• cümə axşamı, 28 mart, 20:26
  • Baku Bakı 13°C

Azərbaycanın idman siyasətinin növbəti qələbəsi - Fotolar

21.11.18 11:00 3249
Azərbaycanın idman siyasətinin növbəti qələbəsi - Fotolar
Son illər ölkəmizin dünyada nüfuzunun daha da artması, beynəlxalq miqyaslı tədbirlərin Azərbaycanda keçirilməsi, o cümlədən paytaxt Bakının 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, Bakı-2015: I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi, Bakı-2016: Ümumdünya Şahmat Olimpiadası, Bədii Gimnastika üzrə Avropa Çempionatları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, Peşəkar Boks üzrə Beynəlxalq Turnir və sair kimi yarışlara ev sahibliyi etməsi gənclərin həyatında mühüm rol oynayıb. Bununla yanaşı, beynəlxalq əhəmiyyətli idman tədbirlərinin Odlar Diyarında – Bakı şəhərində keçirilməsi Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına səbəb olub.

Məhz bunun nəticəsidir ki, UEFA Avropa Liqasının final oyununun gələn il Bakı şəhərində keçirilməsi ilə paralel olaraq, Azərbaycan daha bir beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Söhbət 2019-cu ilin 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalından (AGYOF) gedir. AGYOF-un açılış mərasimi iyulun 21-də təşkil olunacaq. Ümumilikdə 50 Avropa ölkəsindən 3 min 600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. On idman növü - bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş üzrə keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.
50 ölkədən 3600-dən çox idmançı
AGYOF-a hazırlıq səviyyəsini "Kaspi”yə açıqlayanGənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, Avropa Gənclər Festivalının ideyası gənclərə Olimpiya hərəkatını tanıtmaq, Olimpiya dəyərləri və ideallarını öyrətmək məqsədilə Avropa Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülüb. Onun sözlərinə görə, Festival 14-18 yaş arasında gənc Avropa atletləri üçün yüksək səviyyəli çox idman növlü tədbirdir: "Birinci festival 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. Bu tədbir iki ildə bir dəfə, cüt deyil, tək illərdə qışda və yayda keçirilir. Avropa Gənclər Olimpiya Festivalı Avropa Olimpiya Komitəsinə aiddir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Bu festivala ev sahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən kvalifikasiya raundu olmadan iştirak etmək hüququnu qazanır. Bu yarışın Azərbaycan gəncləri, idmançıları üçün önəmi və perspektivi böyükdür. Festival 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına trampilin rolunu oynayacaq. Yəni, Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalında qalib olacaq idmançılar bir il sonra Tokioda keçiriləcək olimpiadaya özlərini hazır saya bilərlər. Yarışlarda iştirak etmək üçün Bakıya gələcək idmançılar üçün Atletlər kəndində 6 binanın ayrılması nəzərdə tutulub. Yarışlar Bakıdakı 12 idman kompleksində keçiriləcək”.
İnkişaf etmiş idman ölkəsi
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev dünyada daimi sabitlik adası kimi tanınan Azərbaycanın daha bir tarixi yarışa ev sahibliyi etməsini müsbət hal kimi qiymətləndirib. Deyib ki, Azərbaycanda iqtisadi, siyasi, mədəniyyət və digər sahələrdə qazanılan uğurlarla yanaşı, idman istiqamətində gedən inkişaf da göz önündədir. Millət vəkilinin fikrincə, idman sahəsində qazanılan uğurlar, qələbələr dövlətin ümumi inkişaf səviyyəsindən, iqtisadi potensialından xəbər verir: "İdmançılarımızın beynəlxalq yarışlarda qazandığı medallar, bayrağımızın Avropa, dünya çempionatlarında şərəflə dalğalandırılması, yüksək standartlara cavab verən idman komplekslərinin tikintisi, Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi ölkəmizi idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən dövlətlərdən biri kimi tanınmasına şərait yaradıb”.
Sülhə, həmrəyliyə, dostluğa çağırış
Millət vəkili N.Həmzəyev bildirib ki, məhz ölkə idmançılarının beynəlxalq yarışlarda qazandığı hədsiz uğurlardan əlavə, Azərbaycanın bir sıra beynəlxalq və mötəbər yarışlara ev sahibliyi etməsi ölkəmizi dünyanın əsas idman mərkəzlərindən birinə çevirib. Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin idmana və olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycan mühüm idman tədbirlərinin, dünya və Avropa çempionatlarının keçirildiyi məkana çevrilib: "Ölkədə həyata keçirilən uğurlu idman siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi tanınır. Tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkilatçılıq hüququnun Azərbaycana həvalə edilməsi, bütün dünyanın diqqətini Azərbaycana yönəldən Formula-1 Avropa Qran-prisinin, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsi ölkəmizin idman siyasətinin uğurlarındandır. Azərbaycan mötəbər idman yarışlarına ev sahibliyi etməklə özünün yeni idman tarixini yazıb, tədbirlərin möhtəşəm açılış və bağlanış mərasimlərində təqdim edilən kompozisiyalarla dünyanı sülhə, həmrəyliyə, dostluğa çağırıb. İnanıram ki, Avropa Gənclər Olimpiya Festivalı da əvvəlki mötəbər idman tədbirləri kimi ən yüksək səviyyədə təşkil ediləcək və ən yaxşı təşkilatçı ölkə kimi yadda qalacaq. Azərbaycan mötəbər idman tədbirinə layiqli ev sahibliyi etməyə qadir olduğunu artıq bütün dünyaya sübut edib”.
Azərbaycana olan etimad
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevhesab edir ki, beynəlxalq səviyyəli tədbirlərin Bakıda keçirilməsi, ölkəmizin dünya və Avropa çempionatlarına ev sahibliyi etməsi ilk növbədə idman aləminin Azərbaycana olan etimadının göstəricisidir. Deputatın sözlərinə görə, AGYOF-un da Bakıda keçirilməsi dünya idman aləminin ölkəmizə olan inamını növbəti dəfə ortaya qoyur: "Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycan təhlükəsizlik, təşkilatçılıq, potensial baxımından xüsusilə diqqət çəkir. Belə yarışların ölkəmizdə keçirilməsi gənclər arasında idmanın, sağlam həyat tərzinin təbliğatının aparılması, idmanın kütləviliyinin təmin edilməsi, Azərbaycanın tanıdılması, həqiqətlərimizin dünyaya çatdırılması prizmasından da önəmlidir. Beynəlxalq idman yarışlarına Azərbaycanın ev sahibliyi etməsi bütün parametrlər üzrə təqdirəlayiq haldır”.
Siyasi rəhbərliyin iradəsinin göstəricisi
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov da qəzetimizə açıqlamasında deyib ki, Azərbaycana növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi etmək hüququnun verilməsi ilk növbədə ölkəmizə olan inamın, etibarın nümayişi, dövlətimizin nüfuzunun göstəricisidir. Alimin sözlərinə görə, artıq heç kimə sirr deyil ki, Azərbaycanda mövcud olan stabil və təhlükəsiz mühit ölkəmizdə istənilən böyük beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə imkan yaradır: "Artıq formalaşmış və bütün dünya tərəfindən qəbul edilən Azərbaycan təcrübəsi burada ciddi nəzərə alınır. Azərbaycanda indiyədək beynəlxalq mədəniyyət, elm, humanitar, siyasi, iqtisadi, idman tədbirləri ən yüksək səviyyədə həyata keçirilib və ölkəmizin imicinin formalaşmasında, dünyada tanınmasında xüsusi rol oynayıb. Bundan başqa, ölkəmiz bir çox beynəlxalq səviyyəli tədbirlərin əsasını qoymaqla, ilk dəfə bu mötəbər tədbirlərə ev sahibliyi etməklə, öz sözünü deyib. Xüsusilə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, Formula 1 yarışlarının, "Avroviziya” musiqi yarışmasının, Humanitar forumların, gəncləri əhatə edən tədbirlərdən - Avropa və Dünya Gənc Alimlərinin Bakı Forumlarının, Qlobal Gənc Liderlər Forumunun, 41-ci Ümumdünya Skaut Konfransının, müxtəlif idman yarışlarının Bakıda təşkil olunması təsadüfi deyil. Bu, Azərbaycanın siyasi rəhbərliyinin iradəsinin göstəricisidir”.
Gənclərin daha da inkişafı
QHT sədri İ.Orucov onu da əlavə edib ki, bu cür tədbirlərə ev sahibliyi etmək üçün istək kifayət deyil, vacib olanlardan biri də ölkənin iqtisadi gücüdür: "İqtisadi güc güclü infrastruktur, maddi-texniki bazanı formalaşdırır. Azərbaycan Prezidentinin iradəsi ilə nəinki paytaxt Bakıda, eləcə də ölkəmizin hər bir bölgəsində güclü infrastruktur formalaşdırılıb, ən ucqar regionda belə, ən müasir Olimpiya kompleksləri, yüksək səviyyəli otellər, digər iaşə obyektləri tikilib istifadəyə verilib. Gələn il Azərbaycanda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı da mühüm tədbirlərdən biridir. Festivalda 50 iştirakçı ölkədən 3600 idmançının təmsil olunması bu tədbirin miqyasını və çəkisini ortaya qoyur. Hesab edirəm ki, festival Azərbaycan gənclərinin daha da inkişafı, beynəlxalq arenada ölkəmizin bir qədər də tanıdılması, respublikamıza turist axınının güclənməsi işinə növbəti təkan olacaq. Tədbirin daha bir müsbət tərəfi hər bir iştirakçının ölkəmizin həqiqətlərini öz ölkələrində təbliğ etməsidir, Azərbaycandan aparacaqları təəssüratların yaratdığı effektdir. Heç kimə sirr deyil ki, bu cür mötəbər tədbirlərin təşkilində ölkə gənclərinin bir qismi həm də könüllü olaraq fəaliyyət göstərir. Bu da ölkəmizdə könüllülük hərəkatının növbəti nəslinin yaranması olacaq, çoxsaylı gənclər bu fəaliyyətdən yeni-yeni təcrübələr əldə edəcək, dostlar qazanacaqlar. Həmçinin festival 10 idman növündə yarışacaq idmançı gənclərimizin potensiallarını ortaya qoymaları üçün geniş imkanlar yaradacaq”.
Sağlam bədəndə sağlam ruh
"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidovbildirib ki, ölkəmizin mötəbər idman yarışlarına ev sahibliyi etməsi Azərbaycanın hər bir sahədə olduğu kimi, idman sahəsində də sürətli inkişafından xəbər verir. Onun sözlərinə görə, gələn il Azərbaycanda AGYOF-un keçirilməsi ölkəmizin ictimai-siyasi məkanda təhlükəsiz olmasından, beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmək təcrübəsindən, təşkilatçılıq potensialından xəbər verir: "Əks təqdirdə, mötəbər idman təşkilatları Azərbaycan namizədliyini dəstəkləməzdi. İdmançılarımız, o cümlədən də gənclərimiz bu yarışlara var gücü ilə hazırlaşır, dayanmadan çalışırlar. Ölkədə gənclərə göstərilən diqqət, onların idmana olan marağı Azərbaycanda sağlam ruhda insanların yetişdiyini göstərir. Mənfur düşmənlərimiz günü-gündən çiçəklənən Azərbaycanın paxıllığını çəkirlər. Biz də bir yumruq tək birləşib var gücümüzlə bu Olimpiya festivalında çalışmalıyıq ki, bütün növlər üzrə medallar qazanaq və medal sayına görə ilk pillədə qərarlaşaq. Bu tədbirin gənclər üçün əhəmiyyəti yetərincə çoxdur. Bura gənc nəslin sağlamlığının qorunmasını, könüllülük hərəkatının inkişaf etdirilməsini və sairləri də əlavə etmək olar. Ancaq əsas məqam ölkə adından çıxış edəcək gənclərin bu təcrübəni elə Vətəndə yaşamasıdır. Çünki bizim Avropa Oyunları, İslam Həmrəylik Oyunlarında çox yaxşı nəticələrimiz olub”.

İdman və bədən tərbiyəsi sahəsində nailiyyətlər
Sonda qeyd edək ki, növbəti dəfə mühüm beynəlxalq idman turnirinin Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən idman siyasətinin növbəti qələbəsidir. Eyni zamanda bu, beynəlxalq federasiyaların Azərbaycanda aparılan işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində nailiyyətlərimizə verdiyi yüksək qiymətdir. Şübhə etmirik ki, bu yarışlar da əvvəlkilər kimi yüksək təşkilatçılıq səviyyəsində baş tutacaq, Azərbaycan idmançılarının, xüsusən də gənclərimizin potensialı, gücü, qabiliyyəti növbəti dəfə bütün dünyaya nümayiş olunacaq. Gənc idmançılarımızın festival çərçivəsində əldə edəcəyi qalibiyyətlər Azərbaycanın idman ölkəsi kimi beynəlxalq nüfuzunu bir qədər də artıracaq.
Rufik İSMAYILOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi müsabiqəyə təqdim edilir.

banner

Oxşar Xəbərlər