Azərbaycanın ilk kimyaçı akademiki
Yusif Heydər oğlu Məmmədəliyev. BDU-nun on dördüncü rektoru olan
Yusif müəllim 1954-58-ci illərdə universitetə rəhbərlik edib. "Həyatda yaxşı nə
qazandımsa, kitablara borcluyam” söyləyən Yusif Məmmədəliyev Ordubadda Heydər
kişinin ailəsində dünyaya göz açıb. 1905-ci ilin sonuncu günü Tanrı bu sadə,
kasıb ailəyə bir oğul bəxş edib. İllər sonra bu oğlun xoş sorağına bir ev yox,
bir el sevindi.
Heydər kişi ailəsini halal zəhməti ilə dolandırıb. Onun böyük meyvə
bağı Ordubadda məşhur imiş. Gün çıxandan axşam çağına kimi burada çalışar,
ailəsini də bağın mer-meyvəsindən əldə etdiyi gəlirlə dolandırardı. Yusifin
anası Gülsüm xanım da ömür-gün yoldaşı Heydər kimi savadsız olub. Amma çox
güclü hafizəsi olan qadın, uşaqlarını laylalar, nağıllar, zərb-məsələlərlə
tərbiyə edib. Yazıb-oxuya bilməsə də, evdəki kitablara qayğı ilə yanaşması,
uşaqların diqqətindən yayınmayıb. Onlarda elmə, məktəbə maraq oyadıb.
Yusif ilk təhsilini Ordubadda mollaxanada alıb. 13 yaşı olanda ailə
Təbrizə göçüb. 1918-ci il də ermənilər Naxçıvana hücum edirlər. Heydər kişi
ailəsini ara sakitləşənə kimi Arazın o tayına keçirməyi qərara alır. Çayı
keçərkən faciə baş verir. Ailənin böyük oğlu İlyas suda boğulub ölür. Bu hadisə
Yusifi bərk sarsıdır. O, təkcə qardaşını yox, həm də yaxın dostunu itirir.
İlyas çox savadlı oğlan idi, bir necə dil bilirdi. Yusif mollaxanadan çox,
qardaşı İlyasdan öyrənmişdi yazıb-oxumağı. Qardaşının yoxluğu ilə barışa
bilməyən Yusif, ömrü boyu bu faciənin acısını unuda bilmir...
1920-ci ildə Heydər kişi yenidən ailəsini Ordubada qaytarır. Bu zaman
Yusif kənd müəllimi işləyirdi. Yaxşı təhsil almaq, bilikli, savadlı olmaq onun
ən böyük arzusu idi. Bu arzunu çin etmək istəyi ilə üz tutur böyük şəhərlərə.
1923-cü ildə Bakıya gəlir və Azərbaycan Ali Pedaqoji İnstitutunun təbiət
şöbəsinə daxil olur. Təhsilini başa vurduqdan sonra öz istəyi ilə əvvəl Gəncə
Pedaqoji Məktəbində, sonra isə Yerevan Pedaqoji Texnikumunda dərs deyir. Amma
bunlar Yusifi qane etmirdi. Elimdə daha böyük nailiyyətlərə sahib olmaq istəyi
onu rahat buraxmırdı. Odur ki, yenidən oxumağa qərar verir. Bu dəfə Moskvaya
gedir. 1929-cu ildə MDU-nun kimya fakültəsinin tələbəsi olmaq şərəfinə nail
olur. Yusif tez bir zamanda universitetin ən istedadlı, nizam-intizamlı
tələbəsi kimi tanınır. Universiteti əla qiymətlərlə başa vuran Yusif, ilk
olaraq Moskvada kimya zavodunda işə başlayır.
Amma onun arzusu elimdə öyrəndiklərini öz vətənində həyata keçirmək
idi. Ona görə də, vətənə qayıdır və Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun üzvü-kimya kafedrasında işə başlayır. Bununla da
gənc ixtiraçı ömrünü-gününü elmi kəşflərə həsr edir. 1941-ci ildə Böyük Vətən M
üharibəsinin başlanması onu saatlarla, günlərlə laboratoriyalarda yeni kəflərin
aparılmasına vadar edir. Müharibənin qızğın cağında - 1942-ci ilin sentyabrında
Yusif müəllim "Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və
alkilsizləşdirilməsi yolu ilə tolyolun sintezi” mövzusunda doktorluq
dissertasiyasını çox uğurla müdafiə edir. Bütün elmi ictimaiyyətin diqqətini
cəlb edən bu uğurlu işin təbliğinə Moskva qəzetləri səhifələrində gen-bol yer
ayırır. O zaman ölkənin məşhur qəzetlərindən biri olan "İzvestiya” yazırdı:
"Müharibə ilə sıx və möhkəm bağlı olan alimin bu işinin arxasında düşmənə zərbə
dayanır”. Qəzet haqlı idi. Çünki gənc alim Y.Məmmədəliyev alkilləşdirmə və
alkilsizləşdirmə reaksiyasından istifadə edərək, sintezin elə orijinal
metodlarını işləyib hazırlamışdır ki, bunlar istər yüksək oktanlı aviasiya
yanacaqlarının, istərsə də trotil hazırlanması üçün zəruri əsas xammal olan
tolyolun istehsalını xeyli artırmağa imkan verir. Y.Məmmədəliyev ilk dəfə neft
işində elə yeni kimyəvi proseslər tərtib etmişdir ki, bunlar nəinki əsas
məhsulun istehsalını xeyli artırmağa, həm də neftayırmanın daha da inkişaf
etdirilməsi perspektivini hazırlamağa imkan yaratmışdı. Elə bu böyük uğuruna
görə, Y.Məmmədəliyev 1942-ci ildə professor adına layiq görülür.
Gənc professor alkilləşdirmə və alkilsizləşdirmə reaksiyalarını
tətbiq etməklə, neft sənayesinin inkişafında yeni istiqamətin əsasını qoydu.
Yusif müəllim ixtiralarını yalnız laboratoriyalarda təcrübədən keçirməklə
kifayətlənmirdi. O bilirdi ki, bunlar həm keyfiyyətcə, həm də kəmiyyətcə çox
böyük səmərə verəcəkdir. Ona görə də, 1943-cü ildə "Azərqaz” trestinin 4
nömrəli zavodunda ilk sınağını həyata keçirir. Alkibenzinin sintezi üzrə təkcə
bir prosesin tətbiqi 1943-cü ilin ötən dövründə əlavə olaraq 10000 tona qədər
yüksək keyfiyyətli aviasiya benzini istehsal etməyə imkan vermişdi. Bu böyük
uğur dünya alimləri tərəfindən də alqışlanır: "Y.Məmmədəliyevin işləri neft
sənayesi qarşısında geniş perspektivlər açır və cəsarətlə demək olar ki, yüksək
keyfiyyətli aviasiya benzini və tolyol istehsalında əsl çevriliş edir”.
Bu ixtiralar istehsalatda böyük iqtisadi səmərə verdiyi üçün 1944-cü
ildə o, zamanın ən böyük mükafatına Stalin mükafatına və 1945-ci ildə isə SSRİ
Dövlət Mükafatına layiq görülür. Bundan sonra Bakıda alkibenzol istehsalı
zavodu tikilir və Y.Məmmədəliyevin metodu ilə işləyir. Y.Məmmədəliyevin bu
uğurları Azərbaycanda Neft Kimyası Məktəbinin əsasının qoyulmasına səbəb olur.
1945-ci ildə elimin ən yüksək adına - Azərbaycan SSR Elmlər Akademiyasının akademiki
adına layiq görülən Y.Məmmədəliyev, 1947-ci ildə Azərbaycan EA-nın prezidenti
seçilir. Artıq 1950-ci illərdə Y.Məmmədəliyevin elmi ixtiralarının şöhrəti
Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara da yayılmışdır.
Y.Məmmədəliyev 1954-58-ci illərdə BDU-ya rəhbərlik edib. O, rektor
olduğu illərdə BDU-da bir çox nailiyyətlərə
imza atıb. 1955-56-cı dərs ilində rektorluq bütün ixtisaslar üzrə yeni tədris
planları aldı. Bütün fakültələrin ilk 3 kursu bu planlar üzrə fəaliyyət
göstərməyə başladı. 1956-57-ci dərs ilində tədris prosesində növbəti
dəyişikliklər edildi; birgə mühazirələr artırıldı, bir sıra kursların təkrar
edilməsi aradan qaldırıldı və s. Bu dəyişikliklər tədrisin keyfiyyətini bir
qədər də yaxşılaşdırmağa imkan verdi.
BDU-nu daha çox elm mərkəzinə çevirmək niyyətində olan Y.Məmmədəliyev,
geniş elmi işlər aparmaq və yüksək dərəcəli mütəxəssislər hazırlamaq üçün
kafedra və laboratoriyaların müasir avadanlıqlarla təchiz edilməsinə nail oldu.
"Zamanın tələb”lərindən bir qədər yayınmağa can atan rektor, siyasi elmlərin
tədrisinə nisbətən "göz yumdu”. 1955-56-cı dərs ilində marksizm-leninizmin
əsasları kafedrası Sovet İttifaqı Kommunist Partiyası tarixi kafedrası
adlanmağa başladı. Maksizm-leninizm nəzəriyyəsinin tədrisi nisbətən arxa plana
keçdi.
Yusif müəllim BDU-ya
rəhbərlik etdiyi bu qısa zamanda universitetin elmi əsərlərinin çapına nail
olmuş və yeni korpusun inşasına başlamışdı. 1958-ci ilin ortalarından BDU
rəhbərliyindən uzaqlaşdırılan Y.Məmədəliyev, yenidən Azərbaycan EA-nın
prezidenti və SSRİ EA-nın müxbir üzvü seçilir. İxtiraçı alim Akademiyanı həqiqi
elmi mərkəzə çevirmək üçün yenidən var qüvvəsi ilə işə başlayır və buna nail də
olur. SSRİ və Azərbaycan SSR Ali Sovetinə deputat seçilən görkəmli akademik
Lenin ordeni və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunub. Azərbaycanın
Əməkdar elm xadimi kimi fəxri adı daşıyan Yusif müəllim, bu gün qəlbimizə,
yaddaşımızda bütün bu uğurlarından ucada duran xeyirxah insan, vətənpərvər
ziyalı kimi qaldı.
Azərbaycan mətbuatının canlı ensiklopediyası olan Qulam Məmmədli
danışırdı: "1953-cü ildə Mərkəzi Komitədə böyük bir tədbir keçirilir. Yusif
müəllimə söz verilir. O, qoyulan "qayda-qanunu” pozaraq ana dilində çıxış edir.
Bu, Mərkəzi Komitənin birinci katibi M.C.Bağırovun və çoxlarının xoşuna gəlmir.
Bu hadisədən sonra Mərkəzi Komitədə ona münasibət dəyişilsə də, Yusif müəllim
öz inadından, vətənpərvərliyindən dönmür. Əksinə, Azərbaycan EA-da keçirilən
əksər böyük tədbirlərin ana dilində aparılmasına nail olur”.
Deməli,
vətənpərvərlik, insansevərlik, xeyirxahlıq vəzifəsindən asılı olmayaraq insanın
canında-qanında olmalıdır və heç bir yüksək titul bunları onun qəlbindən
qoparıb ata bilməz.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist