AZE | RUS | ENG |

Azərbaycanın gələcəyinə hesablanan iqtisadi müstəqillik - Fotolar

Azərbaycanın gələcəyinə hesablanan iqtisadi müstəqillik - Fotolar
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Son illər dünyada cərəyan edən proseslər, eləcə də tarixi təcrübə göstərir ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha çətin və mürəkkəbdir. XX əsrin sonunda müstəqilliyini yenidən bərpa edən və həmin andan etibarən düşmən təcavüzünə, terror aktlarına məruz qalan Azərbaycanda bu mənada vəziyyət daha çətin idi. Çünki həmin illərdə Ermənistanda yaşayan soydaşlarımızın deportasiya olunması, Azərbaycan ərazilərinin erməni silahlı birləşmələri tərəfindən işğalı ölkədə böyük qaçqın və məcburi köçkün ordusunun yaranmasına da səbəb olmuşdu. Bu, iqtisadiyyatı zəif olan ölkədə əlavə problemlərin, çətinliklərin meydana çıxması ilə müşayiət olunurdu. Ərzaq çatışmazlığı, uzun-uzadı çörək növbələri o dövrdə insanların həyat tərzinə çevrilmişdi. Üstəlik, təcrübəsiz, səbatsız şəxslərin dövlət idarəçiliyində təmsil olunması, vəzifə kürsüsü uğrunda mübarizə aparması ölkəni vətəndaş müharibəsinə sürükləmişdi. Beləliklə, Azərbaycan yalnız dövlət müstəqilliyini itirmək təhlükəsi ilə deyil, eyni zamanda, daxildən parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Məhz belə bir məqamda – 1993-cü ilin iyun ayının 15-də xalq ümummilli lider Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasından Bakıya dəvət etdi. Ulu öndərin bu tarixdən etibarən həyata keçirdiyi tədbirlər müstəqil Azərbaycanın taleyində dönüş nöqtəsi, hərtərəfli inkişafın, o cümlədən iqtisadi tərəqqinin təməli oldu.
 
 

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, qısa zamanda Azərbaycanın sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olundu. Ölkədə baş alıb gedən siyasi və iqtisadi böhran aradan qaldırıldı, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açıldı. Ölkənin təbii sərvətlərindən milli maraqların təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, xalqın rifah halının yaxşılaşdırılması naminə istifadə edildi.
 
 
 
Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərləri istismara verildi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı saziş imzalandı. Beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. 
 
 

Ulu öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi tədbirlər sayəsində neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşdı, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmağa başladı. Konkret faktlara müraciət etsək, ümummilli liderin rəhbərliyi ilə reallaşdırılan siyasət nəticəsində büdcə kəsiri ümumi daxili məhsulun 1-2 faizi səviyyəsinə endirildi, 1996-cı ildə makroiqtisadi sabitliyə nail olundu, 1997-ci ildən başlayaraq dinamik iqtisadi inkişafı təmin etmək mümkün oldu. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2003-cü illərdə isə orta hesabla 10,0 faiz təşkil etdi. 

2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyevin ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməsi sayəsində ölkədə müşayiət olunan tərəqqi, o cümlədən iqtisadi inkişaf davamlı xarakter aldı. Regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaq üçün xüsusi Dövlət Proqramı hazırlandı. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) adlanan bu sənəd Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixdə imzaladığı fərmanla təsdiq edildi, icrasına başlanıldı.
 
Regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə etməklə kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, qeyri-neft sənaye sahələrinin, o cümlədən emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin, turizmin inkişafını təmin etmək, məşğulluğun səviyyəsini yüksəltmək və əhalinin güzəranını daha da yaxşılaşdırmaq əsas hədəf kimi qarşıya qoyuldu. Həm adıçəkilən Dövlət Proqramının, həm də "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrasından ötən 5 il ərzində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradıldı, 547,5 min daimi yeni iş yeri açıldı. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artdı, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edildi, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artdı.
 
 

Birinci Dövlət Proqramının uğurlu icrasından irəli gələrək, eyni zamanda ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə 14 aprel 2009-cu ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2009-2013-cü illər) təsdiq edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artdı. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri açıldı, 55,6 min müəssisə yaradıldı, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə endi. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratdığından Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da təsdiq olundu. 
 
 

Sayca üçüncü olan bu Dövlət Proqramının icrasının üçüncü ilinin yekunları ilə bağlı cari ilin yanvar ayında keçirilən konfransda çıxış edən Prezident İlham Əliyev indiyə qədər görülən işləri yüksək qiymətləndirib. Qeyd edib ki, 2004-cü ildən icrasına başlanılan regional inkişaf proqramları bölgələrin simasını əsaslı surətdə dəyişdirib: "...Biz regional inkişaf proqramlarını tərtib edərkən bölgələrdən rəylər aldıq. 2014-cü ildə qəbul olunmuş üçüncü Dövlət Proqramı da yerlərdən gələn təkliflər əsasında və ölkəmizin strateji istiqaməti nəzərə alınaraq tərtib edilmişdir. Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq. 2004-cü ildə birinci proqramın qəbul edilməsi tarixi hadisə idi. Çünki regionların inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar, infrastruktur ilə bağlı olan layihələr, bax, bugünkü reallığı yaratmışdır. Əgər o vaxt biz proqramı mənim təşəbbüsümlə qəbul etməsəydik, bu gün, əlbəttə ki, regionlarda bugünkü uğurları əldə edə bilməzdik. Bizim bütün bölgələrimiz, bütün şəhərlərimiz abadlaşıb, gözəlləşib. Bakı şəhəri, bizim əsas şəhərlərimiz - Gəncə, Sumqayıt göz oxşayır, dünya üçün bir nümunədir. Bizim bütün şəhərlərimizdə abadlıq-quruculuq işləri aparılmışdır, böyük infrastruktur layihələri icra edilmişdir. Bu, imkan verir ki, bu gün Azərbaycan dinamik inkişaf etsin. Bu, imkan verir ki, biznes strukturları bu imkanlardan səmərəli istifadə etsinlər”.
 
 

Cari il oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirilən rəqəmlərdən də aydın olur ki, ötən 9 ayda iqtisadi göstəricilərimiz çox müsbət olub. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Ölkə başçısının təbirincə desək, bu, həm uğurlu islahatların, həm də ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələlərinin öz həllini uğurla tapdığının göstəricisidir. Həmin müddətdə qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edib. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artıb. Bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sənayeləşmə siyasətinin gözəl nəticəsi hesab oluna bilər. Prioritet sahələrdən biri də kənd təsərrüfatının hərtərəfli inkişaf etdirilməsidir.
 
 
 
Son 9 ayda bu sahədə 2,8 faiz artım müşahidə olunub. Xarici ticarət dövriyyəmiz isə 7 faiz artıb. Burada ixrac idxalı böyük fərqlə üstələyib. Cari ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabər olub. Bununla yanaşı, ilin 9 ayının göstəricilərinə görə, Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsinə yüksəlib. Doqquz ayda həm Bakıda, həm bölgələrdə yeni iş yerlərinin yaradılması prosesi də uğurla gedib. Həmin dövrdə 226 min yeni iş yeri yaradılıb ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verib. Bütünlükdə götürsək, üçüncü dövlət proqramında əksini tapan əsas infrastruktur layihələri cari ilin 9 ayında da uğurla icra edilib.
 
 

Təbii ki, bütün bu nailiyyətlərin təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiya, eyni zamanda bu siyasi kursun, müstəqil siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi, xalq-iqtidar birliyi dayanır. Dövlət başçısı özü də bu amili xüsusi vurğulayaraq bildirib ki, bu gün Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilib, müstəqil siyasət aparan ölkə kimi tanınıb. Prezidentin fikrincə, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi və bir çox başqa amillər dayanır ki, onların arasında iqtisadi müstəqillik xüsusi yer tutur. Bütün bu amillər ölkəmizin gələcəyinə, uzunmüddətli, dayanıqlı inkişafına hesablanıb.  
 
Rufik İSMAYILOV 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001