• cümə axşamı, 25 aprel, 03:47
  • Baku Bakı 19°C

Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirusun geniş yayıldığı ölkələrdə də fəaliyyətlərini davam etdirirlər

23.03.20 23:30 489
Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirusun geniş yayıldığı ölkələrdə də fəaliyyətlərini davam etdirirlər
Koronavirusun geniş yayıldığı ölkələrin hər birində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, səfirlər, baş konsullar, səfirliklərin və baş konsulluqların işçiləri və onların ailə üzvləri fəaliyyətlərini davam etdirirlər.
Bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
"Bildiyimiz kimi, koronavirus Çində başladı. Çin Xalq Respublikasında Azərbaycan Respublikasının səfirliyi bu günə qədər də tam tərkibdə fəaliyyət göstərir. Ölkə başçısının tapşırığına əsasən diplomatik nümayəndəliklərimiz Cənubi Koreyada, İranda, İtaliyada və virusun genişmiqyaslı yayıldığı digər ölkələrdə qalmalı, fəaliyyətlərini davam etdirməli, bütün zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət və kömək göstərməlidirlər. Hazırda Xarici İşlər Nazirliyində operativ qərargah fəaliyyət göstərir. Xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların müraciətləri səfirliklər vasitəsilə XİN tərəfindən toplanılır və müvafiq məlumat bazasında yığılır. Bundan sonra Prezident Administrasiyasına, Nazirlər Kabineti yanında Operativ Qərargaha bu barədə məlumat verilir. Ölkələr üzrə rəqəmlər fərqlidir. Bəzi vətəndaşlar səfirliklərdə konsulluq qeydiyyatında olmayıblar. Onların yenidən konsulluq qeydiyyatına alınması prosesi aparılır. Azyaşlı uşaqlarla olan qadınlar, ailələr, xəstələr, tibbi yardıma ehtiyacı olan və digər bu kateqoriyadan olan insanlar var ki, ilk növbədə, onlar prioritetləşdirilib. Hazırda rəqəmlərin toplanması və ölkələr üzrə prioritetləşdirilməsi davam edir. Həmçinin potensial uçuş icazələri üçün nəzərdə tutula biləcək və həmin ölkələr tərəfindən irəli sürülə bilinəcək tələblər də nəzərə alınaraq məsələ konkret qrafikə salınır", - deyə H.Hacıyev qeyd edib.
Prezidentin köməkçisi Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə xüsusi karantin rejiminin tətbiq olunması haqqında qərarındakı müddəalardan birinin vətəndaşların təxliyəsi mövzusuna həsr olunduğunu diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər