• cümə axşamı, 18 aprel, 20:24
  • Baku Bakı 21°C

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri milli maraqlara xidmət edir - Fotolar

17.05.19 18:29 3632
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri milli maraqlara xidmət edir - Fotolar
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında səmimi, işgüzar, faydalı əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin hüquqi əsası ulu öndər Heydər Əliyevin zamanında qoyulub. Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan etibarən Aİ ilə ölkəmiz arasında münasibətlər tamamilə yeni müstəviyə keçib. Bu gün Azərbaycanla Aİ arasında bir çox sahələri əhatə edən əməkdaşlıq əlaqələri mövcuddur. Qürurla deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir. Bundan başqa, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsündə də iştirak edir. ŞT təşəbbüsü Azərbaycan Xarici İşlər Nazirlərinin 26 may 2008-ci il tarixində Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən irəli sürülüb. Şərqi AQS ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan sözügedən təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir.

3 dekabr 2008-ci il tarixində ŞT təşəbbüsü üzrə Məlumat Sənədi və onu müşayiət edən İşçi Sənəd AK tərəfindən Avropa Parlamentinə və Aİ-nin dövlət və hökumət Başçılarının Şurasına təqdim olunub. Bu iki sənəd ŞT-yə dair AK-nın mövqeyi və təkliflərini əks etdirərək, AQS çərçivəsində Aİ-nin Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edib.


ŞT Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Aİ və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və sair planlaşdırılır.
ŞT həmçinin Aİ və Şərq tərəfdaş ölkələri arasında münasibətlərə yeni format əlavə edib. Çoxtərəfli format tərəfdaş ölkələr arasında əlaqələri təşviq edərək, islahatlar sahəsində tərəfdaş ölkələrin həyata keçirdikləri tədbirlər üzrə məlumat və təcrübə mübadiləsinin və ŞT-nin gələcək inkişafına dair müzakirələrin aparılması üçün forum kimi nəzərdə tutulub. Bu format çərçivəsində ŞT-yə daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşü, hər il Aİ üzv dövlətlərinin və Şərq Tərəfdaşlığı ölkələrinin Xarici İşlər Nazirlərinin illik iclası keçirilir. Əməkdaşlığın əsas sahələrinə uyğun olaraq, demokratiya, yaxşı idarəçilik və sabitlik, iqtisadi inteqrasiya və Aİ siyasətlərinə yaxınlaşma, enerji təhlükəsizliyi, insanlar arasında təmaslar kimi tematik platformalar yaradılıb.


Qətiyyətlə deyə bilərik ki, bütün bu platformalar çərçivəsində Azəırbaycanla-Aİ arasında qarşılıqlı və bərabərhüquqlu maraqlara xidmət edən əlaqələr mövcuddur. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfəri olub. Səfər çərçivəsində ölkə başçısı İlham Əliyev Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşb. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb. Elə həmin gün Brüsseldə Prezident İlham Əliyevlə Aİ Şurasının prezidenti Donald Tuskun görüşü olub. Bu görüşdə də Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Ölkəmizin Aİ üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən D.Tusk Azərbaycanın regiondakı rolunun Aİ tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Prezident İlham Əliyev də Azərbaycan ilə Aİ arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini dilə gətirib. Görüşdə ötən il Azərbaycan və Aİ arasında imzalanmış "Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti də vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan istər Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə fəal əməkdaşlıq edir.


Prezident İlham Əliyev də Azərbaycanın Aİ üzvü ölkələrlə sıx əlaqələrə malik olmasını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın Aİ üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır. Dövlətimizin başçısı, həmçinin bildirdi ki, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər həllini tapmamasına diqqət çəkən Prezident İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Aİ arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədində ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur. Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək, ölkəmizin Aİ ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini söyləyib.


Sadalananlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Aİ üçün əhəmiyyətli tərəfdaşdır. Dövlət başçımızın da vurğuladığı kimi, Azərbaycanın bir çox Aİ ölkəsi ilə tərəfdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə, Aİ ilə əlaqələr Prezident İlham Əliyev tərəfindən Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurulib. Bu özünü daha qabarıq şəkildə enerji sahəsində əməkdaşlıqda büruzə verir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bundan başqa, Aİ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş ikitərəfli sənədlərdə də özünü aydın göstərir. Hazırda Aİ ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sənəd hazırlanır və bu sənəddə əsas müzakirə mövzusu enerji və ticarət məsələləridir. Nəzərə almalıyıq ki, Azərbaycan Aİ ilə bərabərhüquqlu tərəfdaşdır və buna görə də öz vətəndaşlarının və şirkətlərinin maraqlarını qorumalıdır. Buna görə də bərabərhüquqlu rəqabət mühitinin formalaşdırılmasına səylər göstərilir. Bu məqam qəbul olunması nəzərdə tutan tərəfdaşlıq sənədinin əsas qayələrindən birini təşkil edir.
Yekun olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Brüssel səfəri və keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhz bu səfər çərçivəsində keçirilən görüşlərdə tərəflər bir sıra sahələr üzrə əməkdaşlıq prioritetlərini yenidən nəzərdən keçiriblər. Şübhəsiz ki, bu addımlar gələcəkdə də Azərbaycanın milli maraqlarına, ölkəmizin mövqelərinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər