• cümə axşamı, 28 mart, 13:19
  • Baku Bakı 16°C

Azərbaycanın ən gənc olimpiya çempionu - Portret

08.02.19 15:30 4974
Azərbaycanın ən gənc olimpiya çempionu - Portret
Azərbaycan cüdoçuları aşağı yaş kateqoriyaları üzrə Avropa və dünya çempionatlarından tutmuş, böyüklərin olimpiadasınadək, bir çox mötəbər yarışın baş mükafatına sahib çıxsalar da, Yeniyetmələrin Olimpiya Oyunlarında himnimizi səsləndirmək heç bir təmsilçimizə qismət olmamışdı. Ta ki, ötən ilin oktyabrınadək. Buenos-Ayresdə təşkil olunan III olimpiadada, nəhayət, bu intizarımıza da son qoyuldu. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan 15 yaşlı Vüqar Talıbovun qazandığı "qızıl", tarixdə ilk olmaqla yanaşı, iki rekord göstərici ilə də əlamətdardır. Belə ki, o, həm Azərbaycan idmanında, həm də dünya cüdosunda "ən gənc olimpiya çempionu" statusuna sahibdir.
Ananın arzusu
Talıbov Vüqar Yalçın oğlu 11 avqust 2003-cü ildə Rusiya Federasiyasının Nijnevartovsk şəhərində dünyaya göz açıb. Əslən Ucar rayonundan olan Talıbovlar, qəhrəmanımız dörd yaşında olarkən vətənə dönüblər. Lakin onlar əvvəlki kimi Ucarda yox, Bakıda məskunlaşıblar.

2008-ci ildə böyük bacısı ilə birgə 252 saylı məktəbə qədəm qoyan Vüqar, idmanda ilk addımlarını 2011-ci ildən atmağa başlayıb. Lakin öncə cüdonu deyil, ölkəmizdə daha populyar idman növü olan sərbəst güləşi seçib. Bu növ üzrə məşqlərini isə Respublika Olimpiya İdman Liseyində keçib. Həvəsi böyük olsa da, onun güləş macərası səhhətində yaranan problemlərə görə cəmi bir neçə ay çəkib.

Bir ildən çox müddəti əhatə edən fasilənin ardından, o, anasının dəstəyi ilə yenidən idmana qayıtmağı qərara alır. 10 yaşlı Vüqar bu dəfə "cüdo" deyib, Vüsalə xanımla birgə yenidən ROİL-ə üz tutur. Zala daxil olanda, yaşıdlarından fərqlənən cüssəsi ilk baxışdan məşqçilərin - Ramiz Ramizzadə və Aslan Hacıyevin diqqətini çəkir. Beləcə, ikili tərəddüd etmədən onu məşqlərə cəlb edir.

Hazırlıq üçün nəzərdə tutulan bütün mərhələləri qısa müddətdə keçən Vüqar, tezliklə zalın liderinə çevrilir. Heç bir il keçmir ki, şəhər və respublika birinciliklərindən qələbə soraqları gəlir.

Uşaqların idmana meyillənməsində adətən, atalar mühüm rol oynasa da, bugünkü qəhrəmanımızın ailəsində vəziyyət fərqlidir. Belə ki, atası onun həmişə təhsil almasını, anası idmançı olmasını istəyib. Bunu doğuran əsas səbəb isə Elnur Məmmədli və Toğrul Əsgərovun olimpiya çempionluqları olub. Daim ölkəmizin təmsilçilərinin iştirakı ilə baş tutan yarışları izləyən, uğurlardan fərəhlənən ana, öz oğlunu da bu zirvələrdə görmək arzusu ilə yaşayıb.

Maqadandan başlayan yol
İlk beynəlxalq sınağını 2017-ci ildə Rusiyanın Maqadan şəhərində baş tutan açıq birincilikdə verən Vüqar, rəqiblərinə seçim yeri qoymadan, fəxri kürsünün birinci pilləsinə qalxır. Beləliklə, növbəti ildən Avropa kuboklarına qatılır. Fevralda İspaniyaya yollanan Talıbov, ilk iki mərhələni qələbə ilə başa vurub 1/8 finala adlayır. Burada İsrail təmsilçisinə yenilsə də, bürünc uğrunda mübarizəni davam etdirir. Lakin təcrübəsizliyi ona təsəlliverici mərhələdə də uğurla çıxış etməyə imkan vermir. Belə ki, ispaniyalı həmkarını üstələyən Vüqar, ardınca Almaniya cüdoçusu ilə bacarmır.

Apreldə Almaniyada baş tutan analoji turnir isə daha uğursuz alınır. Vüqarın Berlin macərası sadəcə, bir görüşdən ibarət olur.

Bundan cəmi bir ay sonra isə o, Avropa kuboku seriyasında medal hesabını açır. Portuqaliyada baş tutan sözügedən yarışda Vüqar, əvvəlcə ev sahibini, növbəti mərhələlərdə isə müvafiq olaraq, Belçika və İsveçrədən olan həmkarlarını yolundan uzaqlaşdıraq, yarımfinalda Estoniya təmsilçisinə rəqib olur. Daniel Nuriyevi də tatamidən məyus yola salan həmyerlimiz, ispaniyalı Xavyer Penanın da müqavimətini asanlıqla qıraraq, medal hesabını birbaşa "qızıl"la açır. İyunda Bosniya və Hersoqovinada keçirilən Avropa çempionatında isə yeddinci yerlə kifayətlənir.

Növbəti ay Çində təşkil olunan Asiya kuboku daha böyük məsuliyyət kəsb edirdi. Belə ki, məşqçilər heyəti ölkəmizin Buenos-Ayresdə kiminlə təmsil olunacağını məhz bu yarışda müəyyənləşdirməyi qərara almışdı. Belədə, Vüqar sadəcə, maksimum nəticə haqqında düşünsə də, yekunda üçüncü olur. Bununla belə, yarışın yekunlarına əsasən, "bürünc" də ona kifayət edir.

Medala iddialı, amma...
Argentina paytaxtına yollanmazdan öncə həm özü, həm də məşqçilər nikbin danışır, böyük ehtimalla, medalla dönəcəklərini söyləyirdilər. Lakin "qızıl" haqqında proqnoz verməkdən çəkinirdilər. Bunun da müxtəlif səbəbləri vardı. Əvvəla, cüdo proqnozları ümumiyyətlə, sevməyən bir idman növüdür. Ani səhv hər şeyi alt-üst edə bilər. Digər tərəfdən də, rəqiblər arasında ondan daha təcrübəli və titullu cüdoçular çoxluq təşkil edirdi.
Zirvəyə doğru
Startda Yəmən cüdoçusuna qalib gələn Talıbov, ardınca tacikistanlı, yarımfinalda isə dominikanlı rəqiblərinin də ümidlərini puça çıxarır. Final görüşündə isə onu Rusiya təmsilçisi, son Avropa çempionu Abrek Naquçev gözləyirdi. Adlı-sanlı Rusiya məktəbinin, özündən daha təcrübəli və titullu nümayəndəsi ilə görüşdə şansları xeyli az qiymətləndirilsə də, Vüqar, bu dəfə də sadəcə, zəfərə köklənmişdi. Məşqçilər də işlərini olduqca ehtiyatlı tutmuşdular. Onlar sözügedən idmançını əsas rəqib kimi qəbul etdiklərindən, yarışdan qabaq ətraflı analiz edib, bütün zəif nöqtələrini, təmsilçimizin ona qarşı hansı həmlələri edə biləcəyini müəyyənləşdirmişdilər. Beləcə, əvvəlcədən planlaşdırıldığı kimi, əks-hücum üslubunda güləşən Talıbov, görüşün startından 1 dəqiqə 4 saniyə keçmiş, Naquçevin ani boşluğundan yararlanaraq, onun kürəyini tatamiyə vurur.

Yeni çəkidə "qızıl siftə” və 2019-cu ildə əsas hədəfi
Olimpiadadan sonra çəkisini 73 kiloqrama qaldıran Vüqar, ilk sınağını - Azərbaycan birinciliyini maksimumu nəticə ilə başa vurub. Keçirdiyi beş görüşün dördünü "ippon" xalı ilə başa vurub ki, bu, onun rəqiblərindən bir baş üstün olduğunu təsdiqləyir. Cari ildə isə Talıbovu üç mühüm sınaq gözləyir. Bunlar Avropa və dünya birincilikləri və Bakıda baş tutacaq sayca 15-ci Avropa Gənclər Olimpiya Festivalıdır. Əsas yarış olaraq, sonuncunu qəbul edən olimpiya çempionumuz, doğma publika önündə maksimum nəticə qazanmağı hədəfləyib.

Ən böyük hədəf isə şübhəsiz ki, böyüklərin Yay Olimpiya Oyunlarıdır. Vüqar belə davam eləsə, 2024-cü ildə Parisdə baş tutacaq zirvə yarışında bizi "qızıl"la sevindirə bilər. Onun potensialı nəinki bir, daha artıq olimpiya medalına sahib olmağa imkan verir. Bunu biz yox, şəxsi məşqçisi Aslan Hacıyev və yığmamızın çalışdırıcısı Ramiz Ramizzadə deyir.

Əfsanəvi kumirdən xoş sözlər
Daha çox fiziki gücünə görə seçilən Vüqarın, texniki göstəriciləri də qənaətbəxşdir. Onun bir neçə "kral" fəndi var. Bunlar "çiyin üzərindən atma", "arxaya badalaq" və "burma"dır. Fəndləri həm sağ, həm də sol istiqamətdən yerinə yetirməsi isə əsas üstünlüyüdür.

Döyüş tərzinə görə, mütəxəssislər onu əfsanəvi yunanıstanlı cüdoçu, olimpiya və üçqat dünya çempionu İlias İliadislə müqayisə edirlər. Yeri gəlmişkən, Talıbov onu özünə kumir seçib. Xüsusi vurğulayaq ki, Argentinadakı zəfərdən sonra İlias ona yaxınlaşaraq, döyüşlərini əvvəldən axıra qədər izlədiyini və çox bəyəndiyini bildirib. Əfsanəvi cüdoçu öz karyerasından nümunələr gətirərək, Vüqara deyib ki, arxayınlaşmasan, tezliklə ali səviyyəyə çatacaqsan. Bu dialoq yeniyetmə cüdoçumuza əlavə stimul verib. O, olimpiya çempionu olduğunu unudaraq, tamamilə məşqlərə köklənib. Ramiz müəllim deyir ki, geridə qalan müddət ərzində, Vüqar bir dəfə də olsun, hazırlıqdan yayınmayıb. Əksinə, sadəliyi ilə digər yaşıdlarına nümunədir.

Futbol və güləş sevgisi
Güləşlə məşğul olduğu dövrdə həm də futbol məşqlərinə qatılan Vüqarın, idmanına şahına qarşı indi də böyük sevgisi var. Əsasən "Qarabağ"ın və milli komandamızın oyunlarını diqqətdə saxlayan olimpiya çempionumuzu tez-tez stadionlarda görmək mümkündür. Xarici klublardan isə "Barselona"ya azarkeşlik edir.

Güləş üzrə keçirilən yarışları da diqqətdən qaçırmayan Vüqar, pəhləvanlarımız arasında olimpiya çempionu Toğrul Əsgərova və üçqat dünya çempionu Hacı Əliyevə pərəstiş edir.

Hazırda o, Respublika Olimpiya İdman Liseyinin XI sinfində oxuyur. Ali təhsilini də idman istiqamətində almaq istəyən 15 yaşlı Talıbov, sənədlərini Bədən Tərbiyəsi və İdman Akademiyasına verməyi düşünür.

Portret

İlklər heç zaman unudulmur. Azərbaycan cüdosuna Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk qızıl medalını bəxş edən Vüqar da adını tarixə əbədi həkk etdirib. 15 yaşlı idmançı üçün bu, əsl qürur mənbəyi olmaqla yanaşı, həm də böyük məsuliyyətdir. İliadisin sözlərinə qüvvət, xarakterini sabit saxlaya bilsə, o, cüdonun əfsanələrindən birinə çevrilə, adını Azərbaycan idmanı tarixinə daha iri hərflərlə yazdıra bilər.
Sahib

banner

Oxşar Xəbərlər