Azərbaycanın Gürcüstan siyasəti dəyişə bilər

Azərbaycanın Gürcüstan siyasəti dəyişə bilər

Siyasət
08 Noyabr 2012, 15:26 1478
“Azərbaycan bütün sahələr üzrə Gürcüstana hər zaman yalnız xoş münasibət nümayiş etdirib. Lakin bunun qarşılığını görməyib”. Bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu noyabrın 8-də “Gürcüstan-Azərbaycan münasibətləri keçid dövründə” mövzusunda keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Gürcüstanın ən ağır dövrlərində, o cümlədən 2008-ci ildə Rusiya ilə münasibətlər kəskinləşdikdən sonra və təbii fəlakət zamanı Azərbaycan bu qonşu ölkəyə kifayət qədər ciddi yardımlar edib. Azərbaycan 1000 kubmetr qazı Gürcüstana 145 dollara verib. Azərbaycanın daxilində isə qazın qiyməti bundan çox az ucuz 120 dollardır. Qazın nəqlinə çəkilən xərci bu ədədin üzərinə əlavə etsək, Gürcüstanın qazı Azərbaycanın daxili qiymətinə aldığını iddia etmək olar. M.Əhmədoğlunun sözlərinə görə, Gürcüstan ermənipərəst siyasət aparmamağını Azərbaycana dostluq jesti kimi təqdim edib. "Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsinin tormozlanmasına çalışan bəzi Qərb qüvvələrinin maraqlarının daşıyıcısına çevrilib. Gürcüstandakı azərbaycanlılara qarşı dini və etnik dözümsüzlük halları daim mövcud olub" – deyə politoloq vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanda yaşayan azərbaycanlıların evlərinə olan basqınçı-soyğunçu hücumlar ehtimal ki, təsadüfi deyil, mütəşəkkildir və konkret olaraq soyğunçuluq məqsədi daşımır. “Bunun arxasında siyasi və geosiyasi məsələlər ola bilər. Hakimiyyət dəyişikliyinin, köhnə hakimiyyətlə yeni hakimiyyətin qarşılıqlı münasibətlərinin də bu prosesə təsirini istisna etmirik, lakin o da ciddi sürətdə nəzərə alınmalıdır ki, bu, Azərbaycan Respublikasına mesajdır” - deyə M. Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Gürcüstandakı soydaşlarımıza qarşı neqativ hadisələr və təzyiqlər onları əvvəlki davranış-münasibətlər sistemindən imtinaya təhrik edir. “Ermənilərdən fərqli olaraq, Gürcüstandakı azərbaycanlılar təşkilatlanmayıblar, amma indi təşkilatlanma əsaslı və zəruri görünür. Gürcüstanın hüquq mühafizə orqanlarının gözü qarşısında azərbaycanlı ailələrə hücum edilib, ailənin şərəfi, qız-gəlinlərin ləyaqəti təhqir olunub var-yoxu aparılacaqsa yerli əhalinin özünümüdafiə istiqamətində təşkilatlanması zərurətə çevrilir" – deyə politoloq bildirib. M.Əhmədoğlu bildirib ki, Gürcüstan azərbaycanlıların təşkilatlanma və özünümüdafiə istiqamətində atdığı addımlar indiki şəraitdə Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənməlidir. Başqa yol yoxdur, səbr və dözüm tükənir: “Azərbaycanın Gürcüstanla münasibətlərinə yenidən baxması və əvvəlki kursundan geri çəkilməsi daha məqsədəuyğundur. Azərbaycanın Gürcüstana güzəşt siyasəti bu ölkənin Qarabağ məsələsinə münasibəti ilə uzlaşdırılmalıdır”. O bildirib ki, rəsmi Bakı heç bir zaman Gürcüstandakı azərbaycanlıları mərkəzi hakimiyyətin üzərinə qaldırmayıb. Gürcüstanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, rəsmi Bakı bu və ya digər yolla Gürcüstandakı azərbaycanlıları gürcü dövlətinin ərazi bütövlüyünü və dövlət suverenliyini qorumağa təşviq edib. O vurğulayıb ki, Gürcüstan-Abxaziya dəmiryolunun açılmasında daha dörd aspekt diqqətdən kənarda qalmamalıdır: “Əvvəla, bu, separatizmi ruhlandırmaq deməkdir. Separatçılar əməllərinin haqq olduğuna daha da inanacaqlar. Ərazi bütövlüyü prinsipinə ikili standartlarla yanaşan Gürcüstanın separatizmə haqq qazandırmaq marağına uyğun olsa da, bu gün Cənubi Qafqaz regionunda separatizmi ruhlandırmaq regionun strateji maraqlarına təhlükəni artırır" – deyə M. Əhmədoğlu vurğulayıb. O qeyd edib ki, Gürcüstan-Abxaziya dəmiryolunun işə başlamasının ikinci aspekti Abxaziya münaqişəsinin mürəkkəbliyi ilə bağlıdır. Əslində, regionun ən mürəkkəb münaqişəsi Dağlıq Qarabağ münaqişəsi deyil, gürcü-abxaz münaqişəsidir: “Dağlıq Qarabağ münaqişəsində iki tərəf mövcuddur və tərəflərin arxasında çoxcəhətli müxtəlif qüvvələr var. Abxaziya məsələsində isə Gürcüstan, Abxaziya və Rusiya ilə yanaşı, ermənilərin və Türkiyənin də mühüm maraqları var. Dağlıq Qarabağ münaqişəsində münasibətdə polyar mövqedə dayanan Türkiyə və Rusiyanın Abxaziyanın müstəqilliyinə münasibəti eyni ola bilər. Abxaziya Türkiyə ilə Azərbaycanın strateji mövqelərinin fərqləndiyi münaqişədir”. Onun sözlərinə görə, Abxaziyada çoxsaylı, hətta bəzi məlumatlara görə sayına görə birinci yerdə olan erməni icması mövcuddur: “Üçüncüsü, MDB məkanında separatizmin iqtisadi yolla müalicəsi yoxdur. Bu gün Azərbaycan Ermənistandan dəfələrlə güclüdür. Azərbaycanla Ermənistan arasında siyasi, iqtisadi, hərbi fərqlər günbəgün artır. Kənardan ilhamlanan erməni separatizmi bu fərqi inkar edir, əksinə, daha kəskin ritorika ilə mövqelərinin sərtləşdiyini göstərir” - deyə Əhmədoğlu qeyd edib. Dördüncü aspekt haqqında danışan politoloq qeyd edib ki, indiki hakimiyyət parlament seçkilərində müxalifət qismində iştirak edərkən Cavaxetiya regionunda erməni separatçılarla ciddi əlaqələr qurdu və hətta onların liderinin deputatlığa namizədliyini irəli sürdü. Bu kontekstdə Gürcüstan-Abxaziya dəmiryolunun açılmasında erməni məsələsinin daha önəmli rolunu istisna etmək mümkün deyil.

Politoloq bilidib ki, bu zamana kimi Gürcüstanın Azərbaycan istiqamətində atdığı neqativ addımlarına və ya Azərbaycanın yaxşılıqlarını adekvat davramamasına dözmək mümkün idi, lakin hakimiyyət dəyişikliyi ərəfəsində, eləcə də hakimiyyət dəyişikliyindən sonra baş verənlər Azərbaycan cəmiyyətini ciddi narahat edən məsələlərin meydana çıxmasına şərait yaratdı: “Yeni hakimiyyətin dövründə Azərbaycana qarşı qoyulan tələblər, Azərbaycanın ünvanına səslənən saymazyana, bəzən hətta təhqirli ifadələr Gürcüstan-Azərbaycan münasibətləri barəsində gürcülərin mövqeyinin sağlamlaşmasına inamı sarsıdır. Bəzi Gürcüstan siyasətçiləri Azərbaycanın Gürcüstanın siyasətinə təsir edə bilməyəcəyini vurğulayırlar. Hətta Azərbaycana Gürcüstanın işlərinə burun soxmamağı məsləhət bilən gürcü siyasətçiləri var”.

M.Əhmədoğlu onu da bilidirib ki, əslən Gürcüstandan olan Söyün Sadıqovun Moskvada aktivləşməsi təsadüfdən və ya bilərəkdən Gürcüstandakı azərbaycanlıların evinə edilən soyğunçu-basqınçı hərəkətlərlə və Gürcüstanda yeni adamların hakimiyyətə gəlməsi ilə eyni dövrə düşdü: “Əldə olunan məlumata görə, Söyün Sadıqov Dağlıq Qarabağ məsələsi ilə həmişə alver etməyə cəhd edib. Onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi barədə məlumatlara şübhə edənlər də azdır. Həmçinin onun çirkli pulların yuyulmasında iştirakı və bu yolla kapital qazanması barədə də məlumatların böyük əksəriyyəti şübhə doğurmur. Həmin ərəfədə seçki prosesində müxalifət (“Gürcü Arzusu” partyası) azərbaycanlılara qonşu Cavaxetiya regionunda erməni separatçılarını ruhlandırıb, onların liderini deputatlığa namizəd elan etdi. Eynilə bu dövrdə Cavaxetiya ermənilərinin Moskvadakı bəlli təşkilatı ambisiyalarını və iddialarını genişləndirirdi”. Politoloq əlavə edib ki, belə olan təqdirdə ermənilər və onların bəzi dövlətlərin xüsusi xidmət orqanlarındakı havadarları ilə birgə yeni layihəsindən danışmaq olar: “Rusiyanın keçmiş prezidenti ən azı dörd dəfə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etdi, özü kostyumunu çıxararaq kağız-qələm götürüb birbaşa bu münaqişənin tənzimlənməsi ilə məşğul oldu. Rusiya Xarici İşlər Nazirliyində MDB regionunda münaqişələr üzrə kuratoru həm Azərbaycan, həm də Ermənistan rəsmilərilə geniş spektrli münasibətlərə malikdir və onlarla müntəzəm surətdə Dağlıq Qarabağ mövzusunda danışıqlar aparır. Bu fonda rəsmi Moskvanın gizli, yarım gizli və ya qeyri-formal koordinatoruna ehtiyac qalmır”. Politoloq onu da bildirib ki, Gürcüstandakı hakimiyyət dəyişikliyi və S.Sadıqovun Qarabağı Azərbaycana “qaytarması” eyni mənbədən qaynaqlanan proses ola bilər: “Azərbaycanda və Rusiyada nüfuzundan, statusundan asılı olmayaraq müəyyən adamları aldatmaq da bu məqsədə xidmət edə bilər”.

Azər NURİYEV