AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq

Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq

Siyasət
13 İyul 2020, 19:40 3667
Millət vəkilləri hesab edirlər ki, qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən, müxtəlif təxribatlar törətməklə Cənubi Qafqazda təhlükəsizliyə zərbə vuran Ermənistan uçuruma yuvarlanmaqdadır
 
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə çalışıb, artilleriya atəşindən istifadə edərək hücuma cəhd edib. Azərbaycan Ordusunun ayıq-sayıqlığı, həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Beləliklə də adekvat xarakter daşıyan əks-tədbirlər nəticəsində Azərbaycan Ordusu Ermənistanın təxribatna qətiyyətli cavab verib. Bununla əlaqədar Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda çıxış edən dövlət başçısı Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki hərbi təxribatının ilk hadisə olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olub. İyulun 12-də də qəflətən Azərbaycan hərbi bölmələrinin postuna artilleriya atəşinin açılması nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. O, Ermənistanın növbəti təxribatının qarşısının qətiyyətlə alındığını, adekvat cavab verildiyini dilə gətirib. Bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Silahlı Qüvvələrimiz dövlət sərhədini qoruyub və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər. Ölkə başçısı baş verənlərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib. Prezidentin fikrincə, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir.
 


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev Ermənistan silahlı qüvvələrinin iyulun 12-də törətdiyi təxribatın bir neçə səbəblə bağlı olduğunu söyləyib: "Azərbaycanın regionda və dünyada artan nüfuzu, bu nüfuzun fonunda beynəlxalq təşkilatların daha da təkidlə və aydın şəkildə Ermənistanı işğalçı adlandırması vandal təxəyyüllü düşmənlərimizdə yeni qıcıq yaradıb. Bununla yanaşı, pandemiya dövründə Paşinyan və onun hakimiyyətinin böhran vəziyyətində olması da təxribatın törədilməsi səbəblərindəndir. Ermənistanda iqtidar əməlli-başlı çöküb, həm siyasi, həm də iqtisadi sahədə. Belə olan halda Paşinyan düşünüb ki, cəbhə bölgəsində təxribat törətməklə ictimai fikri yayındırmaq olar. Amma yenə yanılıb. Növbəti dəfə Azərbaycan Ordusunun gücünü hesablaya, proqnozlaşdıra bilməyib. İyulun 12-də gün ərzində baş verən proseslər bir daha göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri istənilən təxribatın qarşısını almağa qadirdir. Qısamüddətli döyüşdə erməni hücumu nəinki dəf edildi, hətta yağı düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Düzdür, hələ ermənilər itkilərini etiraf etmirlər. Daha dəqiqi, bu etirafı 5-ci, 6-cı dərəcəli məmurların vasitəsilə "Facebook” üzərindən edirlər. Amma fakt budur ki, iyulun 12-dən etibarən erməni qüvvələri yetərincə itki verib. Qeyri-rəsmi məlumatlara görə, erməni ordusunun 30-dan çox əsgəri məhv edilib. Bu, onların növbəti fiaskolarıdır”.

Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında Prezident İlham Əliyevin işğalçı Ermənistanın çirkin, məkrli siyasəti barədə söylədiyi həqiqətlərə diqqət çəkən millət vəkili deyib ki, öz qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürən, onlarla münaqişə və müharibə şəraitində yaşayan, ən müxtəlif təxribatlar törətməklə Cənubu Qafqazda təhlükəsizliyə zərbə vuran Ermənistanı belə siyasət uçuruma aparacaq: "Azərbaycanın şanlı Ordusu peşəkardır, qüdrətlidir. Cənab Prezidentin vurğuladığı kimi, düşmən təxribatının qarşısını bu dəfə də qətiyyətlə alan əsgərlərimiz dövlət sərhəddini qorumaqla bərabər, həlak olan hərbçilərimizin qisası alıb, şəhidlərimizin qanını yerdə qoymayıb. Bundan sonra da belə olacaq. Bizim əzəli torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sadəcə, Ermənistan indi saman çöpü axtarışındadır. Təcavüzkar ölkə anlayır ki, işğal etdiyi torpaqları geri qaytarmağa məhkumdur. Ona görə də belə mənasız provokasiyalara əl atır və suyu növbəti dəfə bulandırmağa çalışır. Amma istəyinə nail ola bilməyəcək. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təxribat əməllərini kəskin şəkildə pisləməlidir”.
 


Milli Məclisin insan hüquqları komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, bəşəriyyətin koronavirus pandemiyası ilə mabarizə apardığı bu çətin dövrdə mənfur qonşuların sərhədlərimizi kobudcasına pozması işğalçı Ermənistanın avantürist hakimiyyətinin yarıtmaz siyasətini, faşizm ənənələrinə sadiqliklərini bir daha nümayiş etdirir. Deputatın sözlərinə görə, rəsmi Bakının təcavüzkar Ermənistanı işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət etməsinə məhəl qoymayan təcavüzkar Ermənistan beynəlxalq səviyyədə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq işğalçı siyasətini davam etdirir: "Azərbaycanın dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınması sözsüz ki, düşmənlərin yuxusunu qaçırıb. Məkrli siyasətindən, xudbin niyyətindən əl çəkməyən Ermənistan 2016-cı ilin Aprel, 2018-ci ilin may-iyun aylarında Naxçıvan döyüşlərində Azərbaycan xalqının öz torpaqlarının azad olunması uğrunda əzmini, ordumuzun gücünü nə tez unutdu? Gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılı olan Ermənistanın rəhbərliyi niyə Azərbaycanın müasir silahlara, yüksək texnologiyalara, ən qabaqcıl hərbi-texniki vasitələrə, güclü sosial bazaya, ruh yüksəkliyinə malik ordusunun olduğunu yaddan çıxarır? Gözü qonşusunun torpağında olan düşmənlərə bir daha xatırlatmaq lazımdır ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. Tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımız azad ediləcək, üçrəngli bayrağımız Şuşada, Xankəndində, bütövlükdə Qarabağda, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında dalğalanacaq. Düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtmək cəhdinin qarşısının qətiyyətlə alınması, Prezident İlham Əliyevin Təhülkəsizlik Şurasının iclasında səsləndirdiyi fikirlər buna tam əminlik yaradır”.

Rufik İSMAYILOV