• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Azərbaycanın ən məşhur kəndindən REPORTAJ - Fotolar

14.09.17 09:00 3705
Azərbaycanın ən məşhur kəndindən REPORTAJ - Fotolar
Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Amma bu yaşayış məntəqəsinin ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. 2016-cı ilin aprel ayında mövqelərimizə soxulmağa çalışan düşmən, ordumuzun əks hücumu nəticəsində geri otuzdurulduqdan, bir sıra strateji yüksəkliklərə, o cümlədən Lələ təpə yüksəkliyinə nəzarəti təkrar ələ keçirildikdən sonra ətraf ərazilərdə təhlükəsizlik təmin olunub.
Böyük Qayıdışın başlanğıcı
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) qısa zamanda kənd ərazisini minalardan, partlamamış mərmi qalıqlarından təmizləyib. Beləliklə də Cocuq Mərcanlı kənd sakinlərinin öz yurd-yuvalarına qayıtması, burada yaşaması üçün heç bir təhlükə qalmayıb. Lakin işğal zamanı kənd ermənilər tərəfindən dağıdıldığından bu yaşayış məntəqəsində əsaslı şəkildə yenidənqurma, abadlıq tədbirlərinə, xüsusən də kənd sakinlərinin yaşaması üçün yeni evlərin tikilməsinə, infrastrukturun yaradılmasına böyük ehtiyac duyulub. Bu məqsədlə yanvarın 24-də Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 4 milyon manat ayrılıb. Sözügedən sərəncam nəinki bu kəndin və cəbrayıllıların, bütün Azərbaycan xalqının ürəyindən xəbər verən addım olub, hər kəs bunu Böyük Qayıdışın başlanğıcı kimi dəyərləndirib.
Az müddətdə böyük işlər görülüb
Sərəncamın imzalanmasından keçən çox az bir müddətdə Cocuq Mərcanlı kəndində 50 mənzil tikilib. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 10 sot həyətyanı sahə ayrılıb. Bununla yanaşı, kənddə 100 yerlik məktəb binası, Şuşadakı məscidin bənzəri olan ibadət evi, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Cocuq Mərcanlıya ilk mərhələdə 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailənin köçürülməsinə başlanılıb.
Digər kənd sakinləri də qayıtmaq istəyir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə srağagün Cocuq Mərcanlıya təşkil olunan səfər zamanı bütün bu qeyd edilənləri canlı olaraq görmək imkanımız oldu. Fondun məktəbə 1000 nüsxə kitab hədiyyə etməsi və icraçı direktor Oktay Səmədovun bununla bağlı bəzi görüşlər keçirməsindən həmən sonra kəndi gəzməyə başladıq. Öncə onu qeyd edək ki, cocuq mərcanlıların hələlik bir qisminin yaşadığı bu kənd geniş tikinti meydançasını xatırladır. Ərazidə olarkən icra nümayəndəsi Xanlar Zeynalovla da tanış olduq. Onun müşayiəti ilə tamamilə yenidən qurulan bu yurd yerində tikilməkdə olan evlərə, icra nümayəndəliyi və uşaq bağçası binalarına baş çəkdik. Öyrəndik ki, dövlət başçısının müvafiq sərəncamı, bundan irəli gələn tədbirlərin sürətlə həyata keçirilməsi, son nəticədə 50 sakininin öz kəndinə qaytarılması və yeni mənzillə təmin edilməsi, digər kənd sakinlərinin də Cocuq Mərcanlıya qayıtmasına əlavə stimul yaradıb. Təxminən 200 ailə ərizə ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək, doğma kəndlərinə qayıtmaq istəklərini bildiriblər. Buna görə də kənddə əlavə olaraq 100 fərdi yaşayış evinin tikintisinə başlanılıb. Kənddə yaşayış üçün zəruri olan bütün işlərin görüldüyünü, ən yüksək səviyyədə şərait yaradıldığını, xüsusən də keyfiyyət amilinə böyük önəm verildiyini diqqətə çatdıran icra nümayəndəsi vurğuladı ki, yeni mənzillərin, inzibati binanın, uşaq bağçasının tikintisində hazırda Cocuq Mərcanlı kəndində yaşayan sakinlər iştirak edir, buna görə aylıq məvacib alırlar. Beləliklə də həm kənardan əlavə işçi qüvvəsinin gətirilməsinə ehtiyac duyulmur, həm də cocuq mərcanlılar öz kəndlərini, öz evlərini özləri tikmiş olurlar.
Sakinlərə pay torpaqları veriləcək
X.Zeynalov tezliklə kənd sakinlərinə pay torpaqlarının veriləcəyini də söylədi. İcra nümayəndəsinin sözlərinə görə, cari ilin oktyabr ayının əvvəlinə kimi hazırda tikilməkdə olan 100 ev də istifadəyə veriləcək. Bundan sonra yeni evlərə köçürülən ailələrin say tərkibinə baxılacaq, buna uyğun olaraq da pay torpaqları veriləcək. X.Zeynalov bildirdi ki, hazırda suvarma suyu probleminin həll edilməsi üçün müvafiq dövlət qurumları ilə birlikdə iş görülür. Yaxınlıqdakı Araz çayı mənbə olmaqla su nasos stansiyasının qurulması, bununla da əhalinin suvarma suyu ilə təmin olunması planlaşdırılıb. Bütün bu işlər yekunlaşandan sonra kənd sakinlərinin əkin-biçinlə məşğul olması, gəlir əldə eləməsi və dolanışığını təmin etməsi məsələsi də həllini tapacaq.
Həvəslə çalışan inşaatçılar
Tikilməkdə olan fərdi evlərin bir neçəsində olarkən usta və fəhlələrlə iş başında görüşüb söhbətləşmək imkanımız da oldu. Ustalardan Cümşüd Qəhrəmanov, Əsgər Məmmədov, fəhlələrdən İbrahim Aşırəliyev, Əfqan Məmmədov və başqaları əllərini işdən soyutmadan, gördükləri işlərdən böyük fərəhlə söhbət açdılar. Bildirdilər ki, fərdi mənzillər tikinti standartları gözlənilməklə, ən keyfiyyətli materiallardan istifadə olunmaqla inşa edilir. 2,3 və 4 otaqdan ibarət olacaq bu mənzillər yaxın gələcəkdə neçə-neçə Cocuq Mərcanlı sakininin ocağına çevriləcək, sevincli anlarına şahidlik edəcək.
Tarixi nailiyyətləri olan kənd məktəbi
Kənd sakini, Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Hacıyevlə isə elə təhsil müəssisəsində görüşə bildik. Yenidən qurulan kəndin, yeni məktəbinin direktoru 15 sentyabr Bilik Gününə hazır olduqlarını bildirdi. Qeyd etdi ki, 23 illik işğaldan sonra Cocuq Mərcanlı kənd orta məktəbinin yenidən öz qapılarını şagird və müəllimlərin üzünə açması əlamətdar tarixi hadisə kimi yadda qalacaq. O, vaxtilə bu kənd orta məktəbinin böyük uğurlara imza atdığını, buna görə hətta Füzuli rayonunun yaxınlıqdakı kəndlərindən də şagirdlərin yaxşı təhsil almaq üçün bu kəndə gəldiklərini xatırlatdı. Direktor dedi ki, məktəb bütün ləvazimatlarla, o cümlədən dərs ləvazimatları, dərsliklərlə, hətta şagirdlər məktəbli geyimləri ilə təmin olunub, pedaqoji kollektiv formalaşdırılıb. Zamin müəllim inamla onu da əlavə etdi ki, çox tezliklə Cocuq Mərcanlı kənd orta məktəbi öz ənənəsini bərpa edəcək, yeni uğurlara imza atacaq.

Biz də bu inamın, ümidin tezliklə özünü doğruldacağına zərrə qədər şübhə etmədən yenidən qurulan, Böyük Qayıdışın başlanğıcı hesab olunan Cocuq Mərcanlıdan xoş təəssüratlarla ayrıldıq. Arzuladıq ki, tezliklə növbəti səfərlərimiz işğaldan azad olunan Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına gerçəkləşsin.
Rufik İSMAYILOV
Bakı-Cəbrayıl-Cocuq Mərcanlı-Bakı












banner

Oxşar Xəbərlər