• cümə axşamı, 28 mart, 17:38
  • Baku Bakı 16°C

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş yeganə general

16.11.17 14:00 6384
Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş yeganə general
Bu gün Azərbaycanın müstəqilliyi, xalqının azadlığı uğrunda canlarını vermiş şəhidlərin ruhu çox narahatdır. Çünki onların amalı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək idi. Bu amal uğrunda şəhid olanlardan biri də unudulmaz general Məhəmməd Əsədovdur. Məhəmməd Nəbi oğlu Əsədov 1941-ci il dekabr ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində anadan olub. O, 1958-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbini bitirdikdən sonra Bakı Statistika Texnikumuna daxil olmuşdur. 1960-cı ildə texnikumu müvəffəqiyyətlə başa vurduqdan sonra əmək fəaliyyətinə başlayır. 1961-ci ildə həqiqi hərbi xidmətə çağırılır və 1964-cü ildə "Sovet ordusu əlaçısı” döş nişanı ilə hərbi xidmətdən ehtiyata buraxılır. Həmin ildə Sumqayıtda Sənaye Tikinti Nazirliyinin 2 saylı trestində işləməyə başlayır. 1965-ci ildə keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin "Maliyyə və kredit” fakültəsinə daxil olur.
1967-ci ildə həmin trestin 26 saylı tikinti idarəsində plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin edirlər (Onu da qeyd etmək lazımdır ki, o illərdə bu ixtisas üzrə Sumqayıtda işləyənlərin 80%-i qeyri-millətlər idi, bütün yazışmalar, statistik hesablamalar rus dilində aparılırdı).
Sumqayıt şəhər Partiya Komitəsi yüksək iş keyfiyyətlərini və təşkilatçılıq qabiliyyətini nəzərə alıb Məhəmməd Əsədovu Sumqayıt şəhər Partiya Komitəsinin "Sənaye, inşaat, nəqliyyat və rabitə” şöbəsinin təlimatçısı vəzifəsinə təyin edir. 1973-cü ildən həmin şöbənin müdiri, 1976-cı ildə isə Sumqayıt şəhər Partiya Komitəsində əsas aparıcı, təşkilatlar şöbəsinin müdiri təyin olundu.
M.Əsədov 1978-1980-ci illərdə Ağsu rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır. Ağsu camaatı onun quruculuq fəaliyyətini, xeyirxah əməllərini bu gün də hörmətlə xatırlayırlar.
Məhəmməd Əsədovun adı Azərbaycan KP MK-nın perspektivli ehtiyat kadrlar siyahısında idi. 1980-ci ildə Dövlət Təhlükəsizliyi sistemində kadrların sayını artırmaq məqsədilə Azərbaycan üçün də DTK-nın Mərkəzi Ali məktəbinə bir yer ayrılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev onlarca namizədin arasından Məhəmməd Əsədovu seçib, onu bu yerə məsləhət görmüşdü. DTK-nın komissiyası tərəfindən yoxlanıldıqdan sonra Məhəmməd Əsədov Moskvaya göndərildi. 1982-ci ildə isə DTK-nın Ali Məktəbini qırmızı diplomla başa vurub Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində məsul vəzifədə çalışmağa başladı. Qısa müddət ərzində DTK rəhbərliyinin böyük etimadını qazandı.
M.Əsədovun təşkilatçılıq qabiliyyətinə Sumqayıtda birgə işlədiyi illərdən yaxşı bələd olan Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov DTK polkovniki Məhəmməd Əsədovu yenidən partiya işinə qaytardı.
Məhəmməd Əsədov 1983-1986-cı illərdə Jdanov (indiki Beyləqan) rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışır. İşlədiyi müddət ərzində Jdanov rayonunu Azərbaycanın ən qabaqcıl rayonuna çevirir (bunun üçün 1983-1986-cı illərin statistikasına baxmaq kifayət edər).
DTK-nın ali məktəbini qırmızı diplomla qurtardığını, polkovnik olduğunu, yüksək nizam-intizamını nəzərə alıb, 1986-cı ildə M.Əsədov daha məsul vəzifəyə - Azərbaycan KP MK-da İnzibati orqanlar şöbəsinin müdiri vəzifəsinə təyin olunur. 1988-ci ildə Dağlıq Qarabağ hadisələrində, həmin ilin fevral–mart aylarında Sumqayıt hadisələrində Azərbaycan xalqının, dövlətinin haqq işini prinsipiallıqla və obyektivcəsinə müdafiə etdiyi üçün ermənilərin fırıldaqlarını başa düşməyən sadəlövh respublika rəhbərləri onu heç cür anlaya bilmirlər.
SOCAR-ın məsul işçisi Ələkbər Abbasov xatirələrində deyir: "1988-ci ildə məni Mərkəzi Komitəyə Məhəmməd Əsədov dəvət etdi. Mənim iştirakımla birinci katib Kamran Bağırova erməni separatizmi barədə məruzə etdi. Kamran Bağırov bir az səbir etməyi məsləhət gördü. Məhəmməd Əsədov dedi: "Əşşi, nə səbir? İcazə verin inzibati orqanlara göstəriş verək, hamısı məlumdur, qandallayıb, gətirsinlər Bakıya. O ki qaldı əhalinin məlumatlandırılmasına, Ələkbər Abbasov yanımdadır, bu işi ona həvalə edərik. Sonra gec olar. DQMV-nin birinci katibi Gevorkov 1988-ci ildə şəxsən Məhəmməd Əsədovun cəsarəti nəticəsində Bakıya gətirildi. Qeyd etmək lazımdır ki, 1988-ci ildə rəhbərlikdə ikili siyasət aparanları Məhəmməd Əsədov açıq şəkildə tənqid edir və onlara qarşı mübarizə aparırdı”.
Bəli, gec oldu. Moskva respublika rəhbərliyini əvəzlədi və çox rahat şəkildə vəziyyəti ermənilərin xeyrinə dəyişməyə başladı. 1986-89-cu illərdə MK-da inzibati şöbəyə rəhbərlik edən Məhəmməd Əsədov nə qədər cəsarətlə hərəkət etsə də, Moskva "yenidənqurma” pərdəsi altında erməniləri M.S. Qorbaçovun dəstəyi ilə müdafiə edirdi. Məhəmməd Əsədov kimi cəsarətli vətən oğulları sıxışdırıldı. Amma Azərbaycanda vəziyyət həddindən artıq gərginləşdiyindən, yenə də Məhəmməd Əsədova ehtiyac duyuldu. 1990-cı ilin may ayında Məhəmməd Əsədov Azərbaycan Respublikasının Daxili İşlər Naziri təyin edilir. Bu təyinat, o dövr üçün vaxtında və yerində verilən təyinat idi. Nazir kimi işə başladığı ilk günlərdən Moskvadan təyin olunmuş birinci müavin Barannikovun böyük mane olacağını nəzərə alıb, qısa bir müddətdə onun vəzifədən azad edilməsinə nail oldu. Bununla da Daxili İşlər Nazirliyinin əsas fəaliyyətini Qarabağ probleminin həllinə yönəltdi.
Nazir işlədiyi müddətdə onun sorağı Qarabağ bölgəsindən, sərhəd rayonlarından gəlirdi. Azərbaycanın ərazi bütövlüyünü sözün əsil mənasında, əsgərlərlə çiyin-çiyinə qoruyurdu. Azərbaycan vətəndaşlarının müstəqil dövlətimizdə sərbəst yaşayacaqlarına çox inanırdı və yorulmadan çalışırdı.
Azərbaycanın Ermənistanla sərhəd rayonlarını gəzərək ermənilərin təcavüzünü gözləri ilə görən nazir Məhəmməd Əsədov həyəcan təbili çalır, təcili tədbirlərin görülməsi üçün müraciət edir, asayişi qorumaq üçün silah-sursat tələb edir. Tez bir zamanda xüsusi təyinatlı milis dəstələri (OMON) yaradır. Xocalı aeroportunda ermənilərin gediş-gəlişinə nəzarəti gücləndirmək üçün DİN-nin qüvvələrini səfərbər edir. DİN Respublikanın bütün giriş-çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. Məhəmməd Əsədov Çaykənd, Qarabulaq, Todan, Erkəc, Mənəşid və digər kəndlərin quldurlardan təmizlənməsi əməliyyatlarında şəxsən iştirak edir.
XTMD-nın (OMON) yaradılması, milis rotaları və alaylarının qaynar nöqtələrdə fəallığı dinc əhalidə tezliklə münaqişəyə son qoyulacağına inam yaradırdı. Bölgələrdən Bakıya dönən general Əsədov müdafiənin gücləndirilməsi üçün təxirəsalınmaz, təcili tədbirlərin görülməsi barədə 27.08.1991-ci il tarixli №2/149 saylı altı vərəqdən ibarət məktubla Baş nazirə və Prezidentə müraciətlər edir, təkliflərini bildirir.
Respublikamızın ərazi bütövlüyü artıq təhlükədə idi, ordu quruculuğunun formalaşması üçün isə operativ kömək yox idi. Məhəmməd Əsədov 1991-ci ilin noyabrında milli ordunun yaradılmasını tezləşdirmək, ordu quruculuğu işində mərkəzlə hüquq-mühafizə orqanları arasında birgə işin təşkilini həyata keçirmək üçün dövlət müşaviri təyin edilir. 1991-ci il noyabrın 20-də Ağdama uçan Məhəmməd Əsədov orada Dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü ilə keçirilən geniş müşavirədə iştirak edir. Bu müşavirədə həmçinin Rusiyanın, yüksək çinli rəsmi nümayəndələri də iştirak edirdilər.
Azərbaycanın Dövlət katibi T.İsmayılov Qarabağda, Xocavənddə, ümumiyyətlə, azərbaycanlılar yaşayan kəndlərdə qırğınların, terrorun aparıldığını , dinc azərbaycanlılara qarşı genosid siyasətinin həyata keçirildiyini kəskin şəkildə bildirmişdi. Bunu sübut etmək üçün hər üç dövlətin nümayəndələrinin Xocavəndə uçmasını təmin etməyi hərbi komendantdan tələb edir. Hərbi komendant hər vasitə ilə bu işdən yan keçməyə çalışsa da, Tofiq İsmayılovun haqlı tələbinə tərəfdar çıxan Qazaxıstanın daxili işlər nazirinin birinci müavini general Sanlal Serikov Qazaxıstana məxsus olan Mİ-8 N72 hərbi vertolyotuna tələb olunan göstərişi verir. Dağlıq Qarabağda istənilən sayda qanunsuz erməni-daşnak dəstələrinin olduğunu bilən general Əsədov da da bu məsələyə aydınlıq gətirmək məqsədilə söhbətə qarışır: "Əzizim Tofiq müəllim, sizin tələbiniz və istəyiniz çox düzgündür. Bizim ora uçmağımız çox çətin olacaq, amma uçmalıyıq. Bu, bizim torpaqdır, qırılanlar da, məhv olanlar da bizim vətəndaşlardır. Biz sizin və xalqın tələbinə uyğun olaraq ora getməliyik.”
M.Əsədov həmin qanlı uçuşdan Daxili İşlər nazirinin müavini Natiq Talıbovu təkidlə geri qaytarır və ona " Siz Ağdamda – qərargahda qalın, polkovnik İslah Paşayevlə Xocavənddən, Kərkicahandan olan yaralıları, evsiz-eşiksizləri yerləşdirin. Biz tez qayıdacağıq...” deyir.
Mİ-8 vertolyotuna üç dövlətin yüksək rütbəli nümayəndələri ilə yanaşı, Ağdamın milis idarəsinin rəisi, polkovnik İslah Paşayev və Xocavəndin icra başçısı Rəhman Rəhmanovda əyləşmişdilər. Məhəmməd Əsədov bu dəfə də sakit, özünəməxsus tərzdə onların hər ikisini uçuşdan azad edir və deyir: "Siz qalın, yaxşı yemək hazırlatdırın, qonaqlar bizimkidir, biz bir azdan qayıdarıq”.
Amma "bir azdan” həmişəlik oldu. Mİ-8 vertolyotu ermənilər tərəfindən vuruldu. Bu hadisəni erməni terrorçularının törətdiyi ən dəhşətli, ən qanlı cinayətlərindən hesab etmək olar. Bu dəhşətli, qanlı cinayət cəzasız qaldığından, ermənilər azğınlaşdılar. 20 noyabr 1991- ci ildə törədilmiş Qarakənd faciəsini 20 yanvar 1990-cı il faciəsinin davamı kimi qiymətləndirmək olar.
Xocavəndin sabiq icra başçısı Rəhman Rəhmanovun dediklərindən: ”Ermənilər general Məhəmməd Əsədovu məhv etmək istəyirdilər, bu çirkin əməllərinə Qarakənddə nail oldular. 20 noyabr 1991-ci il faciəsi Azərbaycanı tam ayıltmalı idi və biz bilməliydik ki, bu faciə Qorbaçov-Volski cinayətinin tərkib hissəsidir”.
Məhəmməd Əsədov müstəqil Azərbaycanın ilk generalı, ordusu olmayan dövləti milis dəstələri, xalqının köməkliyi ilə müdafiə edən sərkərdə idi. Xalqımızın ümumilli Lideri Heydər Əliyev demişdir: "Azərbaycanın müstəqilliyi yolunda, xalqın rifahı naminə fədakarcasına çalışanlar və həlak olanlar həmişə hörmət və ehtiramla yad ediləcəklər”.
Xalqımızın Məhəmməd Əsədov kimi qəhrəmanı da heç vaxt unutmayacaq, daim qəlblərdə yaşayacaqdır.
Sucəddin Abdullayev,
Azərbaycan Təhlükəsizlik Orqanları Veteranlar Birliyininüzvü,
müharibə veteranı, ehtiyatda olan polkovnik
banner

Oxşar Xəbərlər