• cümə axşamı, 25 aprel, 17:34
  • Baku Bakı 23°C

“Azərbaycanın dünyaya mesajı”

17.06.15 10:35 1531
“Azərbaycanın dünyaya mesajı”
Azərbaycanda keçirilən I Avropa Oyunları Türkiyə mediasının diqqət mərkəzindədir. Qardaş ölkənin nüfuzlu “Yeni Çağ” qəzetində Avropa Oyunları haqqında yazar Kənan Akının “Azərbaycanın dünyaya mesajı” başlıqlı məqaləsi dərc olunub.
Yazar ilk öncə Azərbaycanı I Avropa Oyunlarının keçirilməsi münasibəti ilə təbrik edir və bu işdə ölkəmizi dəstəkləndiyini bildirir: “50 ölkədən 6000 idmançının 20 idman növündə yarışdığı belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi, Türk dövlətlərinin tanıdılması baxımından da çox əhəmiyyətlidir. Əlbəttə ki, ilk öncə Azərbaycan dövləti dünya səviyyəsində tanınacaq. Həmçinin bu dövrdə Ermənistanın işğalçı siyasətinin də gündəmə gələcəyi gözlənilir. Belə ki, açılış mərasimində Alim Qasımovun muğam və “Sarı gəlin” musiqisini ifa etməsi, həmçinin 50 nağaranın müşayiətində Azərbaycanın müstəqillik illərini sinvolizə edən 24 rəqəmindən aşağıya doğru geri sayım da bunu sübuta yetirir. 26 apreldə Bakıda yerləşən tarixi Atəşgah Məbədində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Avropa Oyunlarının məşəlinin yandırılması, bu məşəlin 5 min 500 kilometrlik ölkə turundan sonra paraolimpiyaçı İlham Zəkiyev tərəfindən Milli Olimpiya Stadionuna gətirilərək Oyunların açılışının elan edilməsinin özü belə dünyaya böyük mesajlar verib. Həmçinin prezident İlham Əliyevin Oyunların açılışını elan etdikdən sonra 2 min insanın Azərbaycan milli rəqsi olan “Yallı”nı oynaması da dünyaya verilən mesajlar arasındadır”.
Məqalədə açılış mərasimində Türkiyə və Rusiya prezidentləri başda olmaqla 15 dövlətin rəhbərlərinin iştirak etdiyi qeyd olunur: “Azərbaycanın tarixində böyük əhəmiyyətə malik olan I Avropa Oyunları Rio de Janeyroda keçiriləcək yay olimpiadasından əvvəl ən böyük sınaq hesab olunur. Oyunların keçirildiyi 18 stadiondan 5-i yeni inşa olunub, 7-si isə yenilənib. Bu yarışı 800 xarici, 700 yerli jurnalist izləyəcək. I Avropa Oyunları 17 gün davam edəcək və 28 iyunda bağlanış mərasimi ilə sona çatacaq. Həmçinin açılış mərasimində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putinin görüşü maraqla gözlənilirdi. R.T.Ərdoğan açılış mərasimində Avropa İttifaqına daxil olan ölkələrin liderlərinin iştirak etməməsinə diqqət çəkib. V.Putin isə “Türkiyə Aİ-yə namizəd ölkə olaraq bu qurumu təmsil edib” deyə gülümsəyərək cavab verib”.
Türkiyənin nüfuzlu “Milliyet” qəzetində də Azərbaycanla bağlı məqalə dərc olunub. Yazıda bildirilir ki, “iki dövlət, bir millət” ifadəsini dedikdə, insanlar dərhal Azərbaycan ilə Türkiyəni fikirləşirlər: “Bu ifadənin mənasını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər etdiyi zaman daha yaxşı başa düşdüm. Azərbaycanlılar bizə qarşı “qardaş, xoş gəldin” ifadəsinin istiliyini o saat hiss etdirirlər. Burada türk seriallarına və universitetlərinə son zamanlar marağın daha da artdığını öyrəndim. Həmçinin azərbaycanlı uşaqların “Pepe”(Türkiyədə çəkilən cizgi film qəhrəmanı - müəllif.) türk cizgi filmi ilə böyüdüyünü də mənə dedilər”.
Yazar Azərbaycan ilə Türkiyə arasında əlaqələrin qədim tarixə malik olduğunu qeyd edib: “Xaricdə ən çox türklərə məxsus Şəhidlər Xiyabanının olduğu ölkə Azərbaycandır. Burada 9 Şəhidlər Xiyabanı mövcuddur. 1918-ci ildə Türkiyə ordusu azərbaycanlılara köməyə gəlib. Azərbaycanda “Nuru Paşa kimdir?” sualına çoxları “ermənilərdən bizi xilas edən şəxsdir” deyə cavab verir. Deyilənə görə, Azərbaycan torpaqlarında 1500 türk şəhidi uyuyur. Həmçinin azərbaycanlılar da Çanaqqala döyüşündə türklərə dəstək veriblər. Bu müharibədə 3 min azərbaycanlı şəhid olub”.
Məqalədə sonda vurğulanır ki, Azərbaycanda Türkiyə tarixini və mədəniyyətini öyrənənlərin sayı durmadan artır: “Türkiyə serialları böyüklərin izlədikləri əsas televiziya proqramlarından biridir. Azərbaycanda “Diriliş Ertuğrul” ən çox izlənən türk serialıdır. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi Sarayında “Diriliş Ertuğrul” serialındakı musiqi parçası ilə qarşılayıb”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər