• cümə, 19 Aprel, 20:36
  • Baku Bakı 24°C

Azərbaycanın gücünün etirafı

07.09.13 08:36 1954
Azərbaycanın gücünün etirafı
Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə dünya ölkələri iqtisadiyyatlarında rəqabətədavamlılıq reytinqini açıqlayıb. “2013—2014-cü illərdə dünyada rəqabətlilik hesabatı”na əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 46-cı yerdən 39-cu yerə yüksəlib. 2011-2012 hesabatında isə ölkəmiz 142 ölkə arasında 55-ci yer tutmuşdu.
Hesabatda Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 148 ölkə arasında 8-ci, əmək bazarının effektivliyi göstəricinə görə 30-cu, texnoloji hazırlıq səviyyəsinə görə 50-ci və innovasiyalara görə 50-ci yerdə qərar tutub. Xüsusilə makroiqtisadi sabitliyin ayrı-ayrı komponentləri üzrə Azərbaycanın mövqeləri daha güclüdür.
Məsələn, Azərbaycan inflyasiya dərəcəsinin aşağı səviyyəsinə görə dünyada 148 ölkə arasında 1-ci yerdədir, habelə ümumi yığımın ÜDM-dəki payına əsasən 10-cu, dövlət borcunun ÜDM-dəki xüsusi çəkisinə görə 13-cü və icmal büdcənin balansının ÜDM-ə faiz nisbətinə görə 15-ci yerdədir.
İqtisadçı-professor Zahid Məmmədovun fikrincə, reytinqdə irəliləməyimiz xarici investorların da Azərbaycana marağını artırır: “İş adamları hansısa ölkədə yatırım qoyarkən bu reytinqə nəzər salır, ölkədə rəqabət qabiliyyətinin necə olduğunu öyrənirlər. Ölkəmizdə monopoliyaya qarşı mübarizə, rəqabətin inkişafı ilə əlaqədar gərəkli addımlar atılır və işlər görülür. Təbii ki, bu görülən işlərin nəticəsi olaraq reytinq qurumları ölkələrin səviyyələrini müəyyənləşdirə bilir. Ümid edirəm ki, zaman-zaman biz bu sıraları keçəcəyik. Azərbaycanda qeyri-neft sektoru da inkişaf edir, alternativ işlər aparılır. Məsələn, rabitə və informasiya texnologiyalarının inkişafına yönəlik işlər görülür. Hesab edirəm ki, Azərbaycanda artıq bu sahədə də istehsal genişlənəcək və gələcəkdə bu sektora yönəlik investorların gəlişini də gözləyirəm”.
Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Əli Məsimli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın potensialı o qədər yüksəkdir ki, qarşısına ambisiyalı vəzifələr qoyub, o hədəflərə doğru hərəkət etməlidir: “Mən üç hədəf irəli sürmüşdüm: birincisi, ölkəmiz rəqabət qabiliyyətliliyinə, ikincisi, insan inkişafına, üçüncüsü, adambaşına düşən ümumdaxili məhsulun istehsalına görə dünyanın 50 dövləti sırasına daxil olmalıdır. Artıq Azərbaycan bu 3 göstəricidən birinə nail olub. Vaxtilə rəqabət qabiliyyətlilik göstəricisinə görə 50-ci yerdən uzaq olan Azərbaycan indi 39-cu yerdədir. Bu, təbii ki, Azərbaycan iqtisadiyyatında gedən müsbət tendensiyaların nəticəsidir”.
Millət vəkilinin sözlərinə görə, ilk növbədə Azərbaycanda müəyyən islahatlar istiqamətində atılan addımlar, eyni zamanda investisiya üçün yaradılan şərait və iqtisadiyyatımızın dünya iqtisadiyyatında yeri və rolunun artması bilavasitə rəqabətə davamlılıq reytinqində yerimizin yüksəlməsinə müsbət təsir göstərməyə başlayıb: “Konkret göstəricilər üzrə Azərbaycanda artım templərinin kifayət qədər yüksək olması, ölkəmizə qoyulan investisiyaların ümumdaxili məhsulda payının yüksək olması, bir neçə il bundan əvvəl birpəncərə sisteminin tətbiqi, ASAN Xidmətin tətbiq olunması islahat hesab edilir”.
İqtisadçı bildirdi ki, rəqabət qabiliyyətlilik göstəricisinin yaxşılaşdırılması Azərbaycanı qiymətləndirən digər göstəricilərə də müsbət təsir göstərə bilər: “Bu isə Azərbaycana əlavə investisiya qoyulması üçün şərait yaradar və əgər biz bir az da çalışsaq, həmin investisiya təkcə Bakıya yox, regionlara doğru hərəkət edər və regionlardakı əhalinin güzəranına birbaşa təsirini göstərə bilər”.
Ə.Məsimlinin fikrincə, Ümümdünya İqtisadi Forumun rəqabətə davamlılıq reytinqində daha da irəliləmək imkanlarımız var: “Əgər biz islahatlar istiqamətində addımları dərinləşdirsək, sözün həqiqi mənasında ciddi islahatlar proqramını ortaya qoyub onu həyata keçirməyə başlasaq, Azərbaycanın potensialı imkan verir ki, daha da irəliyə gedək”.
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin ekspertləri hesabatı şərh edərkən bildiriblər ki, qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 7 pillə irəliləməsi və dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatı sırasına daxil olması ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi qiymətləndirilməlidir: “Qeyd etmək lazımdır ki, bu il Azərbaycan MDB ölkələri arasında yenə də ən yüksək nəticəyə nail olmuşdur. Azərbaycanın inkişaf sürəti, dinamikası, onun daim inkişafda olan, möhkəm iqtisadiyyata malik olması, onun MDB məkanında ən rəqabətqabiliyyətli dövlət elan olunmasına səbəb olub”.
Təşkilatın eksperti Raqif Qasımov deyir ki, Dünya İqtisadi Forumunun “2013-2014-cü illərdə dünya rəqabətlilik hesabatı”nda əmək bazarının effektivliyi göstəricinə görə Azərbaycanın 30-cu yerdə qərarlaşması olduqca müsbət haldır: “Əmək bazarı, məşğulluq və işsizlik son zamanlar dünyada ən mühüm sosial-iqtisadi problemlər kimi bir çox dövlətlərdə ciddi ictimai narazılıqlara səbəb olur. Xüsusən də dünyanı bürümüş maliyyə və iqtisadi böhran fonunda bu problemlər özünü daha da qabarıq şəkildə büruzə verir. Lakin qeyd etmək lazımdır ki, dünyada baş verən bu mənfi iqtisadi proseslərə baxmayaraq, hərtərəfli və dinamik inkişaf edən Azərbaycanda artıq əmək bazarı tam olaraq formalaşıb, çox qısa bir müddət ərzində ölkəmiz məşğulluq məsələlərinin həlli yönündə böyük təcrübə toplayıb və bu istiqamətdə yarana biləcək çətinlikləri dəf etməyə qadirdir”.
R.Qasımovun sözlərinə görə, əminliklə söyləmək olar ki, Azərbaycan dövləti əmək bazarının formalaşdırılması istiqamətində bütün əsas vəzifələri uğurla yerinə yetirməyə şərait yaradan siyasi kursu həyata keçirməyə müvəffəq olub: “Belə ki, əməyin tələb və təklif arasında elə bir nisbətə nail olunub ki, bir tərəfdən əksər əhalinin həyat səviyyəsinin lazımi dərəcədə saxlanılması təmin edilib, digər tərəfdən isə insan əməyinə effektiv stimullar qorunub saxlanılıb. Bununla yanaşı, əmək resurslarının sahə, ixtisas, təhsil və coğrafi mobilliyi elə bir optimal şəkildə formalaşdırılıb ki, bu Azərbaycanda bütövlükdə bazar iqtisadiyyatının effektivliyinin artırılması üçün zəruri olan ilkin şəraitlərin yaranmasına təkan verir”.
Ekspert qeyd etdi ki, Azərbaycanda əmək bazarında mövcud dövlət siyasəti həm ekstensiv, həm də intensiv cəhətləri ilə də diqqət çəkir: “Yəni dövlət sifarişlərinin verilməsi nəticəsində iqtisadiyyatın dövlət sektorunda məşğulluq təmin edilir və qeyri-dövlət sektorunda olan məşğulluğa müsbət təsir göstərilir, eyni zamanda intensiv inkişaf dövlətin birbaşa əmək bazarına artan təsirini, eləcə də əmək resurslarının təkrar istehsalını, işə götürmə şərtlərini və istehsalat mobilliyini nəzərdə tutur. Bununla yanaşı, dövlətimizin əmək bazarındakı siyasəti iqtisadiyyatın artım tempinin sürətləndirilməsinə, onun struktur cəhətdən yenilənməsinə, investisiya və istehlak tələbatının stimullaşdırılmasına istiqamətləndirilmiş ümumiqtisadi siyasətin bir tərkib hissəsidir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər