin əsasında Azərbaycanın müstəqilliyinin müdafiəsi durmalıdır və mən şübhə etmirəm ki, bolşeviklərin dağıdıcı cəhdlərinə qarşı zəruri tədbirlər görüləcəkdir. Mən Bakı qarnizonunun qoşunlarına bolşeviklərin təsir göstərəcəklərindən ehtiyat edirəm, çünki Bakı hazırda Zaqafqaziya bolşeviklərinin fəaliyyət mərkəzidir. Buna görə, xahiş edirəm Bakı xəfiyyə bölməsi qarnizon qoşunlarında zərərli təbliğata yol verilməməsi üçün öz nəzarətini gücləndirsin və bu sahədə rəhbər şəxslərə hərtərəfli köməklik göstərsin.
Mənim tərəfimdən həmçinin qoşunlarda daxili nizam-intizama nəzarəti gücləndirmək tələb edilmişdir. Bu barədə ona görə xahiş edirəm ki, hərbi nazirlik Bakıda kəşfiyyat işini təşkil etmək və həyata keçirmək üçün kifayət qədər hazırlıqlı, yerli şəraitə bələd olan agentlərə malik deyil.
Ümid edirəm ki, ordunu və bununla da Azərbaycanın müstəqilliyini saxlamaq uğurundakı ümumi mübarizə işində Hərbi Nazirlik Daxili İşlər Nazirliyindən ancaq Bakıda deyil, respublika ərazisinin hər yerində, hərtərəfli dostluq köməyi görəcəkdir. Bunun üçün mən Zati Alilərinizdən general-qubernatorlara və qubernatorlara müvafiq əmrlə bildirməyinizi xahiş edərdim”. Tam artilleriya generalı Mehmandarov, Baş Qərargah rəisi general-leytenant Sulkeviç”. (ARDA, f.894, s.7, iş.5, v.50).
Hökumətin gördüyü tədbirlərə baxmayaraq, bolşeviklər hər vasitə ilə öz işlərini davam etdirməyə, orduda anarxiya yaratmaqla, onun hakimiyyəti müdafiə etmək əzmini sarsıtmağa və öz tərəflərinə çəkməyə çalışırdılar. Bunu 11 may 1919-cu ildə Tam artilleriya generalı S.Mehmandarovun daxili işlər naziri N.Yusifbəyliyə məruzəsi də aydın sübuta yetirir: "Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atırlar”. (ARDA, f.894, s 10, iş.96, v.30).
Yenə də arxiv materiallarına istinadən demək olar ki, müstəqil Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl tədbirlər nəticəsində, artıq 1919-cu ilin ikinci yarısına doğru yeni hakimiyyət respublikanın bütün ərazisində möhkəmlənmiş, mərkəzlə yanaşı yerlərdə də idarəetmə orqanlarının tam formalaşdırılmasına başlanmışdı. Ancaq bu proseslərin getməsində qətiyyən maraqlı olmayan, əksinə həm daxili, həm də xarici təsirlərdən istifadə ilə hər cür maneçilik göstərməyə cəhd edən qüvvələr də fəallaşmışdılar. Necə deyərlər, məsələ hər iki tərəf üçün tam aydın idi: artıq dünyanın aparıcı xarici dövlətləri tərəfindən tanınmaq ərəfəsində olun müstəqil Azərbaycan Cümhuriyyətinin sonrakı inkişafının qarşısına sədd çəkilməsə, onu öz yolundan sapdırmaq mümkün olmayacaqdı. Buna görə də, düşmən qüvvələr də hədsiz quduzlaşmış, görünməmiş fəallıqla öz qara niyyətlərini reallaşdırmağa girişmişdilər. Onlar indi daha ciddi-cəhdlə əhali arasında, xüsusilə hərbi hissələrdə təbliğat aparmağa, fəhlə-kəndli hökuməti qurmaq vədləri ilə özlərinə yeni tərəfdarlar toplamağa çalışırdılar.
Bunun qarşısının alınması üçün nazir Melmandarov və yeni baş qərargah rəisi, general-mayor Səlimovun imzası ilə 2-ci piyada diviziyasının rəisinə Azərbaycan Respublikasının hərbi nazirinin 18 noyabr 1919-cu il tarixli 399 saylı tam məxfi əmri göndərilir: "Alınmış məlumatlara görə, son vaxtlar, əsgərlər arasında, xüsusilə onların getdiyi fəhlə klublarında bolşevik təbliğatı xeyli güclənmişdir. Hissələrdə bolşevik təbliğatının yayılmasının bütün məsuliyyətini yüksək vəzifəli rəislərin, xüsusilə komandirlərin üzərinə qoyaraq bu təbliğatın qarşısının alınması üçün aşağıdakı tədbirlərin görülməsini əmr edirəm: 1. Adamlara bu təbliğatın bütün fəlakəti izah edilsin. 2. Bütün bolşevik təbliğatçılarının Azərbaycanın qatı düşmənləri olduqları izah edilsin. 3. Bütün kazarmalara güclü nəzarət edilsin və bolşevik təbliğatı aparan şəxslər dərhal həbs olunsunlar. 4. Kazarmaların yerləşdiyi ərazilərdə heç bir kənar şəxsin oraya girə bilməməsi üçün etibarlı növbətçilər olsunlar. 5. Hissələrin bütün rütbəli şəxslərinə elan olunsun ki, bolşevizmə uyan şəxslər şəhərdən kənarlaşdırılacaq və qanunla ciddi cəzalandırılacaqlar”.
Bu əmr əsasında elə həmin gün 2-ci piyada diviziyası komandirinin və podpolkovnik Zeynalovun imzası ilə 5-ci piyada Bakı alayının komandirinə belə bir əmr göndərilmişdi: "Hərbi nazirə məlumat çatmışdır ki, əsgərlərin bir çoxu fəhlə klublarına və digər yerlərə gedir və burada siyasi və hökumət əleyhinə bolşevik təbliğatının təsiri altına düşürlər. Belə halı siyasətdən və partiyalılıqdan kənarda dayanmalı olan orduda yolverilməz sayaraq, Zati Aliləri fəhlə klublarına və digər partiya dərnəklərinə getməyi tamamilə qadağan etmək, Bakı şəhər sakini olan əsgərlərə xüsusi diqqət yetirmək əmri vermişdir. Bu əmrin yerinə yetirilməsində günahkar olan əsgərlər məhkəmə qarşısında ciddi məsuliyyət daşımaqla yanaşı, aşkar edilən kimi uzaq məsafələrə göndəriləcəklər. Rəis şəxslər tabeçiliklərində olanlara daimi ciddi nəzarət etsinlər. Axşam yoxlamalarından sonra rota və komandalarda növbətçilər əsgərlərin hamısının yerində olmalarına nəzarət etməli, alay üzrə növbətçilər və onların köməkçiləri isə tez-tez rota və komandaları gəzib şəxsi heyətin sayını yoxlamalıdırlar. Xəbərdarlıq edirəm, mənim tələblərmi yerinə yetirməyənlər vəzifədən kənarlaşdırılacaq və əmri yerinə yetirmədiyinə görə məsuliyyətə cəlb olunacaqdır”. Diviziyanın müvəqqəti komandiri, qərargah rəisi podpolkovnik Zeynalov.
Cümhuriyyət tarixinin ən unudulmaz hadisələrindən biri də, Lənkəran qəzasının müxtəlif antiazərbaycan qüvvələrindən təmizlənərək, idarəçiliyin Azərbaycan hökumətinə tabe etdirilməsində Səməd bəyin müstəsna xidmətləridir. Dünyaya göz açdığı bu dilbər diyarda özünü "Muğan respublikası” adlandıran xəyanətkar qüvvələrin və onlara bu işdə havadarlıq edənlərin fəaliyyəti nəticəsində, bölgənin 1919-cu ilin iyun ayına qədər müstəqil respublikanın hüdudlarından kənarda qalması, Azərbaycanın bütövlüyü yolunda xidmət göstərməyi ən müqəddəs vəzifə borcu sayan Səməd bəyi ciddi narahat edirdi. O, Lənkəranı bolşeviklərin də daxil olduğu qaragüruhun əlindən xilas etmək üçün əyninə general mundiri geyinib qayıtmışdı. O, 40 il əvvəl türk balaları üçün əlçatmaz sayılan hərbi şöhrət və şücaətin ən yüksək zirvəsində dayanmışdı. Ancaq onun bütün bunlar barəsində düşünməyə nə vaxtı, nə də həvəsi vardı. Ölkənin taleyi üçün hər günün deyil, hər saatın mühüm əhəmiyyət kəsb etdiyi bir vaxtda başqa cür də ola bilməzdi.
‘‘Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına, vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı Qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirəsalınmaz mülki idarəçilik tətbiq ediləcəkdir... Bununla yanaşı, xəbərdar edirəm ki, hər hansı komitə, yaxud "Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdarlıq edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir, çünki onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabərhüquqlu Azərbaycan Respublikasının vətəndaşlarıdır... Öz növbəmdə mən dəstə rəisinə qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr etmişəm”. Bunlar, hərbi nazir S.Mehmandarovun Lənkəran qəzasının əhalisinə 4 iyun 1919-cu il tarixli müraciətindən götürülmüşdür (ARDA, f.894, s.10, iş. 124, v. 15-16).
Birinci müstəqillik dövründə də gənc respublikanın ən çox narahatlıq doğuran bölgələrindən biri Qarabağ bölgəsi idi. O zaman da ərazi iddiaları ilə Azərbaycanı müharibəyə cəlb etməyə çalışan ermənilər İrəvanda, Zəngəzurda, Naxçıvanda, Qarabağda kütləvi qırğınlar törədir, həmin ərazilərdəki kəndlərin yerli türk, müsəlman əhalisini öz dədə-baba yurdlarını tərk etmək məcburiyyəti qarşısında qoyurdular. Görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı aksiyalarında nəinki Andronik kimi qaniçən cəlladlar, həmçinin Ermənistan hökumətinin tabeliyində olan hərbi qüvvələrin bir çox nümayəndələri də iştirak edir, qədim türk yurdlarının talanmasında xüsusi canfəşanlıq göstərirdilər. Ocaqları söndürülmüş yerli əhalinin Azərbaycanın içərilərinə axışmaqdan başqa çarəsi qalmırdı.
Tiflişdən general Sulkeviçin adına göndərilən 18 aprel 1919-cu il tarixli teleqram göstərir ki, həmin illərdə ermənilər nəinki qədim Azərbaycan torpaqlarına, hətta Türkiyə ərazilərinə göz dikmişdilər: "Soçi istiqamətində irəliləyən gürcülər zabitlərdən ibarət könüllülər alayını əsir alıblar. Mənim tərəfimdən Aleksandropolsk dəstəsinin rəisi general Ospyantsın əmri ələ keçirilmişdir. Bu əmrdə əhaliyə Qars vilayətinin Ermənistanın tərkibinə bir hissə kimi daxil olduğu elan edilir. Hökumətin və müttəfiqlərin sərəncamına uyğun olaraq, erməni hökumətinin iradəsi qanunsuz sayılmışdır. Şayiələrə görə ingilislər ultimativ qaydada naxçıvanlılara Ermənistan hakimiyyətini tanımağı təklif etmişlər. Naxçıvan əhalisinin etirazı ilə əlaqədar ingilis zirehli maşını və erməni qoşunları hərəkətə başlamışdır. №1548. Əliyev”.
Məhz belə ağır bir dövrdə Azərbaycan hökumətinin Qarabağda həyata keçirdiyi tədbirlərin operativliyi və səmərəliliyindən çox şey asılı idi. Bununla əhalidə dövlətin onları müdafiə etmək qüdrəti və qüvvəsinə malik olduğu inamı yaradıla, torpaqlarımızın boşaldılmasının qarşısı alınardı. Əlbəttə, gənc hökumət qeyd edilən sahədə az iş görməmişdi və bu işdə Qarabağın general-qubernatoru Xosrov Paşa Sultanovun da kifayət qədər böyük xidmətləri olmuşdur. Oxucuların diqqətini Qarabağa hökumət adamlarımız tərəfindən necə böyük diqqət yetirildiyini göstərən bir fakta cəlb etməklə kifayətlənirik.
Baş Nazir N.Yusifbəylinin və hərbi nazir S.Mehmandarovun Qarabağa gəlmələri haqqında məlumat verən "Azərbaycan” qəzeti 3 avqust 1919-cu il sayında yazırdı: "Qarabağın həyatında daha əlamətdar bir hadisə - bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını - Gəncə qubernatoru Rəfibəyovun müşayiət etdiyi Baş Nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı baş nazir N.Yusifbəyli qəbul etdi... İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söyləndi. Cavab nitqi söyləyən baş nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq, qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil”.
Bu günə qədər Səməd bəy haqqında yazan müəlliflər (Ə.Şıxlinski "Xatirələrim”, SSRİ EA 1944, Hacıağa İbrahimbəyli - Səməd bəyi yaxından tanıyan bir şəxs olub və mayor rütbəsinədək yüksəlib "Səməd bəy Mehmandarov” 1946-cı il) onun ümumxalq, ümumdövlət işinə necə məsuliyyətlə yanaşdığını, hətta bu məsələlər ən yaxın, ən doğma adamlarına aid olduqda belə, heç bir güzəştə getmədiyini dəfələrlə qeyd ediblər. Belə məqamlardan biri haqqında Azərbaycanda ilk müstəqil xüsusi xidmət orqanı - "Əksinqilab ilə mübarizə təşkilatı”nın sədri Nağı bəy Şıxzamanlı Türkiyədə mühacirətdə olduğu zaman qələmə aldığı xatirələrində söhbət açıb. Bakıda tutulan general Denikinin agenti kapitan Starkov onda tapılan hərbi sənədləri guya general S.Mehmandarovun nəvəsinin mürəbbiyəsi vasitəsilə əldə etdiyini bildirir. Bunun həqiqiliyini yoxlayan Nağı bəy vəzifəsini yerinə yetirərək, Müdafiə Komitəsinə raport təqdim edir və məsələ barəsində hökumət rəhbərliyinə müvafiq məlumat çatdırır:"Komitəyə verdiyim raport oxunduqda, general Mehmandarov çox əsəbiləşdi. Ertəsi gün idarədə kabinetimin pəncərəsindən baxarkən general Mehmandarovun avtomobilinin idarəmizin önündə durduğunu gördüm. Onu dərhal qapıda qarşıladım. Çox əsəbi görünürdü. Oturmaq istəmədi. Məndən "Nağı bəy, siz bu alçağın məlumatına inanırsınızmı?” deyə soruşdu. Mən də "Paşam, sənədi verəni gizlətmək üçün yüzbaşı Starkov mürəbbiyə məsələsini uydurmuşdur. İcazənizlə iki günə qədər məsələni tamamilə aydınlaşdıracağam. Ancaq, qərargah zabitlərindən istədiyimi nəzarət altına ala bilmək üçün indidən icazənizi istəyirəm” cavabını verdim. General Mehmandarov "Bu milli və istiqlalımızla bağlı bir işdir. Kimi istəyirsiniz onu da nəzarət altına ala bilərsiniz. Bir də məndən icazə istəməyin. Ancaq mən bu alçağı görmək istəyirəm” dedi. Starkov içəri gəldi və generalı görən kimi diz çöküb ona yalvarmağa başladı. General bu mənzərə qarşısında "Alçaq, qorxaq, cəzan ölümdür. Sənin kimi şərəfsiz və qorxaq bir yüzbaşını rus ordusunda ilk dəfə görürəm” dedi və mənimlə vidalaşıb getdi. Yüzbaşı isə hələ də diz çökmüş vəziyyətdə qalırdı.”
Səməd bəyin müstəqil respublikanın hərbi naziri kimi genişmiqyaslı fəaliyyətinə və göstərdiyi tarixi xidmətlərə şahidlik edən yüzlərlə arxiv sənədi, zəmanəsinin görkəmli şəxsiyyətlərinin onun haqqında yazdığı xatirələr və başqa materiallar var. Yəqin ki, bütün bunlar barəsində gələcək tədqiqatçılar daha ətraflı söhbət açacaq, onun nəsillərə nümunə olan həyatı və əməllərini doğma xalqına hərtərəfli çatdıracaqlar. Əlbəttə, 1920-ci ilin aprel işğalı ilə Azərbaycanın müstəqil dövlətinə qəsd edilməsəydi, Səməd bəyin cəmi il yarım çəkmiş nazirlik fəaliyyəti davam edər, o, güclü və mütəşəkkil ordu yaratmaq sahəsindəki planlarını daha dolğun şəkildə reallaşdıra bilərdi. Aprel işğalı nəinki onun və dostu Əliağa Şıxlinski kimi hərbi dühaların, həmçinin gənc dövlətin özü kimi gənc sərkərdələrinin də arzularını yarımçıq qoydu. Aralarında xarici ölkələrə mühacirət edənlər, bolşevik gülləsinə tuş gələnlər və repressiyanın başqa formalarına məruz qalanlar oldu. O və dostu Əlağa Şıxlinski üçüncü qrupa düşdülər. Hər ikisi bir müddət həbs edilərək, bolşeviklərin cəza üsullarını gördülər.
Səməd bəy Mehmandarov 1920-ci il iyunun 3-də həbs edildi Ancaq bu gözlənilən aksiyanın reallaşdırılması üçün işğaldan ötən müddət ərzində bir neçə hazırlıq tədbiri görülmüşdü. Bunlardan biri 11-ci ordunun 5-ci Bakı alayının hərbi komissarının 11-ci ordu hərbi şöbəsinin rəisinə yazdığı məlumat idi. Həmin məlumatda deyilirdi: "Məruzə edirəm ki, 1 iyun 1920-ci ildə mənim tərəfimdən alayın məxfi kağızlar yeşiyi açılmış və həmin kağızların arasından hələlik 399, 88, 96 saylı kağızlar tapılmışdır. Onları sizin sərəncama göndərirəm.”
Bu sənədlər 5-ci alayın hərbi rəhbərliyin tapşırığı ilə bolşevik təhlükəsinə qarşı hansı tədbirlər gördüyünü, yaxud görməyi planlaşdırıldığını sübuta yetirirdi. Artıq yeni hökumətin utanmadan əksinqilab adlandırdığı bu hərəkətlərin arxasında əslində müstəqil dövlətin özünü təxribat xarakterli təbliğatlardan qorumaq kimi tam qanuni tələbi dayandığına açıq-aydın göz yumulurdu. "Çeka”nın "bolşeviklər təqib ediliblər, deməli qatı cinayətə yol verilib” məntiqi istənilən şəxs barəsində istənilən hökmün çıxarılmasına əsas verirdi.
İkinci bu tipli sənəd yeni hökumətin hərbi dəniz komissarı Çingiz İldırım tərəfindən 11-ci ordunun xüsusi şöbə rəisi Pankratova göndərilib. Özü də birincidən fərqli olaraq, burada keçmiş hərbi xadimlərin ciddi cəzalandırılmasına açıq təhrik ifadə edilib:"Yoldaş Pankratova. Mənim teleqramlarıma və məlumatlarıma baxmayaraq, keçmiş hərbi nazir Mehmandarov və Bakı komissarının köməkçisi Azad Vəzirov hələ də azadlıqdadırlar. Yuxarıda göstərilən şəxsləri təcili həbs etmək, keçmiş polis Mirzəyevin qohumu, qatı müsavatçı Axundov İbrahimi tutub saxlamaq barədə tədbir görün. Hərbi Dəniz komissarı İldırım”.
Artıq heç bir qüvvə Səməd bəyi həbs olunmaqdan qurtara bilməzdi. Nə qarnizon rəisinin 18 may 1920-ci il 10 saylı əmri ilə verilmiş şəhadətnamə, nə də komendantın vəsiqəsi: "Bu sənədi təqdim edən vətəndaş Mehmandarova 27139 №-li "Naqan” tapançasını saxlamağa və üstündə daşımağa icazə verilir. Əsas: Qarnizon rəisinin 18 may 1920-ci il 10 saylı əmri”. Bakı şəhər komendantından 22 may 1920-ci ildə verilən vəsiqə: "... vətəndaş Mehmandarov mənim tabeliyimdə olan idarədə 232 №-li qeydiyyat kitabçasında qeydiyyatdadır. Bakı şəhəri və onun rayonlarının komendantı - hərbi komissar”.
Artıq daha yüksək məqamdan başqa tələb irəli sürülmüşdü və komissarın bu tələbi Azərbaycan SSR Fövqəladə Komissiyası tərəfindən məmnuniyyətlə yerinə yetirildi. 226 saylı orderlə 3 iyun 1920-ci ildə komissar Vekeşpevə Mehmandarovun mənzilinin axtarışı və həbs edilməsi həvalə olundu”.
Sənədin arxasında həmin komissarın qeydi var: "Məhbusu qəbul etdim”.
4 iyun 1920-ci ildə Kains Vekeşpev tərəfindən həbs edilmiş 64 yaşlı Azərbaycanın hərbi naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov həbsxanada Safronov tərəfindən qəbul edilir və Az.SSR FK-nm 953 saylı həbs kağızı təqdim olunur.
Elə həmin gün 226 saylı order əsasında Orlovsk küçəsi 116 №-li evdə yaşayan Mehmandarovun mənzilində "yol. Kamyatina və Feoktistovun iştirakı ilə” axtarış aparılıb və axtarış zamanı aşağıdakılar aşkarlanaraq FK-ya aparılıb: "Brauninq” tapançası №19294, "Naqan” №27139, yeddi ədəd güllə ilə birlikdə müxtəlif cür sənədlər və yazışmalar, foto kartoçkası və paqonlar”.
Bu gün DTX arxivində saxlanılan Səməd bəy Mehmandarov haqqında istintaq işində belə bir qeyd var: "Azərbaycanın keçmiş hərbi naziri Mehmandarov Səməd Sadıq oğlunun işi № 485, 11-ci ordunun Hərbi İnqilabi Şurası yanında xüsusi şöbə. 4 iyun 1920-ci il. 30 iyul 1920-ci il”.
Başqa sənədlərdən isə aydın olur ki, istintaq işi həbs aksiyasından 14 gün sonra, 17 iyun 1920-ci ildə Az.SSR FK-nın 577 saylı işi kimi başlamış, 18 avqust 1920-ci ildə isə indiki sayla qeydə alınaraq, davam etdirilmişdir.
Əslində Səməd bəyin və keçmiş hökumətdə yüksək vəzifə tutmuş bir neçə başqa görkəmli hərbi və siyasi xadimin həbsində təəccüblü heç nə yox idi. Bu hakimiyyət dəyişikliyi ilə əlaqələndirilməkdən başqa, həmin ərəfədə baş vermiş çox mühüm bir hadisə - Gəncə üsyanı ilə də bağlı ola bilərdi. 1920-ci ilin may ayının sonlarında olmuş həmin üsyanda bolşeviklər on min nəfərə yaxın itki vermişdilər və sonrakı ərəfədə belə kütləvi çıxışların başqa ərazilərdə gözlənilməsi barədəki məlumatlar həbs tədbirlərini tam əsaslandırırdı. İstintaqın başlıca məqsədi Səməd bəyin və başqalarının bu üsyanla nə dərəcədə əlaqəli olduqlarını aydınlaşdırmaqdan və ən kiçik əlaqə ehtimalı aşkarlandığı halda, onu istənilən vasitə ilə sübuta yetirməkdən ibarət idi. Əlbəttə, bu ehtimal doğrulmadığı təqdirdə, ehtiyatda kifayət qədər başqa ittihamlar vardı və hökumətin hərbi naziri olmuş bir şəxsin nədəsə günahkar olduğunu aşkarlamaq üçün rəsmi sənədləri bir-iki gün araşdırmaq yetərli idi. Təkcə orduda bolşevik təhlükəsinə qarşı tədbirlər görülməsinə aid belə sənədlər isə onlarla idi və onlardan bir neçəsini oxucunun diqqətinə çatdırmışıq. Yeni faktlara, yaxud şahid ifadələrinə gəlincə isə FK heç bir korluq çəkmirdi. Müstəqil Azərbaycanın dövlət adamlarım ittiham etməyə istənilən qədər erməni, rus şahidi həvəslə ifadə verirdi. Əlbəttə, bu prosesdən əksəriyyəti bolşevik təbliğatına uymuş, yaxud da şəxsi-qərəzlik prinsipi ilə intiqam aldığını düşünən bəzi azərbaycanlılar da kənarda qalmırdılar. Ancaq nədənsə, Səməd bəylə bağlı bu üsullardan çox cüzi istifadə olunub. Bəlkə də bu, generalın müəyyən müddətdən sonra Moskvaya aparılaraq, azadlığa buraxılması ilə əlaqədar olub. Yaxud inandırıcı olmasa da, belə yüksək səviyyəli bir hərbçiyə qarşı primitiv üsullarla ittiham irəli sürməkdən çəkiniblər.
Mehmandarovun daha çox Gəncə üsyanı ilə bağlılığının dəqiqləşdirilməsi məqsədilə həbs edildiyini iki fakt da sübuta yetirir. Bunlardan birincisi və təkzibedilməzi N.Nərimanovun Leninə 1 avqust 1920-ci ildə yazdığı 2 səhifəlik şəxsi məktubudur: "Əziz Vladimir İliç! Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbsə alınmışdı. Bu məktubu Sizə təqdim edən məşhur general Mehmandarov və Şıxlinski də onların içərisində idi. Diqqətli yoxlama nəticəsində məlum oldu ki, generalların üsyanla əlaqəsi olmamışdır. Lakin mövqeyimiz sakitləşənə qədər və ümumi işimizə kömək məqsədilə, biz hər halda, bu qərara gəldik ki, generalları qərargahda işləmək üçün Sizin sərəncamınza göndərək, çünki onlar, hərbi mütəxəssislər olmaq etibarı ilə əvəzsizdirlər. Onlardan biri Şıxlinski Nikolay ordusunda "artilleriyanın Allahı” sayılırdı. Polşa cəbhəsi qurtarana qədər qoy onlar Moskvada işləsinlər, sonra Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi təşkil etmək üçün onları buraya göndərəsəniz. Bu müddətdə onların qayğısına qalmaq lazımdır. Kommunist salamı ilə N. Nərimanov”.
Göründüyü kimi, məktubda Azərbaycanın hər iki generalının Gəncə üsyanında iştiraklarının olub-olmadıqlarının müəyyənləşdirilməsi məqsədilə həbs edildikləri göstərilir.
İkincisi, istintaq işində saxlanılan Azərbaycan 1-ci piyada diviziyasının (general Cavan Şıxlinskinin komandanlığı altında) qərargah rəisi Vasili Nikolayeviç Sokolovun istintaq işidir. Onun həbsi ilə bağlı qərarda deyilir:"Mən 11-ci ordunun xüsusi şöbəsinin baş müstəntiqi Qubin 20-ci atıcı diviziyanın qərargah rəisi Könüllü Ordunun generalı ilə əlaqəyə girməkdə günahlandırılan V.N.Sokolovun istintaq işinə baxaraq müəyyən etdim: Baş qərargahın polkovniki Sokolov bütün vətəndaş müharibəsi ərzində daim Gəncə üsyanını təşkil və ona rəhbərlik edən Cavan Şıxlinskinin başçılıq etdiyi Azərbaycan ordusu 1-ci piyada diviziyasının qərargah rəisi olub. Gürcüstandan general İrmanovun Əliağa Şıxlinski və Mehmandarova ünvanladığı məktub 1-ci piyada diviziyasının qərargahına daxil olub, burada gerbli möhürlə məxfi xidməti məktub şəklinə salınmış və bu şəkildə ünvanına göndərilmişdir. Bu işdə möhürün yalnız onda saxlandığı nəzərə alınmaqla, Sokolovun iştirakı şübhəsizdir. Ona görə də Sokolova qarşı irəli sürülən ittihamı qüvvədə saxlamağı düzgün sayıram. Müttəhim Sokolovun ÜFK XŞ-nə göndərilən Mehmandarovun və Şıxlinskinin fəaliyyəti ilə tanışlığını və hərbi işi bildiyi halda, 11-ci orduda və Azərbaycan qırmızı hissələrində xidmət göstərmək istəmədiyini nəzərə alaraq, qərara gəldim: Vasili Nikolayeviç Sokolov 575 №-li işlə birlikdə UFK-nın sərəncamına göndərilsin”. Sənədin üstündə 11-ci ordu xüsusi şöbəsinin rəisi Pankratovun razılaşdığını bildirən qeyd var.
Müstəntiq Qubinin 1920-ci il 29 iyun tarixində casusluqla bağlı ittiham olunan Şahtaxtinski İlyas Əliqulu oğlunu dindirərək tərtib etdiyi protokolda belə bir qeyd var: "Hərbi nazir Mehmandarov haqqında deyə bilərəm ki, o da bolşeviklərə və sovet hökumətinə pis münasibət bəsləyirdi. Mən bunu onunla bağlı deyirəm ki, mən bolşevikləri Mehmandarovun şəxsi əmri ilə həbs etmişəm və onları tək çörəklə suyun ümidinə qoymuşam. Həmçinin Mehmandarovun əmri vardı ki, bolşevik fəaliyyəti ilə azacıq əlaqəsi olanları həbs edib ciddi rejim altında saxlamaq...”
Bütün bunlardan sonra əlində kifayət qədər dəlil-sübut topladığını güman edən müstəntiqi Qubin iyul ayının 29-da 11-ci ordu xüsusi şöbəsinin istintaq materialları əsasında qərar verir: "Mən keçmiş Azərbaycan Respublikası hərbi naziri, tam artilleriya generalı, 64 yaşlı Səməd Sadıq oğlu Mehmandarovun işinə baxaraq müəyyən etdim: yuxarıda adı çəkilən vətəndaş Mehmandarov əksinqilabi Müsavat partiyasının vəzifəyə qoyduğu adamdır və 399 №-li əmrdən göründüyü kimi onu müdafiə etməklə, orduda bolşevizmin aradan qaldırılması üçün həmin partiyanın qarşısında duran vəzifələri həyata keçirmişdir. Mehmandarovun əksinqilabi fəaliyyəti, yaxud Azərbaycanda sovet hakimiyyətinin devrilməsi məqsədilə törədilən hadisələrə aidiyyəti barədə digər məlumatlar yoxdur. Bunu nəzərə alaraq qərar gəldim: vətəndaş Səməd Sadıq oğlu Mehmandarov keçmiş hərbi nazir kimi ÜFK xüsusi şöbəsinin sərəncamına göndərilsin”.
Sənədin üstündə Pankratovun qeydi var: "Qərar təsdiq olunur əksinqilabi hökumətin naziri kimi göndərilir”.
Moskvaya göndərilən Mehmandarov doldurduğu sorğu vərəqində "1914-cü il müharibəsinə qədər nə işlə məşğul olub” sualına cavabda "21-ci piyada diviziyasının rəisi, müharibədən fevral inqilabına qədər 2-ci Qafqaz korpusunun komandiri və dəfələrlə birləşmiş korpuslar komandiri, 1917-ci ilin avqustundan 1918-ci ilin yanvarın 1-nə qədər Alekesandrovski yaralılar komitəsinin üzvü olduğunu” göstərir, gedişinin səbəbi kimi Az.SSR hərbi komissarı tərəfindən RSFSR İnqilab Şurasına ezam olunduğunu bildirir və bütün bunlardan sonra isə yazırdı: "Sənədlərim Xüsusi Şöbədədir”.
Əlavə şərhə ehtiyac yoxdur. Moskvaya göndərilərkən Səməd bəyə və ailə üzvlərinə İnqilabi Komitənin müvafiq vəsiqələri təqdim edilir. Çünki ən qısa müddət ərzində bolşeviklər ölkədə elə sərt tədbirlər görmüşdülər ki, vətəndaşlar əllərində pasportları, başqa sənədləri olduğu halda, bu komitə tərəfindən şəxsiyyətini təsdiqləyən vəsiqələr olmadan, daimi yaşayış yerini dəyişə, başqa yerə gedə bilməzdilər. Artıq o qədər də uzaq olmayan gələcəkdə, dünyanın 1/6-də tətbiq ediləcək əhalinin ümumi nəzarət altında saxlanılması, kütləvi izlənilməsi kimi repressiv metodlar həyata ilk vəsiqəsini almaqda idi.
S.Mehmandarov ÜFK Xüsusi İdarəsi komendantlığı tərəfindən 18 avqust 1920-ci ildə qəbul edilib və bu vaxt onun üstündən hansı əşyaların çıxdığı barədə qeyddə "qızıl qolbağı ilə birlikdə, qızıl saat” olduğu göstərilib.
1 oktyabr 1920-ci ilə aid 346 saylı agentura qeydindən isə aydın olur ki, hər iki general Moskvaya hərbi müşayiətlə deyil, sərbəst gəlmişlər. "Alınmış arayışlara görə, vətəndaşlar Mehmandarov və Şıxlinski Moskvaya gələn kimi həbs edilib, Butırsk türməsinə göndərilmişlər. Hazırda onların harada olduqları bilinmir”.
Onlar isə ÜFK Xüsusi Şöbəsində saxlanılırdılar və bunu 10 oktyabr 1920-ci ildə həmin şöbəyə Az.SSR-in fövqəladə nümayəndəsi tərəfindən göndərilən məktub da sübut edir: "Xahiş edirəm, mənim katibim Şahbazova hərbi işin mütəxəssisi kimi Bakıdan Moskvaya göndərilən Az.SSR vətəndaşları Əliağa Şıxlinski və Səməd Mehmandarovun iºlərinin vəziyyəti barədə məlumat verməkdən imtina etməyəsiniz. Fövqəladə Səlahiyyətli nümayəndə B.ªahtaxtinski”
Haşiyə çıxıb qeyd edək ki, bir diplomat kimi tanınmış Behbud ağa Şahtaxtinski 1881-ci ildə məşhur Şahtaxtı kəndində anadan olmuşdur. O, 1917-18-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı XDS fövqəladə komissiyasının üzvü, "Hümmət” təşkilatı mərkəzi komitəsinin sədri olmuş, sovetləşmədən sonra xalq ədliyyə komissarı, eyni zamanda Azərbaycanın RSFSR-dəki fövqəladə səlahiyyətli nümayəndəsi işləmişdir. Daha sonra isə Türkiyədə Azərbaycanın səlahiyyətli nümayəndəsi və Sovet-Türkiyə danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1920-ci il sentyabrın 30-da RSFSR və Azərbaycan arasında hərbi iqtisadi ittifaq haqqında müqaviləni Leninlə birgə B.Şahtaxtinski imzalamışdır.
Bəli, başqa cür də ola bilməzdi. Azərbaycan milli hökumətində hərbi nazir və onun müavini işləmiş şəxslərə, onların ordu quruculuğunda istər nəzəri, istər təcrübi baxımdan əvəzsiz hərbi dühalar olduqları etiraf edilsə belə, səviyyələrindən qat-qat aşağı vəzifələrin etibarı mümkün deyildi. Səməd bəy Mehmandarov həbsxanada saxlanılarkən guya ona hörmət əlaməti olaraq mundirinin və ordenlərinin gətirilməsinə, xalça verilməsinə mane olmamağı tapşırmaqla, bu şəxsiyyətin böyüklüyü qarşısında nə qədər cılız göründüklərini başa düşürdülər. Ancaq Azərbaycanın müstəqilliyi yolundakı tarixi xidmətləri barədə düşünəndə, yeni hakimiyyətin nəzərində Səməd bəyin bolşevik düşməni olduğunu dəlil-sübutsuz təsdiqləyən bu faktı yada salanda, onu nəinki vəzifələrə yaxın buraxmaq istəmir, hətta əllərində imkan olsa, ən ağır cəzaya layiq görmək istəyirdilər. Elə bunun nəticəsi idi ki, Səməd bəy dünyasını dəyişdikdən xeyli sonra da onun yeganə oğlu İqoru incidir, sanki atasının intiqamını almaqlarından həzz duyuldular. Halbuki Azərbaycan milli dövləti çar ordusunda xidmət göstərmiş generala etibar edib, ölkənin müdafiəsi sahəsində ən məsul postu ona tapşırmışdı.
3-cü Sibir korpusunda artilleriya rəisi təyin edildiyi 1908-ci ilin 18 noyabrında oğlunun dünyaya gəlməsindən hədsiz şad olan Mehınandarov, onun adını Pir qoyub, sonra isə bu ad dəyişdirilərək İqor edilib. Səməd bəy 1915-ci ildə 2-ci Qafqaz korpusunun komandanı təyin ediləndə İqorun yeddi yaşı, Azərbaycanın ikinci hökumətində nazir olanda 10, həbs olunanda isə cəmi 12 yaşı vardı və təbii ki, bu yaşda uşağın atasının fəaliyyətində hansı şəkildəsə iştirakı qeyri-mümkün idi. Ancaq NKVD cəlladları üçün bütün bunların heç bir əhəmiyyəti yox idi, əhəmiyyətli olansa, onun kimin oğlu olması, yeri gəlsə, hətta əsli-kökü idi.
Pirin xatirələrindən: "Atamdan sonra tez-tez anamı və məni "çeka”ya çağırırdılar. Min cür hədələyici suallar verirdilər. Suallara düzgün cavab versək də, verməsək də bizi döyüb incidirdilər. Bir dəfə lap cana doyub ağlaya-ağlaya soruşdum ki, axı məni niyə döyürsünüz? Verdiyiniz sualların cavabını mən həqiqətən də bilmirəm, yalandan nə deyim? Mənim günahım nədir?
- Günahınız ondan ibarətdir ki, özünüzə yaxşı valideynlər seçməyibsiniz.”
Butırsk həbsxanasının rəisinə 3 noyabr 1920-ci ildə 1512 saylı talon göndərən ÜFK-nm xüsusi şöbəsi "bu sənədi alan kimi Səməd bəy Mehmandarovu təcili həbsdən azad edin” tapşırığı verir. Həbsdən buraxılan keçmiş hərbi nazir 1921-ci ilin payızında Moskvadan Bakıya qayıdır. Elə həmin il Səməd bəy Mehmandarov Azərbaycan SSR hərbi-dəniz komissarlığında məsləhətçi vəzifəsində işləmiş, 1924-cü ildən 1927-ci ilin axırına qədər isə Azərbaycan hərbi məktəbində və Zaqafqaziya hərbi-piyada məktəbində dərs demiş, həmçinin Bakı Zabitlər evində fəaliyyət göstərən "Hərbi-Elmi Cəmiyyət”in sədri olmuşdur. 1928-ci ildə istefaya çıxan Azərbaycanın ilk və son ordu generalı, dalbadal dörd hökumətdə hərbi nazir postunu tutmuş Səməd bəy Mehmandarov 1931-ci ilin fevral ayında Bakıda vəfat etmişdir.
Xalqımız qarşısında müstəsna xidmətlər göstərmiş, hərb tariximizə parlaq səhifələr yazmış Səməd bəy Mehmandarovun 160 illik yubileyi 2015-ci ildə dövlət səviyyəsində qeyd olunmuşdur.
Lətif Şüküroğlu,
tarix üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər