• cümə, 19 Aprel, 07:25
  • Baku Bakı 13°C

Azərbaycanın ətir brendini yaradan qardaşlar – İş adamı

03.11.17 11:00 10171
Azərbaycanın ətir brendini yaradan qardaşlar – İş adamı
İşə ilk olaraq qardaşlardan biri başlayıb, sonra digəri də ona qoşulub. Və bir yerdə Azərbaycana məxsus ətir brendini yaradıb, tanıtmaq üçün çalışıblar. İlk olaraq hər bir işi - ətir hazırlamaqdan dizayna qədər - özləri görüblər... Amma zamanla işi genişləndirib, hər sahə üzrə işçilər götürüblər və bu gün şəhərdə 5 mağazaları fəaliyyət göstərir. Müsahiblərimiz 24 yaşlı Çingiz və 27 yaşlı Burhan Salam qardaşlarıdır, onların ərsəyə gətirdikləri brend isə "UNIQUE”dir.

- Biznes qurmaq üçün perspektivli sahə çoxdur. Amma siz parfümeriyanı seçibsiniz. Niyə məhz parfümeriya?

Çingiz: Uşaqlıqdan parfümeriyaya böyük marağım olub. Həmişə anamın ətirlərini bir-birinə qarışdırıb fərqli qoxu almağı sevirdim. Bu uşaq marağı, illər keçsə də, itmədi, əksinə, daha da böyüdü və iş səviyyəsinə gəldi. Uşaqlıqda özüm üçün elə bir ətir hazırlamaq istəyirdim ki, hamı onun hansı marka olduğunu soruşsun. Bunun üçün çalışdım. İlk vaxtlar alınmasa da, indi çox maraqlı ətirlər hazırlamışıq. Ondan istifadə edənlər iki-üç gün sonra da qoxunu hiss edib "bu nə ətirdir belə?” sualını verirlər.

Burhan: Əvvəllər qardaşım bu işə başladı. İkimiz də Türkiyədə menecment üzrə təhsil almışıq. Mən öz ixtisasım üzrə müxtəlif şirkətlərdə çalışsam da, o, özünü sırf bu işə vermişdi. Heç yerdə işləmədi, ancaq bu istiqamətdə çalışdı. Sonra mən də ona qoşuldum və bir yerdə işləyirik.

- Ətirləri siz özünüz hazırlayırsınız? Bunun üçün xüsusi yeriniz varmı?

Çingiz: Bəli, bu hissiyyat hər kəsdə yoxdur. Qardaşım hər iyi bir-birindən seçə bilməz. Amma mən bütün qoxuları bir-birindən seçə bilirəm. Bizim fəxr etdiyimiz ən son kolleksiya tərkibində Naftalan nefti olan "Qara qızıl” adlanır. Azərbaycanın Naftalan neftini bütün dünya tanıyır. Biz də bu aspektdən çıxış edərək Naftalan neftinə həsr olunmuş bir seriya istehsal etdik.

Burhan: Mağazalarımız da, istehsalımız da Bakı şəhərindədir. İstehsal üçün çox böyük bir yerə ehtiyac görmürük, amma çox balaca yerdə də mümkün deyil. Normal, bütün standartlara cavab verən bir məkanımız var ki, məhsul orda hazırlanır.

- Müsahibədən öncə dediniz ki, 5 ildir UNİQUE brendi yaradılıb. Amma mağazalarınızı son vaxtlar şəhərdə görürük...

Çingiz: Biz indiyə qədər keyfiyyət üzərində çalışırdıq, bazara daxil olmaq üçün keyfiyyətli məhsulun olmalıdır. Yalnız keyfiyyət üzərində işləyirdik. İndi isə artıq PR və brendin tanınması ilə bağlı da işlərimiz gedir.

Burhan: Mağazalarımız bir ilə yaxındır ki, açılıb. Hazırda 5 butikimiz var və az-çox həm keyfiyyətinə, həm də xarici görünüşünə görə tanınır.

- Bu gün bazarda bir çox məhsullar var ki, alıcı yerli olana deyil, xarici istehsala üstünlük verirlər. Parfümeriya da o məhsullar siyahısındadır. Yerli ətir istehsal edib bazara çıxarmaq, tanıtmaq, müştəri cəlb etmək çətin deyil?

Burhan: İlk vaxtlarda bir az çətin idi. Amma insanlar məhsulumuzu görəndən sonra özləri Azərbaycanda belə bir keyfiyyətli məhsul olmasına təəccüblənirdilər. Əsas məqsədimiz hər bir müştərinin məhsulumuzu əldə etdikdən sonra ikinci dəfə də qayıtmasıdır ki, buna nail oluruq. İnsanlar keyfiyyəti gördükləri üçün dəfələrlə qayıdırlar.

Çingiz: Azərbaycan vaxtilə bütün MDB ölkələrinə qızılgül yağını ixrac edib. Biz bunu yenidən diriltmək istəyirik. Bir neçə ildən sonra desinlər ki, Azərbaycanda çox gözəl parfümlər var. Parfümdən həm yerli camaat, həm də xaricdən gələn qonaqlar istifadə edirlər. Bir dəfə gəlmək yetər ki, bizim daimi müştərimiz olasınız.

- Öz işini qurmaqdan danışanda, adətən "nə qədər maliyyə ilə başlayıblar?” sualı yarnır.

Çingiz: Heç bir maliyyə yox idi, sıfırdan başladıq. Böyük pul olsaydı, daha çox rahat olardı. Amma hər şey insanın fərasətindən və ağlından asılıdır.

- Kolleksiyanızda neçə növ ətir var? Qiymətləriniz necədir?
Çingiz: Kolleksiyada hazırda 15 növ ətir var. Yaxın günlərdə 3 ətrin təqdimatını edəcəyik. Bu şəhərdə bir bum olacaq Azərbaycan bazarında belə bir ətir olmayıb. Xarici brendlərə nümunə olacaq bir ətir olacaq.

Burhan: Qiymət siyasəti bizdə çox münasibdir. Qiymətlərimiz 130 manatdan başlayır. Bu qiymətə qablaşdırma, özəl ad yazdırma imkanı da daxildir. Biz çox gözəl servis təqdim edirik. Hansı ki, həmişə yaddaşlarda qalacaq.

- Rəhbər olmaq asan deyil. Bir neçə yerə parçalanmalı, kollektivi idarə etməyi bacarmaq lazımdır. Rəhbər olaraq idarəetmədə nəyi əsas götürürsünüz?

Çingiz: Biz menecment ixtisası üzrə təhsil almışıq. Bu işdə təhsilimizin rolu böyükdür. Təhsili bir kənara qoysaq, hər bir rəhbər mütləq həm də psixoloq olmalı, kollektivdə problem olmaması üçün çalışmalıdır. Kollektivdə idarəetmə nə qədər yaxşı olsa, işin nəticəsi də o qədər gözəl olacaq.
Burhan: İşçilərlə münasibətdə hörməti əsas götürürük. Biz işə sevgimizi göstəririk və onlar da bunu görürlər. Biz işçilərə tərəfdaş kimi baxırıq. Onlar bu brendin işçisi kimi yox, bizim kimi çalışırlar. Bizim siyasətimiz fərqlidir. Bizim satıcı dediyimiz insanlar brendimizi tanıtmaq üçün nə qədər çox çalışsalar, o qədər də onlar üçün yaxşı olacaq.

- Deyirlər ki, Azərbaycanda biznes qurmaq çətindir...

Çingiz: Bununla razılaşmıram, biznesin inkişaf etdirilməsi üçün şərait var, yalnız istək, inam və kreativ ideyan olmalıdır.
Burhan: İstək və ağıl olmalıdır ki, insan arzu və istəklərini həyata keçirsin Çünki biznesə başlamaq, idarə etmək üçün bir az da ağıl işlətməlisən.

- Amma həm də zəhmət çəkmək lazımdır. Siz hansı zəhməti çəkirsiniz bu işdə? Gündəlik işiniz nədən ibarət olur?

Burhan: Səhər tezdən oyanıb bütün mağazaların ehtiyacı ilə maraqlanırıq, parfümeriyanın hazırlanması işinə nəzarət edirik. Əsas məsələ odur ki, səhər tezdən oyanıb hər bir işin qaydasında olması üçün çalışırıq.

Çingiz: Əsas əziyyət yuxusuz gecələrdir. Ətir yaratmaq maraqlı olduğu qədər də çətindir. Biz heç bir brendin iyini təkrarlamırıq, yalnız UNİQUE-yə aid ətirləri istehsalı edirik. Bu iyləri duymaq, yaddaşda saxlamaq və həyata keçirmək asan deyil. Bunun sonrakı pilləsi isə publikaya təqdim etməkdir. Ən əziyyətli iş məhz təqdimatdır. Çünki istehsal etmək biznesin yalnız 30 faizini təşkil edir. 70 faiz isə onu satmaq, gəlir qazanmaqdır.

- Qeyd etdiniz ki, səhər tezdən durub iş başına keçirik. Amma adətən, insan öz işinin ağası olanda çox zaman yuxusuna haram qatmır, deyir bir az gec də getmək olar. Belə tənbəlliklər olur?

Burhan: Sözsüz ki, olur (gülür). Axşam yorğunluq olanda səhər gec də dururuq. Amma nə qədər tez oyanıb işə vaxtında başlasaq, işləri daha rahat görmək olur. Çalışırıq ki, öz işimiz olmasına aldanmayaq. Nə qədər özünü boş buraxsan, işin o qədər zəifləyəcək.

Çingiz: Şükürlər olsun ki, biz hər bir işi öz gücümüzə edirik. Bu bizə daha da böyük olmaq üçün motivasiya verir. İndiyə kimi özümdə heç bir yorğunluq, stress hiss etmirəm.

- Şərikli iş görmək elə asan deyil. Hətta zarafatla deyirlər ki, şərikin qohum-qardaşdırsa, bu zaman lap çətin olur. Çətin deyil qardaşla şərik çalışmaq?
Burhan: Hər ikimiz adından deyə bilərəm ki, heç vaxt bu cəhətdən çətinliklə rastlaşmamışıq. Bir-birimizə şərik gözü ilə baxmırıq. Buna ailə biznesi kimi yanaşırıq və bir yerdə gözəl şəkildə idarə edirik.

Çingiz: Məncə, bu, ailədəki mühitdən, tərbiyədən asılıdır. Bizdə qardaşlar və qohumların arasında hər hansı problem ola bilməz.

- Gəliri necə bölürsünüz?
Çingiz: Gəliri hələ ki, ancaq biznesin inkişafına xərcləyirik. Bu işə gəlir tərəfdən baxmırıq. Patriot olduğumuz üçün Azərbaycanın bu sferada da inkişaf etməsi prizmasından baxırıq. Gəlir ikinci yerdədir.

Burhan: Gələcəkdə də gəlirimiz artanda, kimə nə qədər lazım olsa, o qədər də götürəcək. Gəliri bölmək haqqında düşünmürük.

- Gələcəklə bağlı hədəfləriniz nələrdir?

Burhan: Biz sıfırdan başlasaq da, artıq müəyyən bir nöqtəyə gəlib çıxmışıq. Amma onu deyim ki, indi əldə etdiyimiz nailiyyət heç nədir. Biz "Made in Azerbaijan” brendini xarici ölkələrə ixrac etməyi düşünürük.

Çingiz: Ölkə bazarında artıq müəyyən qədər tanınırıq, amma biz bununla kifayətlənmirik. Hədəflərimiz daha böyükdür və var gücümüzlə bunun üçün çalışırıq. İstəyirik ki, Azərbaycanın ətir brendinin də dünyada öz yeri olsun.

Aygün Asimqızı



banner

Oxşar Xəbərlər