• cümə, 29 Mart, 01:48
  • Baku Bakı 7°C

Azərbaycanın diplomatik uğuru

06.12.17 11:30 3041
Azərbaycanın diplomatik uğuru
Şərq Tərəfdaşlığı Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsdür. Şərq Tərəfdaşlığı Azərbaycan da daxil olmaqla Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Noyabrın 24-də Belçika Krallığında keçirilən Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər. Şərq Tərəfdaşlığına doğru nəticələrə yönəlmiş yanaşmanı dəstəkləmək üçün Avropa İttifaqı 2020-ci ilədək əldə olunacaq 20 əsas nəticəni müəyyənləşdirib. Həm Brüssel Sammitində, həm də ötən həftə Ukraynanın paytaxtı Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin toplantısının yekununda mühüm sənədlər qəbul olunub. Həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi birmənalı olaraq dəstəklənib. Təbii ki, bu sənədlərdə yer alan müddəalar ölkəmizin diplomatik uğuru olmaqla, işğalçı Ermənistanı məğlub duruma salıb. Çünki dünya dövlətləri Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyiblər.

Siyasi şərhçi Elçin Mirzəbəylidə hesab edir ki, Avropa İttifaqının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Kiyev toplantısının bəyannamələrində dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərinin birmənalı şəkildə dəstəklənməsi İrəvanı çətin vəziyyətə salıb. Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ölkənin digər rəsmiləri dövlətlərin ərazi bütövlüyü ilə bağlı hər iki bəyannamədə yer alan prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərməyəcəyini bildirməklə özlərinə təsəlli verirlər. Siyasi şərhçi deyib ki, İrəvan rəsmilərinin qənaətinə görə, Ermənistan üçün önəmli olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının dekabrın 1-də Minskdə keçirilən toplantısının bəyanatıdır: "Ermənistan KTMT Təhlükəsizlik Şurasının bəyanatını rəsmi İrəvanın qələbəsi kimi təqdim edir. Maraqlıdır, görəsən KTMT Təhlükəsizlik Şurasının bəyanatında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hansı yeniliklər yer alıb ki, rəsmi İrəvan buna görə toy-bayram əhval-ruhiyyəsində olduğunu sərgiləməyə çalışır? Məsələyə aydınlıq gətirmək üçün həmin bəyanata nəzər salaq. Bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiq edən KTMT Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq etməmək, yaxud güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı müddəaları əsasında tənzimlənməsi istiqamətində səylərini dəstəkləyir. KTMT-nin bəyanatında, eyni zamanda, qeyd olunur ki, təşkilat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən zirvə toplantılarında vəziyyətin gərginləşdirilməməsi, atəşkəs rejiminin qorunması, münaqişə bölgəsində gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi və danışıqlar prosesinin intensivləşməsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir. Göründüyü kimi, Ermənistanın "qələbə” kimi təqdim etdiyi bu bəyanatda işğalçı ölkənin toy-bayram etməsinə əsas verən nəinki müddəa, söz belə yoxdur. Yəni, KTMT-nin bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərinin son illər ərzində verdiyi bəyanatların surətindən başqa bir şey deyil”.

Elçin Mirzəbəyli bildirib ki, dövlətlərin ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə bağlı Avropa İttifaqı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin məlum bəyannamələrindən sonra belə bir bəyanat ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilsəydi, bəlkə də müharibə təhlükəsi qarşısında yuxuları qaçan İrəvan rejiminin toy-bayram etmək cəhdlərini başa düşmək olardı: "Amma bu bəyanatı Ermənistanın da təmsil olunduğu hərbi-siyasi ittifaq – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı verib. Məsələ burasındadır ki, KTMT hərbi alyansdır, hansısa regional iqtisadi əməkdaşlıq və yaxud sadəcə əməkdaşlıq təşkilatı deyil. Məntiqlə Ermənistanın hərbi-siyasi müttəfiqləri ona açıq şəkildə dəstək verməli idilər. Amma göründüyü kimi, bəyanatda belə bir dəstək yoxdur, KTMT üzvləri isə neytral mövqe sərgiləməyə çalışırlar. Bu isə o deməkdir ki, Ermənistanın Brüssel və Kiyev fiaskosundan sonra KTMT-dən gözləntiləri də özünü doğrultmadı. KTMT-nin bəyanatı isə ən yaxşı halda "pirr qələbəsi”ndən başqa bir şey deyil”.

Politoloq Fikrət Sadıxovda hər iki beynəlxalq tədbirdə qəbul edilən sənədlərdə yer alan müddəaları Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirib. O, qəzetimizə açıqlamasında bildirib ki, hələ Riqa və Vilnüs sammitlərində ərazi bütövlüyü məsələsinin sənədlərdə əks olunmasına çalışılsa da, işğalçı Ermənistanın müəyyən qüvvələrə təsiri buna imkan verməyib: "Ermənistan tərəfi ərazi bütövlüyü məsələsinin budəfəki sammitin yekununda qəbul edilən sənəddə əks olunmasını istəmirdi. Bunun üçün bir çox vasitələrə əl atırdılar. Bütün diplomatik kanallardan yararlanaraq bunun qarşısını almaq istəyirdilər. Lakin Azərbaycan diplomatiyası buna nail ola bildi. Bu, böyük uğurdur. Əgər söhbət Şərq Tərəfdaşlığı ölkələrindən gedirsə, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın ərazisində münaqişə ocağının olması hər kəsə bəllidir. Hər üç dövlətdə separatçılar kənar qüvvələrin təsiri ilə münaqişə yaradıblar, ölkələrin ərazi bütövlüyünü pozmağa cəhd ediblər. Lakin bütün bunlara baxmayaraq, Şərq Tərəfdaşlığına daxil olan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü tanınır. Bu o deməkdir ki, Ermənistan işğalçı dövlətdir və bizim torpaqları işğal altında saxlayır. Beynəlxalq hüquq normaları Ermənistan tərəfindən yerinə yetirilmir. Hər iki tədbirin sonunda qəbul edilən sənədlərdə yer alan müddəalar da buna adekvatdır. Bu nəticə diplomatik çərçivədə Azərbaycanın atdığı addımlarla bilavasitə bağlıdır. Ermənistana bir daha sübut edə bildik ki, Azərbaycan beynəlxalq hüquqa, ədalətə söykənərək, belə müddəaları yalnız BMT səviyyəsində keçirilən tədbirlərdə deyil, hətta qeyd edilən sammitlərdə də qəbul etdirməyə qadirdir. Bu isə Ermənistanın diplomatik uğursuzluğa düçar olmasını sübut edən faktdır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər