Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri milli maraqlara xidmət edir - Fotolar
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında səmimi,
işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin hüquqi əsası ulu
öndər Heydər Əliyevin zamanında qoyulub. Onun siyasi kursunun
layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan
etibarən Aİ ilə ölkəmiz arasında münasibətlər tamamilə yeni müstəviyə keçib. Bu
gün Azərbaycanla Aİ arasında bir çox sahələri əhatə edən əməkdaşlıq əlaqələri
mövcuddur. Qürurla deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan ölkədir. Bundan başqa, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı
(ŞT) təşəbbüsündə də iştirak edir. ŞT təşəbbüsü Azərbaycan Xarici İşlər Nazirlərinin
26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən
irəli sürülüb. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə
tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və
Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.
3 dekabr 2008-ci il tarixində ŞT
təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd AK tərəfindən
Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət Başçılarının Şurasına təqdim
olunub. Bu iki sənəd ŞT-yə dair AK-nın mövqeyi və təkliflərini əks etdirərək,
AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini
müəyyən edib.
ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin
daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli
formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər
bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli
format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni,
Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına
üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının
yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin
və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın
həyata keçirilməsi və sair planlaşdırılır.
ŞT həmçinin Aİ və Şərq tərəfdaş ölkələri
arasında münasibətlərə yeni format əlavə edib. Çoxtərəfli format tərəfdaş ölkələr
arasında əlaqələri təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata
keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və ŞT-nin gələcək
inkişafına dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulub. Bu
format çərçivəsində ŞT-yə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər
iki ildən bir görüşü, hər il Aİ üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin
Xarici İşlər Nazirlərinin illik iclası keçirilir. Əməkdaşlığın əsas sahələrinə
uyğun olaraq, demokratiya, yaxşı idarəçilik və sabitlik, iqtisadi inteqrasiya və
Aİ siyasətlərinə yaxınlaşma, enerji təhlükəsizliyi, insanlar arasında təmaslar
kimi tematik platformalar yaradılıb.
Qətiyyətlə deyə bilərik ki, bütün bu platformalar çərçivəsində
Azəırbaycanla-Aİ arasında qarşılıqlı və bərabərhüquqlu maraqlara xidmət edən əlaqələr
mövcuddur. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyev
mayın 13-də Belçika Krallığına işgüzar səfəri olub. Səfər çərçivəsində ölkə
başçısı İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşb. Söhbət
zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Aİ
əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin
Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi
vurğulanıb. Elə həmin gün Brüsseldə Prezident İlham Əliyevlə Aİ Şurasının
prezidenti Donald Tuskun görüşü olub. Bu görüşdə də Azərbaycan ilə Aİ arasında əlaqələrin
inkişafından məmnunluq ifadə olunub.
Ölkəmizin Aİ üçün etibarlı və məsuliyyətli
tərəfdaş olduğunu qeyd edən D.Tusk Azərbaycanın regiondakı rolunun Aİ tərəfindən
yüksək qiymətləndirildiyini vurğulayıb. Prezident İlham Əliyev də Azərbaycan ilə
Aİ arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin
genişlənməsinə böyük önəm verdiyini dilə gətirib. Görüşdə ötən il Azərbaycan və
Aİ arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti də
vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq
sazişi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan istər Şərq
Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə fəal
əməkdaşlıq edir.
Prezident İlham Əliyev də Azərbaycanın Aİ üzvü ölkələrlə
sıx əlaqələrə malik olmasını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Aİ
üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Dövlətimizin başçısı, həmçinin bildirdi ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır
və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həllini
tapmamasına diqqət çəkən Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə
Azərbaycan və Aİ arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində ölkəmizin
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və
suverenliyinə bir daha dəstək ifadə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə
töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, ölkəmizin təşəbbüsü
və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və
istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə
qorunur. Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin
reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək, ölkəmizin Aİ ilə nəqliyyat
sahəsində də uğurla əməkdaşlıq etdiyini söyləyib.
Sadalananlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan
Aİ üçün əhəmiyyətli tərəfdaşdır. Dövlət başçımızın da vurğuladığı kimi, Azərbaycanın
bir çox Aİ ölkəsi ilə tərəfdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə, Aİ ilə əlaqələr
Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən
biri kimi müəyyən edilib. Bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurulib.
Bu özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda büruzə verir. Azərbaycan
Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bundan başqa, Aİ Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənədlərdə də
özünü aydın göstərir. Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni
sənəd hazırlanır və bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir.
Nəzərə almalıyıq ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə
də öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu
rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması
nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.
Yekun
olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Brüssel səfəri və keçirdiyi
görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət
kəsb edir. Məhz bu səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər bir sıra
sahələr üzrə əməkdaşlıq prioritetlərini yenidən nəzərdən keçiriblər. Şübhəsiz
ki, bu addımlar gələcəkdə də Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin
möhkəmlənməsinə xidmət edəcəkdir.
Rufik İSMAYILOV