• şənbə, 20 Aprel, 01:52
  • Baku Bakı 15°C

Azərbaycanın gələcək inkişafı üçün daha gözəl imkanlar

04.02.20 18:48 3835
Azərbaycanın gələcək inkişafı üçün daha gözəl imkanlar
Prezident İlham Əliyev: "Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir”
2003-cü ilin oktyabrında Azərbaycan Prezidenti seçilən İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirərək, ölkəmizin inkişafında tamamilə yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının 11 fevral 2004-cü il tarixdə imzaladığı fərmanla təsdiq edilən, icrasına başlanılan "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırılmasına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına səbəb olub. Birinci Dövlət Proqramının uğurlu icrasından irəli gələrək, eyni zamanda ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə 14 aprel 2009-cu ildə "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2009-2013-cü illər) təsdiq edilib.
Azərbaycana investisiya yatırımı
Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət proqramlarının icra olunduğu 10 il ərzində ümumi daxili məhsul 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri açılıb, 55,6 min müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə enib. Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratdığından Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli fərmanı ilə "Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da təsdiq olunub.Bu dövlət proqramlarının reallaşdırılması hesabına 2019-cu ilə qədər ötən 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə artıb. Sənaye istehsalı 2,6, ixracımız 4,7, valyuta ehtiyatlarımız 24 dəfə artaraq 45 milyard dollar təşkil edib. Aparılan uğurlu siyasət ölkəmizə böyük həcmdə vəsaitin, sərmayənin yatırılmasına da səbəb olub.
İşsizlik 5 faiz səviyyəsinə enib
Həmin müddətdə Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub ki, bunun da yarısını xarici investisiyalar təşkil edib. Demoqrafik göstəricinin ilbəil artdığı, indiyə qədər əhalimizin sayının 1,6 milyon nəfər çoxaldığı ötən dövrdə Azərbaycanda ümumilikdə 2 milyon yeni iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşüb. Kənd təsərrüfatı sahəsində 1,7 dəfə artımın müşahidə olunması da yeni iş yerlərinin yaranmasına təsir edib. Təkcə 2018-ci ildə 118 min yeni iş yeri yaradılıb. Həyata keçirilən tədbirlər sayəsində 2019-cu ilə qədərki 15 ildə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb, işsizlik Azərbaycanda 5 faiz səviyyəsinə enib.
Biznes mühitinin yaxşılaşdırılması
Azərbaycanın inkişafı, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımların davamı olaraq, 29 yanvar 2019-cu ildə "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olunub. Cari il fevralın 3-də bu Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev dördüncü regional inkişaf proqramının əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamı olduğunu diqqətə çatdırıb. Bildirib ki, bundan əvvəlki üç proqram çərçivəsində böyük işlər görülüb. O qeyd edib ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır: "Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. İqtisadiyyatımız 2,2 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı nəticədir. Neftin qiyməti sabitdir, ancaq Azərbaycanda neft hasilatı bir qədər aşağı düşüb. Ümumi daxili məhsulun 2,2 faiz artması, hesab edirəm ki, yaxşı nəticədir. Xüsusilə nəzərə alsaq ki, qeyri-neft sektorunda artım 3,5 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb. Bunun da səbəbi məhz neftin hasilatı ilə bağlıdır. Ancaq bizim əsas prioritetimiz olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Burada, əlbəttə ki, keçən il istismara verilmiş nəhəng sənaye müəssisələrinin fəaliyyətə başlaması, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması xüsusi rol oynayıb”.
İş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da təsdiq edir. Onun sözlərinə görə, "Doing Business” hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib: "14 faizdən çox artan qeyri-neft sənayemiz yeni iş yerlərinin yaradılması deməkdir. Qeyd etməliyəm ki, keçən il 98 min yeni iş yeri yaradılmışdır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, daimi proses olmalıdır. Çünki Azərbaycanda əhali yüksək templərlə artır və iqtisadiyyat, iqtisadi inkişaf, o cümlədən iş yerlərinin yaradılması demoqrafik inkişafı daim üstələməlidir. Buna görə biz daim bu məsələyə xüsusi diqqət verməliyik. Ancaq o da həqiqətdir ki, hər bir iş yerinin yaradılması üçün həm dövlət, həm də özəl sektor tərəfindən böyük vəsait tələb olunur. Çünki iş yerlərinin yaradılması elə boş yerə olmur, gərək infrastruktur, şərait, imkanlar olsun. Özəl sektor, əlbəttə ki, iş yerlərini yaradan əsas sektor olaraq öz sözünü deyir və deməlidir. Beləliklə, əsas iqtisadi göstəricilər bunlardır. Əgər buraya ölkəmizə qoyulan sərmayəni əlavə etsək, mənzərə daha gözəl olacaqdır. Keçən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulubdur. Azərbaycan həm xarici, həm daxili investorlar üçün çox cəlbedici məkandır. Bu sərmayələrin bir hissəsi dövlət investisiyalarıdır. Bu da təbiidir. Çünki hələ ki, iqtisadi artımda dövlət investisiyaları önəmli rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hələ də infrastruktur layihələri ilə bağlı görüləsi işlər vardır. Ona görə həm dövlət, həm yerli, həm də xarici şirkətlər ölkəmizə 13,5 milyard dollar həcmində vəsait qoyublar. Hesab edirəm ki, bu, çox yüksək nəticədir”.
Vətəndaşların rifah halı yaxşılaşdırılır
Prezident İlham Əliyev vurğulayıb ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb və bu, dünyada rekord göstəricidir: "Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artmışdır. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artmışdır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə böyük bir göstəricidir. Yoxsulluq təxminən 50 faizdən 4,8 faizə düşmüşdür. Bu da onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər düşünülmüş şəkildə və ədalətli bölünmüşdür. Biz bu gəlirlərdən istifadə edərək ölkəmizin bütün əsas infrastruktur problemlərinin böyük hissəsini həll etdik, eyni zamanda, vətəndaşların rifah halını yaxşılaşdırdıq. Son 16 ildə orta əməkhaqqı 11 dəfə, orta pensiya 8 dəfə artmışdır, 300 mindən çox məcburi köçkünə, 6700 şəhid ailəsinə evlər, mənzillər verilmişdir. Yəni, bu böyük sosial proqramlar böyük vəsait tələb edir. Təsəvvür edin, 300 min insan üçün evlər, mənzillər tikilib. Biz bu illər ərzində təxminən Sumqayıt, yaxud Gəncə boyda şəhər tikmişik. Bunu etmək üçün həm siyasi iradə, düşünülmüş siyasət, eyni zamanda, imkanlar olmalı idi”.
Valyuta ehtiyatlarımız 30 dəfəyə yaxın artıb
İqtisadçı ekspert Pərviz Heydərov indiyə qədər həyata keçirilən regional inkişaf proqramlarının əhəmiyyətini, həmçinin sayca dördüncü proqramın icrasından gözləntiləri "Kaspi” qəzetinə şərh edərək bildirib ki, 2003-cü ildən indiyə qədər ölkə iqtisadiyyatında əldə edilən nailiyyətlər icra olunan proqramların nə dərəcədə mühüm olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, ötən 16 il ərzində ölkə iqtisadiyyatında bütün göstəricilər üzrə dəfələrlə artımlar müşahidə edilib: "Ümumi daxili məhsul 3,4 dəfə artıb. Dünənki iclasda cənab Prezident özü də qeyd etdi ki, bu, dünyada çox az rast gəlinən bir göstəricidir. Əgər son 16 ildə digər ölkələrin əldə etdiyi uğurlara, onlardakı ÜDM-ə diqqət yetirsək, bu, alternativi olmayan bir göstəricidir ki, 16 ildə 3,4 dəfə artım qeyd olunub. Bundan əlavə, sənaye istehsalı 2,7, kənd təsərrüfatı 2, xarici ticarət dövriyyəsi 7 dəfəyə yaxın artıb. İxracımız genişlənib qeyri-neft sektorumuz təşəkkül tapıb və hal-hazırda inkişafdadır. Valyuta ehtiyatlarımız hardasa 30 dəfəyə yaxın artıb. Hansı ki, əgər 2014-15-16-cı illərdə neftin qiyməti ilə əlaqədar böhran baş verməsəydi, indi bizim valyuta ehtiyatlarımız indikindən qat-qat yüksək idi. Bəlkə də bu rəqəm 70 milyarda yaxın idi. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bank 2015-ci ildə devalvasiya ilə bağlı 11 milyarddan çox valyuta ehtiyatını itirməyə məcbur olub”.
Müstəqillik əldə edəndən bəri ən böyük büdcə
İqtisadçı ekspert bildirib ki, regional inkişaf proqramlarının icrası nəticəsində regionlardan böyük infrastruktur yaranıb, ölkə üzrə avtomobil yolları genişləndirilib, yenidən qurulub, bir çox istiqamətlər üzrə tamamilə yeni yollar salınıb. Bununla yanaşı, dəmir yolları çəkilib, modernləşdirilib, yeni-yeni xətlər salnıb, hava limanları tikilib: "Bu gün Azərbaycanın 6 beynəlxalq hava limanı var. Əhalinin gəlirləri də artıb. Bu nədə görünür? Əgər 16 il bundan əvvəl yoxsulluq səviyyəsi 50 faizə yaxın idisə, indi bu beş faiz səviyyəsinə qədər enib. Bizim builki dövlət büdcəmiz müstəqillik əldə edəndən bəri ən böyük büdcədir. Minimum əməkhaqqı ilk dəfə olaraq keçən il yaşayış minimumunu keçib. Hansı ki, biz bunu illər uzunu idi ki, hədəf götürmüşdük. Nəhayət ki, keçən il buna nail ola bildik. Dövlət proqramlarının ən mühüm və möhtəşəm nəticəsi bundan ibarət olub ki, zəngin infrastruktur yaranıb. Bu gün Azərbaycan kənara elektrik enerjisi ixrac edir, Azərbaycan rayonları 90 faizdən yuxarı qazlaşdırılmış vəziyyətdədir. Bütün bu nəticələrə həmin o 3 dövlət proqramının icrası nəticəsində nail olunub”.
İnkişaf etmiş ölkələr üçün başlıca hədəf
Dördüncü dövlət proqramın hədəfindən danşan P.Heydərov deyib ki, qeyd edilən infrastruktur yaradılandan sonra artıq regionlarda müəyyən iş yerlərinin açılmasına nail olmaq, hər il heç olmasa 70-80 mindən çox iş yeri açmaq qarşıda duran əsas vəzifələrdən biridir: "Prezident İlham Əliyevin iştirakı ilə keçirilən dünənki iclasda deyildi ki, rəsmi statistikaya əsasən ötən il 90 mindən çox iş yeri açılıb. Nəyə görə 70-80 mindən artıq deyirəm, çünki əhalinin demoqrafik vəziyyəti, artım bizdə kifayət qədər yüksəkdir. Bu o deməkdir ki, hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur. Əgər qeyri-neft sektorunu inkişaf etdirməsəydik, iqtisadiyyatımızı yalnız xammal sektoru üzərində köklətsəydik, belə bir fonda hər il 100 min işçi qüvvəsi bazara daxil olsaydı, onu yerləşdirə bilməyəcəkdik. Bu isə işsizliyin artmasına gətirib çıxaracaqdı. Ümumiyyətlə, iqtisadiyyat elə bir şeydir ki, o əhalinin artım səviyyəsinə uyğun olaraq durmadan inkişaf etməli, genişlənməli, artmalıdır. Bu da özünü hər il yeni iş yerlərinin açılmasında göstərməlidir. Biz inkişaf etmiş ölkələrə diqqət yetirsək, başda ABŞ olmaqla, hamısında hökumətin, dövlətin bu və ya digər şəxsin platformasında qarşıya qoyduğu siyasətdə əsas məqsəd ölkədə işsizliyin artmamasına nail olmaq, yeni iş yerlərinin açılmasına çatmaqdır. Elə bil ki, bu, bütün dünya ölkələri üçün ümumi bir qanundur”.
Aqrar sahədə məşğulluq artırılmalıdır
İqtisadçı ekspert bildirib ki, kiçik bir dövlət olmasına baxmayaraq, Azərbaycanın da qarşısına qoyduğu əsas hədəf iqtisadiyyatını inkişaf etdirmək, yeni iş yerlərinin açılmasına nail olmaqdır: "Mən demirəm bu, hər il 100 min olsun, amma heç olmasa 70 min yeni iş yeri açılsın. Bu da o deməkdir ki, sən ÜDM-i hər il artırmağa nail olmalısan. Onu da xammal resursları hesabına deyil, qeyri-neft sektorunun inkişafı hesabına artırmaq daha düzgün yoldur. Regionlarda məhsuldarlıq genişləndirilməlidir. Yəni, əhali iş yeri üçün paytaxta doğru gəlməməlidir. Aqrar sahədə məşğulluq artırılmalıdır. Çünki bizim əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi regionlarda yerləşir. Bilavasitə kənd təsərrüfatı ilə bağlı bölgələrdə. Deməli, həm əkin-biçinin genişləndirilməsi qayğısına qalmalısan, həm də emal müəssisələri yaratmalısan ki, əhalinin məşğulluğu təmin olsunsun”.
Ərturan İSMAYIL
banner

Oxşar Xəbərlər