• çərşənbə axşamı, 19 mart, 06:01
  • Baku Bakı 8°C

Azərbaycanın balıqartırma zavodlarından biri yenidən qurulur

15.08.18 15:45 438
Azərbaycanın balıqartırma zavodlarından biri yenidən qurulur
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bu il mayın 31-də "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq investisiya müsabiqəsinə çıxardığı və özəlləşdirilmiş Neftçala rayonundakı S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu yenidən qurulur.
"Report” xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, zavodun satışı üzrə müsabiqədə iştirak etmək üçün 2 iddiaçı ərizə və investisiya təklifləri təqdim edibş Təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə "Azerbaijan Fish Factory” MMC müsabiqəin qalibi elan edilib.
İddiaçılar qarşısında qoyulan şərtlərdən başlıcası müəssisəyə investisiya qoyuluşuna dair təkliflərin verilməsi, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqidir. Həmçinin istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi, yerli xammaldan istifadə olunması, ekoloji tarazlığın qorunması əsas vəzifələrdəndir.
Qalib şirkət dövlət büdcəsinə 750 min manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 3,079 mln. manat təşkil edən İnvestisiya Proqramının icrasını, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.
Zavodun fəaliyyəti bəzi nəsli kəsilməkdə olan balıqların çoxalmasına şərait yaradacaq. Bölgə, kələmo, nərə, uzunburun kimi az sayda olan balıqların yetişdirilməsi planlaşdırılır. İnvestisiya Proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatı olacağı gözlənilir.
Müəssisənin fəaliyyəti yeyinti sənayesinin inkişafına xidmət göstərməklə yanaşı, əhalinin balığa olan tələbatının ödənilməsinə də şərait yaradacaq. Həmçinin gələcəkdə balıqdan hazırlanan məhsulların, konservləşdirilmiş malların istehsalı üçün lazım olan xammal zavod tərəfindən təmin edilə bilər.
Qalib şirkət investisiyaları müəssisədəki nohurların tam yenidən qurulması və əlavə nohurların inşasına, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən istehsal sahəsinin yaradılmasına, o cümlədən hovuzların yenidən qurulması və yeni hovuzların quraşdırılmasına sərf edəcək. Eyni zamanda vəsait təmir-tikinti işləri və inzibati binanın restruktizasiyasına, su təchizat sisteminin yeniləşdirilməsi, eləcə də ərazinin abadlaşdırılmasına xərclənəcək.
Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 28 yeni iş yerinin yaradılması, habelə fəaliyyət dairəsindən asılı olaraq işçilərə 300 manatdan az olmayan məbləğdə əmək haqqının verilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər