• cümə axşamı, 25 aprel, 10:23
  • Baku Bakı 14°C

Azərbaycanın ərazi bütövlüyü məsələsindəki prinsipial mövqeyi dəstəklənir

29.03.14 08:33 1467
Azərbaycanın ərazi bütövlüyü məsələsindəki prinsipial mövqeyi dəstəklənir
Əvvəlcədən elan olunduğu kimi, martın 27-də BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı keçirdiyi iclasda Azərbaycan sözügedən ölkənin suverenliyi, siyasi müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamənin lehinə səs verərək Kiyevin mövqeyini dəstəkləyib. Nəticə etibarı ilə, Azərbaycan ehtimal olunan təhlükələri gözə alaraq ölkələrin ərazi bütövlüyü məsələsindəki birmənalı mövqeyinə sadiq qalıb və Ukraynanı dəstəkləyən, qətnamənin lehinə səs verən 100 ölkədən biri olub. Məsələyə münasibətini öyrəndiyimiz yerli politoloqlar bildirdilər ki, ölkəmizin qərarı başqa cür ola da bilməzdi.
Politoloq Elxan Şahinoğlu qəzetimizə açıqlamasında bu səsvermədə kimin kim olduğunun bir daha üzə çıxdığını bildirdi: “Birləşmiş Millətlər Təşkilatının həyata keçirdiyi səsvermədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Təbii ki, heç kim əks qərar veriləcəyini heç ağlına gətirmirdi. Ölkəmiz hər zamankı mövqeyindən çıxış etdi. Elə Ermənistan da. İşğalçı ölkənin Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verməsi bir daha göstərdi ki, Ermənistan beynəlxalq hüququ tanımır. Onlar Nikaraqua və Venesuela ilə eyni mövqedən çıxış etdilər. Bu qərar göstərici kimi yadda saxlanılmalıdır”.
E.Şahinoğlu xatırlatdı ki, bundan öncə də Azərbaycan Avropa Şurasında Ukraynanın ərazi bütövlüyünə səs vermişdi: “Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır. Amma tərəfdaş olmasaydı belə, Azərbaycan onun ərazi bütövlüyünə səs verəcəkdi. Ümumiyyətlə, biz bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik. Qeyd edim ki, Kosovo da müstəqilliyini qazandığı zaman Azərbaycan Serbiyanın ərazi bütövlüyünü dəstəkləmişdi. Yəni, Azərbaycan bütün hallarda dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və bu məqam bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın qərarı çox düzgün siyasi addımdır. Bilirsiniz ki, Azərbaycan ərazi bütövlüyü məsələsində Ukraynadan öncə Gürcüstanı dəstəkləyib. 2008-ci ildə Rusiya Gürcüstana qarşı bu cür əməliyyat həyata keçirdikdə Azərbaycan Gürcüstana siyasi dəstəyini ifadə etmişdi”.
Politoloq vurğuladı ki, ola bilsin, gələcəkdə Gürcüstanla olduğu kimi Azərbaycan Ukrayna ilə də iqtisadi əməkdaşlığını genişləndirsin. Enerji əməkdaşlığının inkişafı mövzusu da gündəmə gələ bilər: “O ki qaldı regiondakı son hadisələrə, Krımın işğalı fonunda gərginlik hələ də qalmaqdadır. Çünki Rusiya işğalçı siyasətindən əl çəkmir. Əvvəl Gürcüstanı parçaladı, sonra isə Ukraynanı. Hətta, belə söhbət gəzir ki, ruslar Moldovada Dnestr separatçılarına da dəstək verə bilərlər. Jirinovski “Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir” ifadəsini də işlədib. Əlbəttə, onun sözlərini ciddiyə almaya bilərik. Amma xatırladım ki, o, 10 il öncə deyirdi ki, Krım Rusiyaya birləşdirilməlidir. Yəni, görünən odur ki, Rusiya hakimiyyəti onun fikirlərini yerinə yetirir. Ona görə də Dağlıq Qarabağla bağlı məsələlərdə olduqca diqqətli olmalıyıq. Qərbdən Azərbaycanın ərazi bütövlüyünə daha çox diqqət yetirməsini tələb etməliyik və Qarabağ münaqişəsinin həllində fəal olmalarına çalışmalıyıq. Dünya dövlətləri gördü ki, Ermənistan Ukraynanın parçalanmasının lehinə səs verdi. Qərb bundan açıq-aşkar narazı qaldı. Onlar bunu Ermənistan hakimiyyətinə də bildirdilər. Qəribə məqamdır ki, Ermənistana əsas maliyyə vəsaiti Avropa Birliyindən və ABŞ-dan gəlir. Düşünürəm ki, yaxın müddətdə Azərbaycan bu məsələni qaldırmalıdır. Əgər Ermənistan Ukraynanın parçalanmasına səs veribsə, o dövlətə niyə maliyyə resursları ayrılmalıdır?”
Politoloq Qabil Hüseynli də ölkəmizin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsini çox müsbət hadisə adlandırdı: “BMT-nin bu məsələyə qarışması onun yeni, ciddi bir səviyyəyə qaldırılması deməkdir. Azərbaycanın qətnaməni dəstəkləməsi separatizmin əleyhinə səsverməsi kimi başa düşülür. Onu da deyim ki, BMT qətnaməsi yerinə yetirilməsi vacib olan hüquqi sənəddir. Rusiyanın sənədə əməl etməkdən boyun qaçırması ona çətinlik yarada bilər. Bəziləri deyirdi ki, Azərbaycan qətnamənin əleyhinə səs verməli, Rusiyanın tərəfini tutmalı idi. Eynən Ermənistan, Belarus, Şimali Koreya kimi. Amma məncə bu cür olması mümkün deyildi. Ölkəmiz o cərgədə yer ala bilməzdi. Çünki Azərbaycan özü aqressiv separatizmdən əziyyət çəkir və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Həm strateji maraqlarımız, həm də düzgün mövqe tutduğumuzu dünya ictimaiyyətinə göstərmək istəyimiz bu addımı atmağımızı tələb edirdi. Kimlərsə Rusiyanın təhdidlərinin meydana çıxacağından ehtiyat edirsə, qeyd edim ki, bu təzyiqlər onsuz da var idi. Azərbaycan daim üzərində təzyiq hiss edib”.
Q.Hüseynli hesab edir ki, Rusiya bu məqamlarda elə də güclü vəziyyətdə deyil ki, digər respublikalar üçün də mübarizə aparsın: “Məncə, Rusiya hazırda çox çətin duruma düşüb. Özünü bilərəkdən, ya da bilməyərəkdən bataqlığa salıb. Oradan çıxmaq elə də asan görünmür. Qərbin əlinə Rusiyanı yerində oturtmaq üçün unikal fürsət düşüb. Məncə, onlar bu fürsətdən çox yaxşı yararlanacaqlar. Hətta, bunun ilkin əlamətləri görünməkdədir. Rusiyaya tətbiq olunan sanksiyalar həm bu ölkəni sarsıdacaq, həm də Azərbaycan üçün yeni imkanlar açacaq. Azərbaycanın Rusiya qazına alternativ mənbə kimi rolu ölçüyəgəlməz dərəcədə artacaq. Düzdür, dünya bazarında neftin qiyməti aşağı düşə bilər. Amma istənilən halda, Azərbaycan neftinin Qərb üçün əhəmiyyəti xeyli artır. Ölkə prezidentinin Hollandiyada keçirilən nüvə təhlükəsizliyi sammitindəki çıxışı da göstərdi ki, ölkəmiz Qərb dövlətləri ilə ciddi əməkdaşlığa hazırdır. Hesab edirəm ki, hər şey Azərbaycan üçün uğurlu istiqamətdə inkişaf edir”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər