• cümə, 19 Aprel, 13:49
  • Baku Bakı 25°C

Azərbaycanın gələcək inkişafını təmin edəcək böyük uğurlar

09.10.13 08:11 1660
Azərbaycanın gələcək inkişafını təmin edəcək böyük uğurlar
Regionların inkişafı, xaricə inteqrasiya, ərzaq təhlükəsizliyi, korrupsiya ilə mübarizə prioritet istiqamətlər olaraq qalacaq
“Bu ilin doqquz ayı çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi”. Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, bu günə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcək.
“Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir” deyən ölkə başçısı qeyd edib ki, hesabat dövründə iqtisadiyyatımız 5,4 faiz artıb: “Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artıb və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir... Sənaye istehsalında da artım var. Kənd təsərrüfatı təxminən 5 faiz artıb və burada da gələcək artım üçün gözəl potensial vardır. İnflyasiya cəmi 2,3 faiz təşkil edir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri isə 7,6 faiz artıb. Yəni, son 10 il ərzində olduğu kimi, bu il də əhalinin pul gəlirləri inflyasiyanı bir neçə dəfə üstələyir və beləliklə, insanların rifah halının yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır”.
Ölkə başçısının sözlərinə görə, investisiya iqliminə görə Azərbaycan postsovet məkanında və regionda çox cəlbedici ölkədir: “Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, onlardan 10,5 milyardı daxili investisiyalardır, 7,2 milyard isə xarici investorların vəsaitidir. Bu da Azərbaycan kimi ölkə üçün çox yüksək göstəricidir və əgər biz bu templəri ilin sonuna qədər saxlaya bilsək, bu il ölkə iqtisadiyyatına təqribən 25 milyard dollara yaxın investisiya qoyuluşu gözlənilir. Nəzərə alsaq ki, keçən il təqribən 20 milyard, ondan əvvəlki illərdə də 20 milyarda yaxın investisiya qoyulub, təsəvvür etmək çətin deyil ki, bu, ölkə iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyət daşıyan məsələlərdir”.
90 minə yaxın yeni iş yeri açılıb
İ.Əliyev bildirib ki, il ərzində ölkənin valyuta ehtiyatları artaraq hazırda 49,4 milyard dollar təşkil edir: “Bu da 9,4 milyon əhalisi olan ölkə üçün çox böyük göstəricidir. Adambaşına düşən valyuta ehtiyatlarına görə hesab edirəm ki, Azərbaycan dünya miqyasında ön sıralardadır və bu, düşünülmüş, ardıcıl siyasətin nəticəsidir. Biz əlbəttə ki, ölkə qarşısında duran vacib məsələlərin həlli üçün vəsait ayırırıq. İldən-ilə artan dövlət investisiya proqramı, xaricdən gələn investisiyalar, infrastruktur layihələrinə ayrılan vəsait bu məqsədi güdür.
...Sosial infrastrukturun yaradılması da uğurla təmin edilir. Bu il 200-ə yaxın məktəb əsaslı təmir edilib, yaxud da yenidən tikilib. Bütün digər sosial obyektlər yeniləşir, müasirləşir. Azərbaycan sosial siyasətin aparılmasında da nümunə ola bilər. Bir daha demək istəyirəm ki, bu proqramın, bu siyasətin təməlində güclü iqtisadi amillər dayanır.
Biz regionların inkişafı ilə bağlı bütün hədəflərə nail ola bilmişik. Bu il ikinci regional inkişaf proqramı başa çatır. Bu proqram artıqlaması ilə icra edilib. Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılıb. Bütövlükdə isə son 10 il ərzində 1 milyon 200 mindən çox yeni iş yeri açılıb ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarıb. Son məlumata görə, Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür. İlin sonuna hələ iki ay vaxt qalır, ancaq indidən demək olar ki, Azərbaycanda bu ilin yekunlarına görə yoxsulluq 6 faizdən az olacaq”.
Ölkə başçısının sözlərinə görə, biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılır. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılır. Kənd təsərrüfatının inkişafı üçün çox böyük güzəştlərlə kreditlər verilir və infrastruktur layihələri icra edilir: “İri fermer təsərrüfatlarının fəaliyyəti üçün dövlət öz üzərinə böyük vəzifələr götürüb. Suvarma ilə bağlı məsələlər, meliorasiya məsələləri – bütün bunlar sahibkarlığa dəstək və təkan verən addımlardır. İqtisadi və sosial məsələlərin kompleks şəkildə həlli əlbəttə ki, ölkə iqtisadiyyatının inkişafını şərtləndirir. Beləliklə, növbəti illərdə əminəm ki, biz bu müsbət dinamikanı qoruyub saxlaya biləcəyik.
Sosial məsələlərin arasında köçkünlərin problemləri xüsusi yer tutur. Biz artıq neçə ildir ki, hər il ən azı 20 min köçkünü evlərlə, mənzillərlə təmin edirik. Yeni gözəl qəsəbələr, şəhərciklər tikilir və bu proses davam etdirilir. Növbəti illərdə də bu proqramlar Dövlət Neft Fondunun vəsaiti hesabına davam etdiriləcəkdir”.
Enerji siyasətinda çox önəmli hadisələrin baş verdiyini deyən İ.Əliyev qeyd edib ki, bu il Trans-Adriatik qaz kəməri layihəsinə start verilib: “Keçən il Türkiyə ilə Azərbaycan arasında TANAP layihəsinin imzalanması bu imkanları yaratdı və artıq bütün qapılar açılıb. Bu gün Azərbaycanın təbii resurslarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaranır. Trans-Adriatik boru kəməri - TAP hesab edirəm ki, tarixi layihə olacaq və Azərbaycana imkan verəcəkdir ki, onilliklər bundan sonra da öz təbii resurslarını əmniyyətli yollarla dünya və Avropa bazarlarına çıxarsın.
Bu yaxınlarda “Şahdəniz-2” layihəsinin fəaliyyəti ilə bağlı qaz kontraktları da imzalanıb. Bizim tərəfdaşlarımız, ixrac istiqamətlərimiz artıq müəyyən edilib. Elə bir vəziyyət yaratmışıq ki, bu layihələr Azərbaycan xalqına bundan sonra ən azı 100 il xidmət edəcək”.
Üçüncü regional inkişaf proqramı qəbul ediləcək
Bu il ikinci regional inkişaf proqramının başa çatdığını vurğulayan prezident deyib ki, bu proqramların qəbul edilməsi bölgələrdə mövcud vəziyyətin yaxşılaşdırılmasında müstəsna rol oynayıb: “...Gələn il üçüncü dövlət proqramı qəbul edilməlidir. Bu proqram da dəqiq, konkret olmalıdır. Orada kəndbəkənd bütün məsələlər öz əksini tapmalıdır. Biz artıq yaxşı bilirik ki, hansı bölgədə, hansı rayonda, hansı kənddə hansı problem var. Nəzərə alsaq ki, bizim maliyyə, iqtisadi gücümüz artacaq, o problemlərin həlli də mümkün olacaq. Siyasi iradə həmişə olduğu kimi, yerindədir. Biz növbəti beş il ərzində bölgələrdə mövcud olan bütün sosial və iqtisadi məsələləri həll etməliyik.”
Korrupsiyaya qarşı çübarizə gücləndirilməlidir
Ölkə başçısı bir daha korrupsiyaya qarşı mübarizədən danışıb: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə, deyə bilərəm ki, yaxşı nəticələrimiz var. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaq.
Korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün əsas şərt siyasi iradənin mövcudluğudur və siyasi iradə var. Bizim qəbul etdiyimiz qərarlar, qanunvericilikdə əldə edilmiş irəliləyiş, yeni qanunların qəbul edilməsi və elektron xidmətlərin inkişafı, sistem xarakterli tədbirlər artıq hesab edirəm ki, bu sahədə ciddi dönüşün yaranmasına gətirib çıxarıb”.
Ən böyük investisiya Türkiyəyə yatırılacaq
“Biz ilin sonuna qədər və ondan sonrakı dövrdə xarici investisiyalarımızı da artırmalıyıq” deyən İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan dünyada investor ölkə kimi tanınır və xarici maliyyə qurumlarına donor kimi vəsait ayırır: “Eyni zamanda, böyük həcmdə investisiyaların qoyuluşu təmin edilir. İnvestisiya portfelimiz də, investisiyaların coğrafiyası da genişlənir. Azərbaycan investisiyaları bu gün Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Fransa, Böyük Britaniya, Rumıniya, Yunanıstan və digər ölkələrə böyük həcmlərlə qoyulur. Onların içində əlbəttə ki, ən böyük investisiya Türkiyəyə qoyulacaq. On yeddi milyard dollar Azərbaycan sərmayəsi Türkiyənin iqtisadiyyatına qoyulacaq və bu göstəriciyə görə Azərbaycan ən böyük investor olacaq. İnvestisiya portfelimiz elə bölünməlidir ki, biz özümüzü risklərdən maksimum dərəcədə qoruyaq. Eyni zamanda, investisiya qoyacağımız ölkələrlə ikitərəfli münasibətlərimiz də daha da yüksək pilləyə qalxmalıdır. Çünki bu gün dünyada iqtisadi və maliyyə böhranı davam edir, baxmayaraq ki, 5 il keçib. Hələ bilinmir bu böhran nə vaxt başa çatacaq”.
250 min hektar yeni torpaq istifadəyə veriləcək
Prezident ərzaq təhlükəsizliyi ilə bağlı da danışıb. Bu məsələnin daim diqqət mərkəzində olduğunu vurğulayaraq qeyd edib ki, kənd təsərrüfatı inkişaf edir, iri fermer təsərrüfatları yaradılır və orada məhsuldarlıq orta səviyyədən 2 dəfə çoxdur: “Biz iri fermer təsərrüfatlarının inkişafı ilə növbəti illərdə də məşğul olacağıq. Bu il Taxtakörpü Su Anbarının və gələn il isə Şəmkirçay Su Anbarının istifadəyə verilməsi bizə əlavə 250 min hektar torpaqda suvarmanın yaxşılaşmasına və yenidən dövriyyəyə buraxılmasına imkan yaradacaq.
Əlbəttə, indidən yeni dövriyyəyə buraxılacaq suvarılan torpaqlarda hansı işlərin görülməsi ilə bağlı konkret təkliflər olmalıdır. Aydındır ki, fermerlər özləri müəyyən edirlər nəyi əkəcəklər. Ancaq biz dövlət subsidiyaları ilə, dövlət tərəfindən göstərilən güzəştlərlə, təşviq mexanizmləri ilə fermerləri lazım olan istiqamətlərə yönəldə bilərik ki, əsas məhsulları 100 faiz Azərbaycanda istehsal edək”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər