• cümə, 19 Aprel, 09:58
  • Baku Bakı 13°C

Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad

20.07.17 13:00 23934
Azərbaycanın dövlət müstəqilliyinin kamil tərənnümçüsü - Əhməd Cavad
Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın (1892-1937) yaradıcılığı Azərbaycan dövlətçiliyinin, o cümlədən Xalq Cümhuriyyətinin tərənnümü baxımından çox zəngindir. Dövlət müstəqilliyinin əldə olunmasından yaranan milli qürur, sevinc və fəxarət duyğuları milli Azərbaycan poeziyasının nəhəng siması, Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Əhməd Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni milli poeziya məktəbi yaradır.
Dövlət müstəqilliyinin əldə olunmasından yaranan yüksək əhval-ruhiyyə, mənəvi toxtaqlıq, müstəqillik duyğuları, azadlıq sevgisi və vətən məhəbbəti bu dövrdə yaranan milli poeziya nümunələrində özünə geniş yer tapır ki, Azərbaycan poeziyasının mükəmməl ustadlarından olan Əhməd Cavad yaradıcılığı bu poeziyanın ən gözəl örnəyini təşkil edir. Bu qüdrətli və vətənpərvər şair Azərbaycanın ilk dövlət himninin sözlərini yazır, dövlət atributlarını vəsf və tərənnüm edir, dövlətçiliyə məhəbbət və vətənə bağlılıq hisslərini təbliğ edir. Prof. Yaşar Qarayev haqlı olaraq yazır ki: ""Cümhuriyyət” deyəndə yada hamıdan əvvəl Əhməd Cavad düşür.
...Üçrəngli poeziya bədii yaddaşa hamıdan əvvəl Əhməd Cavadın qələmi ilə həkk olunmuşdur”. Bu baxımdan görkəmli Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığı dövlətçiliyə sədaqət və tərənnüm dolu nümunələri ilə fərqlənir. Əhməd Cavad o şairdir ki:
Soranlara mən buyurdum
Anlatayım nəçiyəm:
Mən çeynənən bir ölkənin
Haqq bağıran səsiyəm –
deyə özünü mənsub olduğu xalqının və ölkəsinin "haqq səsini bağıran” ruporu hesab etmişdir. Yaradıcılığının bu xüsusiyyətlərinə görə Ə.Cavad həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı sənətkarların ağsaqqalı və başçısı hesab olunur. Qəlbi vətən eşqi ilə yanan bu böyük sənətkar əsərlərində vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır. Bu hislərlə ədəbiyyata gələn Əhməd Cavad "haqq bağıran səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Şairin böyük məhəbbətlə yazdığı "Nədən yarandın” şeirində:
Sən qüdrətin aşıb-coşan vaxtında,
Mələklərin gülüşündən yarandın.
...Qaranlıqda boğularkən ümidim
Dan ulduzu yürüşündən yarandın!
...Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!
- deyə bu milli fəxarət və qüruru əks etdirilir. Onun "Azərbaycan bayrağına” şeiri də bu ruhda yazılan, sənətkarın bir vətəndaş-şair olaraq dövlət müstəqilliyinə, xalqının, millətinin, vətəninin müstəqillik simvoluna bəslədiyi sonsuz məhəbbətini, qürurverici hisslərini ifadə edir. Bu əsəri Azərbaycanın müstəqillik tarixində bayrağa məhəbbət dolu şeirlər silsiləsinin mənəvi atası da adlandırmaq olar.
Türküstan elləri öpüb alnını,
Söylüyor dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən,
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma...
İzn ver gözümdə coşan yaşıma –
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,
Sığınmış qoynunda Aya, bayrağım!
Şeir özünün bədii təsir gücü, səmimiliyi və dövlətçilik dəyərlərinə vətəndaşlıq məhəbbəti ilə seçilən, bədii-estetik əhəmiyyətilə diqqəti cəlb edən əbədiyaşar bir əsərdir. Diqqət edilsə, şair təkcə tərənnüm və vəsf etmir, həm də bayraqdakı rəmzi işarələrin mənasını açır, onun müqəddəsliyi və ucalığını hiss etdirir, hətta milli dövlətçilik tarixinə nəzər salır, milli dövlətçilik ənənələrini izləyərək bu müqəddəs Oğuz-Türk yurdunda mövcud olmuş məşhur Elxanilər-Atabəylər dövlətinə işarə edir.
Ümumiyyətlə, Vətən məhəbbətinin bədii ədəbiyyatdakı bir simvolu olaraq çıxış edən bayraq mövzusu böyük Azərbaycan şairi Əhməd Cavadın yaradıcılığında əsas mövzulardan birini təşkil edir. Şairin Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi və ilk milli dövlət bayrağı qaldırıldığı 1918-ci ildə şəxsən söylədiyi "Elin bayrağı” şeiri də bayrağa və onun ifadə etdiyi müstqəillik və azadlığa dərin məhəbbət ifadə edir. Şair bayrağı kəsb etdiyi məzmun və mahiyyətə əsasən qibləgah, yol göstərən kimi təqdim edir. Əhməd Cavad Azərbaycan bayrağını kamilləşmə dövrünü keçən "Azərbaycançılıq” ideologiyasının qibləgahı və yol göstərəni kimi göstərir, bu bayrağın iman və inam yeri olduğunu bildirir. Şair:
Təmiz al alnındakı tozu, torpağı,
Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,
O sənin, o mənim əlimdədir, bil! –
deyə bütün vətəndaşları bu bayraq altında Azərbaycanın və Azərbaycançılığın əsgəritək birləşməyə dəvət edir.
Şairin bu mövzuda yazdığı "Al bayrağa” şeiri də öz təsir gücü və məzmunu etibarilə fərqlilik kəsb edir. Şeirdəki ritorik suallar təsir gücünü artırdığı kimi, müəyyən mətləbləri diqqətə çatdırmağın, vurğulumağın da öhdəsindən müvəffəqiyyətlə gəlir. Şair özündən əvvəlki klassik sənətkarların ritorik sual-cavab üsulundan istifadə edərək gözəllikdə tayı-bərabəri olmayan, üzü gözəl, qəlbin aynası və tacı olan öz məşuqunun müxtəlif, amma vacib tərəflərini, xüsusiyyətlərini açır:
Gül rəngində bir yarpağın
Ortasında bir hilal!
Ey Al bayraq, sənin rəngin
Söylə, neyçün böylə al?!
...Bu bənzəyiş nədən, gözüm,
Şəhidlərin qanına?!
Uğrunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni, ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..
Şeirin misraları bitdikdə şairin bu gözəl məşuqunun dövlət müstəqilliyimizin ucalıq və əbədiyyət rəmzi olan bütün sevgilərin zirvəsi və qibləsi Dövlət Bayrağı olduğunu bilirsən. Şair çox məharətlə simvollaşdırmadan, rəmzi mənalandırmadan istifadə edir. Bayrağın qırmızı rəngini azadlıq və istiqlaliyyət məzmununda mənalandırmaqla şair milli istiqlaliyyət mücahidlərinin xatirəsini əbədiləşdirir, öz varlığını istiqlaliyyətə qurban verən şəhidlərə mənəvi abidə ucaltmış olur. Övlad itkisindən içi sökülən, dərdli bir ananın, nənənin al rəngli bayrağı görəndə ağlamamasını ən sadə vətəndaşın istiqlaliyyət sevgisi və milli qüruru, vətəndaşlıq vüqarı kimi dəyərləndirir. "Ellə gələn dərd toy bayram olar” müdrikliyini özündə yaşadan qarı nənə el üçün, vətən üçün canından keçmiş övladını xatırlarkən müstəqillik simvolu olan, dövlətinin güc-qüdrət rəmzi kimi dalğalanan al bayrağı görərkən sinəsi qürur və iftixarla dolur. Qoca ana al bayrağın mavi səmada aramsız dalğalanmasını müşahidə edərkən şəhid olmuş övladının ruhunun bu dalğalar üzərində azad-azad süzdüyünü sanır. Şair al bayrağın ciddiyyət və təsir gücünü metaforalarla da daha təsirli təqdim etməyə müvəffəq olur. Qürurla sinəsini qabardıb üzü göylərə doğru zirvələrlə yarışan, səadət və xoşbəxtlik rəmzi olan ay-ulduzlu, mavi göylərə baş çəkən al Azərbaycan Bayrağı dalğalanarkən vətənin istiqlaliyyəti, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid düşmüş Azərbaycan qəhrəmanlarının ruhlarından ibarət göy əsgərləri olan buludlar onun önündə salam duruşuna keçir və nizami yürüş nümayiş etdirirlər. Bayraq elə bir qürur və iftixarverici sevgiyə layiqdir ki, artıq sevdalanmış bir qız belə ona dərin məhəbbətlə bağlanmışdır. Şairin: "Sən öylə bir şeirsən ki, Sevməyənlər anlamaz!” – misrası böyük Yunusun: Bilmiyən nə bilsin bizi, Bilənlərə salam olsun – misrasını xatırladır. Bu bayrağın sonsuz bir sevgidən, minlərlə insanın mübarizəsi və mücadiləsindən yaranmış dövlət müstəqilliyinin rəmzi olduğunu, üzərində minlərlə şəhidin al qanının rənginin hopduğunu, şəhid ruhlarının əl-ələ verib göylərə qaldırdığını, dalğalandırdığını anlamayan, onu sevməyən, millətini, vətənini bilməyən bunun mahiyyətini nə bilsin?! Milli heysiyyətlə, vətən məhəbbətilə, insani hisslərlə yaşamayan azadlığın, dövlətin və müstəqilliyin qədrini haradan bilsin?!
Vətəndaş-şair məhz bu hisslərlə, sonsuz məhəbbət və dərin iftixarla bayrağa sevgi dolu şeirlər həsr edirdi. Əhməd Cavad adıgedən şeirlərilə bərabər digər mövzulu əsərlərində, habelə "Aşiqin dərdi”, "Bən bulmuşam”, məşhur "Göy göl” kimi şeirlərində də Azərbaycan bayrağına sevgisini poetik şəkildə ifadə etməyə müvəffəq ola bilmişdir. Böyük şairimiz Əhməd Cavadın yaradıcılığında tez-tez Azərbaycan bayrağına, ayrıca aya və ulduza müraciət məhz bir vətəndaş olaraq şairin qəlbindəki xalqa, vətənə və onun dövlət müstəqilliyinə məhəbbətinin nişanəsi, milli qürur, heysiyyət və istiqlal düşüncəsinin təcəssümüdür. O, bütün yaradıcılığı ilə Azərbaycan dövlətçilik təfəkkürünün poetik ifadəsi, dövlətçilik dəyərlərimizin tərənnümçüsüdür. Bu baxımdan, bayraq və gerb sənətini öyrənən heraldika elmi ilə müqayisədə ədəbi yaradıcılığı dövlətçilik atributlarına, xüsusilə bayrağa və onun rəmzlərinə vəsflə yazılmış Əhməd Cavad poeziyasını "Heraldik poeziya” adlandırmaq olar. Bu sonsuz məhəbbətdən idi ki, Azərbaycanın dövlət müstəqilliyini itirməsi, işğalı dərdi şairi rahat buraxmamış, onun sonrakı yaradıcılıq nümunələrində bu məsələ yanıqlı şəkildə həsrətli ifadələrlə xatırlanmışdır. Sovet dövründə yazılan "Göy göl” şeirindəki bu notlar da onun vaxtilə sərt tənqid olunmasına bəhanə olmuşdur:
Sənin gözəlliyin gəlməz ki saya?!
Qoynunda yer vardır Ulduza, Aya.
Oldun sən onlara mehriban daya,
Fələk busatını quralı, Göy göl!
Əlbəttə, misralarda Azərbaycan xalqının bu şanlı illərinin – 1918-1920-ci illərin tarixini bilənlər yaxşı başa düşür ki, Əhməd Cavad Göy gölə müraciət etməklə həm vətəni, həm də Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı olmuş Gəncəni, bu şəhərin AXC dövründəki şanlı paytaxtlığını dilə gətirmək istəyir. Çünki AXC elan edildikdən sonra Bakı şəhəri düşmən əhatəsində olduğu üçün müstəqil dövlətin paytaxtı Tiflisdən Gəncə şəhərinə köçməli olmuşdur. Şair də: "Qoynunda yer vardır Ulduza, Aya. Oldun sən onlara mehriban daya, Fələk busatını quralı, Göy göl!” - deyə bu dönəmləri xatırlatmış, müstəqil Azərbaycanın bu illərinin həsrət duyğularını ifadə etmişdir. Bu baxımdan Akademik Kamal Abdullanın böyük şair H.Cavid haqqında dediyi bu sözləri Əhməd Cavada da şamil etmək olar ki: "Azərbaycan yaradıcı fikri süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, ...öz sənət idealına xain çıxmamış, onu satmamışdır”. "Çekist ruhlu” (M.Rəsulzadə) sağlıq deyənlərdən ibarət bolşevik gənclər Göy gölün başının üstünü duman olaraq elə almışlar ki, bu "yorğun pəri” yorgun düşüb onu yaradan və yaşadan sədaqətli, ona bağlı vətəndaşların - yosunların çiynində səssiz-səmirsiz yorğun-yorğun uyumaqdadır. Şairin: "Kəsin eyşü-nuşi, gələnlər susun” fikri də məhz dərdi ilə yorğun düşmüş bir gözəlin gələnlərin eyş-işrət içində dedikləri gurultulu sağlıqlarından acıq duymasından doğan narahatlıq kimi başa düşmək olar. "Keçmişdir onlara qəzəbin niyə, Düşmüşlərdir səndən aralı, Göy göl?!” misrasında şairin vətənindən didərgin düşmüş mühacir Cümhuriyyət, müstəqillik mücahidlərinə işarə etdiyini açıq-aydın başa düşmək mümkündür. Şeirin:
Bir sözün varmıdır əsən yellərə,
Sifariş etməyə uzaq ellərə?
Yayılmış şöhrətin bütün dillərə,
Olursa, qoy olsun haralı, Göy göl! –
bəndində dünyanın müxtəlif ölkələrinə səpələnərək mühacirət yaşayan Azərbaycanın müstəqillik mücahidlərinə salam, mesaj göndərmək fikri hakimdir. Azərbaycan müstəqilliyini özündə simvolizə edən Göy gölə sədaqət və məhəbbət şairin Göy gölə həsr olunmuş digər şeirində də var. "Assınlar məni! Kəssinlər məni! Qoy türmələrə Bassınlar məni!” təhdidi, təqibi, təhlükəsi altında amalına, vətəninə sədaqətli vətəndaş-şairin "Neynirəm könlü? Neynirəm dili? Səndən yazmasam Neynirəm əli?” niyyəti, məqsədi dimdik dayanır. Bir əl ki vətəndən yazmayacaq, bir dil ki vətənə nəğmə demiyəcək, söz qoşmayacaq, bir könül ki vətəninə aşiq olub onu məcnunlar kimi sevməyəcək, şairin təbirincə, o əl, o dil, o könül nəyə lazım?!
Zəmanənin çətinliyini şeirdəki misraların fikir təzadları da aydın təzahür etdirir. Şair açıq və cəsarətlə vətənini, bayrağını, müstəqilliyini sevdiyi, dilə gətirdiyi üçün zindanlara düşdüyünü yazdığı kimi, "Nəsən, kimsən sən? Nisgilimsən sən! Qoy açıq deyim Sevgilimsən sən!” kimi misralarındakı "sevgilimsən, nisgilimsən” təzadı da aydın nümayiş etdirir. Yəni "vətənini əsl mənada seməyin nisgil olduğu bir zaman” bundan artıq öz ifadəsini tapa bilməz. Zəmanənin mürəkkəbliyi, çətinliyi "Kür” əsərində də özünü hiss etdirir. "Əyil, Kürüm, əyil, keç, Meydan sənin deyil, keç!” misraları da zəmanənin milli iradəni qıran və əyən bir zəmanə olduğunu çox aydın əks etdirir. "Kür” əsərinin son misraları ilə "Pambıq dastanı” şeirinin son: "İndi dövran mənimdir, Bəxtim ötgün, kefim çağ” misraları arasındakı konkret bir-birini təkzib, inkar edən təzad, milli iradəni qırmağa yönəlik zəmanənin sərt tədbirlərinin nəticəsini, onun "qələbəsini” uğurla əks etdirir. Hər iki əsər arasındakı bu təzad dolaşıq və qarışıq zəmanənin inkişaf meylini bütün mənası ilə təcəssüm etdirir.
Ümumiyyətlə, dövlətçilikyönlü Azərbaycançılıq məfkurəsi Əhməd Cavad yaradıcılığı üçün səciyyəvidir. Əhməd Cavadın "Nədən yarandın”, "Azərbaycan bayrağına”, "Elin bayrağı”, "Al bayrağa” kimi şeirləri sırf dövlət müstəqilliyini simvolizə edən bayrağa məhəbbət ruhunda yazılan və Azərbaycançılığı tərənnüm və təbliğ edən əsərlərdirlər. Əhməd Cavad poeziyasında milli düşüncə təkcə Azərbaycan və Azərbaycançılıqla məhdudlaşmamış, ümumən türk və türkçülük ideyası ilə çuğlaşaraq Turançılığı da əhatə etmişdir. Bu mənada Əhməd Cavadın milli məfkurəsi ümumtürk nüvəli Azərbaycançılıq ideologiyasıdır. Bu məhəbbətdən və bağlılıqdan irəli gəlirdi ki, onun şeirlərində türk düşüncəli poetik nümunələr də özünə xeyli sayda yer tutmuş, xüsusilə "Çırpınırdı Qara dəniz”, "İstanbul”, "Şəhidlərə”, "Türk ordusuna”, "Ey əsgər” kimi şeirlərində türk sevgisi və Turançılıq ehtirası ifadə olunmuşdur.
Beləliklə, Azərbaycançılıq məfkurəsi ilə zəngin ədəbi-bədii yaradıcılığa malik Əhməd Cavad Azərbaycan istiqlal düşüncəsi, milli mistəqillik mücadiləsi və milli ideologiyasının ən görkəmli nümayəndələrindən biridir. Milli marş, dövlət himni və bayraq şeirlərilə məşhurlaşmış Əhməd Cavad yaradıcılığı hər gələn yeni nəsillər üçün milli istiqlal kitabı və vətəndaşlıq nümunəsidir. Onun yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində "Heraldik poeziya məktəbi”nin əsası qoyulmuşdur.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər